Siyasətdən çox danışmışam, qızğın mübahisələr etmişəm, amma heç vaxt əlimə qələm götürüb bu haqda bir şey yazmamışam. Çünki, bilirəm ki, siyasi yazıların oxunması, yayılması üçün, ya bir neçə dəfə həpsə düşüb çıxmalısan, ya kiməsə risk edib sataşmalısan və bundan böyük bir şou qurmalısan.
Neçə vaxtdır Azərbaycanda iqtidarın “ağzına su alıb oturduğu”, müxalifətin də özü çalıb, özü oynadığı bir səhnəni tək başıma oturub seyr edirəm. Çünki salonda özümdən, bir də yuxulayan bir-iki adamdan başqa heç kimi görmürəm. Səhnədə isə İctimai Palata Teatrının düzüb qoşduğu qızğın bir tamaşa nümayiş etdirilməkdədir. Arxa planda, yəni sosial şəbəkələrdə isə başqa bir canfəşanlıq baş verməkdədir. Hər başdan bir səs çıxır, hərə öz aləmində “bəyanat” yayır. Bu teatrı izləyəndə iqtidarın niyə heç vaxt bu səhnəyə çıxmamasına haq qazandırıram.
Vaxtilə bu səhnədə böyük tamaşaların keçirildiyi mənim xatirimdədir. Düzdür, karifeylərin şəkilləri hələ də səhnənin baş guşəsindədir. Bu şəkilləri bölüşə bilməyənlərin də, başıaşağı, sağ üste, sol üste asılmasını dram əsərinə çevirib, səhnə işığının öz üzərinə düşməsini təmin edənlər də az deyil bu səhnədə. Nəbadə səhnənin saralıb solmuş işığı bu aktyorum üzərinə düşsün, gözlər tutulur, dil topuq vurur, əl-ayağı ilə hara gəldi şütüməyə başlayır. Arxaya boylanıram, hətta səhnənin arxasında işıq otağında da vurhavurdu. İşığı kim tutacaq, kimin üzərinə tutacaq üstündə əriş-alqaç olublar.
Teatr bitir, təmirsiz, kir-pas içində olan səhnə boşalır. Boydan-boya öz şəkilləri və kəlamları ilə bəzədilmiş afişalar, ora-bura şütüyən aktyorlar tərəfindən dırnaqlanaraq parçalanır. Hamı dağılışır, sakitlik çökür.
Sabah yenə yolum bu teatrın qarşısından keçdi. Bina Bakının müxtəlif mənzərələri ilə bəzədilmiş hasar ilə əhatəyə alınmışdı, üzərində də “müvəqqəti narahatlığa görə üzr istəyirik” yazısı ilə, ondan da biraz sağda, əzəmətli bir teatr binasının eskizi və maketinin rəsmi asılmışdı.
Cahid İsmayıloğlu
Cahid.info