Sosial şəbəkələr, sosial medianın bir hissəsidir, sosial media daha çox sosial şəbəkələrdən qidalanır. Sosial şəbəkələrin partlayışı 2000-ci illərin ortalarından başladı. Kitab cümləsi ilə desək, sosial şəbəkə – virtual aləmdə fərdi sosial qruplara aid olan insanları bu və ya digər maraqlar əsasında (şəxsi, rəsmi, canlı ünsiyyət, əyləncə, video, şəkil, xəbər, informasiya, müşahidə, analiz və s.) birləşdirən şəbəkəyə deyilir. Bir sözlə sosial şəbəkələr dünyanın mərkəzinə çevrilməkdədir, bəlkədə çevrilmişdir.
Azərbaycanda ən geniş yayılmış sosial şəbəkə olan “Facebook”un, son hesablamalara görə artıq 1 milyon istifadəçisi var. Sosial şəbəkələr deyərkən yalnız facebook ağlınıza gəlməsin, twitter, google plusu, odnoklassniki, linkedin, bambuser, youtube ölkəmizdə bilinən, istifadə edilən sosial media və sosial şəbəkələrdir.
Dünyada sosial şəbəkələr ictimai-siyasi proseslərə yeni təsir gücü kimi artıq formalaşmışdır. Bu şəbəkələr – xüsusilə Facebook bütün dünyanı cənginə aldığı kimi, ölkəmizdən də yan keçməməkdədir. Sosial şəbəkələr artıq hər bir sahəyə öz təsirini göstərir. İqtisadiyyat, sosial həyat, psixologiya, media, hüquq, hətta yalnız tarix kimi bir qüvvənin çətinliklə təsir edəcəyi bir sistem olan siyasətə, quruluşa, dövrə, zamana da təsir etməkdədir. Görün nə həddə çatıb ki, lətifə kimi səslənsə də Facebookda qəbirsanlıqlar da yaranmış, 5 milyondan çox vəfat etmiş insanlara ait olduğu zənn edilən “profil”lərin varlığından danışılır. Yəni facebook öz “vətəndaş”larının vəfatından sonra onların “profil”in bağlamır, onun xatirəsinə həsr edərək, ona virtual bir qəbr salır.
Bütün bunlar onu deməyə əsas verir ki, artıq virtual dünya formalaşmış və Azərbaycanın da bu dünyada bir ölkə kimi varlığı mövcuddur.
Azərbaycanda Facebook istifadəçilərinin yaş həddi və qadın, kişi istifadəçilərin nisbəti
Xalq böyük qüvvədir. Zaman keçdikcə dünyada baş verən proseslər onu sübut edir ki, xalq eyni zamanda təhlükəli bir silah, idarə olunan və ya idarə edilə bilinməyən vasitəyə çevrilmə və böyük məqsədlər üçün istifadə edilmə potensialına da malikdir. Tarixin müxtəlif zamanlarında, hər dövrə uyğun ayrı-ayrı vasitələr müşahidə olunub. Yaxın tariximizdə ideologiya xalqa təsir etmə qüvvəsinə malik olan ən tutarlı vasitə idi. Sovetin dağılması bu məqamda məhz ideoloji vasitə ilə baş tutdu. İnsan şüuru dəyişir, tarix dəyişir, təbii olaraq mexanizm daim vasitə axtarışında olur. Artıq deyə bilərik ki, bu mexanizm özünə yeni vasitə yaratmışdır və ya yaratmaqdadır. Bu vasitənin adı, məhz, nəzarətin çətin, hətta mümkünsüz olduğu sosial şəbəkələr və sosial mediadır.
Sosial şəbəkələrdə fövqəladə hallar
İlk başlarda sosial şəbəkələr önəmsiz, əyləncə məqsədli, daha çox gənclərin marağında olan bir vasitə kimi qəbul edilsədə, ərəb inqilabları, Avropada baş verən son etiraz dalğaları onu sübut etdi ki, artıq bu yolla xalq və xalqın ən aparıcı hissəsi olan gənclər idarə edilmə, idarə olunma, hətta idarə etmə gücünə malikdir. Sadə dillə desək, adi bir gənc bu vasitə ilə etirazı, aksiyanı, ixtişaşı, inqilabı başlada bilər, idarə edə bilər və ya o gənc haradansa, kimlərin vasitəsi ilə fərqində belə olmadan yönləndirilə, təsir altına salına, idarə oluna bilər. Belə gənclər ölkəmizdə də var. Əsas məqsəddə qəhrəman olmaq, tarixə düşmək arzusu yatan bu gənclər xalqı daim aksiyaya səsləyir, baş verəsi bir aksiyanı yönləndirmək, yönətmək, önündə getmək iddiası ilə sosial şəbəkələrdə çıxış edir. www.facebook.com/erkin.gadirli.5, www.facebook.com/emin.milli kimi facebook istifadəçiləri bu gənclərdəndir.
Sırf sosial şəbəkələrdə cərəyan edən aksiyalar, şəbəkələrdən kənar baş verən hadisələr və bunların bir-birinə təsiri
Əlbəttə ki, sosial şəbəkələrdə baş verən heçbirşey kortəbii yollarla gercəkləşmir, mütləq bir bəhanəyə söykənir.
Təcrübə göstərir ki, sırf sosial şəbəkələrdə cərəyan edən aksiyalar ilə, bu şəbəkələrdən kənarda baş verən hadisələr arasında çox zaman heç bir bağlılıq olmur və tamam ayrı məqsəd və mərama malikdir. Deyərdim ki, şəbəkələrdən kənarda baş vermiş aksiyalar, şəbəkə içində cərəyan edən aksiyalardan daha məqsədli və konkret tələblər əsasında baş tutur, çox zamanda məqsədinə çatır. Bu iki formanın bir-birinə təsiri mütləqdir və qaçınılmazdır. Şəbəkə daxilində baş verən aksiyaların, şəbəkə xaricinə daşması və ya əksinə şəbəkədən kənarda cərəyan edən hadisələrin bir anda şəbəkələrə düşməsi hər zaman müşahidə olunur. Bu əsnada baş verən hadisələri iki istiqamətə bölmək olar.
1) Sırf sosial şəbəkələrdən start götürən, bu vasitə ilə reallaşan hadisələr
– 2012-ci ilin sentyabrında bir millət vəkilinin mandatından imtina etməsinə səbəb olan video məhz sosial şəbəkələrdən start götürdü, yayıldı və sırf bu vasitə ilə reallaşdı. Hələdə bu tip videoların yayılması qarşısıalınmaz tərzdə gerçəkləşir və bir təhdid xarakteri alıb.
– Əsgər Ceyhun Qubadovun ölümündən sonra, mərhumun cəsədinin şəkillərinin sosial şəbəkələrdə yayılmasından sonra əsgər ölümlərinə etiraz dalğasının sırf bu şəbəkələrdən başlayaraq, yanvarın 12-də Bakının mərkəzi küçələrinə qədər daşması, müdafiə nazirinin bir sıra əmrlər imzalayaraq, yüksək rütbəli zabitin rütbəsindən endirilməsi, digərlərinin isə vəzifələrindən azad olunması, hadisənin baş verdiyi hərbi birləşmənin komandirinə isə şiddətli töhmət elan edilməsi ilə nəticələndi.
– Facebookda yol polisi əməkdaşlarının rüşvət alması ilə bağlı yayılan video və bununla əlaqədar araşdırma başlandı, həmin polislər daxili işlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olundu.
– Sumqayıt şəhərində 17 saylı orta məktəbdə müəllimin şagirdləri döyməsi ilə bağlı YouTube-da video yayıldı və müəllim vəzifəsindən azad olundu.
2) Ölkənin bir nöqtəsində baş vermiş hadisənin, şişirdilərək, asanlıqla istiqaməti, məqsəd və məramı dəyişdirilərək bütün ölkəyə yayılması.
– 1 mart 2012-ci il tarixində Qubada baş verən hadisələr sosial şəbəkələr vasitəsi ilə bütün ölkəyə yayıldı. Deyərdim ki, hadisələrin məlum səviyyəyə çatmasında və nəticələnməsində bu faktor böyük yol oynadı.
– Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarların keçirdiyi etiraz aksiyası sosial şəbəkələr vasitəsi ilə bütün ölkəyə yayıldı. Dünyanın hər yerində, demək olar ki, hər gün raslaşılan adi etiraz aksiyası sosial şəbəkələrdə şişirdildi, yenə ayrı məcralara çəkildi, siyasi don geyindirildi.
Sosial şəbəkələrdə ümumi vəziyyət
Facebookun Azərbaycan üzrə ən son statistikası
Ümumiyyətlə ölkədə baş verən hadisələr ən sürətlə sosial şəbəkələrdə yayılır, burada şərh edilir, burada hadisələrə müxtəlif don geyindirilir. Hadisələrə ciddi və qeyri-ciddi münasibət, ironik, tənqid, təhqir, satirik vəziyyətlər sosial şəbəkələrdə daha açıq şəkildə müşahidə olunur. Vahid mərkəzdən idarə olunmayan bu vasitənin hər an, hər saniyə ümumilikdə bir mərkəzə çevrilməsi də qaçınılmaz haldır.
– Sosial şəbəkələrdə gündəm:
Demək olar, elə gün, həftə olmur ki, gündəmsiz bir facebook müşahidə olunmasın. Bu şəbəkələr hadisə içindən hadisəni, xəbər içindən xəbəri məharətlə çıxarmağa qadirdi.
– Sosial şəbəkələrin qəhrəmanları:
Ən çox satirik məzmuna malik informasiyalar və bundan qaynaqlanan qəhrəmanlar, aktiv istifadəçilərin yaradıcı düşüncələri ilə daha da rəngarəng hal alır.
– Sosial şəbəkələrdə ən aktivlər:
Sosial şəbəkələrdə daim aktiv olan profillər var ki, bunlar ölkədə baş verən hər bir hadisənin ən diqqətçəkən tərəfini seçib, satirik üslubda şəbəkələrdə daim yayırlar. www.facebook.com/hebib; www.facebook.com/nadilov; www.facebook.com/Mehman.IRFS; www.youtube.com/munteziri və s. profillər baş verən hadisələrin gizli məqamlarından istifadə edərək, satirik fikirlər yaymaqla məşğuldurlar. Nəzərinizə çatdırım ki, bu profillərin xeyli sayda izləyicisi var.
– Sosial şəbəkənin hədəfində olanlar:
Aktiv istifadəçilər özlərinə hədəf seçdikləri bir şəxsi, qurumu və ya bir hadisəni daim kəskin tənqid atəşinə tuturlar.
– Sosial şəbəkələrin saxtakarları, yalançıları, dilənçiləri, oğruları:
Saxta “profil”lər, “layk” dilənçiləri, ayrı-ayrı profilləri, səhifələri oğurlayıb birləşdirərək, müxtəlif proqramların köməyi ilə izləyici sayını avtomatik, süni şəkildə şişirdərək dırnaqarası reytin toplayanlar da bu aləmin daimi sakinləridir.
Ən əsası bütün bunlar sübut edir ki, Azərbaycanda həqiqətəndə azad internet var. Bu bir mənada bizi sevindirir, digər tərəfdən isə narahat edir. Ölkədə baş vermiş hər bir hadisə sosial şəbəkələr vasitəsi ilə asanlıqla dünya mətbuatına, əsasəndə düşmən mətbuatına sızır, sonra hadisələr müxtəlif məcralara yönləndirilərək qərəzli məqsədlər üçün istifadə olunur.
Və sonda, isti-isti sosial şəbəkələrdə yayılmağa başlayan və bir nəticəsinin olacağına ümid etdiyim aşağıdakı videonu diqqətinizə çatdırıram.
Cahid İsmayıloğlu
Cahid.info