Azərbaycanda vətənindən deportasiya olunmuş 100 mindən artıq Ahısqa türkü yaşayır. Deportasiya bütöv bir xalqı elindən-obasından, yurd-yuvasından elliklə sürgünə məruz qoyan fəlakət və faciədir. Keçmiş SSRİ ərazisində almanlar, krım tatarları, çeçenlər, inquşlar, qaraçaylar, balkarlar, kalmıklar, həmçinin də Ahısqa türkləri bu acını dadmışlar.
Uzaq-uzaq həqiqətlər tarixdə qalıb. Lakin Ahısqa bir zamanlar Osmanlı imperiyasının bir parçası olmasını, köklərinin buntürklərə-ilkin türklərə gedib çıxmasını, Rusiya işğalı faktını unutmamışdır. Qafqazın qədim etnoslarından olan Ahısqa türklərinin yaddaşında iki sürgün tarixi əbədiləşib: 1944-cü ilin payızı və sazaqlı qışı. 1989-cu ilin isti yay günləri…
Onların tarixi Vətəni indiki Gürcüstan ərazisindədir. 1944-cü ilin noyabrında SSRİ-nin rəhbəri gürcü əslli Stalinin əmri ilə 200 minlik bu xalq öz doğma yurd-yuvasından didərgin salındı, günahsız siyasi qurbana çevrildi. 70 ildir ki, mübarizə – Vətənə dönmə mübarizəsi davam edir.
Ahısqa türklərinin Türkiyə dövlətindən qoparılarkən aldıqları yaralar sağalar-sağalmaz ikinci zərbə vuruldu: Onları Orta Asiya, Qazaxıstan çöllərinə sürgün etdilər. Lakin bu xalqı izləyən kabus burada da rahat buraxmadı. Stalinin ölümündən bir neçə il sonra sürgün olunmuş insanların yerdəyişməsinə, öz torpaqlarına dönməsinə izn verilsə də, bu, Ahısqa türklərinə şamil edilmədi. Çünki onların tarixi torpaqlarında SSSR-nin rəhbərlərindən olmuş, erməni əslli Mikoyanın mənfur planı ilə xarici ölkələrdən köçürülmüş, erməniləri yerləşdirmişdilər. M.Qorbaçovun aşkarlıq və yenidənqurma islahatından ruhlanan Ahısqa türkləri öz vətənlərinə dönmək üçün hərəkətə keçdilər. Onların toplum halında yaşamasının, təşkilatlanmasının qarşısını almaq üçün 1989-cu il qırğını düzəldildi. KQB-nin həyata keçirdiyi, ermənilərin yaxından iştirakı ilə cinayətkar dəstələr təşkil olundu, Özbəkistanın Fərqanə vilayətində kompakt yaşayan Ahısqa türklərinə divan tutuldu: evləri yandırıldı, mülkləri talan edildi. Yüzlərlə insan öldürüldü, xeyli sayda insan yaralandı, onları vaqonlara yığıb SSRİ-nin müxtəlif respublikalarına dağıtdılar. Əsas məqsəd onların toplum halında yaşamasına, təşkilatlanmasına, tapdalanmış haqlarının bərpası tələbinə mane olmaq idi.
1989-cu ildə Fərqanə hadisələrindən sonra yenidən didərgin düşmüş bu etnosun bütün problemləri Azərbaycanı da narahat edirdi. Azərbaycan hökumətinin qərarı və razılığı əsasında Orta Asiya və Qazaxıstandan sürgünlük həyatı keçirmiş Ahısqalıların bir hissəsi respublikanın Saatlı, Sabirabad, Quba, Xaçmaz və Şabran rayonlarında yerləşdirilmişdir, lakin onların hər biri Ahısqa adlı əzəli torpaqlarına dönmək arzusu ilə yaşasa da, Azərbaycanı özlərinə ikinci vətən sayır. Çünki onlar həm dövlət və həm də Azərbaycan xalqının qayğısı ilə əhatə olunmuşlar. Yeri gəlmişkən, xatırladaq ki, ötən əsrin 50-ci illərində Azərbaycan Ahısqa türklərini qəbul etmək haqqında qərara nail oldu, onların bir hissəsi Azərbaycana köçürüldü. Lakin Moskva bunu dayandırdı. Çünki onlar burada kompakt halda yaşayacaqdılar…
Bu gün tarixi ədalətsizlikziklə üzləşmiş Ahısqa türkləri toplumunun öz əzəli torpaqlarında, demək olar ki, heç bir təmsilçisi yoxdur. Olanlar da soy-köklərini dəyişdirib, gürcüləşənlərdir.
1944-cü ildə sürgün olunmının digər səbəbi Qafqazdakı türklərin sayını azaltmaq idi.
Gürcüstan rəsmiləri Ahısqa türklərinin Vətənə dönüşünü qeyri-normal qarşıladılar. ….. ildə Avropa Şurası qarşısında götürdükləri öhdəlikləri həyata keçirməyərək, 1944-cü ildə zora köçürülmış xalqı kompakt, toplum şəklində deyil, ayrı-ayrı şəxslərin fərdi köçüşünü təşkil etməyə başladılar. Ən acınaçaqlısı isə budur ki, Gürcüstan rismiləri Ahısqalıların öz doğma yurd-yuvalarına deyil, bölgənin digər ərazilərinə köçürülməsini qərara almışdılar. Ona görə də Ahısqalıların heç biri Gürcüstana heç zaman bu şərtlə dönməyəcəklər. Gürcü alimləri Ahısqalıları müstəqil dilə, mədəniyyətə, etnik psixologiyaya məxsus xalq saymır, onları İslam dinini qəbul etmiş «müsəlman gürcüləri», yerləşmə-coğrafi cəhətdən isə “mesxilər”, “mesxeti gürcüləri” adlandırırlar. Təəssüf ki, gürcü alimlərinin bu əsassız konsepsiyası XX yüzilliyin sonlarında bir çox rus alimlərinin elmi yazılarında da özünə yer tapmışdır.
Ahısqa türklərinin mənşəyinin danılmasında məqsəd bu etnosu dünyanın etnik xəritəsindən silməyə cəhd etməkdir. Gürcü alimlərinin “mesxi” adlandırdığı Ahısqa türkləri isə özlərinin etnosa məxsus bütün komponentlərini, adət-ənənələrini, etnik psixologiyasını, milli-mənlik şüurunu qoruyub saxlamaqla özlərinin gürcü deyil, ondan fərqli olan bir etnosun nümayəndələri olduqlarını sübut etmişlər.
Fikrimizcə, Ahısqa türklərinin etnik və deportasiya tarixinə Gürcüstanın türk dünyası ilə uzunmüddətli əlaqə və münasibətləri çərçivəsində baxılmalıdır.
Ahısqa türkləri bu gün bütün varlığı ilə vətənə bağlılığını mübarizəsi, maddi və mənəvi mədəniyyətini qoruyub saxlaması ilə ifadə edir. Daha doğrusu, vətənlə ağlayır, vətənlə gülürlər.
Bu xalqın birliyini yaradan bir anlayış da var: Türk anlayışı. Həmin xalqın böyük oğlu Ö.F.Nemanzadənin qeyd etdiyi kimi, «onlar ürəklərindən türklük duyğusunu, ağızlardan türk dilini çıxarmadılar» («Açıq söz» qəzeti, 18 yanvar 1917-ci il).
Ahısqa türklərinin kəşməkeşli tarixini, mübarizələrlə dolu tarixini vərəqləyərkən onların bir əski kəlamı yada düşür: Bizə də bir gün doğar. Bu müdrik kəlamda 70 ildir deportasiyalara sinə gərən didərgin bir xalqın sabaha böyük ümidi, inamı və arzusu ifadə olunmuşdur.
Cahid.info