Azərbaycanda müasir türkologiyanın vəziyyəti haqqında

Türkologiya dünya miqyaslı bir elm olub zəngin bir ənənəyə və tarixə malikdir. Türkologiya müxtəlif xalqlardan, millətlərdən olan araşdırıçıların müşahidələrinin, tədqiqatlarının ümumən yekunu olsa da, bu və ya digər subyektiv mövqeyi əks etdirən, müəyyən sosial-ideoloji məramlı mülahizələrdən, missioner müdaxilələrindən də xali deyildir.
Bu sahədə tədqiqatlar XIX yüzilliyin sonu və sonrakı dövrdlərə təsadüf edir. Türkləri – onların keçdiyi inkişaf yolunu, mədəniyyətini, dilini və s. öyrənmək tarix boyu aktual mövzulardan biri olmuşdur.
SSRİ dağılandan sonra müstəqillik qazanmış türk respublikaları türkologiya elmini də siyasi rejimin, totalitarizmin məngənəsindən istər-istəməz çıxardılar. Bu elm də sovet ideologiyasının buxovlardan azad oldu, müstəqil inkişaf etməyə başladı.
Mən bu məqalədə türkoloji dilçiliyin müasir vəziyyəti haqqında fikir və düşüncəmi bölüşmək istəyirəm.
Əvvəlki dövrlərdə türkoloji dilçilik üzrə araşdırmaların mərkəzi Rusiya olmuşdur. Rus türkoloqları türkologiyanın tarixini müəyyən dövrlərə bölmüşlər. 3 dövrü qeyd etmək olar. Bunlardan sonuncu – yeni dövrü xarakterizə edən cəhət ondan ibarət olmuşdur ki, bu elm yüksəlmiş, zəngin qaynaqlara və təkmilləşmiş metodologiyaya sahib olmuşdur. Türk xalqları arasında türkçülük düşüncəsi qüvvətlənmiş, türklər öz dillərinə, folkoruna, ədəbiyyatına yiyələnmiş; bundan əlavə milli türkoloji mərkəzlər yaradılmış və türkologiyanın sahələri ilə ilgili kadrlar formalaşmış və lazımi səviyyədə tədqiqatlar aparılmışdır.
SSRİ-də yaşayan türklər müstəqillik qazandıqdan sonra, hər şeydən öncə, türklərin milli şüuru dəyişmişdir. Müstəqilliyin özü milli dərketmə şüurudur. Türklərin milli düşüncəsi formalaşmış və yeniləşmişdir. Hələ əsrin əvvəllərindəki özünüdərk şüuru müstəqillik illərində bir daha gündəmə gəlmiş, türkologiya elminin nə olduğu kütlələrə də aydınlaşdırılmışdır.
Müasir türkologiya türk dillərinin problemlərini həll etməyi prioritet bir vəzifə kimi qarşıya qoyur. Doğrudur, sovet dönəmində müasir dil, dil tarixi, dialektologiya, terminologiya, onomastika və s. sahələrdə əsaslı tədqiqatlar aparılmışdır. Türk dillərinin müqayisəli qrammatikaları yaradılmışdır. A.M.Şerbakın, B.A.Serebrennikovun, N.Z.Hacıyevanın, K.M.Musayevin, N.A.Baskakovun, F.Zeynalovun və başqalarının qohum dillərinin müqayisəli təhlilinə həsr edilmiş sanbalı əsərləri vardır. Bu əsərlərdən sovet ideologiyasının, necə deyərlər, iyisi gəlir. Tədqiqat metologiyaları millilidənkənar, rus dili metologiyalarına uyğun gəlir.
Müstəqillik illərində türkologiya elminin yeni mərhələsi başlanır. Türkologiyanın öyrənilməsi, onun müasir vəziyyətinin araşdırılaraq aşkara çıxarılması alimlərimiz qarşısında ən vacib vəzifə kimi irəli sürülmüşdür. 200 illik Rusiya – onun sovet şovinizmi dövrü isə türk xalqlarının kökünü danmaq siyasəti yeritmişdir. Bu siyasət o qədər güclü olmuşdur ki, onun təsir dalğası hətta bu gün də tam aradan qalxmamışdır.
Azərbaycanda Atatürk Mərkəzinin – «Türkologiya evi»nin yaradılması ilə respublikada bütün türk dünyasında türkologiyanın üzünə qapılar açıldı. 2001-ci ilə qədər türkologiya hələ də keçmiş Sovet türkologiyasının təsir dairəsindən tam çıxa bilməmişdi. Azərbaycan türkoloqları da yüksək elmi təfəkkür sahibi kimi, ilk dəfə türkologiyanı bir elm kimi, sovet şovinizmin ağır buxovundan xilas etdi.
Sovet türkologiyası keçmiş postsovet məkanında yaşayan türk xalqlarının hər biri üçün ayrıca «mənşə» düşünmüşdü və getdikcə xüsusi məkrlə «inkişaf etdirilirdi». Bu, türkologiya elminə endirilən zərbə, türk xalqlarını getdikcə bir-birindən uzaqlaşdırmağa xidmət edən bir siyasət idi. Amma türk xalqının hamısı eyni-türk mənşəlidir; onların genezisini-soyunu, kökünü, əlbəttə ki, dilini bir, vahid ümumtürk kontekstindən öyrənmək, tədqiq etmək lazımdır. Hər bir türk xalqı üçün ayrıca «mənşə» uydurmaq- tarixi həqiqəti inkar etməkdir. Bu elmi gerçəklik Azərbaycan alimləri tərəfindən türkologiyanın böyük uğuru kimi təsdiq edilmişdir.
Beləliklə, yeni dövrdə türkologiyada yeni və əsil mərhələ – isiqamət başlandı. Bu mərhələdə türkologiya elmini də müəyyən təxribatlardan azad etmək lazım idi. İlk öncə Azərbaycanda Sovet ideologiyasının türkologiyaya vurduğu zərbələr müəyyənləşdirildi. Belə ki, Sovet türkologiyası ümumi türkologiyadan həmişə qaçmış, diqqəti ümumən türk dillərinin deyil, müxtəlif türk dillərinin ayrılıqda tədqiqinə vermiş, tədricən hər bir türk dilçiliyinə rus dilçiliyinin tədqiqat metodlarının yerləşdirməsinə cəhd və nail olmuşlar. Axı türk uşağına rus paltarı geyindirməklə o, dönüb rus olmayacaq! Rus-Sovet ideologiyası rus paltarının – rus tədqiqat metodunun altında öz təxribatçılığını davam etdirirdi. Bu təxribatın sonu çatmalı idi və çatdı da. Alimlərimiz bu vəzifəni yerinə yetirərək türkologiyanı bir elm kimi bu təxribatdan da xilas etdilər.
Vəzifələrdən biri yeni mərhələdə türkoloji düşüncələri saf-çürük etmək, ən faydalı olanını təbliğ etməkdir. Həm Azərbaycan türkləri, həm də Türkiyə türkləri öz ətrafında yaşayan azsaylı xalqlara görə də məsuliyyət daşıyır. Azərbaycançılıq prizmasından həmin kiçik xalqların dillərinə, ədəbiyyatının da inkişafına qayğı göstərilməlidir. Bu isə fərqli düşüncədir. Belə bir düşüncənin əsasında türkçülük möhkəm dayanmasa, qərar tutmasa tarix çox müasir dövrdən başlayar, əsassız olar və gələcəyi də perspektivi də olmaz.
Müstəqillik illərində türkologiya və türk dillərinin müqayisəli tədqiqi istiqamətində xeyli işlər görülür. Türkologiya bir elm kimi sovet dövründə eninə inkişaf etmiş, onda dərininə kifayət qədər araşdırma çatışmır. Məşhur türkoloq Kenesbay Musayevin fikrincə, yeni mərhələdə türkoloji dilçilik məsələlərini dərininə tədqiq etmək vəzifəsi qarşıda durur.
Azərbaycanda «Türkologiyayanın əsasları» ayrı-ayrı müəlliflər tərəfindən kitab şəklində çap olunmuşdur. Hələ sövet dönəmində F.Zeynalovun dərsliyindən tələbələr müvəffəqiyyətlə istifadə edirdilər. İndinin özündə də (F.Zeynalov. Türkologiyanın əsasları. Bakı, «Maarif», 1981).
2001-ci ildə Azərbaycan dilçisi Mübariz Yusifov «Türkologiyaya giriş» dərsliyini yazdı. Həmin dərslikdə mövcud elmi-tədqiqat əsərlərinin nəticələri, həmçinin də dərslik və dərs vəsaitlərinin təcrübələri nəzərə alınmışdır.Tədqiqatçı türk dillərinin tarixini, öyrənilməsini, qədim türk qəbilə və tayfa birliklərini, türk dillərinin təsnifini, yazılı abidələrini, türk dillərinin inkişafında əsas keçid mərhələlərini (köksözlülük, analitizm, aqlütinatizm mərhələləri) və s. dərindən araşdırır. Türk dillərini areallar üzrə təsnif və təhlil edir: Türk dillərinin cənub-qərb arealı (Azərbaycan dili, türk dili, türkmən dili, qaqauz dili, krım-tatar dili); türk dillərinin cənub-şərq arealı (özbək dili, uyğur dili, qazax dili, qırğız dili, qaraqalpaq dili); türk dillərinin şimal-qərb arealı (tatar dili, başqırd dili, karaim dili, çuvaş dili); türk dillərinin şimali Qafqaz arealı (noqay dili, kumık dili, qaraçay-balkar dili); türk dillərinin Sibir arealı (altay dili, tuva dili, xakas dili); türk dillərinin Uzaq Şərq arealı (yakut dili).
Areallar üzrə bölgü, əlbəttə, coğrafi prinipə əsaslanılır. Araşdırıçı hər bir areala məxsus tarixi şəraiti nəzərə alaraq, areallara daxil olan dillərin fonetik, eksik, morfoloji və sintaktik xüsusiyyətlərini aydınlaşdıra bilmişdir (Yusifov M.Türkologiya giriş. Dərslik, Bakı, 2001).
Türkologiya elminə dair digər bir dərslik Azərbaycan dilçisi Buludxan Xəlilov tərəfindən yazılmışdır. Dərslikdə dillərin morfoloji təsnifi, türk dillərinin aqlütinativ (iltisaqi) dillər kimi digər dil ailələri arasındakı yeri, eyni zamanda türk dillərinin digər dil ailələri ilə qohumluğu barəsində mövcud olan cərəyanlar) məlumat verilir. Ural-Altay nəzəriyyəsinin əmələ gəlməsi, Ural-Altay dillərinin öyrənilməsi, Ural-Altay nəzəriyyəsinin müasir mərhələdəki mövqeyi, Ural-altay dil ailəsi və onun təsnifi, Ural-Altay dillərinin təsnifinin ümumiləşməsinə təşəbbüs və s. məsələlər geniş izahını tapır.
Yeni dərslikdə türk dillərinin tarixinə, quruluşuna, bu dillərin təsnifi haqqında mövcud nöqteyi-nəzərlərə xüsusi olaraq yer ayrılır. Oğuz, qıpçaq, bulqar, karluq-uyğur, uyğur-oğuz, çuvaş və yakut dilləri qrupuna daxil olan türk dillərinin hər biri barəsində təhlillər də aparılır. Türk xalqlarının əlifbaları, I Türkoloji qurultay haqqında da informasiya verilir (B.Xəlilov. Türkologiyaya giriş. Bakı, 2006).
Azərbaycanda müasir türkologiya elminin vəziyyətindən danışarkən I Türkoloji qurultayın 80 illiyi barədə bu respublikada keçirilən tədbirlərdən də bəhs etmək lazım gəlir. 1926-cı il I Bakı Türkoloji qurultayın yubleyi 2006-cı ildə Bakıda keçirildi. 2006-cı ilin fevral ayında Bakıda I Türkologi Qurultayın keçirilməsinin 80 illiyi tamam olur.
Qurultay türk xalqlarının tarix və etnoqrafiyasının, dil və ədəbiyyatlarının aktual problemlərinin həllində mühüm rol oynamış, bu xalqların mədəni inkişafında yeni bir mərhələnin təməlini qoymuşdur. Qurultayda müzakirə obyekti olan problemlər arasında türk dillərinin əlifba, orfoqrafiya və terminologiyası məsələləri xüsusi yer tutmuş, bu sırada isə yeni əlifbaya keçidi təmin etmək başlıca məqsəd olmuşdur.
Müstəqillik illərində Azərbaycan dili türkologiyanın bir tərkib hissəsi kimi, sözün əsil mənasında, dövlət dili statusu qazanmışdır. H.Əliyev tərəfindən imzalanmış «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» 18 iyun 2001-ci il tarixli, 506 nömrəli və «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» 9 avqust 2001-ci il tarixli 552 nömrəli müvafiq fərmanlar isə ana dilimizin inkişafında mühüm istiqamətverici sənədlər hesab edilə bilər. Bütün bunlar Türkoloji qurultayın qərarlarının müasir dövrümüzdə məntiqi davamı olmaqla, həmin qərarların tarixi əhəmiyyətini təsdiq edir və onların obyektiv zərurətdən meydana gəldiyini göstərir.
Müstəqillik illərində türk dillərinin müqayisəli şəkildə öyrənilməsi ilə onların tarixi inkişaf perspektivləri və qanunauyğunluqları müəyyənləşdirilir. Dillərin inkişaf prosesində baş verən fərqlərin yaranmasını şərtləndirən prioritet (üstün) faktorlar üzə çıxarılır (İ.Kazımov. Müasir türk dillərinin müqayisəli qrammatikası. I cild və II cild, Bakı, 2010).
Ümumiyyətlə, Azərbaycan MEA-nın Dilçilik İnstitutunun Türk dilləri şöbəsində türkoloji dilçilik üçün önəm daşıyan kitablar nəşr edilmişdir:

1.Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası. III hissə. Sintaksis, Bakı, 2002.
2.Oğuz qrupu türk dillərinin müqayisəli qrammavtikası. I hissə. Morfologiya. Bakı, 1990.
3.M.Yusifov. Oğuz qrupu türk dillərinin müqayisəli fonetikası. Bakı, 1990.
4.Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. I cild, Bakı, 2004 (kollektiv). Kitabın bu cildində müstəqillik dövründə türk dillərinin lüğət tərkibində baş vrən dəyişmələr əsaslandırılmış, ayrı-ayrı sahələr üzrə qruplaşan sözlərin etimologiyası və tarixi inkişaf xüsusiyyətləri nəzərdən keçirilmişdir.
5. Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. II cild, Bakı, 2009 (kollektiv) Bu cilddə Karluk qrupu türk dillərinin leksik-semantik xüsusiyyətləri, terminoloji leksikası, termin yaradıcılığının əsas meyilləri , bu dillərinin altay dilləri ilə müqayisə məsələləri araşdırılmışdır.
6.İ.Kazımov. Axısqa türklərinin dili. Bakı, Elm, 1999.

Başlıca vəzifə türkologiyanın bundan sonrakı inkişafı üçün mühüm işlər görməkdir. Tofiq Hacıyev, Nizami Cəfərov və başqaları Azərbaycan dilçiliyində, türkoloji dilçilikdə mövcud olan sterotipləri, klasik yanaşmanı dəyişdirməyə cəhd etdilər. Bu sahədə impuls yaradan türkoloqlardandır.
Türkçülük anlayışının ad və mahiyyətini sovet dövründə çəkmək qadağan idi. İndiki dövrdə türkçülük azərbaycançılıq üçün tarixi, metodoloji əsas kimi formalaşdı. Bu gün türkmənçiliyində, qazaxçılığın da, özbəkçiliyin də, tatarçılığın da əsasında türkçülük dayanır. Beləliklə, türkçülük düşüncəsi ilə Azərbaycan alimləri ayrı-ayrı türk dövlətlərinin müstəqilliyini alqışlayır, türk dünyasının birliyinə çalışır və həmin vəhdətin, birliyin yaradılmasına xidmət etməsi ideyasını müdaifə edirlər. Türkçülük düşüncəsi türk dünyasının birliyi, strategiyasıdır.
İndi türkoloji işlər Türkiyə Cümhuriyyətinin əlində toplanmışdır. Mövcud problemlərin aradan qaldırılması üçün çox işlər görülür. Mən bir gənc türkoloq kimi bütün bu işləri alqışlayıram.

Cahid İsmayıloğlu
Cahid.info

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

5 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

5
0
Would love your thoughts, please comment.x
()
x