“Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçirilmişdir

 

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda bu elm müəssisəsinin və AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) birgə təşkilatçılığı ilə “Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçirilmişdir.

Konfransda ali və orta məktəblərdə Azərbaycan dilinin daha dərindən öyrənilməsi, ailə, idarə və digər ictimai yerlərdə dilin qorunması məsələləri müzakirə edilmişdir.

Tədbirdə HİEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli Sərəncamının əhəmiyyətindən və bu mühüm sənədin icrasını həyata keçirmək məqsədi ilə yaradılmış AMEA-nın işçi qrupunun fəaliyyətindən danışmışdır.

K.Abdullayev dövlətimizin başçısının Azərbaycan dilinin və dilçiliyinin inkişafı ilə bağlı Sərəncamının əhəmiyyətini vurğulayaraq burada, həmçinin tərcümə fəaliyyətinin, terminologiyanın inkişafına da diqqət yetirildiyini qeyd etmişdir. İşçi qrupu tərəfindən müəyyən işlərin görüldüyü, müxtəlif görüşlərin keçirildiyi, irəli sürülən təkliflərin nəzərə alındığı bildirilmişdir.

Konfransda AMEA Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, professor Fəxrəddin Veysəllinin “Respublikada dil situasiyası və dil siyasəti” mövzusunda məruzəsi dinlənilmişdir.

Məruzədə respublikamızda dil situasiyasını və buna uyğun elmi cəhətdən əsaslandırılmış dil siyasətini düzgün qurmaq üçün müvafiq konsepsiyanın işlənib hazırlanmasının zəruriliyi vurğulanmışdır. Bildirilmişdir ki, həmin konsepsiya həm də Azərbaycan dilinin və ölkəmizdə dilçiliyin inkişafına dair Dövlət Proqramının müddəalarını ehtiva etməlidir. Bunun üçün, ilk növbədə, ölkəmizdə dil situasiyası dərindən təhlil olunmalı, onun real mənzərəsi bütün incəlikləri ilə göz önündə canlandırılmalı və yalnız bundan sonra dil siyasəti ilə bağlı konkret sənəd hazırlanmalıdır.

Tədbirdə “İkidillilik və arqolar”, “Dil situasiyasının tipologiyası”, “Azərbaycan dili qloballaşma şəraitində”, “Mətbuatın ədəbi dilin inkişafında rolu”, “Çağdaş dövrdə Azərbaycan dili” və digər mövzularda, ümumilikdə, 10 məruzə dinlənilərək müzakirə edilmişdir.

Həmçinin mətbuat, televiziya və radioda dil məsələlərinə həsr olunan çıxış və müzakirələrin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılmış, bir sıra təkliflər səsləndirilmişdir.

Konfransın materialları toplu şəklində nəşr ediləcəkdir.

 

Çıxış:

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlunun “Azərbaycan mühitində dil situasiyası” mövzusunda məruzə ilə çıxışında bəzi maraqlı məqamlar səsləndi. C.İsmayıloğlu: “Dilin inkişafı onu istifadə edən xalqın xarakterindən asılıdır. Azərbaycan dili, Azərbaycan xalqının xarakterini, mədəniyyətini, tarixini təsdiq edən ən böyük tarixi faktdir. Bugün Azərbaycan dilinin ən son inkişaf yoluna baxdıqca təəsüflənməmək əldə deyil. Azərbaycan dili qədim və  zəngin tarixə, ənənəyə, rəngarəng dil faktlarına, inkişaf etmiş fonetik, leksik və qrammatik sistemə, çoxcəhətli və əhatəli üslublara malikdir. Gəlin görək bu proses davam etməkdədirmi. Müasir musiqimizin, ədəbiyyatımızın, kinomuzun, elmimizin, mətbuatımızın, təhsil sistemimizin bugün Azərbaycan dilin inkişafına təsiri heçdə ürəkaçan deyil. Söhbət xüsusi olaraq dilin süni şəkildə inkişaf etdirilməsindən getmir. Bu sahələrin hər biri özlüyündə inkişaf etdikləri təqdirdə dil də onlarla bərabər inkişafa məcburdur.

Bununla yanaşı ölkədə bir çox hallarda dildən düzgün istifadə edilmir və ya ümumiyyətlə istifadə edilmir. Rus dilinin təsiri hələ də Azərbaycan dilinin üzərindədir. Hal-hazırda Azərbaycan dilinə konkret təsir edən amilləri sadalasaq, daim diqqət mərkəzində olan tanınmış, vəzifəli şəxslərin bu dildə düzgün danışa bilməməsi, dublaj edilmiş televiziya filmlərinin dilimizi birmənalı şəkildə qətl etməsi, rus dilində təhsilin hələdə mövcud olması, təhsil sisteminin danışmaq, dildən istifadə etmək ənənəsindən uzaq olması, xaricdə təhsil alan gənclərin bir çoxunun dilimizi unutması və bu kimi amillər mövcuddur. Bütün bu hallar dilimizin yontlaşmasına səbəb olur, dilimizi inkişafdan saxlayır”.

  

Məruzə: Dil situasiyasının tipologiyası (Azərbaycan mühitində)

1. Dil çoxfunksiyalı bir mütləq vasitədir. Fəal əqli, zehni prosesdə cəmiyyət aktivliyinin dominant və ayrılmaz amili kimi məhz dil çıxış edir. Dil fikri əsaslandırmaq, yəni digərlərini inandırmaq vasitəsi kimi də fəaliyyət göstəricisidir. Onun əsas funksiyalarından biri də müəyyən məqsədə çatmaq üçün əqlin, fikrin inkişafını müəyyənləşdirməkdir.

2. Dil situasiyası – həyatın, varlığın formasıdır, cəmidir, burada ərazi-sosial münasibətlər və funksional əlaqələr, coğrafi-regional yaxud siyasi-administrativ əlamətlər əsas yer tutur. Bu baxımdan dil situasiyası sosiolinqvistikanın predmetidir. Sosial-kommunikativ sistemin komponetləri arasındakı funksional münasibətlər dil situasiyasını formalaşdırır. Dil situasiyası anlayışı adətən böyük dil cəmiyyətlərində- ölkə, region və respublikalarda dəyişkən xarakter daşıyır.

3. Komminikativlik dil situasiyasının əsas xüsusiyyəti kimi çıxış edir. Dil situasiyasının 2 əsas forması kommunikasiya prosesində özünü göstərir: 1) potensial forma, 2) real forma.

4.Dil situasiyasının təsviri nitq situasiyasına doğrudur. Yəni istiqamət dil situasiyasından nitq situasiyasına yönəlir, bu prosesdə sözün fikri əlaqəsi formalaşır. Həmin prosesdə formalaşan əqli, zehni obraz sözlə təmasda olur, obrazdan sözə, sözdən obraza doğru istiqamətlər yaranır. Sözdə oyanan əqli obraz predmetdə əksini tapır.

5.Dil situasiyası bir sıra sosial problemlərlə üzləşir. Məsələn, qlobalaşma kimi bir hadisə dilə öz təsirini göstərir. Bu proses hər hansı bir ölkədə iki aspektdə gedir. Qərbiin hegemonluğu nəticəsində ingilis dilindən müasir Azərbaycan dilinə keçən sözlərin şəbəkəsi genişlənir. Azərbaycan dilinin lüğət tərkibində həyat sferasına uyğun dəyişmə baş verir. Və yaxud latınlaşma prosesi, latın əlifbasına keçid bir çox aparıcı türk dilləri ilə müqayisədə müasir tatar dilində ləngiyir.

6.Dil situasiyası çoxaspektli və çoxəhatəli tipoloji əlamətlərə malikdir. Dil situasiyasiyanın tipoloji əlamətləri bunlardır: dil müxtəlifliyi (birkomponetlilik, çoxkomponentlilik), etnik müxtəliflik (eynitipli dillər), demoqrafik tarazlıq, kommunikativ güc (eynitarazlıq), kommunikativ sferanın faizi; genetik müxtəliflik (genetik yaxınlığın dərəcələri), tipoloji müxtəliflik, funksional bölgü və prestij.

7.Dil situasiyası linqvistik və sosiolinqvistik kriteriyalara ayrılır. Linqvistik kriteriyalar aşağıdakılar hesab olunur: dillərin genetik yaxınlığı; ümumdanışıq formaları (koyne və dialektlər); nitqin qarışıq formaları. Sosiolinqvistik kritieriyalar isə bunlardır: ənənəvi status, rəsmi status və s.

8.Dil situasiyası anlayışı sosiolinqvistik xarakter daşıyır. Bununla belə, dil situasiyası tipoloji xarakterlidir, umumi və unikal səciyyəlidir. Bu xüsusiyyətlər daxilində həmin situasiyada əsas və əlavə dillərin bir-birinə təsiri qaçılmazdır.

9.Dil situasiyası- bu linqvocoğrafi vahiddir, sosiumla əlaqəsi olan və sərhəd təşkil edən, dillərin bir-birinə təsiri ilə xarakterizə olunan funksional münasibətlərin toplusudur.

10.Dil situasiyası üçün əsas komponentlərdən biri coğrafi təyinatdır. Dil situasiyası həmişə ərazi faktoru ilə əlaqədardır; ərazi üzrə təyin olunur. Bir sıra dil situasiyaları böyük çoxdilli dövlətlərdə (Hindistanda, Çində, Rusiyada) yarımsituasiyalarla xarakterizə olunur.

11. Dil situasiyaları dillərin kontinuum səviyyələrinə görə də müəyyənləşir. Azərbaycan cəmiyyətin ictimai-sosial həyatı müstəqillik illərində dəyişmiş, dil situasiyasında da müəyyən yeniliklər yaranmışdır.

12.Dil situasiyası sosiolinqvistik paradiqmalarla da səciyyələnir. Bu, bir paradiqmanın başqa paradiqma ilə əvəzlənməsindən irəli gəlir.

13. Azərbaycanda dil situasiyasının tarixi mərhələləri hələ də öyrənilməmişdir. Müasir Azərbaycanda da dil situasiyası mürəkkəb və eynicislidir. Ölkədə 2 dilin – rus və Azərbaycan dillərinin münasibəti hələ də əvvəlki dövrlərdən fərqlənmir. Bir qədər rus dilinin işləkliyi azalsa da, yenə də dövlət idarələrində rus təhsillilər fəaliyyət göstərir. Hazırda Azərbaycan mühitində dil situasiyası kimi ingilis və türkcə iştirak edir. Sanki bəzən dilimizin ingilis dilinin «yedəyində gedir». Fərdi ikidillilik Azərbaycanda əvvəlki dövrlərdə olduğu kimi kütləvi xarakter daşımır. Dil situasiyasının aspektləri də ölkədə dəyişdirilmişdir.

14. Sovet dövründə ana dilini (Azərbaycan dilini) kasıb sayanlar rus dilində öz övladlarını təhsil almağa vadar edir, belə məqamda həmin uşaqlar milli keyfiyyətlərdən uzaq düşürdülər, məhrum olurdular. Bu fakt bir sıra ölkələrdə dövlət səviyyəsində həyata keçirilirdi. Məsələn, SSRİ dağılandan sonra 1994-cü ildə Belorusiya prezidenti A.Q. Lukaşenko tərəfindən belə bir ifadə səslənmişdir: «По-белорусски нельзя выразить ничего великого Белорусский язык-бедный язык. На свете есть только два великих языка-русский и английский».

15.Ölkəmizdə dil situasiyasını obyektiv və subyektiv faktorlar da müəyyənləşdirir. Həmin faktorlar bunlardır: linqvistik faktorlar (genetik yaxınlıq: Azərbaycan-türk dilləri arasında genetik yaxınlıq çox olduğu üçün həmin dilllərin daşıyıcıları bir-birini daha yaxşı başa düşürlər); dialekt kontinuumu (xüsusi linqvistik izoqlosslar); sosiolinqvistik faktorlar (ənənəyə görə tarixən bir dil, məsələn, türk tayfa dili olub, sonradan dillər müstəqilləşərək ayrılmağa başlayıblar. Bu zaman etnik şüur da fərqlənib. Ənənəvi dialektlər əmələ gəlib və s.); ekstralinqvistik faktorlar (mədəniyyət yaxınlığı, milli-mədəni dəyərlər, simvolik mənalar, çoxəsrlik yazılı ənənələr, ədədi dil normaları və s.).

Subyektiv faktorlara daxildir: dövlətin paradoksal dil siyasəti; bir vaxtlar rus dilinin dövlət dili səviyyəsində işləkliyi; Azərbaycanın müstəqilliyi, inkişafın mümkün variantları və s.

16. «Azərbaycan mühitində dil situasiyasının tipologiyası» ayrıca tədqiqatın mövzusudur.

 

Ədəbiyyat

1.Виноградов В.Я. Языковая ситуация\\Лингвистический энциклопедический словарь. М.: 1990.

2.Беликов В.И., Крысин Л.П. Социолингвистика. М.: 2001.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

0
Would love your thoughts, please comment.x
()
x