Əli Rza Xələflinin «Söz içində söz (seçmələr)» (Bakı, “Nərgiz” nəşriyyatı, 2013) kitabına ön söz
Tarixi doğru-dürüst yazmaq üçün salnamələrin zənginliyi, mötəbərliyi xüsusi əhəmiyyət kəsb edir. Çünki salnaməçi tarixin şahididir. Gözü ilə gördüklərini yazır, müasiri olduğu insanları yaxşı tanıyır (Ə.Xələfli).
Söz haqqında çox deyilib, çox yazılıb. Ulu babalarımız sözə sa, sab, sav deyiblər. Sa-qədim türk dillərində söz demək, söz söyləmək, nitq, fikir demək anlamlarında istifadə olunub. Böyük türkoloq Mahmud Kaşğari dönəmində sözə böyük dəyər verilib, söz haqqında müdrik kəlamlar yaranıb. Böyük türkoloq deyib ki, erdem başı til (ərdəmin, fəzilətin, tərbiyənin başı dildir). Söz «Divan»da kəlam anlamında işlənib: Ol anğar tıl teqürdi= O, ona söz toxundurdu, dille, sözle incitti. İyi işin başı til. Söylenilen söz atılan ok.
Deyirlər, dilin sərhədləri düşüncənin sərhədləridir. Bu sərhədlər qüdrətli qələm sahibi, xüsusi istedad sahibi Əli Rza Xəliflidə birləşir, ahəng yaradır.
Dil xalqın ulu sərvətidir. Əli Rza müəllim xalq dilindən, xalq yaradıcılığından bol-bol bəhrələnib.
Sözün düzü, indi adam çalışır ki, yeni söz desin, fikir işlətsin, əksəriyyəti, çox böyük əksəriyyəti müvəffəq qazana bilmir. Amma bu qədər fikirləri- insan və cəmiyət fövqündə duran yeni fikirləri faş etmək ancaq və ancaq isdedadlara nəsib ola bilər, məncə. Bəlkə də, güman olaraq deyirəm, bu gerçəklikləri nə vaxtsa, nə zamansa hansı bir filosof, ya bir şəxsiyyət, sənət adamı deyib. Bunları etiraf etmək olar. Ziddiyyətlərdən də bəzi məqamlarda xali olmayan bu fiosofanə fikirlər nə qədər dəyərlidir. Məncə, bu fikirlər cəmiyyət içərisində, insanlarla münasibətdə yaranıb, cəmiyyətin hər bir üzvünə xidmət edir.
Mənə elə gəlir ki, Əli Rza müəllim sağlam düşüncə sahibidir, necə deyərlər, eridusiyalı bir şəxsiyyətdir. Deyilənə görə, Azərbaycan alimləri onun bu istedadı qarşısında həsəd aparırlar. Əgər o, çox yüksək elitaya, yüksək keyfiyyətlərə malik olmsa, o zaman bu qədər hikmətli kəlamları dilə gətirə bilməzdi.
Onun yazılarından sanki gül ətri, yovşan ətri gəlir. Adam bu ətri çiyərlərinə çəkəndə, məst olur, ruhu təzələnir, insanın.
İndi zamanın, həyatın dəyişdiyi, yeniləşdiyi, insanların ögeyləşdiyi, qohum-əqrabanı, dost-tanışı, qardaş-bacını tanımadığı bir ərəfədə bu əsərlərin dəyəri ölçülməzdir; tərbiyəedici, yolgöstərici, dərketdirci xüsusiyyətləri ilə.
Əsər təlqin edir ki, keçmişini yaddan çıxarma, ona etiramla yanaş, dünəninə sevgi bəslə, kökündən, soyundan ayrılma, əslinə-nəslinə bağlı ol. Bu və ya başqa fikirləri təlqin edəndə adam inanır ki, sənətkarın poetik, lirik, kövrək duyğuları onun genindən gəlir, dədə-babasından, nənəsindən gəlir. Bu bağlılıq onun istedadını, bu cür bacarıq və qabiliyyətini tərbiyələndirmiş, formalaşdırmışdır.
Əlirza Xələfli sözü müəyyən mənada metaforik həddə çatdırır. Dünyanın modelini qurur. «Sözün əl-qolunu bağlayıb qul bazarına sürükləyən azdımı?»… (s.190).
Yalan da sözlə deyilir, böhtan da, iftira da, bilmirəm, Əlirza müəllim sözün bu məqamlarına toxunub ya yox?.
Yadımdadır, nənəm yeri düşəndə birinə deyərdi ki, sözünü atıb, yayın gizlətmə. Bir dəfə kəndimizdə çərşənbələrdə qonşunun evinin üstünə daş atmışdılar. O da qışqırırdı ki, ay söz atan bəxtəvər, sözün də öz vaxtı var. Demə, bu daş elə o məqamda söz mənasında işlənmişdir, nəzərdə tutulmuşdur.
Adi söz kimin nəyinə lazımdır. Sözdə məna axtarmalıyıq. Söz deyəndə mənə elə gəlir ki, fikir-məna (dünyanın sözlə dərk edilməsi) daha çox aktuallaşır. «Ünsiyyət zamanı bizi maraqlandıran sözlər və onların formaları deyil, fikirlərdir nitq, ünsiyyət fəaliyyətində. Fikir çıxış nöqtəsini təşkil edir.
Fikir-məna gerçəkliyə doğru yan alır, qayıq sahilə yan aldığı kimi…
Əlirza fikri, sözü mərkəzi dil vahidi kimi mənalandırılır, onu söyləm səviyyəsinə qaldırır və hər bir fikir işarələndirilir, müəyyən nöqtəyə sarı…
Əlirza fikri, sözü adi söz hüququndan çıxır, frazeoloji metaforikləşmiş dərin məna yarada bilmə funsiyasını qazanır.
Əlrza Xələflidə dərin fikirləri ifadə etmək üçün daxili nitqində konturlaşdırılmış fikirlər üçün müvafiq sözlər yetərincədir.
Dilin əsas vahidi söz düşüncənin gerçəkliyi və cəmiyyətin ən mühüm ünsiyyət vasitəsi olan söz.
Söz müəllifin fikrincə, insan çiynində Sizif yüküdür. Söz insanın başı üstündəki taxt-tacda qərar tutmuş canlı şahdır. Bizim nağılçı nənələrin dəmir məntiqi sözlə yoğurulub; ağ qoçla qara qoçun döyüşü… Qüdrətli söz önündə hansı qalxan duruş gətirər?
Söz -düşüncə-gerçəklik. Bu üçbucaq «Söz içində söz»ü tam şəkildə, mənə görə, səciyyələndirir. Bu linqvistik-fəlsəfi simvollar Əlirza fikrinin dayağı kimi çıxış edir, müəyyən fikirlərə, anlayışlara işarə edir. Elə linqvistikada da bu üçbucaq semiotik nəzəriyyənin əsas elementləri sayılır.
Əlirzada sözün, fikrin məna tipologiyası çoxşaxəlidir. Gerçəkliklər, hələ potensial kənarda qalan fikirlər də öz növbəsində işarələnmiş sözlə əvəzlənmiş əşyalarla, həyat həqiqətləri ilə əlaqələndirilir. Sözün mənalandırılması və əşyaya münasibəti.
Söz dili təmsil edir. Söz də hamıya, hər yerdə, hər an xidmət edir. Cəmiyyətin taixi inkişafı, insanların fəaliyyəti, onların düşüncə və duyğusu sözlə başlayıb sözlə qurtarır.
Əli Rza müəllim deyəndə ki, dil fikrin qabığıdır, söz vasitəsi ilə məfhum formalaşır, «kristallaşır», bu mənada onun uzun inkişaf yolu keçərək formalaşmış düşüncəsinin məhsulu olan fikirlər, əlbəttə, kristallaşır, oxucunu öz ardınca çəkib aparır.
Sözü kəripicə bənzətmək olar. Söz də kərpic kimi fikirlərin içində hörülür, sıralanır, fikirlərin məhfərini yaradır. Sözdən abidə ucaldılır.
Əli Rza müəllimin gətirdiyi örnəklər sözün dayağıdır, fikrin qaynağıdır.
Kitabda Əli Rza haqqında səslənmiş fikirləri diqqətlə nəzərdən keçirdim. «Bir institut qədər xidmət» (akademik B.Nəbiyev), «açıq təfəkkür sahibi», «ideyalarında, düşüncələrində rasional keyfiyyətlər»lə zəngin sənətkar (professor Q.Kazımov), «bütöv bir mərhələ yaradan» (professor N.Şəmsizadə), «ədəbiyyatın ən müxtəlif janrlarında fədəkarlıqla çalışan» (professor T.Salamoğlu), «ədəbiyyat salnaməsi» (Xalq şairi Z.Yaqub), «ən çətin dövrlərdə də mədəniyyəti, ədəbiyyatı yaşadan, fədəkarcasına bu dəyərlərin ağır yükünü çiynində daşıyan! (AMEA-nın müxbir üzvü, yazıçı R.Hüseynov) və başqa fikirlər onun həqiqi qiymətini verən nöqteyi-nəzərlərdir.
Kitab müəllifin vaxtı ilə yazmış olduğu əsərlərdən seçilmişdir. 1. «Karvan körpüdən keçir»; 2. «Yurdun övladları»; 3. «Baş daşımın yazıları»; 4. «Dünya yazana qaldı»; 5. «Döyüşçü əfsanəsi» və s.
Bu başlıq-sərlövhələr, görünür, Ə.Xələflinin zaman-zaman yazmış olduğu kitabların adlarıdır, ünvanlarıdır. Adlar çox cəlbedicidir. İnsanı düşünməyə vadar edir, öz ardınca çəkib aparır. Bir qədər mücərrəd, bir qədər emosonal səslənən bu adları əhatə edən məzmun-mündəricə bəşər övladının keçidiyi mürəkkəb inkişaf yoluna bir nəzərdir. «Əbədiyyət körpüsünü hələ tikib qurtara bilməyən» insanlar niyə qütbləşib, niyə milyonçu-dilənçi dilemasına yuvarlanıb, bu üçürüm nədəndir? Bu və ya digər suallar essevari mətnlərdə çözülür, həyatın ziddiyyətli məqamları açılır.
Sənətkar körpü olmalıdır, insanlar arasında münasibətləri tənzimləməli, sözü ilə, fikri ilə insanları bir-birinə yaxınlaşdırır. «Ən böyük məbəd, insanları bir-birinə bağlayan məbəd, zənnimcə, elə körpüdür. Bu hiss məndə hardan dorulub? Bəlkə də Araz sahillərində, Xudafərin üstündə dünyaya göz açmağım və hər dəfə də bu məbədə əl uzatdıqca tikanlı məftillərindəki cızıltısı-bu həsrətin yandırdığı duyğuların da rolu olub. O taydan, ya bu taydan oğrun-oğrun boylanan dəvələrə baxanda Allaha yalvarmışam ki, o dəvələr də kaş bu körpüdən keçəydi…» (səh. 3-4).
«Karvan körpüdən keçir». Bu, hansı karvandır? Bu, o karvandır ki, min illərin o üzündən, tarix dolaylarından pozulmaz, silinməz salnamələrdən, bir sözlə, əbədiyyət yolundan gəlib əbədiyyətə gedir. Bu karvanın əhli Azərbaycan adlı bir xalqdır. Bu karvan çox körpüdən keçib… (səh. 140).
Bu yazılardan hiss edirəm ki, Xudafərin körpüsü hələ uşaqkən Əli Rzanın ibadət yeri, ən dərin hörmət bəslədiyi yer olmuşdur. Bu sənət, memarlıq məbədi indi erməni faşistlərinin əlindədir; indi İran tərəfdən baxırıq o yerlərə, içimiz göynəyir.
Burda «ağ yol» ifadəsinə rast gəldim. …Göylərin ağ yolu. Yolumuzu itirəndə, gümanımız çaşanda, kələfimiz dolaşanda o ağ yola baxmalıyıq. Elə baxmalıyıq ki, bir də karvanqıran yolumuzu çaşdırmasın. Bu yol o yoldan deyil. Xalqın minillik təfəkkürünün məhsulu olan bu ifadənin formalaşma tarixi görünür insanın dərketmə dövrünə təsadüf edir. Babalarımız bu yola baxıb dualar qılıblar, əməlisaleh fikirlərini tanrı dərgahına çatdırıblar. Tarıdan kömək diləyiblər.
Yolumuz hayanadır? Göylərin ağ yolundan başlanan insan yolu həqiqi mənada demirəm, səfərlərdən, səyahətlərdən keçib, (Yolçu yolda gərək), insan oğlu yolunu azanlara rast gəlib, yuxarılarda yol axtarıb,tədbir düşünmək üçün yol arayıb, dünyagörüşünü, əqidəsini daha dürüst formalaşdırmaq üçün yollar axtarıb. Yol ölçüb, yol ötüb, yol yorğunu olub, yol döyüb, yol verib, yol açıb, yol göstərib, yol kəsib, yol gözləyib, yol götürüb, yol uzunu söhbət edb, yol ağzında dayanıb, yola rəvan olub, yola salıb, yoldan azıb, yoldan çıxarıb, yolları ayrı düşüb, yolu bir olub, yolu çaşdırıb, yolun yolçusu olub (yolun yumrulsun, yolu yumrulmuş), gözü yolda qalıb, gözləri yol çəkib, öz yolu ilə gedib, axır son yol-ölümə-əbədiyyətə qovuşub…
Əli Rza Xələfli əbədiyyət yolunun da mahiyyətini açıqlayır: «Nəsillərdən nəsillərə əbədi bir yol gedir. Bu, əbədiyyət yoludur. Yaxşılardan yaxşıları əxz etmək yoludur. Ədəbiyaşarı keyfiyyətlərin mənəvi köklərlə gələcəyə ötürülməsidir» (səh. 150).
Gör nə qədər «yol»un məna yükü olub, bunu xalq yaradıb. Belə çıxır ki, «yol» sözünün məna çalarları haqqında bəlkə də bir kitab yazmaq olar və Əli Rza müəllim kimi sənətkarların şeirlərini, publisistik qeydlərini (yol haqqında) bu kitablara yığmaq olar. Əli Rza yazır: «Budur, yalanlardan, boğazdan yuxarı tərəflərdən keçən yolumuz, indi bizi hara aparır? Birbaşa cəbhəyə. Bəli, uzun illər boyu başımızın altına yumşaq balınc çəkərək (qoyaraq) xumarlanmışıq. Hiyləgər düşmən isə ətrafımızda elə bir tor hörüb ki… Ayılıb görmüşük ki, bu hiylə torunda boğulmaqdayıq. Çabalayırıq, bu tordan çıxmaq üçün yollar axtarırıq. Çıxış yolu isə səngərdədir- düşmənlərə sinə gərən oğulların yanında. (səh. 38).
«Yollar qovuşur, ayrılır, uzaq səhralara üz tutur, dağlara doğru baş alıb gedir, hansı cəngəlliklərdəsə sona çatır. İnsanlığın həyat yolu da elə bu yollara bənzəyir…» (s.181).
Əli Rza müəllim, dəvə haqqında yazırsan, mən də bunları istəyirəm əlavə edim: X yüzilliyin başlarında dəvə türklər arasında ən önəmli yük daşıma vasitələrindən biri olub. Dəvələrlə yük daşınarkən onların bir qatar, karvan təşkil etdikləri bilinməkdədir. Bu qatarlaşmağa qədim türklər «tergeşmek» demişlər.
İlk tanış olduğum mətnlərdə bədiliklə publisistikliyin sintezini duydum. Mətn-seçmələrdə kəndlərdə, obalarda erməni vəhşiliklərinin törətdikləri müxtəlif hadisələr təsiredici boyalarla təsvir olunur. Qara yellərin insanlara gətirdiyi laqeydlik, biganəlik, belə demək mümkünsə, avamlıq, düşüncəsizlik və s. göstərilir. Deyən olmadı ki, niyə öz doğma el-obanı, evini-eşiyini qoyub qaçırsan? Niyə ov tüfənglərini yığanda, erməniləri müasir silahlarla silahlandıranda dinmədin ay el oğlu? İndi çək əzabını, günah sənin özünədir. Onda da səsini çıxarmadın, indi də. Niyə vəzifəlilər öz ev əşyalarını Beyləqana, İmişliyə aparanda sən susurdun, dinmirdin ay el oğlu? Çək cəzanını.
Bax, beləcə Əli Rza müəllim bu yazılarda millətinin taleyini düşünür. Bu yazılar şəhid analarına, şəhid atalarımıza, bacı və qardaşlarımıza bir təskinlik verir. Bu yazılardan öyrənirik ki, ən böyük ünvan şəhid adıdır.Bu yazılar bizi ayıltdı, bizim kim olduğumuzu, nə üçün yaşadığımızı başa saldı. Bu mətn parçaları milli düşüncəmizi oyatdı, milli ləyaqətimizi saflaşdırdı. Bu yazılar bizim səhv addımlarımızı göstərdi. Bu yazılar sanki bir salnamədir. İllər ərzində bir bölgədə, bir ərazidə baş verən tarixi hadisələri qeyd alan bir salnamə. Bu, Qarabağ haqqında bir gündəlikdir, xronikadır. Nəhayət, bizim öz torpaqlarımızdakı həyat, güzəran salnaməmizdir. «Tarixi təhlil eləmək, yaxşıya, pisə qiymət vermək gələcəyin işidir. Bu günün vəzifəsi isə salnamə yazmaqdır. Çalışmalıyıq ki, bu salnaməyə yazılası heç nəyin itməsinə, heç kimin yaddan çıxmasına yol verməyək. Bəli, bir zaman gələcək ki, hər şey ayırd ediləcək, əhvlər araşdırılacaq. Həqiqət öz yerini tapacaq! (səh. 87).
Bu yazılarda həyəcan təbili çalınır. İnsanı yaşamağa, çətinliklərə sinə gərməyə, sınaqlardan alnı-açıq, üzü ağ çıxmağa, həyatda öz yerini, mövqeyini tutmağa səsləyir.
Yazıçı sözügedən illərdə müharibənin insanlara gətirdiyi olmazın bəlaldarı xatırladır: «Müharibə təkcə dağılmış evlər, dəhşətli xarabalar, ölümlər, qanlar deyil. Bu, həm də pozulmuş əhdlər, peymanlar, uçulmuş, dağılimış könül dünyalarıdır. Doğmaların yadlaşması, insanların iç dünyasında gizlənən «mən»lərinin sınağıdır. Bu sınaqdan kim necə çıxır» (səh. 213).
«Yurdun övladları» (2). Bu bölmədə belə bir fikir vurğulanır ki, cəmiyyət ağıllıların düşmənidir. İnsanın görünməyən tərəfləri, nəcib əməl sahibləri, mənəvi haqqı olan hər bir şəxs, «çörəyi dizinin üstündə olanlar», cəmiyyətin dərdinə şərik çıxanlar və s. bu bölmənin bəhs olunan mövzularındandır.
Əli Rzanın assosiasiya yaratmaq duyumu çox güclüdr. Məsələn, təbiətlə tərbiyəni əlaqələndirir, maraqlı təzad yaradır: Bakıda- Abşeron mühitində yaşıllıq yaratmaq, agaç əkib-becərmək insan tərbiyə etmək qədər çətindir (səh. 11).
Sənətkar elinə, elinin-obasının, müdirik qocaların, ağbirçəkli nənələrin yaratdığı məsəllərə, hikmətlərə arxalanır, bəzən deyilmişlərlə razılaşmır, ona öz əlavələrini də edir. Bax, bu istedaddır, fikir adamında bu ən ali keyfiyyətlərdəndir. Sözün səmimiyyəti bu məqamda da üzə çıxır.
Əli Rza müəllimin «söz içində söz»ündə elə kəlamlar vardır ki, müasirliyi ilə yadda qalır. Aparılan müqayisələr, qarşılaşdırmalar insani dəyərləri bir-birindən ayırır, fərqləndirir: O insan bədbəxtdir ki, həyatdan gedənqdən sonra izi qalmır. İndi çoxlu milyonçular var. Beşmərtəbəli evi, villası göz qamaşdırır. Amma bir yetərli iş görməyib, bir yetimin başına sığal çəkməyib. Amma bir bağbanın izi qalacaq-ən azı əkdiyi çinarlar onu yaşadacaq (səh. 19) və ya hakimiyyət uğrunda mübarizələr sivil, demokratik metodlarla aparılmalıdır; tarix insanın əqidəsi, inamı uğrunda mübarizədir.
Ə.Xələfli ümumi epik təsvirdən aralanaraq öz hiss və həyəcanlarını ifadə edir, müxtəlif yönlərdə mühakimələr yürüdür, həyat, insan, cəmiyyət haqqında düşüncələrini ifadə edir, burada lirizm izləri hərtərəfli görünür. Hər bir bəbii mətnin, parçanın məna tutumu çox yüksəkdir. Bu məna tutumu barədə müxtəlif mülahizələr də söyləmək olar. Amma yazıçı sözdə ciddidir, sözü havayı yerə işlətmir. Bu mənada Əli Rzanın ədəbi- fəlsəfi mühakimələri ciddi marağa səbəb olmaya bilmir. Mühakimələrində mübahisəli məqamlar da az deyil.
Əli Rza müəllim insan dənizindən fikir incilərini qədərincə götürə bilib və yazıya köçürüb. Amma bu incilər daha çoxdur, heç mində birini də sənətkar götürə bilməyib. Bu anlamda «Söz içində söz»dəki müdrik kəlamların sayı-hesabı səhv etmirəmsə, yoxdur, amma nəzəri çəkənləri mövzu cəhətdən bir sıra qruplara ayıra bilərik:
Tarix haqqında: Tarix heç kimə üzgörənlik etmir (səh. 41); Tarix elə aynadır ki, lovğaların, ambisiya sahiblərinin çürük iddialarını güzəştsiz aşkarlayır (s.38); Qoca tarixin sinəsindən qan çayları axıb. Zaman-zaman bu çayların axarı dəyişsə də, hələ gözü qurumayıb (səh. 127); Tarixin ən böyük şahidi abidələrdir, maddi mədəniyyət nümunələridir (səh. 178); Tarix ibrət dərsidir, götürənə (səh. 22);
Cəmiyyət haqqında: Əsas problem cəmiyyətdə azad insan tərbiyə etməkdən ibarətdir. Azad insan öz Vətəninin də, torpağının da qədrini yaxşı bilər (səh.46); Cəmiyyət işıqlı adamların çığırı ilə yol gedir (səh. 222);
İnsan haqqında: Adamlar var ki, bu dünyada yaşasalar da, canlı meyitdilər. Adamlar da var ki, öləndən sonra doğulurlar, əməlləri ilə yaşayırlar (səh.69); -İnsan kimliyindən asılı olmayaraq mənən təkdir.- İnsan necə tək ola bilər ki, o, öz qəlbində minlərlə insanın məhəbbətini gəzdirir, qayğısını çəkir (səh. 75).
Humanizm haqqında: Humanizm ən ümdə iş meyarıdır (səh. 73).
Şəhidlər haqqında: Şəhidlər, siz bu günün yox, sabahın-o bəxtəvər günlərin ki, onda Vətən bir olacaq-adamlarısınız, hələ ki, siz bu gün Odlar diyarının sinəsindən hövllənib qalxan od-alov, heç nə ilə ram olmayan vulkansınız…Şəhidlər, bizi illər boyu yatdığımız uyğudan siz oyatdınız… (səh. 19).
Söz haqqında: Ey İlahi Söz! Sənin böyüklüyün, ululuğun önündə dilimiz lal, qolumuz gücsüz, nitqimiz kəsərsizdir. Ey Haqq Söz! Sən alilər alisi, xalislər xalisi, müqədəslər müqəddəsi, əzizlər əzizisən… (səh. 186); Sözün borcu…Sözün gücü də deyə bilərdim. İnsanın varlığını əsir alan, onu özünə tabe edən söz… Sözün aciz olduğu elə məqamlar var ki, onu rənglər deyir… (səh.203).
Ə.Xələfli özündən əvvəlki mütəfəkkirlərin fikirlərinə hörmətlə yanaşır, onları xatırlayır.
Seçmə-mətnlərin bir çoxu «Baş daşımın yazıları» kitabındandır. Bu seçmələrdə şair-sənətkar insanlarda ruh yüksəkliyi yaradır, insanın ləyaqətini və həvəsləndirilməsini etiraf etməyin köməyi ilə onda olan ən yaxşı nə varsa hamısını inkişaf etdirir və bunları özünün ən dəyərli keyfiyyəti sayır.
Mətnlərin sintaktik xüsusiyyətlərinə də toxunmaq yerinə düşər. Çünki sintaksis mətnin semantikasına da öz təsirini göstərir. «Deyirlər» feili xəbəri ilə başlanan cümlələr: Deyirlər ki, bir-birinə bağlı ürəklərin arasından çaylar çağlasa, dağlar sədd salsa da, bu ürəklərin ahəngi, ritmi vurur (səh. 48); Deyirlər ki, çoban yatsa, qurd sürüdən qoyun qapar (səh. 65).
Bu yazıların dili dilin bütün səviyyələri üçün-ekspressiv sintaksis baxımından ciddi tədqiqatlar tələb edir. İntensiv notlar yazıların başlıca ruhunu təşkil edir. Müxtəlif sintaktik hadisələrlə Əli Rzanın qurduğu cümlə tiplərində rast gəlmək olur. Məsələn, parselyasiya hadisəsinin doğurduğu qoşulma konstruksiyalar: «Xəzərin qumlu sahili ilə axşamlar bir gənc addımldayır: asta-asta, sakit-sakit…Bir dəniz ilbizini tabdayacağından qorxurmuş kimi… (s. 208); Qarabağın ağrısı daşa döndü. Ürəyimdən asılan daşa, başdaşıma dönən daşa. Başıma dəyən daşa… (səh. 376).
Əli Rza müəllim budaq cümlələrin bir hissəsini kəsib atır, bununla ekspressiya yaradır: Çörək verənlərə ehtiram göstərilib. Əgər çörəyi, halal çörəyi kəsən özü halaldıdırsa…, Əlahəzrət zamanın diqtəsi ilə yazılanların öz dəyərini qoruyacağına inanmaq olar. Əgər yazanın özü zamana xəyanət eləməzsə… (səh. 11).
Seçmə-salnamələrdə yurd yerləri, yurd ağrısı həlli müşkül bir problem kimi qoyulur. «İçində göynəyən, yaşayan ağrı həmin ağrıdır- Yurd ağrısı (səh.55); Eldar Şahvələdli demişkən: «Bir vaxtlar gözlərimdə daşıdığım yurd yerlərini ürəyimdə daşıyıram; ya aşa, ya aşıra» (səh.380).
Seçmə-mətnlər bəziləri «Dünya yazana qaldı» kitabından götürülmüşdür. Bu seçmələr üçün müəllif «Bilikli adamın qəbri də işıq salar» epiqrafını örnək gətirmişdir. Sözün gücü, qüdrəti bu seçmələrdə tərənnüm olunur: Fikirlərin, düşüncələrin qaranlığını dağıdan ağ yağış timsallı söz də ağ bulud gücündədir. Söz güllənəndə, söz çiçəkləyəndə, söz ağ buludun yağışına dönüb insanın ruhuna yağanda insanın üzü gülür, insanın gözü gülür. İnsan öz qaranlığından çıxır. İnsan başa düşür ki, qaranlıq onun içindən gəlsə də, onun mənəviyyatına çöksə də, qaranlıqla yaşaya bilməz. İnsan işıq istəyir. İşıq isə ağ bulud timasllı sözdədir (səh. 8).
Bu və ya başqa fikirləri ancaq və ancaq xüsusi istedadı olan sənətkar yaza bilər, yazdı da. «Bəli, sənətkar düz deyir, dünya yazana qalır. Bu dünyaya təzə söz gətirənə qalır, sözü dədə-babalarımız demişkən, xeyirliyə yozana qalır». Amma bu dünyada, elə bizim zəngin ölkəmizdə yazanların, əsl yazanların qədri, qiyməti niyə bilinmir? Nə üçün onlar ehtiyac içində boğulurlar? Bu, bir qanunauyğunluqdur, yoxsa qəsdən baxımsızlıq? Desən də, xeyiri yoxdur.
Adam az qalır Əli Rza müəllimin söz haqqındakı orijinal fikirlərinə bura köçürsün; sözün həqiqi mənasında onun sözlə yoğrulmuş fikir və düşüncələri hər kəsi öz rəngində təqdim edir. Təkcə hər kəsi yox, dünyanı, bu dünyanın içində çobalayan, vurnuxan, çalışan, nə isə bir iş görmək istəyən insanları öz boyasında təzahür etdirir. Düz deyirsən, ay Əli Rza müəllim, sizin kimi təzə fikirlər sahibi, yeni bədii-obrazlı ideyalar müəllifinin mükafatı, əlbəttə, oxucu sevgisidir. Bəli, bu dünyanın qonağıyıq, mehmanıyıq. Sözümüz, izimiz qalsa kifayətdir. Nizami qalan kimi, Füzuli qalan kimi, Nəsimi qalan kimi…
Onu da düz deyirsən ki, söz demək də hər kişinin işi deyil. Bütün məqamlarda qüdrətli söz deyə bilmək üçün qüdrətli sənətkarlıq tələb olunur. Bu mənada sizi bu gözəl sözlərin sahibi saymaq olar. Bütün əsərləriniz yüksək sənətkarlıqla qələmə alınmışdır. Öz işində, sənətində də böyük məharət və ustalıq göstərirsən. «Kredo»sevərlərin respublikamızda sayı-hesabı yoxdur. Şeirdə, nəsrdə, publisistik yazılarında böyük hünər, təlatüm görünür, çoşqun bir ilham çağlayır. Əsərlərinizdə müasirliklə sənətkarlıq bir-birini tamamlayır.
Seçmə salnamələrdə erməni faşistlərinə uduzmağımızın, məğlubiyyətimizin səbəblərinə də toxunulur.
Sizin seçmə salnamələri səmum küləyinə bənzətmək olar. Səhralarda əsən çox şiddətli külək kimi sizin bu seçmələr çox güclüdür, təsirlidir. Etik-estetik, fəlsəfi qayəsi ilə seçilən bu seçmələr müasir gənclərimiz üçün bir örnəkdir. Onlar bu seçmələri oxusunlar, öyrənsinlər, həyatı, cəmiyyəti, insanları başa düşsünlər, münasibət, ünsiyyət qura bilsinlər.
Ədəbiyyat, yazıçı, şair, sənət, ədəbi tənqid haqqında bu salnamələrdə ədəbiyyat nəzəriyyəsi baxımından tutarlı elmi-nəzəri ideyalar var: Tənqidin sözü acı olsa da, şirin də olsa, həqiqət olmalıdır. Ədəbi tənqid sözün məhək daşıdır- O, hamının bildiyi bir həqiqətdir. Yazıçı üçün ən adi, kiçik bir detalın nə üçün obraz olduğunu, bu obrazların görünməyən tərəflərində oxucu üçün gizlin qala biləcək mənalaın hamısı təhlilə çəkilir, uğurlu tərəfləri təqdir edilir, bəzən alınmamış və yaxud yarımçıq qalmış məqamları tənqid edilir…Bir daha inandım. Tənqidçi yazıçı əzabının şərikidir (səh. 62, 63).
O, bir yazıçı, şair, publisist, həm də bir tənqidçi kimi tanınır, cəmiyyət içində hörməti var, cəmiyyətin ağrılarını yaşayır, öz yaradıcılığında bu ağrıları hərtərəfli əks etdirir. Yaşadığımız mühitin mənəviyyatına gedən prosesləri görür və onun həlli yolarını da göstərir.
Təbiəti onun kimi duyan yazarlar azdır. Təbiətin bəxş etdiyi çiçəklərə baxır, onu bənzərliyini tapır, müqayisə edir; müqayisələr tamamən yerli-yerindədir: «Dağ çiçəyinin yaşamaq uğrunda ölüm-dirim mübarizəsi aparan insana bənzəri var. Fəqət heç bir münbit şərait olmadığı, qayğı görmədiyi halda təbiətin öz nəfəsi ilə qidalanıb qayaları yarıb çıxan dağ çiçəyi həm də öz zərifliyi, incəliyi və gözəlliyi ilə insanı heyran edir» (səh. 68).
Göründüyü kimi, təbiətdəki təmizlik, əhval-ruhiyyə onun qəlbindəki hiss və duyğuları çiçəkləndirir.
Müəllifin «Döyüşçü əfsanəsi» kitabından seçmələrdə Qarabağ uğrunda müharibənin xalqımızın başına gətirdiyi olmazın müsibətlər, döyüşçülərin taleyindən, müharibənin xarakterik cəhətlərindən və s. dən bəhs edilir. Müəllifin təssüratları zəngin bədii ifadə vasitələri ilə oxuculara çatdırılır.
Ə.Xələflinin digər yaradıcılıq örnəklərindən də verilmiş seçmələr «şairin eşitdiyi səssiz haraylardır» Bu haraylarda insani dəyərlərin ucuzlaşdırılması, sənət adamının cılızlaşdırılması, əxlaqi-mənəvi prinsiplərin, mənəvi mühitin bəzi hallarda pozulması, dünyanı dərketmə yolları və vasitələri, yaradıcılıq yolunun çətinlikləri, tarixə münasibət, bir sözlə müəllifi düşündürən, narahat edən həyat həqiqətləri saf-çürük edilir, maraqlı, zəngin fikirlər aləminə qovuşa bilirik.
Obrazlılıq bu seçmələrin daxili güçünü reallaşdırır. Poetik duyumu, poetik təfəkkürü iti, hadisələrə, obyektlərə münasibətdə birmənalılıq və s. keyfiyyətləri bu seçmələri qələmə alan sənətkarın ağlını, zəkasını, prinsip və meyarlarını ortaya qoyur.
Söz adamı, könlünü sözə vermiş, sözlə nəfəs alan bir sənətkar kimi Əli Rza müəllimin indi də yeri görünür və gələcəkdə də görünəcək.
Cahid İsmayıloğlu
Filologiya üzrə fəlsəfə doktoru