Cahid İsmayıloğlu: “Necə olur ki, sayta 100 adam daxil olur, amma bir xəbər 500 dəfə oxunur?”
Adətən hər hansı saytın istifadəçilərinin statistikası da verilir. Bu, virtual aləmdəki biznes rəqabətinin ən əsas tərkib hissələrindən biridir. Bunun da kökü dayanır saytların izləyicilərinin və ya saytlarda ən çox baxılan xəbərlərin üzərində. Təsadüfi deyil ki, ötən il “Nielsen” şirkəti dünyada ən çox baxılan saytların monitorinqini aparmışdı. Beləcə, dünyada ən çox baxılan 10 internet saytının adı məlum olmuşdu. Birinci yerin “Google” saytı şəriksiz lider olmuşdu. Hesabatda qeyd olunmuşdu ki, “Google” saytına 2011-ci ildə hər ay dünya üzrə orta hesabla 153 mln. nəfər baxıb ki, bu da ən yüksək göstəricidir.”Facebook” isə ayda 137,6 mln. baxış sayı ilə ikinci yerdə idi. “Facebook” sosial şəbəkələr kateqoriyasında “Blogger” və “Twitter” kimi yaxın rəqiblərini xeyli üstələyərək mütləq lider olmuşdu.
Daha çox baxılan internet saytları siyahısında üçüncü yerdə “Yahoo”, dördüncüdə isə “Microsoft” şirkətlərinin saytları qərarlaşmışdı.
Bu kimi virtual biznes rəqabəti Azərbaycanda da aparılır. Xatırladaq ki, bir müddət əvvəl yerli internet portallarımızdan birinin rəhbəri 25 milyon gündəlik izləyicilərinin olduğunu iddia etmişdi. Halbuki Türkiyənin aparıcı xəbər portalları belə adətən 1 milyondaç çox ziyarətçisi olmur. Türkiyə əhalisinin Azərbaycan əhalisindən təxminən 8 dəfə çox olduğunu, internetə çıxış imkanların daha yaxşı olduğunu, üstəlik, türk media brendlərinin azəri media brendlərinə nisbətən daha çox tanındığın nəzərə alsaq, portala rəhbərlik edən həmkarımızın sadəcə yalan söylədiyini deyə bilərik. Bəs bu ağ yalanda məqsəd nədir? Bu yaxınlarda media ilə bağlı bir görüşdə açıqlanmış rəqəmlərə görə, bir neçə portalımız var ki aylıq reklam gəlirləri 100-200 min manat arasında dəyişir. 25 milyonluq oxucu kütləısindən bəhs edən portal da bu sıradır. Yəni ziyərtəçi sayını süni şəkildə şişirtmək reklam cəlbi üçün bir vasitə sayılır.
Sayt rəhbərləri reklam cəlb etmək üçün min cür oyunlardan çıxırlar. Çox zaman virtual aləmin verdiyi imkanlardan sui-istifadə edənlər də olur. Belə ki, bəzi saytların sayğaclarına diqqət etdikdə inanılmaz rəqəmlərlə qarşılaşırıq. Hətta bəzən elə yazı olur ki, bir gün ərzində onu oxuyanların sayına baxanda heç cür buna inanmaq olmur. Bu da o ehtimalı yaradır ki, sayt inzibatçıları reytinqlərini yüksəltmək üçün yalandan bu statistikanın sayını artırırlar. Doğurdan da, saytlara daxil olanların və ya saytlardakı hər hansı yazını oxuyanların sayını yalandan artırmaq olarmı? Maraqlıdır ki, bunu necə etmək mümkündür? Bu kimi hallar veb-masterlər tərəfindən edilir, yoxsa bunu hər hansı sayt izləyicisi də edə bilər?
İKT üzrə ekspert Cahid İsmayıloğlu intenetdə onlayn rejimdə işləyən müxtəlif statistik hesablama sistemləri mövcud olduğunu bildirdi: “Bunlar sayta daxil olanların sayını, daxilolma vaxtını, coğrafi məkanını və s. ən xırda detalları hesablayıb qeydə alır. Eyni zamanda hər bir saytın daxili sistemində də bu statistik hesablama mövcuddur. Bu statistika sayta daxil olanların sayını hesablamaqla yanaşı, hər bir səhifənin ayrı-ayrılıqda nə qədər oxunduğunu da hesablayır və oxuculara nümayiş etdirir. Bu, xəbər saytlarında çox müşahidə edilir. Saytdaxili statistikalar çox vaxt sayt idarəçiləri tərəfindən xəbəroxunma saytı süni surətdə “şişirdilir” və reytinqi yuxarı göstərməyə çalışırlar. Məsələn, sayta daxil olanların sayı ilə bir xəbərin oxunma sayı arasında uyğunsuzluqlar, fərqlər görünür. Sayta 100 adam baxıbsa, görürük ki, bir xəbəri 500 adam oxuyub. Necə olur ki, sayta 100 adam daxil olur, amma bir xəbər 500 dəfə oxunur? Bu statistikalar günlük, həftəlik, aylıq və illik olmaqla hesablanır, arxivləşdirilir”.
Saytlarda istifadəçilərin statistikası necə “şişirdilir”?
C.İsmayıloğlu da sayt idarəçisi üçün xəbər sayının süni “şişirdilmə”sinin texniki olaraq çətin bir əməliyyat olmadığını vurğuladı: “Sadə şəkildə kiçik rəqəmi silib yerinə daha böyük rəqəm yazmaqla bunu həyata keçirə bilirlər. Bunu adətən veb-ustalar edirlər. Bəzi saytlar var ki, istifadəçi kompüterdə sadəcə “yenilənmə” düyməsini də tez-tez sıxmaqla xəbərin oxunma sayını süni surətdə artıra bilir”.
Onun sözlərinə görə, bunun qarşısını əlbəttə ki, saytın idarəçiləri almalıdır: “Əgər sayt idarəçisi istəyirsə, hər an saytın statistik göstəricilərini istədiyi kimi şişirdə bilər, çünki texniki olaraq sayt onun əlindədir. Bir şeyi də qeyd edim ki, dünyada ən geniş yayılmış və düzgün, daha ətraflı statistik hesablama aparan sistem “Google Analytics” sistemidir. Mən real hesablama aparmaq istəyən sayt istifadəçilərinə bu sistemdən istifadə etməyi tövsiyə edirəm”.
Veb-master Elşən Əzizoğlu da bizimlə söhbətində dedi ki, statistikanı artırmaq mümkündür. Onun sözlərinə görə, bunun üçün bəzi ödənişli xarici saytlar və proqramlar var: “Saytlardakı xəbərlərin baxış saylarını saxta yollarla artırmaq mümkündür. Bunun üçün saytı yığan veb-master sistemi elə qura bilər ki, bir dəfə xəbərə “klık” edəndə baxışa on “klık” göstərsin. Yəni, bir istifadəçinin əvəzinə on istifadəçi kimi göstərsin. Saxta yolla baxış sayını artırmaq istədiyimiz xəbərin ardına keçib, bir neçə dəfə F5 düyməsi ilə xəbərin səhifəsini yeniləyərək də istifadəçinin sayını artırmaq olar”.
E.Əzizoğlu deyir ki, bu kimi saxtakarlıq yalnız veb-masterlər deyil, eləcə də hər hansı istifadəçi tərəfindən də edilə bilər. Onun fikrincə, bunun qarşısını almaq mümkün deyil: “Çünki hər bir işin bir sirri vardır. Hər bir sayt rəhbəri də saytını baxımlı göstərmək üçün bu sirlərdən istifadə edir”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün qəzetimizə açıqlamasına görə, hər bir saytın arxasında onun admini durur: “Yəni, o saytı idarə edən, hansı ki, o sayta daxil olanların sayını ölçmək üçün proqramlar quraşdırıb, tənzimləyici işləri görüb. Ümumiyyətlə, bu yaxşı bir şeydir, monitorinq aparmağa imkan verir. Həmçinin, hansı ölkələrdən bu sayta daxil olanları öyrənmək olur. Yəni, kifayət qədər yaxşı alətlərdir ki, sayta müraciət edənlərin təsnifatını bilmək olur. Bunların hamısını ölçməyə imkan verən alətlər var”.
“Monitorinqlər aparmaq üçün qurumlar yarana bilər”
Onun fikrincə, istənilən saytın arxasında olan insan lazım gələrsə, bura müdaxilələr edə bilir: “Bunu artıq özü edə bilir. Başqası edə bilmir. Elə ola bilər ki, eyni ünvandan siz ora yüz dəfə daxil ola bilərsiniz. Hansı ki, bir adam daxil olur. Bu məsələləri saytın sahibi həll edir”.
O.Gündüz bildirdi ki, internetdə peşəkar insanlar saytların hansı auditoriyaya malik olması ilə bağlı müəyyən bir həqiqətə uyğun informasiya ortaya qoya bilirlər. “İnternetdə sosial araşdırmalar, montorinqlər aparmaqla bunu müəyyən etmək olur”, – deyə o əlavə etdi.
AİF prezidenti onların bu işlərlə məşğul olmadıqlarını dedi: “Ola bilər, bununla bağlı qurumlar yarana bilər. Amma bizim belə monitorinqlər aparmaq planımız yoxdur”.
Azərbaycan İntenet Birliynin sədri Qalib Qurbanov da hər hansı saytın adminstratorunun bunun üçün texnki imkanları olduğunu qeyd etdi.
Q.Qurbanov dedi ki, sayt inzibatçıları şərait yaratsalar, orada yoxlamalar aparmaq olar: “Bizim tərəfimizdən indiyə kimi belə monitorinq aparılmayıb. Çünki saytın işləməsi üçün İP adresi olur. O İP adresi ilə, sözsüz, yoxlama aparıb öyrənmək olar ki, bu həqiqətdir, yoxsa həqiqət deyil”.O, Azərbaycanda internet qəzetləri, xəbər saytlarının istifadəçilərinin daha çox olduğunu vurğuladı.
F.HÜSEYNZADƏ