Azərbaycanda facebook necə qadağan oluna bilər?

Sosial şəbəkələr üzrə araşdırmaçı Cahid İsmayıloğlu: “İranda facebook qadağan olduğu halda 7 milyondan çox aktiv istifadəçi var”

Son aylar əsgər ölümü ilə bağlı təşkil olunan aksiyalardan, bu aksiyaların sosial şəbəkələrdə planlaşdırılması xəbərləri yayıldıqdan sonra sosial şəbəkələrə nəzarət, müvafiq saytlara məhdudiyyət qoyulması gündəmə gəlib.

Dünyada və Azərbaycanda milyonlarla istifadəçisi olan facebook sosial şəbəkəsinə girişin ölkəmizdə qadağan olunması təklifi ilə ilk dəfə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı çıxış edib.
“Bu gün Azərbaycanda “facebook təhlükəsi” var. Mən bunu görürəm və hesab edirəm ki, seçkilər zamanı bizi bir sıra xoş olmayan hadisələr gözləyə bilər” deyən deputat Azərbaycanda facebook daha çox hakimiyyətə qarşı bir vasitə kimi rol oynadığını dilə gətirib: “Bu kampaniyada xaricdə oturan soydaşlarımız, erməni lobbisi və Azərbaycandakı radikal müxalifət iştirak edir. Mən hesab edirəm ki, müvafiq qurumlar indidən bu barədə düşünməlidirlər”.
F.Ağamalı onu da bildirib ki, facebook hesabına minlərlə insanın küçələrə çıxması artıq təhlükənin real olduğunu göstərir: “Mən hansısa aksiyanın əleyhinə deyiləm. Amma, məsələ bundandır ki, bu aksiyalardan başqa məqsədlər üçün istifadə oluna bilər”.

Mövzu ilə bağlı bir müddət öncə deputatla debata çıxan sosial şəbəkələr üzrə araşdırmaçı Cahid İsmayıloğlu facebookun Azərbaycanda qadağan olunacağı təqdirdə bunun necə həyata keçiriləcəyi ilə bağlı “Yeni Müsavat”a danışdı. C.İsmayıloğlu deyir ki, sosial şəbəkələrdən qorxmaq lazım deyil: “Azərbaycanda ən geniş yayılmış sosial şəbəkə olan facebookdur və son hesablamalara görə artıq bir milyon istifadəçisi var. Ən diqqətəlayiq olanı isə istifadəçilərin böyük bir qisminin (70-80 %) gənclərin təşkil etməsidir. Təbii ki, əhalinin ən qaynar, ən aktiv, ən həssas hissəsinin gənclər olduğunu nəzərə alsaq, bu ciddiyə alınacaq bir məqamdır. Son zamanlar facebookun ölkədə qadağan edilməsi ilə bağlı çağırışlar bu şəraitdə heçdə məntiqli səslənmir. Əgər belə bir hal olarsa mən düşünürəm ki, facebooka maraq daha çox artacaq. Çünki qadağan olunmuş bir şey gənclər üçün hər zaman daha maraqlı daha cəlbedici olur”.

Ekspertin sözlərinə görə, İnformasiya Komunikasiya Texnologiyarı (İKT) sahəsinə sərmayə qoyan, onun inkişaf etdirilməsi yönündə çalışan bir ölkənin facebook kimi geniş yayılan bir internet resursunu qadağan etməsi normal qarşılanmayacaq: “Bu yaxınlarda İKT, sosial şəbəkələr, blogerlik sahəsində gənclərə təlim keçmişdim. Təlim əsnasında mən şahidi oldum ki, hətta məktəbli yaşındakı uşaqlar sosial şəbəkələrdən aktiv istifadə edir, burada nələrin baş verdiyi haqqında çox məlumatlıdırlar. Ümumiyyətlə sosial şəbəkələrdə iki qrup istifadəçilər var. Bir qrup aktiv iştirakçı, informasiyalar tapan, yaradan yayan, bir qrup isə bu informasiyaları əldə edən, necə deyərlər bu informasiyalar ilə qidalanan. Mən təlimdə şahidi oldum ki, gənclərimiz artıq birinci qrupa aid olmağa daha çox can atır. Onlar informasiyanı yaratmaq, yaymaq aktiv iştirakçı olmaq istəyirlər. Bu da sosial şəbəkələrin gələcəyinin nə qədər parlaq olmasından xəbər verir.
Sosial şəbəkələr artıq tədqiqat obyektidir. Bu ciddi tədqiq olunmalıdır. Mən artıq bu sahədə işlər görməyə başlamışam. Aidiyyatı institutlar da bu məsələyə səssiz qalmamalıdır”.

C.İsmayıloğlu deyir ki, facebook sosial şəbəkəsi çox sadə şəkildə, əsas provayder tərəfindən ölkə daxilində giriş qadağan edilə bilər: “Amma, müəyyən proqramlar, İP gizlədən saytlar, kompüterinizin DNS ayarlarını dəyişmək və s. vasitələr ilə qadağan edilmiş saytlara daxil olmaq mümkündür. Bir sözlə tam qadağan söhbət gedə bilməz. Məsələn, youtuba Türkiyədə qadağa qoyulanda mən şahidi olurdum hər kəs çox rahat şəkildə İP gizlədən saytlar vasitəsi ilə bu şəbəkədən istifadə edirdilər. Başqa bir faktı da deyim İranda facebook qadağan olduğu halda 7 milyondan çox aktiv facebook istifadəçisi var. Mən deyərdim ki, sosial şəbəkələrdə baş verən siyasi gündəm Azərbaycanın real siyasi gündəmindən daha aktivdir.
Mən hesab edirəm ki, Azərbaycanda tam azad internet mühiti mövcuddur, burada güclər balansından da söhbət gedə bilər, internetə, sosial şəbəkələrə hər hansı bir məhdudiyyətin gətirilməsində söhbət gedə bilməz”.

Qeyd edək ki, facebooku qadağan edənlər sırasında İran, Çin, Tacikistan, Koreya, Belarus və  Vyetnam kimi ölkələr öndə gedir. Facebookun yaradıcısı Mark Zükerbergin bu məsələ ilə məşğul olan xaker ordusu saxlaması ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, facebookun qurucusu həmin xakerlərə sosial şəbəkəyə girişi təmin edən müxtəlif proqramlar hazırlatdırır. Hətta “Ərəb baharı” vaxtı M.Zükerberg bu tip proqramları internet üzərindən pulsuz satıb.

Fərahim İLQAROĞLU
Yeni Musavat

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

6 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

6
0
Would love your thoughts, please comment.x
()
x