İKT-nin uğurları digər sahələrdəki inkişaf tempini üstələyir

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da informasiya cəmiyyətinin formalaşması strateji məsələ kimi qarşıya qoyularaq müasir cəmiyyətə inteqrasiya səviyyəsi dövlətin iqtisadi inkişaf dərəcəsini əks etdirən amilə çevrilməkdədir. İnformasiya cəmiyyətinin qurulmasında internetdən istifadənin genişləndirilməsi məsələsi çox önəmlidir ki, bu da zamanın tələbidir.

Sürətlə inkişaf edən Azərbaycan da bu prosesdə geri qalmır. Əslində internetin ümumdünya resurslarından geniş istifadə etməklə bərabər, yeni milli internet xidmət növlərinin də yaradılması vacibdir. Yəni, ölkəmizdə internetin mənfi fəsadlarının baş verməməyi və qarşısının vaxtında alınması üçün internetə nəzarət dövlət səviyyəsində olmalı, şəbəkədə müasir tipli müdafiə sistemləri quraşdırılmalı, internet saytları xüsusi filtrlərdən keçirilməli, xalqımızın milli və mənəvi dəyərlərinə zidd saytlar bloklanmalı, virtual məkanda Azərbaycan haqqında materiallar və məqalələrin sayı artırılmalıdır.

Professor Rasim Əliquliyevin fikrincə, qloballaşan dünyada informasiya cəmiyyətinin qurulması əsas meyar kimi önə çəkilir. Ölkəmizdə yeni ictimai formasiyanın qurulması istiqamətində hansı tədbirlər həyata keçirilməsinə gəlincə, R.Əliquliyev hesab edir ki, Azərbaycanda informasiya cəmiyyətinin qurulması sürətlə davam edir: “Bu istiqamətdə görülən işlər, əldə edilən nailiyyətlər təqdirəlayiqdir. Beynəlxalq səviyyədə bu sahə ilə məşğul olan qurumların rəyləri, hesabatları da bunu təsdiqləyir. Bir neçə il bundan öncə bu sahədə qazanılan nailiyyətlər başlanğıc səviyyədə olsa da, hazırda ölkənin digər sosial-iqtisadi sahələrindəki inkişaf tempini üstələyir” deyən Əliquliyevin sözlərinə görə, ölkə prezidenti İlham Əliyev tərəfindən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun prioritet sahə elan edilməsindən sonra bu sahənin inkişafının yeni mərhələsi başlanıb. Belə ki, İKT sektorunun sürətli inkişafı Azərbaycanda informasiya cəmiyyətinin qurulmasına, ölkəmizin qloballaşan dünyanın lider dövlətləri ilə eyni səviyyədə dayanmasına şərait yaradıb. İnformasiya cəmiyyətinin formalaşması istiqamətləri genişdir və İKT-nin hərtərəfli tətbiqi onu deməyə əsas verir ki, ölkəmizdə bu cəmiyyətin texnoloji özülü yüksək səviyyədə formalaşır. Bu da onun üzərində qurulan internet infrastrukturunun inkişafına, Azərbaycanın bütün bölgələrinin keyfiyyətli internetlə təmin olunmasına imkan verir.

R.Əliquliyev bildirib ki, internetə çıxış imkanları keyfiyyətli olduğu halda informasiya bolluğu yaranır və insanların informasiya tələbatlarının, azadlıqlarının ödənilməsi, dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün elektron xidmətlər göstərməsinin təmin edilməsinə şərait yaranır. “Digər tərəfdən, ölkəmizdə stasionar telefon şəbəkəsinin inkişafı, cəmiyyətin, demək olar ki, hər bir zümrəsinin mobil rabitə ilə əhatə olunması da informasiya cəmiyyəti quruculuğuna xidmət edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda informasiya cəmiyyəti sürətlə formalaşır, ölkəmizin bu sahə üzrə beynəlxalq reytinqi dinamik şəkildə artmaqdadır” deyən professor əminliklə bildirir ki, Azərbaycan yaxın gələcəkdə İKT sahəsində dünyanın ən inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutacaq.

Qeyd edək ki, informasiya cəmiyyəti 5 əsas mərhələnin – kommunikasiyalaşdırma, kompüterləşdirmə, şəbəkələşdirmə, informasiyalaşdırma, nəhayət, yaranmış virtual məkanda yeni siyasi-iqtisadi, hüquqi və digər növ münasibətlərin formalaşması nəticəsində meydana gəlir. Ölkədə informasiya texnologiyalarının geniş tətbiq olunması məqsədilə həyata keçirilən layihələr, bütün regionlarda kommunikasiyalaşdırma və kompüterləşdirmə proqramları, ümumi inkişafda İKT sektorunun xüsusi çəkisinin artması, ölkənin İKT sahəsinə dünyanın aparıcı şirkətlərinin (Cisko, Microsoft, Intel və s.) investisiya qoymaq təşəbbüsləri və Azərbaycanda informasiya cəmiyyəti qurulması proseslərinin müvəffəqiyyətlə davam etdirilməsinə möhkəm zəmin yaradır.

İnformasiya cəmiyyətinin qurulmasında dünyəvi hörümçək torunun rolu əvəzsizdir. Dünyəvi hörümçək toru (World Wide Web) verilənlərin ötürülmə protokolu HTTP və internetin fiziki infrastrukturu əsasında yaradılan qlobal informasiya fəzasıdır. Dünyəvi hörümçək toru internetin və informasiya texnologiyalarının inkişafında inqilaba səbəb oldu. Dünyəvi hörümçək torunu işarə etmək üçün veb sözündən və “WWW” abbrebiaturasından istifadə edilir.

Azərbaycanda Milli Dünyəvi hörümçək torunun yaradılması sahəsində bir sıra işlər görülür və görülməkdədir. Milli internet ünvanlarını beynəlxalq standartlara uyğunlaşdırmaq məqsədi ilə “Azərbaycan İnternet Qeydiyyat Qurumu” təsis edilib. Qurumun fəaliyyəti çərçivəsində elektron ünvanlarının əksəriyyəti “Az Domen” formatında fəaliyyət göstərəcək. Yeni ünvan yaratmaq istəyənlər “Azərbaycan İnternet Qeydiyyat Qurumu”nda (AİQQ) qeydiyyatdan keçəcək. Bunun sayəsində ölkəmizdə milli internet ünvanları üstünlük təşkil edəcək. WWW-nin qurucusu Ser Timoti Berners-Li qeyd edir ki, beynəlxalq şəbəkə, bir-biri ilə ünsiyyətdə olan insanların şəbəkəsidir, biz onu təşkil etmişik, ancaq onu daha da yaxşı etməli deyilik, hər bir kəs bu sahədə öz töhfəsini verməlidir. Milli hörümçək torunu yaratmaq üçün onu dərindən öyrənmək lazımdır.

İKT-yə diqqətin artırılması dövlət səviyyəsində həyata keçirilir. İKT-dən istifadənin səviyyəsinə görə Azərbaycan MDB məkanında liderliyini qoruyub saxlayır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan İKT-nin dövlət səviyyəsində istifadəsinə görə dünya ölkələri arasında 49-cu, dövlət hakimiyyət orqanlarında İKT-nin tətbiqinə görə isə 31-ci pillədə qərarlaşıb. Hesabatda ölkəmizdə İKT-yə dair qanunvericilik və dövlət idarəsi amilləri də yüksək qiymətləndirilib. Məktəblərdə internetə çıxış səviyyəsinə görə Azərbaycan 56-cı yeri, biznesdə innovasiya potensialına görə isə 29-cu yeri tutub. Hətta Azərbaycan hökumətinin İKT-nin tətbiqi üçün dövlət hazırlığı reytinqi də yüksək qiymətləndirilib. Bu parametr üzrə ölkəmiz dünyanın ilk 30 ölkəsi sırasında yer almış, İKT səhəsi üzrə hökumət prioriteti 38-ci, qabaqcıl texnologiyaların dövlət səviyyəsində satın alınması 16-cı yerdə, gələcək inkişaf baxımından bu sektorun əhəmiyyətinə dövlət diqqəti 40-cı yerdə olub. Bu statistik rəqəmlərdən də aydın görünür ki, Azərbaycanda bütünlükdə informasiya-kommunikasiya sektoru çox uğurla inkişaf edir. Ölkəmizdə elektron hökumətin yaradılması ilə bağlı konkret təkliflər verilir, layihələr tətbiq olunur. İnternet istifadəçilərinin 65 faizdən yuxarı olduğu ölkəmizdə indi genişzolaqlı internet geniş şəkildə tətbiq olunur. Texnologiyalar əsri olan müasir dövrümüzdə İKT sektorunun genişləndirilməsinə, bu şəbəkədə çalışacaq ixtisaslı kadr və proqramçıların hazırlanmasına dövlət səviyyəsində diqqət artırılır.

İnformasiya Texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlunun sözlərinə görə, dəyişən dünyada informasiya cəmiyyəti aparıcı gücdür. Bütün bu proseslər İKT-nin inkişaf səviyyəsindən asılıdır: “Nə qədər İKT-nin son nailiyyətlərindən bəhrələnsək, istifadə etsək, bu inkişaf və dəyişikliklər ilə o qədər ayaqlaşacağıq”.

C.İsmayıloğlunun dediyinə görə, 2013-cü ilin “İKT ili” elan edilməsi ölkəmizdə bu sahəyə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları, eyni zamanda gələcəkdə qarşıda duran mühüm vəzifələrə hesablanmış bir addımdır. “Mənim ən böyük gözləntim peyk vasitəsi ilə ölkəmizə güclü və ucuz internet ötürə biləcəyimizdir. Birinci amil peyk amili və ikincisi isə paralel olaraq internet infrastrukturunun olmasıdır. Amma internetin ölkədə paylanılması üçün mütləq internet infrastrukturu olmalıdır. Bu sahədə ciddi boşluqlar mövcuddur. İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsində də peykin böyük əhəmiyyəti var”.

ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında ölkəmizdə əhalinin internetdən sərbəst istifadə etməsində problemlərin olduğu qeyd edilir: “Mən hesab edirəm ki, Azərbaycanda tam azad internet mühiti mövcuddur. Bu tip xarici qüvvələrin ölkəmizə qarşı bu cür qarayaxmaları artıq inandırıcılığını tam şəkildə itirib. Bu dəqiqə 5 yaşında uşaq da bilir ki Azərbaycanda hansı internet azadlığı mövcuddur. Hətta deyərdim ki, bu azadlıq bəzi hallarda həddən artıqdır. Çünki azad internet mühitindən sui-istifadə edənlər sosial şəbəkələrdə təhqir hallarını özlərinə peşə seçib, göbələk kimi yayılmış xəbər saytları başlı-başına dezinformasiyalar yaymaqla, reketlik fəaliyyəti ilə məşğul olmaqdadır. Yavaş-yavaş bu kimi hallar qanunla tənzimlənməyə başlamaqdadır. Görünür, bunu problem kimi qəbul edənlər bu kimi mənfi halların daha geniş yayılmasında maraqlı olanlardır”.

Son olaraq qeyd edək ki, informasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. Bu prosesin müvəffəqiyyətlə həyata keçirilməsi üçün cəmiyyətin hər bir üzvünün informasiya texnologiyalarının gündəlik həyatımızda əhəmiyyətini dərk edərək bu prosesdə yaxından iştirak etməsi vacib şərtdir. Hazırda bu məsələ beynəlxalq sammitlərin, elmi konfransların, aparıcı dövlətlərin liderlərinin zirvə görüşlərinin əsas müzakirə predmetinə çevrilib. Ölkəmizin də təmsil olunduğu informasiya cəmiyyəti üzrə beynəlxalq sammitlərdə biznes, hökumət və vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gələrək sivilizasiyanın inkişafı naminə qərarlar qəbul edirlər. Odur ki, informasiya texnologiyalarının inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə daha böyük uğurların əldə edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

Asan İmza bütün e-xidmətlərdən istifadəni mümkün edir

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də “Asan İmza Sim-kartı” və “Rəqəmsal ID kartı” üzrə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə sertifikat xidmətlərinin göstərilməsi məqsədilə yaradılmış Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) may ayından etibarən fəaliyyətə başlayıb.

Artıq Vergilər Nazirliyi tərəfindən ASXM-in fəaliyyəti ilə bağlı səlahiyyətli şəxs müəyyən edilmiş və ona bir sıra hüquqlar verilib. Eyni zamanda, ASXM-in fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aidiyyəti vergi orqanı əməkdaşlarının siyahısı təsdiq edilib.

Məlum olduğu kimi, “Elektron imza və elektron sənəd haqqında” qanun və Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri, Sertifikatın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ləğv edilməsi qaydaları ilə bağlı normalar nəzərdə tutulub.

Qeyd edilən tələblərə əməl edilməsi, habelə tərəflər arasında (ASXM ilə müraciət edən şəxslər arasında) münasibətlərin düzgün tənzimlənməsi və ASXM tərəfindən Sertifikat xidmətlərinin təkmil formada göstərilməsi üçün bir sıra sənədlərin nümunəvi formaları (ərizə, müqavilə, bildiriş, etibarnamə, yaddaş formaları) hazırlanıb.

Müvafiq sənəd formaları artıq Vergilər Nazirliyinin internet saytında yerləşdirilib.

Asan İmza (Mobil imza) – Vergilər Nazirliyi, ASAN xidmət mərkəzləri və Mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.

Ulduzə QARAQIZI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

Ekspress qəzeti

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

6 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

6
0
Would love your thoughts, please comment.x
()
x