Gəlin, Kipri tanıyaq…!

9

Bu dəfə səfərim Şimali Kipr Türk Respublikasınadır (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti).  İkinci səfərimdi, birinci dəfə 2009-cu ildə burada olmuşam.

Bakıdan birbaşa təyyarə olmadığından Bakı-İstanbul, oradan da Ərcan hava limanına yollandıq. Havanın hərarəti 22 dərəcə idi. İş qrafiki həddən artıq sıx idi, zaman da az. Yol boyunca beynimdə ancaq bu qrafiki düzgün planlaşdırmaq var idi.

Şimali  Kipr (Kıbrıs) – dövlət içində dövlət…

Şimali  Kipr (Kıbrıs) sakit, hüzurlu bir ada olmağına baxmayaraq burada zamanında çox mürəkkəb siyasi proseslər baş vermiş, hal-hazırda da bu proses sanki dondurulmuşdur. Bura Türkiyə üçün çox önəmli-strateji bölgədir, o səbəbdən Türkiyə hər zaman Kiprin arxasında böyük qardaş kimi durur. Əlbəttə, maraqlı, bir çox məqamlar da mövcuddur. Məsələn, Şimali Kiprin niyə ayrı bir dövlət olaraq qurulduğu öz-özlüyümdə, mənə hər zaman müəmmalı görünürdü. Madam ki, burada Türklər yaşayır, regional, tarixi yaxınlıq, siyasi prosesləri də nəzərə alsaq, o zaman buranın niyə Türkiyə Cümhuriyyətinin bir vilayəti olmaması məni çox düşündürürdü. Düşünürdüm ki, burada bəzi məqamlar var və azad bir zona yaratmaq, müəyyən məqsədlər üçün istifadə etmək məqsədi güdülür. Elə bu səbəbdəndir ki, Kiprdə Türkiyəni qəbul etməyən insanların da sayı az deyil. Söhbət əsnasında onlar daha çox Rum tərəfə üstünlük verirdilər. Hətta özünü Türk olaraq deyil, “kıbrıslı” olaraq bizə təqdim edənlərdə oldu. Onlar Şimali Kiprdə vəziyyətin yaxşı olmadığını, adi xəstəxana ehtiyacları üçün cənuba üz tutduqlarını deyirdilər. Çox qarışıq bir durum var burada: Bir adada dünya tərəfindən tanınan Kipr Respublikası, Türkiyə tərəfindən tanınan və dəstəklənən ikinci bir dövlət – Şimali Kipr Türk Respublikası, özünü nə rum, nə türk, məhz “kıbrıslı” adlandıran yerli xalq, rumlar, sonradan bura köçən və ya köçürülən Türklər bu adada, həqiqətən də, hansı proseslərin baş verdiyinin ümumi bir mənzərəsini yaradır. Qeyd edim ki, yerli Türklər, eyni zamanda, Kipr Respublikasının (cənub) pasportunu daşıyırlar, hətta, bu pasportdan dünyaya çıxmaq imkanı əldə etdikləri üçün ŞKTC Cümhuriyyət Məclisinin millət vəkillərində də var.

Hər şeyə rağmən bu torpaqlar tarixi Türk torpaqlarıdır, bu adada Türkün varlığı mövcuddur, Türkiyə, eləcə də Türk dünyası bu adada Türkün varlığını hər zaman sürdürməkdə maraqlı olmalıdır.

Səmərəli görüşlər

Səfərimin ilk günü Şimali Kipr Türk Respublikasının Prezidenti Dr. Dərviş Əroğlu ilə görüşmək idi. Görüşümüz düz təyin olunan vaxtda baş tutdu. Əroğlu Azərbaycanı ŞKTC ilə qardaş ölkə adlandırdı. Çox təvazökar bir tərzdə dediklərimi dinlədi, təkliflərimə açıq fikrin ifadə etdi. Əroğluna Kiprin Azərbaycanda tanıdılması, bunun üçün Azərbaycanda bir mərkəzin açılması təklifini verdim. Etiraf etdim ki, Sizlərlə siyasi əlaqələr qurmağımız mümkün olmadığı halda, eyni milli mənsubiyyətimizi, mədəniyyətimizi, dilimizi, dinimizi, ortaq dəyərlərimizi nəzərə alaraq bu sahələrdə əlaqələrimizi qurmalı və möhkəmlətməliyik. O halda bir-birimizə daim dəstək ola bilər və yaxınlaşa bilərik. Bunun üçün heç bir əngəlimiz yoxdur. Bundan sonra ortaq Türk dili sahəsində araşdırmalarımda Kiprə də xüsusi yer ayıracağımı Əroğluna söz verdim. Çünki bu ölkədə danışılan Türk şivəsinin maraqlı və araşdırılası məqamları çoxdur.

Əroğlu Azərbaycanın ŞKTC ilə iqtisadi əlaqələrindən narazılığını dilə gətirdi. Mən turizm sahəsinə azərbaycanlı iş adamlarının sərmayə qoymasının mümkün olacağını və bunun üçün mütləq Azərbaycan ilə Kiprin mədəni əlaqələrinin qurulmasının şərt olduğunu vurğuladım. Prezidentə ölkəsində turizmin inkişafı və ən böyük turizm potensiyalına malik olan Rusiyadan turist cəlb edilməsi üçün hansı işlərin görüldüyünü sual verdiyim zaman, ambarqonun bütün bu sahələrə əngəl olduğundan şikayətləndi.

Sonda elm araşdırmam olaraq nəşr olunmuş kitabımı Əroğluna hədiyyə etdim.

Növbəti görüşüm ŞKTC Cümhuriyyət Məclisi Başqanı Dr. Həsən Bozərlə baş tutdu. İlk andan əlaqələrimizin yoxluğundan şikayətləndi. Bəzi millət vəkillərinin arada bir ölkəyə gəldiyini vurğuladı, amma bundan başqa heç bir sahədə əlaqələrin qurulmadığını, hətta, müraciət etmələrinə baxmayaraq, cavabsız qaldığını, bunun üçün çox təəssüfləndiklərini dilə gətirdi.

Eyni gündə yorğun olmağıma baxmayaraq, KIBATEK (Kıbrıs – Balkanlar – Avrasya Türk Edebiyatları Kurumu) ile Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkil etdiyi “Azərbaycan ədəbiyyatı gecəsi”nə qatıldım və orada çıxış etdim. Tədbiri giriş sözü ilə açan KIBATEK vakfı başqanı İsmayıl Bozkurt ədəbiyyatın xalqların daha da yaxınlaşmasındakı müstəsna rolundan danışdı.

Eyni zamanda gecədə gənc yazar Əhməd Şahidovun “Sevdiyim qadın” romanı da kıbrıslı oxuculara təqdim olundu.

Çıxışımda Azərbaycan ədəbiyyatı haqqında və ortaq ədəbiyyatımızın vəziyyəti haqqında qısa fikirlərimi paylaşdım. Eyni zamanda romanı təqdim olunan yazar Əhmədin ədəbi yaradıcılığı ilə yaxından tanış olduğumu və onun ədəbiyyata yeni nəfəs, yeni üslub gətirdiyini bildirdim.

Azərbaycan – keçmişdən gələcəyə

Səfərimin əsas məqsədi Doğu Ağdəniz Universitetində “Azərbaycan – Şimali Kipr Dostluq Cəmiyyəti”nin təşkil etdiyi “Azərbaycan – keçmişdən gələcəyə” adlı konfransda iştirak idi.

Qeyd edim ki, Kiprdə son illərdə böyük universitetlər açılmış, inkişaf etdirilmişdir. Dünyanın bir çox aparıcı ölkələrindən burada tələbələr təhsil almaqdadır. Hal-hazırda 2000-dən çox da azərbaycanlı tələbə burada təhsil alır. Universitet şəhərciyində gəzintim zamanı qarşıma çıxan azərbaycanlıların sayından bu rəqəmin daha çox ola biləcəyini düşünürəm. Şəhərcikdə ən çox nigeriyalı və azərbaycanlı tələbələr gözə dəyməkdədir. Maraqlı bir fakt da diqqətimi cəlb etdi, azərbaycanlı tələbələrin içərisində ən çox Naxçıvan bölgəsindən olan gənclər üstünlük təşkil edirdi.

Adada universitetlərin böyüməsi və dünyanın bir sıra ölkələrindən çoxsayda tələbələrin buraya cəlb edilməsi çox maraqlı siyasi faktla əlaqələndirilir. Daha çox bölgəni sığortalamaq məqsədi ilə bu proses həyata keçirilmişdi, çünki bir zamanlar buraya rum tərəfin hərbi müdaxiləsi də gündəmdə idi. Düşünürəm ki, hər nə məqsəd üçün olsa da, burada, həqiqətən də, universitetlərin yerləşdirilməsi üçün çox əlverilişli şərait yaradılmışdır, həm iqlimi, sakit və təhlükəsiz cəmiyyəti, hazır infrastrukturu, coğrafi yeri baxımından stratrji bir bölgədir. Bunun adanın iqtisadi durumuna da müsbət təsiri var.

Konfrans Doğu Ağdəniz Universitetində təşkil edildi. Tədbir məkanına təsadüfən Türkiyə Cümhuriyyəti Lefkoşa böyükelçisi Halil İbrahim Akça ilə eyni anda daxil olduq. Bir anlıq prezidentin gəldiyini düşündüm, çünki elə bir görüntü var idi. Çünki böyükelçi burada səlahiyyətli şəxsdir.

Doğu Ağdəniz Universiteti “Prof.Dr.Mehmet Tahiroğlu Salonu”nda təşkil edilən konfransda Türkiyə Cümhuriyyəti Lefkoşa böyükelçisi Halil İbrahim Akça, ŞKTC Təhsil, Gənclər və İdman naziri Mutlu Atasayan çıxış etdilər.

Açılış bölümündə çıxış edən böyükelçi Akça Azərbaycanın müstəqillik qazandıqdan sonra yürütdüyü siyasəti dəstəklədiklərini, Azərbaycanın millət olaraq formalaşmış və inkişaf edən bir ölkə olduğunu qeyd etdi. Akça ŞKTC-nin hər zaman öz bayrağına, torpağına, müstəqilliyinə sahib çıxmasında, Kipr Türkünün xüsusi bir yeri olduğunu dilə gətirdi.

ŞKTC Təhsil, Gənclər və İdman naziri Mutlu Atasayan da Azərbaycan xalqının böyük çətinliklərlə qazandığı müstəqilliyini sonsuza qədər qoruyacağından əminliyini vurğuladı.

DAÜ rektoru Prof. Dr. Abdullah Y. Öztoprak da, ŞKTC, Azərbaycan və Türkiyənin üç dövlət, bir millət olduğunu səsləndirdi.

Millət vəkili Aydın Mirzəzadə isə, ŞKTC-nə səfərindən məmnunluğunu bildirdi, bu tədbiri təşkil edən hər kəsə təşəkkür etdi.

Açılışda DAÜ Azərbaycan Tələbələr Birliyinin başqanı Elçin Süleymanov, KKTC YÖDAK Tələbə Konseyi başqanı Ekrem Soyşen, Azərbaycan – Şimali Kipr Dostluq Cəmiyyətinin başqanı Orxan Həsənoğlu da çıxış etdilər.

Açılış çıxışlarından sonra millət vəkili Aydın Mirzəzadə, Naxçıvan Müəllimlər Üniversitetinin rektoru Prof.Oruc Həsənli, Rusya Smolny Üniversitetinin rektoru və Sanpetersburq Azərbaycan Diaspora başqanı Prof.Heydər İmanov, Brüsel Azərbaycan Mərkəzi başqanı Bülənt Gürcam, Azərbaycan Gənc Yazarlar və Sənətçilər Birliyi başqanı Aydın Əbilov, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Cahid İsmayıloğlu, Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov və azərbaycanlı şair və yazar Həsən Əlieyvazılının iştirakı ilə “Azərbaycan keçmişdən – gələcəyə” paneli baş tutdu.

Paneldəki çıxışımda salonda niyə Azərbaycan bayrağının olmadığını dilə gətirməyim gurultulu alqışlarla qarşılandı. Tədbir təşkilatçılarına və tələbələrə öz etirazımı bildirdim. Bundan sonra “Azərbaycan Diasporasında Türk Birliyinin rolu” mövzusunda çıxış etdim.

Çıxışda Türk Birliyinin Azərbaycan diaspotası üçün böyük önəm daşıdığını vurğuladım. Bu qədər güc potensiyalına sahib olmağımıza baxmayaraq, Azərbaycan diasporası olaraq, təəssüflər olsun ki, bu istiqamətdə səhv yolda olduğumuzu, diqqəti hər zaman Qərbə – Amerikaya yönləndirdiyimizi, Türk Birliyi faktını gözardı etdiyimizi, bu gücün imkanlarından hələ də yararlana bilməməyimizi dilə gətirdim.

Tələbələrin yağdırdığı suallar çox maraqlı idi, dəqiq və qərəzsiz şəkildə cavablandırmağa çalışdım.

 

Cahid İsmayıloğlu
Cahid.info
30.12.12, İstanbul-Bakı təyyarəsi.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

5 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

5
0
Would love your thoughts, please comment.x
()
x