Cəbrayıl mənim doğulduğum torpaqdır. Bu torpaq mənim də düşüncələrimə təsir göstərir, fikirlərimi bölüşdürməyi təlqin edir. Cəbrayıldan kiçik yaşlarımda çıxsam da, o yerlər haqqında düşüncələrimi hörmətli el-oba adamları ilə bölüşmək istəyindəyəm. Hələ uşaqikən evimizdə bu bölgə haqqında, onun adamları barədə çox eşitmiş, çox oxumuşdum. Bu inzibati rayon 1930-cu ildə təşkil olunmuşdur. Sahəsi 1050 km2, əhalisi 50 mindən çox. Rayonun 77 kəndi və qəsəbəsi hazırda işğal altındadır.
Təsəvvürümdə Cəbrayıl Azərbaycanın ən füsunkar, ən gözəl, «Soçini xatırladan» (deyilənə görə) iqlimə malik, saf və təmiz adamları ilə, görkəmli, tanınmış şəxsiyyətləri, alimləri ilə canlanır. Deyirlər, bu adamların təmiz əqidəsi onların torpağa bağlılığı, elmə, maarifə, təhsilə canatım ehtirası ilə bağlıdır.
Cəbrayıl rayonu respublikamızın mühüm coğrafi koordinatlarına, təbii sərvətlərinə, zəngin və çoxəsrlik tarixinə, əhalisinin işgüzarlığına, qonaqpərvərliyinə və s. görə tanınmış gözəl güşələrindən biridir. Tarixən Cəbrayıl mühitində tərbiyə, təhsil aparıcı faktorlardan biri olmuşdur. Bu mühitdə, şəraitdə formalaşmış, tanınmış ziyalılar sonradan qabaqcıl Şərt və Avropa ölkələrində elmə yiyələnmiş, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm mövqe tutmuş və Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna rol oynamışlar.
Tanrı Cəbrayıl torpağından heç nəyi əsirgəməmişdir. Tarixi memarlıq abidələri: Xudafərin körpüləri, rayonun mərkəzində Sultan Allahverdi hamamı, Xubayaprlı və Şıxlar kəndində dairəvi türbələr (XVI əsr).
Cəbrayıl ilk aşıqlar diyarı olmuş, Aşıq Qurbani gözəl Diri dağının, müqəddəs Mazan nənə ocağının, Xudafərin körpülərinin, Qız qalasının (Keşikçi qalası da deyirlər) həndəvərində öz gözəl qoşmalarını, gərəylılarını, təcnislərini və s. yaratmışdır. Onun ardınca Aşıq Lələ, Aşıq Mahmud, Aşıq Pəri, Mücrüm Kərim, Aşıq Humay, Aşıq Abdulla və başqaları bu torpağı özünəməxsus poeziyaları ilə vəsf və tərənnüm etmişlər.
Cəbrayıl torpağı görkəmli dövlət rəhbərləri yetişdirmişdir ki, onların adları bu gün iftixarla çəkilir: Həsən Həsənov – respublikada ən yüksək rəhbər vəzifələrdən birini – MK-nın idieoloji katibi vəzifəsini icra etmiş; Teymur Quliyev- uzun ilər Azərbaycan SSR Nazirlər Sovetinin sədr vəzifəsində çalışmış; Mehdi Mehdizadə – keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki, o həm də uzun illər Azərbaycan Maarif Naziri vəzifəsində çalışmış; Əşrəf Hüseynov – AMEA-nın akademiki, vitse-prezident vəzifəsində işləmiş; Əli Həsənov – hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dövlət Qaçqınlar Komtəsinin sədri və onlarla insanların adını çəkmək olar.
Cəbrayıl elm və mədəniyyətin hər sahəsi üzrə böyük alimlər yetişdirmişdir: AMEA-nın müxbir üzvləri, professorlar: Tofiq Hacıyev, Arif Həsənov, Astan Şahverdiyev, Qəzənfər Kazımov, Novruz Quliyev, Kamil Vəli Nərimanoğlu, Telman Hüseynov, Allahverdi Verdizadə və b.
Cəbrayılın şair və yazıçıları hər yerdə tanınır və sayılır. Sərdar Əsəd, Sabir Əhmədli, Sabir Süleymanov, Fazil Güney, Vaqif Bayat, Əlirza Xələfli, İsmayıl İmanzadə, Sahib Abdullayev və b.
Cəbrayıl torpaqlarımızın müdafiəsində çox şəhidlər vermiş, onların bir çoxu «Azərbaycanın Milli Qəhrəmanı» yüksək fəxri adına layiq görülmüşlər: Şikar Aslanov, Kazım Məmmədov, Mətləb Quliyev və başqaları. Allah onlara rəhmət eləsin.
Cəbrayıl qədim diyardır. Bu diyar haqqında tarixi qaynaqlarda da müəyyən faktlara rast gəlmək olur. Maraqlıdır ki, əsas türk tayfalarının keçid nöqtələrindən biri də Cəbrayıl olub. Çünki bir çox qədim türk tayfaları Cəbrayılın da kənd, arx və s. adlarına transformasiya olunub – çevrilib. Qır tayfası (Qıraxdın rayonun əvvəlki adı), tolos tayfası (Tulus kəndi), Qaz\qas (Qazanzəmi kəndi), Bəydilli (yer, arx adı) və s.
On yeddi il əvvəl. Əlbəttə, bu illər iki ictimai quruluşun qarşı-qarıya gəldiyi, kəsişdiyi nöqtədir. Nöqtənin biri sovet dönəminin, o biri isə müstəqillik uğrunda apardığımız, çarpışdığımız dövrün payına düşür.
Tariximizin yaxın keçmişi. 17 il əvvəl əsl həqiqətlər cəbrayıllılardan da gizlədilmiş, bir çox halda məkrli siyasi niyyətlər üst-basdır edilmişdir.
Bir həqiqət var ki, əsrin əvvəllərində itirdiyimiz milli dövlətçiliyin bərpasına əsrin sonunda cəbrayıllılar da nail olur, onlar da bu səbəbdən onu yaşamağa borcludurlar.
Cəbrayıllıların da keçdiyi tarixi yol heç də hamar olmamışdır. 90-cı illərdə cəbrayıllıların başına açılan siyasi oyunlar, insan qırğını, sərvətlərin talan olunması, əhalənin dilənçi kökünə salınması böyük narahatlıq doğurur.
İlk günlər cəbrayıllılar da cəmiyyətdə baş verən sosial-siyasi prosesləri çətin dərk edir və bunlardan düzgün məntiqi nəticələr çıxara bilmir, cəmiyyətdə, kəndlər arasında yaranan qütbləşməni və qarşıdurmanı aradan qaldırmaqda əzmkarlıq göstərə bilmirdilər.
On yeddi il əvəl cəbrayıllılar da totalitar rejim şəraitində yaşayırdılar. Xalqın ixtiyarı özündə deyildi, özünü dərk edə bilmirdi. Onların milli ruhunu oyatmağa müəyyən cəhdlər olsa da, heç bir nəticə görünmürdü. Cəbrayıllılar da müəyyən problemlərlə üzləşirdilər. Ən vacibi o idi ki, artıq kimliyindən asılı olmayaraq hamı zorla ləğv edilmiş adət-ənənələrini dirçəltməyə başlayırdılar.
Dinin və milli dəyərlərin qorunub saxlanmasında din xadimləri mühüm rol oynayırdılar. Heç də əbəs deyildir ki, bir müddət sovet dövrünün din xadimləri təqib və repressiyalara məruz qaldılar. Hələ 1937-ci ildə Cəbrayılın 40 evlik Çələbilər kəndinin mömin insanları əsassız və sübutsuz dərbədər edildi. Qadın, kişi, uşaqlar həbs edildi və ya Sibirə sürgün edildi. Xalqın güvənc yeri olan ziyarətgahlara baş çəkmək qadağan edildi. Milli və əxlaqi dəyərlərə keçilməz sədlər çəkildi.
Cəbrayıllılar da «durğunluq dövrü» nü, «keçid dövrü»nü, «yenidənqurma dövrü»nünün mərhələlərini yaşadılar. Sən demə bu anlayış terminlər başaldadıcı bir şey imiş. İndi köhnələrək cəbrayıllıların da leksikonundan çıxıb yox oldu.
Tarixçi alim Əli Məmmədov yazırdı ki, 80-ci illərin ortalarından başlayaraq həyat və insanların şüuru ağlasığmaz bir sürətlə təlatümlərə uğrayırdı. Hələ bir neçə il əvvəl yenidənqurmanın, aşkarlığın bütün əzəmət və vüsətinə baxmayaraq, o, bir çox hallarda bəzəkli sözlərin, dumanlı vədlərin arxasında qalaraq, tarixə çevirildi… (Məmmədov Əli. Müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi uğrunda mübarizə. Bakı, 1999, s.33).
Cəbrayıl kəndlərinin də acınacaqlı sosial-iqtisadi durumu əksəriyyəti kənddən çıxmış yaradıcı ziyalılarımızı (A.Həsənov, T.Hacıyev və b.) hər zaman narahat edirdi. Mövcud problemlər əvvəlki illərdə də var idi. 80-90-cı illərin siyasi qaynar çarpışmalar dövründə də. Lakin dəyişən münasibətlər idi. Xalqın taleyi qaranlıq görünürdü…
Hələ 17 il əvvəl xalqın taleyi ilə xalq yazıçısı S.Əhmədli ciddi maraqlanırdı. Çoxsaylı romanlarında cəbrayıllıların çəkdiyi əziyyətləri (başqa rayonlardan təyin olunmuş rayon rəhbərlərinin özbaşınalığının nəticəsi olaraq) bədii şəkildə əks etdirirdi. Cəbrayıllılar öz hörmətli yazıçısının cəsarətini, hələ qadağa və yasaq illərində öz sözünü deyən yazıçını yaxşı dərk edirdillər.Ümumiyyətlə, milli şüurun formalaşması və güclənməsində bu yazıçının çox böyük rolu olmuşdur.
17 il əvvəl bir tərəfdən Cəbrayıl iqtisadiyatına sərbəstlik verilir, o biri tərəfdən isə iqtisadi amirlik sisemi öz nəzarətini saxlayırdı. Bu sistem iqtisadiyyatı ləngidirdi. Bu xüsusda cəbrayıllıların da sosial durumu ağırlaşır, müəyyən sosial tələblər ödənilmir, bu isə totalitar inzibati amirlik sisteminə inamı azaldırdı.
Kremlin əli ilə süni surətdə qızışdırılan «Qarabağ» problemi isə Cəbrayılda da müstəqillik istəyinə sipər çəkməklə bərabər, ona can atmaq meyilini zəiflədirdi, milli mənlik şüurunun artmasına şərait yaradırdı.
Cəbrayılda da ümumi xaos yaranırdı. Kəndlər, dağılmaqda olan kalxozları bir neçə yerə böllmək istəyirdilər, vəzifə düşgünləri meydana çıxırdı. Səriştəsiz, təcrübəsiz insanlar kresloda əyləşdirilirdi. Qəribə təzadlar, paradokslar özünü göstərirdi. Kənd və kolxoz rəhbərləri xalqın istək və arzusuna uyğun deyil, yuxarıların «tapşırığı ilə» seçilirdi.
17 il əvvəl (80-ci illərin sonları) Cəbrayılın da iqtisadi-siyasi durumu mürəkkəb idi. İranla sərhədlər (tikanlı məftillər) qırılır, cəbrayıllılar da öz doğma qohumlarını Arazın o tayında axtarırdılar. Yaranmış tarixi şərait cəbrayıllıları da həm sevindirirdi, həm çaşqın vəziyyətə salırdı.
On yeddi il əvvəl (əsasən 1980-ci illəri nəzərdə tuturam-Cİ) ümumən həyat sakit, güzəran normal bir şəraitdə keçirdi. Cəbrayılın da əhaləsi əsasən kənd yerlərində təsərüfatın müxtəlif sahələri ilə- baramaçılıqla, üzümçülüklə, maldarlıqla, bostançılıqla, meyvəçiliklə və s. ilə məşğul idilər. İpəkçilik qısa müddət ərzində kənd camaatına xeyli gəlir gətirirdi. İndi üzümün nə qədər faydalı olduğunu dərk edə-edə düşünürəm ki, o zaman kiçik bir rayonda üzümçülük ən yüksək səviyyəyə gəlib çıxmışdı. Gecə-gündüz maşınlarla, lafetlərlə Cəbrayılın şərab zavodlarına üzüm daşınardı. Evlərdə süfrələrin bəzəyi olan hər türlü üzüm olardı. Yadımdadır, 80-ci illərin sonlarına yaxın bu üzüm plantasiyalarına bir «divan» tutuldu. M.Qarboçovun əmri ilə üzüm ağaclarını dibindən kəsdilər. Arabalarla üzüm ağacları qışda yandırmaq üçün evlərə daşınardı. Çox heyf! Torpaq işğal olunmasaydı, indi o üzüm sərvəti qalsa idi, Cəbrayıl, o cümlədən Azərbaycanın iri üzümçülük təsərrüfatları ən zəngin təsərrüfatlardan olardı.
İndi, fikir verin, Şamaxı, Salyan üzümçülüyü əvvəlki şöhrətini qaytarmaq əzmindədir. Yenidən bu təsərrüfatlar dirçəldilir.
On yeddi il əvvəl Soltanlı kəndində böyük ərasizi olan meyvə bağı var idi. Hər cür meyvəsi olardı. Uşaqlar gecələr bu bağa oğurluğa gedərdilər. Bir gecənin içində bu meyvə ağacları dibindən kəsildi və torpaq şumlandı. Kim idi bu əmri verən, bilən olmadı.
Bunların ardınca kiçik bir ərazinin kəndlərində qalmaqal salındı. Keçmiş arxivlərdə yatan xəritələr yada salındı. Guya bu torpaq filan kəndə, o birisi isə o biri kəndə məxsusdur. Torpaq uğrunda gecə-gündüş evlərdə iclaslar getdi. Ən nəhayət Soltanlı və Keçəlməmmədli kəndləri ayrıldı. Sonra məlum oldu ki, hətta kiçik münaqişələrin də törədilməsindən əsas məqsəd SSRİ-nin dağıdılması planı olub. Demək, bu kiçik münaqişələr SSRİ-nin dağılmasına kiçik zəmin yaradırdı. Heç kim heç nə dərk edə bilmirdi. Adam fikirləşir ki, bir kəndi, iki yerə parçalamaq nəyə və kimə lazımdı. Bir ağsaqqal çıxıb deyə bilmədi ki, a kişilər, dinməzcə yerinizdə oturun. Hətta Bakı şəhərində rayonun adlı-sanlı adamları bir «konfrans» da keçirdilər.Erməni isə arxadan öz işini görürdü…
Deyəsən, hazırlıq gedirdi. Kəndlərdə ovçulardan ov tüfənglərini yığırdılar ki, əlimiz boş olsun, eşitdiyimə görə qonşu erməniləri də «Kalaşnikolv» avtomatı ilə silahlandırırdılar. Qəribə təzad, paradoks idi.
Milli şüurumuz, dərketmə şüurum heç deyəsən yox idi. Ölkədə gedən «sakit prosesləri» nədənsə dərk edə bilmirdik.
17 ildən sonra milli mənlik şüurumuz tədricən oyanmağa başladı. Bu şüuru bizdə müxtəlif ictimai- siyasi hadisələr, siyasi oyunlar oyatdı. Sonradan oxudum ki, «milli şüur-milli dərketmədir». Bu, deyəsən, Atatürkün möhtəşəm bir fikri idi.
17 ildən sonra Cəbrayıl könüllüləri, əsgərləri, polisləri Hadrutun 14 kəndini düşməndən azad etdilər. «Şayaq» postunda güclü döyüşlər getdi, düşmən ağır itki verərək geri çəkildilər. O zaman Hadrutun adını dəyişib «Xətai» qoydular. Qafandan gələn azərbaycanlıları da orada yerləşdirdilər. Kaş həmin adamlar orada qərar tuta biləydilər.
1993-cü il avqustun 18-də Ermənistanın hərbi birləşmələri muzdlu rus əsgərlərindən ibarət zirehli texnika heyətinin iştirakı ilə Cəbrayılın xeyli hissəsini işğal etdilər. Rayonda şiddətli döyüşlər getdi. Ermənistan ordusu ağır döyüşdən sonra avqustun 20-25-i arasında Cəhrayıl şəhərini, sentyabrın 2-də rayonun cənubunda Kavdar və Fuğanlı kəndlərini işğal etdilər. H.Əliyev avqustun 23-də xalqa müraciətində bildirdi ki, Cəbrayıl rayonunda yaranan vəziyyət birinci növbədə daxildəki təxribatın nəticəsidir. Beləliklə, Cəbrayıl ölkə daxilindəki siyasi qüvvələr arasındakı yersiz çəkişmənin qurbanı oldu.
Cəbrayıllılar qaçqın yox, məcburi köçkün adlanırlar. Əslinə qalanda məcburi şəkildə köçürülüblər. Onların böyük hissəsi kompakt şəklində hökumətimiz tərəfindən Biləsuvardakı 11 qəsəbədə məskunlaşdırılmışdır. Qəsəbədə 19 minə yaxın əhali yaşayır.Vəziyyətləri normaldır, yaxşıdır.
Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı Mahmud Quliyevin yarımillik hesabatında deyildiyi kimi, «regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində sakinlərimiz tərəfindən qəsəbələrdə xeyli sayda müxtəlif təyinatlı fərdi xidmət obyektləri tikilmişdir. Proqramın icrasına başlanandan bəri rayon üzrə cəmi 1088 nəfər, o cümlədən 2010-cu ilin 6 ayında 38 nəfər daimi işlə təmin olunmuş, hər bir köçkün ailəsinə verilmiş həyətyanı və pay torpaqlarında 5 mindən çox əmək qabiliyyətli əhalimiz mövsümi kənd təsərrüfatı işlərinə, qəsəbələrin yaxınlığında fəaliyyət göstərən «Azərsun» Şirkətinə məxsus müəssisədə isə hər gün 1200-dən çox sakinimiz müvəqqəti işlərə cəlb olunmuşdur» («Xudafərin» qəzeti, 25 avqust 2010-cu il, s. 2).
Başçının hesabatından da anlaşılır ki, sosial proqramlar da bu qəsəbədə uğurla həyata keçirilir. Yaxşı göstəricilərdir. Cəbrayılın məcburi köçkünləri də ölkə tərəfindən lazım olan sosial dəstəyi alır, amma hamısı yox, bununla belə, müəyyən narazılıqlar da var.
Cəbrayıl barədə düşünərkən bu kiçik diyarın elitasına toxunmaq yerinə düşər. Elita bu ərazidə nə zaman təşəkkül tapıb demək çətindir. Bu elita çoxsaylı və sanballı alim ordusundan ibarət olub peşəkarlığının keyfiyyətinə görə seçilir. Ölkənin sosiomədəni həyatında sovet dövründə onların xidmətləri danılmazdır. İndi həmin elita azalıb, amma yenə sanbalını saxlayıb. İndiki vaxtda ölkənin irəliyə doğru gedən inkişafını onlar necə təmin edir? Müasirləşmə dövründə onları hansı ideya və dəyərlər birləşdirməlidir? Belə başa düşmək olar ki, Cəbrayıl elitası da keyfiyyətcə dövlətin inkişafını və ölkənin demokratikləşməsində öz tövhəsini verə bilər və bu istiqamət nəzərə alınmalıdır. Bu tezisi Cəbrayılın alimləri, ictimaiyyəti üçün demokratiyanın dərk olunmasında, demək olar ki, irəliyə doğru sıçrayış saymaq olar.
Bir mühüm məsələnin də üzərində dayanmaq istəyirəm. Problemli bir cəmiyyətdə ələ baxmaq vərdişi formalaşıb. Müəllim tələbənin, müəllim şagirdin, müəllim valideynin, həkim xəstənin, vəzifəli şəxs işçisinin və s. əlinə baxır. Bu vərdişi aradan qaldırmaq vaxtı çoxdan çatıb. Gənc olduğum üçün deyirəm, indi gənclərin əksəriyyəti bu vərdişə nifrət edir və qanununla işi görürlər. Gənclər intellektual bir səviyyədə vəzifələrə hazırlanmalıdır. İndiki gənclər, mən deyərdim ki, sözün əsil mənasında ələ baxmaq vərdişindən və radikal əhval-ruhiyyədən imtina etməlidirlər və edirlər də. İctimai və milli mənafelər üstün tutulmalıdır.
Prezident İlham Əliyevin uğurlu fəaliyyəti Cəbrayıl camaatını da razı salıb. Bu uğurlu fəaliyyət sahəsində ölkəmizin beynəlxalq nüfuzu getdikcə yüksəlir. Bu sırada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prioritet məsələ kimi gündəmdə dayanır.
Dövlət başçısının fikrincə, «beynəlxalq etiraz bizə lazımdır. Məqsəd həm danışıqlar prosesində, həm də ki, danışıqların kənarında məsələnin həlli üçün yolların axtarılmasıdır. Xalqın da dəstəklədiyi bu mövqe Azərbaycanın ərazi bütövlüyünə və Ermənistanın işğal altında saxladığı ərazilərin azad olunmasına yönəldilib. Ermənistana isə düşünmək qalır».
Cəbrayıllılar da yaxşı başa düşür ki, onların maddi-məişət problemlərinin həlli dövlət başçısının sosial siyasətinin başlıca xəttini təşkil edir. Yoxsulluğun azaldılmasına xidmət edən məşğulluq tədbirlərinin vüsət alması bir daha sübut edir ki, Prezident İlham Əliyev üçün xalqın mənafeyi ilkin prioritetdir. Xalqın başçısı tərəfindən verilən bu yüksək qiymət hər bir cəbrayıllının yaşayış və fəaliyyət çevrəsinin yaxşılaşmasına xidmət edir.
Beləliklə, cəbrayıllıların istəyi tezliklə öz doğma yurd-yuvlarına qayıtmaq, ölkədə gedən kardinal dəyişiklikləri o torpaqlarda da görmək, yeni gələn nəslin demokratik düşüncə tərzinin inkişafını stimullaşdırmaqdır.
Bu gün gənclər dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmləndirilməsində, ərazi bütövlüyümüzün bərpasında, Azərbaycanımızın iqtisadi potensialının gücləndirilməsində öz gücündən bacarıqla istifadə etməlidir.
Cahid İsmayıloğlu
filologiya üzrə fəlsəfə doktoru
www.cahidismayiloglu.com
23.08.2010