Günəş hər gün şərqdən doğulur cahana. Gecənin zülmət qaranlığında mışıl-mışıl yatan ana təbiət onun çıxmasını hər səhər çox həyəcanla, intizarla gözləyir…
Çox çəkmir günəş doğur. Onun zərrin şüaları yavaş-yavaş yayılır hər tərəfə. O şüalardan nur əmdikcə ana təbiət ətə gəlir, qana gəlir, cana gəlir. Hər tərəf işıqlanır yavaş-yavaş…
Ailədə doğulan övlad da belədir. Onun da yolu həmişə çox intizarla, həsrətlə gözlənilir. Nəhayət, aylar, illər ötür, ailədə uşaq doğulur. Ata, ana, qohum-əqrəba sevinci aşıb-daşır, gurlayır yaz çayı tək…Sonra o, tərbiyə olunur, böyüyür, boya-başa çatır, ali təhsil alır. Elmin müxtəlif sahələrinə meyil edir. İstedadlılar, talantlılar elmin müxtəlif sahələri üzrə ciddi araşdırmalar aparır, dözür hər çətinliyə gecə-gündüz. Elmin hələ açılmamış, qaranlıq sahələrinə nüfuz edir. Etdiyi kəşflərlə, yeniliklərlə elinə-obasına, rayonuna, ən nəhayət ölkəsinə xeyir gətirir. Öz valideynlərinə başucalığı bəxş edir. Eldə-oba da tanıdır onları, başlarını uca edir…
Haqqında söhbət açdığım belə ziyalılardan biri də İsmayıl Babaş oğlu Kazımovdur. O, öz qabaqcıl, elita aydınlığı ilə çox tanınan, rayonun ictimai-mədəni həyatında xüsusi yeri olan, Xan Arazın sol sahilində yerləşən, çox qədim tarixə malik olan Cəbrayılın Soltanlı kəndində sadə əmək adamı olan Babaş kişinin ailəsində dünyaya göz açıb. Kənddə öz halal-hümbət zəhmətilə həmişə çörək pulu qazanan, kəndin tanınmış ağsaqqallarından olan Bəbəş kişinin ailəsində dünyaya doğulan uşaqların hamısı: Maya da, İsmayıl da, Minarə də, Səmayə də, Çapar da, Kazım da ailənin «zəhmət küçəsi»ndə yaxşı bişmiş, əməksevər, qayğıkeş Ziba xanımın xüsusi səyi nəticəsində onlarda torpağa məhəbbət, yurda bağlılıq hissi ilk günlərdən tərbiyə edilmişdi. Ailədə həmişə söhbət zamanı Bəbəş kişi elmə, təhsilə yüksək qiymət verib deyərmiş: «Təhsil insanın işığıdır, xoşbəxt gələcəyidir. O da zəhmətlə, əziyyətlə qazanılır. Zəhmətsiz bal yeməzlər. Çalışın təhsiliniz olsun. Gələcək təhsil üstə qurulacaq…»
Atasının bu dəyərli məsləhətləri yaddaşında həkk olunan yeniyetmə İsmayıl həmişə böyük arzularla yaşayır, öz üzərində daim ciddi çalışmağa başlayır. 1972-ci ildə orta məktəbi bitirən kimi o şirin arzuların qanadında Bakıya gəlir. Sənədlərini o vaxtkı V.İ.Lenin adına APİ-nin filologiya fakültəsinə verir. Qəbul imtahanları uğurla başa çatır. Tələbə adını qazanan gənc İsmayıl sevinə-sevinə evlərinə qayıdır…
Bu şad xəbər valideynlərinin də, qohum-əqrabanın da, hətta elmə, təhsilə həmişə yüksək qiymət verən kənd əhalisinin də böyük sevincinə səbəb olur. Bütün kənd əhalisi Bəbəş kişinin ailəsinə gözaydınlığı verir, onları təbrik edirlər. Bəbəş kişi bu münasibətlə böyük süfrə də açır…
Tələbə adını şərəflə qazanan gənc İsmayıl ilk gündən dərslərdə professor-müəllimlərə çox diqqətlə qulaq asır, gecə-gündüz öz üzərində ciddi çalışır. Tarixən ünsiyyət vasitəsi olan dilin yaranması və onun inkişaf mərhələlərinə, dilin qanunları, qanunauyğunluqları, xüsusilə türk dilləri və onların sonradan qruplara bölünməsi, şaxələnməsi məsələləri və s. gənc tələbəni hədsiz dərəcədə maraqlandırır. Hələ tələbəikən elmi cəmiyyətlərdə çıxışı ona dərs deyən müəllimlərinin- prof. Q.Kazımovun, İ.Şıxlının, H.Mirzəyevin, M.Həkimovun, Q.Bağırovun, Ə.Şükürlünün, X.Məmmədovun və başqalarının diqqətini cəlb edir. Professor Həsən Mirzəyev söhbət zamanı öz tələbəsinə demişdi: «İsmayılın çox parlaq gələcəyi olacaq. Bizim dərs dediyimiz auditoriyalarda gələcəkdə o, bizi əvəz edəcək. Mən buna tam əminəm…»
Dərin mütaliə, yuxusuz gecələr, aparılan ciddi araşdırmalar, nəhayət öz müsbət nəticəsini verir. İllər ötüb keçir. İsmayıl 1976-cı ildə institutu müvəffəqiyyətlə bitirib İmişli rayonunun Buludlu kənd orta məktəbinə təyinat alır. Elə ilk gündən işinə uğurla girişir. Məktəbdə Azərbaycan dili və ədəbiyyat kabineti yaradır. Görkəmli yazıçı və şairlərin şəkillərini şagirdlərin köməyilə toplayır. Onları divara vurdurur. Böyük klassiklərin dil, söz barədə fikirlərini, kəlamlarını səliqə ilə yazdırıb sinfə asdırır. Hər bir şair və yazıçıya aid fotoalbomlar hazırlayır. Onların yubileylərini, ildönümlərini qeyd edərək lazım olan əsərlərinin müzakirəsini keçirir, bədii oxu təşkil edir. Məktəbdə ədəbiyyat dərnəyi təşkil edilir, bəzi əsərlərdən səhnələr hazırlatdırır. Yaradıcı şagirdlər bu işlərdə fəal iştirak edirlər. Bir sözlə, o, bu məktəbdə canlanma yaradır, böyük bir dönüşə səbəb olur. Az vaxtda İsmayıl müəllim İmili rayonunda qabaqcıl, təcrübəli bir müəllim kimi tanınır. Rayonda bütün əhalinin dərin hörmət və rəğbətini qazanır.
Nəhayət, hərbi xidmətə çağrılır. İlyarımlıq xidmətini Belarusiyada başa vurduqdan sonra İsmayıl müəllim doğma rayonuna- Cəbrayıla qayıdır. Rayonun Şahvəlli, Veysəlli məktəblərində, 131 nömrəli texniki-peşə məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Elmə hədsiz maraq onu daim rahat buraxmır. Nəhayət, elmi axtarıcılıq həvəsi onu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna çəkib gətirir. Onu müdafiə etdiyi institutun türk dilləri şöbəsinə dəvət edirlər. Hələ 1985-ci ildə o, həmin insitutun türk dilləri şöbəsinin dissertantı olmuş, Akademik Məmmədağa Şirəliyevin rəhbərliyi altında «Oğuz qrupu türk dillərində yarımçıq cümlə sintaksisi» mövzusunda namizədlik işini il yarıma (1987) tamamlayaraq uğurla müdafiə etmişdir. Dərin mütaliə, gecəli-gündüzlü ciddi araşdırmalar, müxtəlif fikir mübadilələri, türkdilli ölkələrə edilən ezamiyyələr onu qətiyyən qorxutmur, əksinə onun türkoloji elmə daha da marağını artırır. Daha ciddi tədqiqatlar aparmağa sövq edir. Yarımçıq cümlə sintaksisini oğuz dilləri- türk, türkmən, qaqauz və Azərbaycan dilləri üzrə müqayisə edir, bu dillərin sintaktik quruluşunda özünü göstərən fərqli və oxşar əlamətləri ilk dəfə öyrənir. Elmi rəhbərinin, oponentlərinin (professor Əlövsət Abdullayev və b.) rəylərində də vurğulanır ki, adi kənd müəllimi İsmayıl Kazımov dissertasiya işini başa çatdırmaq üçün Moskvada, Kişinyovda, Aşqabatda, Bişkekdə və başqa xarici ölkələrin kitabxanalarında çalışmış, sanbalı elmi-tədqiqat işini ortaya qoya bilmişdir. Özü də kənd yerində müəllim işləyə-işləyə…
Xeyli müddətdir ki, Nəsimi adına Dilçilik İnstitutunda çalışır. Elmi işçilikdən baş elmi işçiliyə qədər yüksəldi. Doktorluq dissertasiyası yazmaq ona tapşırıldı. Ona maraqlı bir mövzu- indiyə kimi tədqiqatlardan kənarda qalmış, yasaq və qadağa olunmuş Axısqa türklərinin dilini, etnik mədəniyyətini, tarixini, folklorunu öyrənmək. Tarix boyu çoxlu təqibələrə məruz qalmış Axısqa türklərinin dili, onun keçdiyi inkişaf yolu və s. haqqında monoqrafik tədqiqat onun düşüncə və axtarışlarının məhsulu kimi ortaya çıxdı.
Axısqa türkləri ilə bağlı çoxsaylı və dərin məzmunlu tədqiqatları onu tanıdır. İnternet şəbəkələrindəki bu mövzuda olan saytlarda ona dünyanın əksər ölkələrindən çoxlu məktublar gəlir. Bu mövzu artıq müstəqillik illərində gündəmə gəldiyi üçün İsmayıl müəllimi müxtəlif bölgələrə- Orta Asiyaya, Türkiyəyə, Gürcüstana, Ukraynaya, Qırğızıstana və b. Ölkələrdə təşkil olunmuş konfrans və simpoziumlara dəvət edirlər.
İsmayıl müəllimin bu mövzuda 4 kitabı, 50-dən çox elmi məqaləsi çap edilmişdir: Axısqa türklərinin dili. Bakı, «Elm», 1999, 278 s.; Axısqa toponimləri. Bakı, «Nurlan», 2001, 148 s.; Axısqa türkləri: dil, tarix və folklor. Bakı, «Elm və təhsil», 2012, 492 s.
Nyu-Yorkdakı Dünya Dillərinin Tədqiqi İnstitutunun antropologiya və linqvistika şöbəsinin müdiri, professor Harold R. Battersbi ilə birlikdə yazdıqları «Deportasiya olunmuş türklər: Mesxet türkləri (2003)» adlı kitabça da bu tədqiqatlar sırasındadır.
Qırğızıstanda alimin qeyd olunan tədqiqatları qırğız dilinə tərcümə olunaraq 2009-cu ildə nəşr edilmişdir. İ.Kazımovun tədqiqatları haqqında onlarla ürəkaçan fikirlər var: «İ.Kazımovun tədqiqatı tarixi məlumatı dolayı şəkildə yox, məhz bilavasitə azərbaycanşünaslıqla bağlıdır. Çünki o, Zaqafqaziyanı qədim türk coğrafiyası kimi təhlil edir. Bu təhlil mənim, sənin, ya başqa azərbaycanlının yox, gürcünün, avropalının tədqiqatlarına söykənir. Gürcü öz tarixi coğrafiyasını havayıdan türkün ayğağına yazarmı? Gör fakt nə qədər qaçılmazdır ki, gürcü bu qədim gürcü coğrafiyasında türkün məskunluğunu etiraf edir. Və deməli, İ.Kazımovun tədqiqatı göstərir ki, Azərbaycan da daxil olmaqla qədim Zaqafqaziya tarixi türk kontekstindən kənarda tarix deyil»… (AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin fikirlərindən).
«İ.Kazımovun bu əsəri Axısqa dilinin elmi arenaya çıxarılması, onun fonetik, leksik və qrammatik xüsusiyyətlərinin sistemli tədqiqi baxımından qiymətlidir. Onun belə bir mövzunu seçməsi filoloji axtarışlar və xeyirxahlıq baxımından faydalı olmaqla, böyük ərazilərdə yayılmış türk xalqlarının dilinin, qədim abidələrinin, tarix və mədəniyyətinin keçən əsrin 90-cı illərində və əsrimizin əvvəllərində öyrənilməsi ilə məşğul olan rus misionerlərinin işini xatırladır…» (professor Qəzənfər Kazımovun fikirlərindən).
Akademik Ə.Amanoğlu yazır ki, İsmayıl müəllim geostrateji bir bölgədə yerləşmiş axısqalıların dil və etnik tarixini Gürcüstanın türk dünyası ilə uzunmüddətli münasibətləri çərçivəsində araşdıraraq fədəkarlıq göstərmişdir…
Professor dr. Yunus Zeyrek «Ahıska bölgesi ve Ahıska türkleri» kitabında İ.Kazımovun tədqiqatlarına yüksək dəyər vermiş, «sayın Kazımovun araştırmalarını fevkalade önemli biliyoruz…Dikkat edin, Kazımovun düşüncesine: «İstesek de istemesek de bu halkın tarihine ortağız!…
Professor Erdal Şahin yazır ki, sayın prof. Dr. İsmail Kazimov, önce, Ahıska Türkleriyle ilgili yaptığınız çalışmalar ve Türkoloji geneliyle ilgili yazdığınız yazilar ve özellikle, hazırladığınız Türklerin dili adlı sayfa için sizi kutlar saygilar sunarım…
«Fikrimcə, dilin sintaktik quruluşunu öyrənən dilçi yalnız ciddi və xronoloji müəyyənliklərə əsaslanan qanunlarla deyil, böyük zaman kəsiyini əhatə edən ənənə və dildə baş verən sintaktik hadisələrlə, proseslərlə işləməli olmuşdur. Bizim universitetin müəllimi, professor İ.Kazımov məhz tədqiqatını bu ənənə üzərində kökləyə bilmiş, hər bir sintaktik hadisənin içərisinə girmiş və onları dərindən izləyə bilmişdir» (Pedaqoji elmlər doktoru, professor, Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimovun İsmayıl Kazımovun «Müasir türk dillərinin müqayisəli qrammatikası» (Bakı, 2011) kitabına yazdığı «ön söz»dən).
Onun bu sahədə olan tədqiqatları Sülh və Demokratiya İnstitutu tərəfindən də yüksək qiymətləndirilmişdir. Həmin institutun rəhbəri, tarix elmləri namizədi Arif Yunusov yazır: «Однако гораздо больший интерес вызывают основные разделы книги, посвященные языку турок Ахыска. Хотя в научной литературе об этом были отдельные исследования, но труд Исмаила Казымова является первым по-настоящему научной работой в этой области не только в Азерьайджане, но и вообще в науке. Убежден, что эта книга внесет серьезный вклад в изучение прошлого и настоящего этого небольшого народа и поможет международным организациям и правительствам бывших советских республик, где ныне проживают ахыскинцы, принять верные решения для возращения на историческую родину».
Rusiya Akademiyasının Dilçilik İnstitutundan R.İ.Lavrov yazır ki, «İ. Kazımovun tədqiqatı Axısqa türkləri adlı etnosun varlığını dünyaya tanıtdı…»
Dilçi-türkoloq həm də ədəbiyyatımızın problemləri ilə də məşbuldur. Onun «Ağarəhim Rəhimovun bədii nəsrinin dil və üslub özəlliyi» (Bakı, 2010, 202 səhifə), «Yazıçı, müasir həyat və gerçəkliklər» (Tahir Kazımovun yaradıcılığı əsasında) (Bakı, 2012, 136 səhifə) monoqrafiyaları və çoxsaylı ədəbi məqalələri oxucular və mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır.
Bütün bunlar zəhmətsevər alimin az vaxt ərzində səmərəli işləməsi nəticəsində türkologiya elminin inkişafına verdiyi böyük, əvəzsiz töhfədir. Kim bilir, bu töfhələr gələcəkdə neçə-neçə gənc alimlərin yetişməsində əvəzsiz məxəz olacaqdır. Ağır zəhməti həmişə özünə şərəf işi sayan İsmayıl müəllim yazdığı dəyərli və faydalı əsərləri ilə hələ kifayətlənmir. Həmişə söhbət zamanı o, fərəhlə deyir: «Bu, bizim borcumuzdur, türk dillərini dərindən öyrənməliyik, onun kökü ilə indisi arasında olan körpüdən keçməliyik. Baş vermiş dəyişiklikləri üzə çıxarmaq və bunların səbəblərini- dildaxili və dilxarici amillərini aydınlaşdırmaldıyıq…»
İsmayıl müəllim dəyərli bir elm adamı, gözəl insan, tanınmış bir müəllim olduğu kimi, həm də etibarlı, çox sədaqətli bir dostdur. Çox sadə, səxavətli, olduqca mehribandır. Çox da təvazökardır, lovğalığa nifrət edir, bu da onun böyüklüyüdür. Olduqca istiqanlıdır. Tarixi bir əhvalatı heç unuda bilmirəm: Danışırlar ki, dünya elm korifeyi Nəsrəddin Tusi Hülaki xanın sarayında vəzir işləyərkən bir gün şahın yanına bir elçi gəlir. Hülaki xan onu çox səmimiyyətlə qəbul edir. Onlar xeyli söhbət etdikdən sonra nümayəndə xudafizləşib getməli olur. Nümayəndə görüşə atla gəldiyindən onun atını gətirirlər yanına. Nəsrəddin Tusi ata minmək istəyən qonağa xeyli kömək edib onu yola salır. Kənardan bu hadisəni diqqətlə izləyən bir nəfər dərhal yaxına gəlib soruşur:- Ey böyük insan, tanınmış alim, dünya şöhrətli filosof siz nə üçün gələn nümayəndənin atının cilovunu tutdunuz, hətta onun ata minməsinə də kömək etdiyiniz? O, kim idi?! Böyük alim fikirləşmədən deyir: «O, alim idi. Alimə hörmət hər vaxt lazımdır, çünki o, xalqın işığıdır, ziyalıdır. O, sönməyən mayakdır…
Bəli, əsil alim elm adamıdır, onun zəkasının işığı cəmiyyət üçün hər vaxt lazımdır. Əlbəttə, bu, tanınmış elm adamının, böyük filosofun alimə, onun elminə verdiyi böyük qiymət idi.
Onu da demək yerinə düşər ki, İsmayıl müəllim yenilikçi bir dilçi-alimdir. Türk dilləri ilə əlaqədar müxtəlif ölkələrdə keçirilən konfrans və simpoziumlarda maraqlı, məzmunlu çıxışları türkoloqların da diqqətini çox cəlb etmiş, onlar İsmayıl müəllimlə çoxlu fikir mübadilələri aparmış, dillə bağlı ondan çoxlu yeni-yeni faktlar əldə etmişlər. Türk dillərinin müxtəlif sahələri, problemləri ilə bağlı əldə edilən nəticələr onun, görkəmli alimin apardığı ciddi araşdırmalarının nəticəsidir. Gərgin zəşmətinin bəhrəsidir.
Məncə, alim zəhmətini bal arasının zəhmətilə müqayisə edənlər çox haqlıdır. Bar arısı öz şanını doldurmaq üçün 50-60 km. məsafə uçub şirə axtarır, güldən-gülə, çiçəkdən-çiçəyə qonur. Onu tapan kimi sorub geri «yuva»sına qayıdır. Və dərhal da şanına doldurur. Alim də belədir. Gecə-gündüz dərindən düşünür, ciddi araşdırmalar aparır. Nəhayət, minbir zəhmət hesabına müsbət nəticələr əldə edir. Qazandığı uğurlu nəticədən xalqına, elinə, obasına xeyir verir. Ondan sonrakı nəsil də ondan yaradıcı mstifadə edir. Bax, budur, alim əməyinin elmi təşkili, alim ömrünün dəyəri, mənası…
Fərəhli haldır ki, onun apardığı araşdırmalardan biri də XII yüzilliyin məşhur lüğətçisi, ilk türk dili lüğətini yaradan Mahmud Kaşğarlı ilə bağlıdır. 9222 türk sözü, 289 atalar sözü verilmiş və ilk dəfə türklərin yaşadığı ərazinin də xəritəsi çəkilib əlavə edilmiş və bu kitab hələ də geniş oxucu kütləsinə çox da məlum deyil. O kitabda verilmiş türk sözləçrinin geniş izahı, xususilə atalar sözlərinin yaranma tarixinin geniş və əhatəli şərhi hələ ətraflı izah olunmayıb. Novator alimin geniş tədqiqatı sayəsində bu boşluq doldurulmuş və bu günlərdə oxucu və mütəxəssislərə təqdim ediləcək.
Bir sözlə, İ.Kazımovun türk dilləri sahəsində bir sıra yenilikləri bundan öncə müxtəlif ciddi hücumlara məruz qalaraq müxtəlif ərazilərə səpələnmiş türklərin dili barədəki tədqiqatları çox əhəmiyət daşıyır.
Onun keçdiyi elm yoluna nəzər yetirəndə görmək olur ki, o filologiya elmini elmlər namizədi, dosent, baş elmi işçi, professor kimi mərhələlərindən keçib. Hazırda Dilçilik İnstitutunun baş elmi işçisi, prorfessordur.
Dərs dediyi tələbələrini də ilk növbədə yaradıcı yetişdirir, gələcəkdə onlar alimin aspirantları, dissertantları sırasına daxil olur. Bunların sayı indi 10-a qədərdir. 5 nəfəri fəlsəfə üzrə filologiya doktorlarıdır.
Alimin əməyinə də yüksək qiymət verilir. Belə ki, sanballı monoqrafiyalarına, mətbuatda çap olunmuş elmi-publisistik yazılarına, gəng nəslə- tələbələrə, magistrlərə, doktorantlara vətənpərvərlik ruhu aşıladığına görə Azərbaycan Respublikası «Avropa Nəşr Mətbu Evi» mükafat komissiyasının qərarı ilə həmyerlimiz, filolologiya elmləri doktoru, professor İsmayıl Babaş oğlu Kazımov dilçilik və türkologiya elminin inkişafındakı xidmətlərinə görə ən yaxşı vətənpərvər tədqiqatçı-alim qızıl medalı ilə təltif olunmuşdur. 2012-ci ilin qabaqcıl alimləri sırasında həmyerlimizin adının çəkilməsi bizi də- bütün Cəbrayıl əhalisini ürəkdən sevindirir. Bu yüksək mükafata görə görkəmli alimimizi ürəkdən təbrik edir, ona cansağlığı və daha böyük nailiyyətlər arzulayırıq.
İsmayıl müəllim həm də qayğıkeş bir atadır. Ömür-gün yoldaşı Mətanətlə ailəsində 3 uşaq böyüdüb tərbiyə ediblər. Üçü də ali təhsillidir. Qızları ailə-uşaq sahibidirlər. Hər ikisi- Şəlalə və Şəbnəm müəllimdirlər, təlim-tərbiyə işləri ilə məşğuldurlar. Ailənin sonbeşiyi Cahid isə hələ ailə qurmayıb. Atasının yolunu seçib, aspirantura bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Elmin çətin yollarında iamla addımlamağı qarşısına məqsəd qoyub. Bu məqsədlə o, ciddi araşdırmalar aparır. İT-da məsul işdə çalışsa da, tez-tez televizyada çıxış edərək müasir gəncliyin qarşısında duran mühüm problemlərdən və digər məsələlərdən maraqla söhbət açır.
Onu da demək yerinə düşər ki, dövlətimizin başqa əmək adamlarıyla yanaşı, elm adamlarına göstərdiyi qayğı nəticəsində İsmayıl müəllimin yaxşı şəraiti var. Günü-güzəranı ürəkaçandır. Amma alimi rahat buraxmayan, hər an, hər dəqiqə narahat edən işğal olunmuş rayonumuzdur. Topaqlarımızın yağı tapdağı altında qalmasıdır. Hörmətli həmyerlimizlə söhbət zamanı o, bu məsələni bir daha vurğulayıb dedi:- Bəhram müəllim, inanın, o qədər narahatam ki, gecəm-gündüzüm yoxdur. O doğma yurd yerlərimiz gecələr yuxuma girir. Allah düşmənin bəlasını versin. Pərən-pərən edilərək çöllərə salındıq. İndi fikir-xəyaldan başımız açılmır. Amma ümidlərim gündən-günə göyərir. Yağı düşməni tezliklə məğlub edəcəyik. Yenə o torpaqlara qayıdıb, yenə tikib quracağıq. O torpaqlar heç vaxt-uzun müddət tapdaq altda qalmayıb. Mən buna tam əminəm.
Elmin çətin yollarında daim inamla, fəxrlə, yorulmadan irəliləyib böyük zəfərlər qazanmış, populyarlaşmış elm adamı, filologiya elmləri doktoru, tanınmış professor İsmayıl Kazımovun zəkasının işığı getdikcə gurlandığının şahidi oldum. Bir daha əmin oldum ki, bu zəkanın işığından türk xalqlarının, türk dillərinin açılmamış qatlarına işıq düşəcək, türk dünyasına neçə-neçə böyük töhfələr bəxş olunacaq hələ bundan sonra.
Qoy, zəkanın işığı daha da parlasın, getdikcə gurlansın, ey gözəl insan, etibarlı dost, yorulmaz elm adamı! Sizə cansağlığı, uğurlar arzulayıram, əziz dost! Qoy, şərəfli, zəfərli yolunu gələcəkdə oğlun və iki sevimli nəvən uğurla davam etdirsinlər…
Bəhram Zeynalov
27.12.2012.