“Danışan adlar” və yaxud insan tarixinin kodları

(Prof. Adil Bağırovun Naxçıvan onomastikası haqqında kitablarına bir baxış)

Onomastik vahidlər xalq təfəkkürünün məhsuludur, insanın maddi və mənəvi həyatını hərtərəfli nümayiş etdirir. Bu vahidlər onomastika elmində öyrənilir. Onomastik leksika dilin leksikasının xüsusi bir layıdır. Onun bir növü olan antroponimlər dilin lüğət tərkibində xüsusi sosial və linqvistik cəhətləri ilə fərqlənir. Onlar xalq yaradıcılığının məhsulu olub, cəmiyyətin hər bir üzvünə kollektiv tərəfindən verilir.

Bütün dövrlərdə və bütün sivilizasiyalarda insanlar şəxsi adlara malik olublar. Şəxsi ad, ayrıca götürülmüş insanla ünsiyyətə girmək və onun haqqında başqaları ilə söhbət apara bilmək üçün onu fərdi qaydada göstərməyə, nişan verməyə xidmət edən xüsusi sözdür. Şəxs adları tarixin bütün dövrlərində cəmiyyətdə baş verən ictimai hadisələrə böyük həssaslıq göstərmiş, həyatda, insanların məişətində, yaşayış tərzində gedən dəyişikliklərdən asılı olaraq zənginləşmişdir. Antroponimlər xalqın dili, tarixi, etnoqrafiya və psixologiyasını yaşadan, milli etiket funksiyasını yerinə yetirən onomastik vahidlərdir. Naxçıvan onomastikası mürəkkəb, dəqiq və mütəşəkkil bir bir sistem təşkil edir. Akademik A.Axundovun təbirincə desək, milli-tarixi onomastik vahidlər təkcə xalqın xüsusini ümumidən ayırmaq üçün istifadə etdiyi dil işarələri statusunda məhdudlaşıb qalmır, həm də xalqın tarixi taleyini öz məzmununda əks etdirən qiymətli mənbə, soraq rolunu oynayır.

Filologiya elmləri doktoru, professor Adil Bağırov əvvəlcə Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyünü yaratdı (Adil Bağırov. Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü. Bakı, «Nurlan», 2003, 232 s.). Bu sözlük 8 bölməni əhatə edirdi: I. Antroponimlər; II. Etnonimlər; III. Toponimlər; IV Hidronimlər; V. Zoonimlər; VI. Fitonimlər; VII. Kosmonimlər; VIII. Ktematonimlər.

Antroponimlər-şəxs adları xalqın məqsədəuyğun şəkildə yaratdığı vahidlərdir. Adil Bağırov uzun illərdir Naxçıvan Muxtar Respublikasının antroponimləri üzərində əsaslı araşdırmalar aparmışdır. O, XVII yüzillikdə, eləcə də müasir dövrdə Naxçıvan ərazisində işlənən kişi və qadın adlarının, familyalarının lüğətini yaratmışdır. Həmin adlar böyük bir qismi «Naxçıvan sancağının müfəssəl dəftəri»ndən toplanmışdır.

Adları əsas və köməkçi olmaq üzrə iki yerə ayıran müəllif-tərtibçi Muxtar Respublikada işlənən ləqəbləri də həmin sözlükdə sistemləşdirmişdir. Yaxşı olardı ki, ləqəblər təyin, izah etdiyi sözlə birlikdə sözlükdə veriləydi. Məsələn, baltadiş ləqəbi kimə məxsusdursa, onun adının yanında (məsələn, baltadiş Mədəd, danagöz Hüsü və s.) veriləydi. A.Bağırov ləqəbləri alınma sözlərdən ibarət olan formalarını da toplamış və sözlükdə əks etdirmişdir (danqrad, dinko, xramoy və s.). Təxəllüslər bəlli ünvanları əhatə etdiyi üçün A.Bağırovun bu sırada verdiyi adlar tanınır. Məs.: Araz- Məmməd Araz, Əlincə- Nadir Əlincəli, Əylisli- Əkrəm Əylisli və s.

Ərazidə işlədilmiş gizli imzalar da müəllif tərəfindən aşkar olunmuşdur. Məsələn, bəlli olur ki, Adaş, Ağrı oruc, Allahpərəst, Babı, Bir nəfər, Cırtdanqulu, Dəmdəməri, Dəngəsər, Dərdmənd, Dərin savadlı, Ditdili, Dombalangöz, Goreşən, Gözütozlü, Hərdəmxəyal, Həzrət, Qanmaz, Qazqulu, Qızdırmalı, Lağlağa, Məşədi Mozalan və s. imzalar böyük demokrat yazıçı Cəlil Məmmədquluzadəyə məxsusdur. Başqa yazıçılara, ədiblərə aid olan gizli imzalar da sözlükdə özünə yer almışdır.

Sözlükdəki titul və fəxri adların tarixi inkişafını, dini məzmununu əks etdirən adlar da ciddi maraq doğurur. Həmin adların sözlükdə əks olunması tarixi-mədəni irsimizə sonsuz marağın artması kimi dəyərlidir.

Etnonimlər Muxtar Respublikanın etnik tarixini, etnogenezini öyrənməkdə etibarlı və möhtərəm mənbələrdəndir. Etnonimlər bütün onomastik adlar içində ən davamlı vahidlərdir. Antropimlərin funksiyası ictimai həyatın sosial, mədəni və digər hadisələrindən asılı olsa da, toponimlər bu və ya digər əşyanın yoxa çıxması ilə səhnəni tərk etmişsə də, etnonimlər min illər boyu dəyişmədən eynilə qala bilərlər; nə dəb, nə də xalqın fiziki cəhətdən məhv edilməsi onun adını sıradan çıxara bilməz; söz etnonim kimi işlənməkdən qalarsa, həmişə şəxsi ad və ya coğrafi obyektin adı kimi qorunaraq saxlanılır.

Naxçıvan etnonimlərində də bu başlıca xüsusiyyət sözlükdə verilmiş tayfa adlarının timsalında meydana çıxır. Məlum olur ki, Naxçıvanın kəndlərindən əldə edilmiş həmin tayfa adları tarixin qaranlıq qalan səhifələrini öyrənmək üçün çox gərəklidir. Amma bu tayfa adları bizim bildiyimiz məşhur tayfa adlarını bir o qədər də əks etdirmir, bunlar bir qədər nəsil, şəcərə səviyyəsində qalır: Əhmədalı tayfası, Əli uşağı, Əfəndilər tayfası və s. Məşhur tayfa adları da yox deyildir: Kolanlı tayfası, Dəmirçi tayfası, Sarıcallılar tayfası, Çullular tayfası, Tatlar tayfası, Qaraqoyunlular tayfası, Qazaxlar tayfası və s.

Sonuncular Azərbaycanın başqa ərazilərində də kənd, qəsəbə, dağ və s. adlarda əks olunmuşdur. Məsələn, çul tayfasını əks etdirən kənd adları respublikamızın ərazilərində xeyli saydadır. Cəbrayılda Çullu kəndi, Füzulidə Çullular kəndi və s.

Toponimika-nisbətən yeni dilçilik sahəsi olsa da, qədim qəbilə, tayfa və xalqların tarixi, etnogenezi, dil daşıyıcıları haqqında çox qiymətli materiallar verir. Köçəri tayfaların miqrasiya yolları, qohum və qohum olmayan etnosların əlaqə tipləri və münasibətləri barədə aydın olan məlumatlar bu elmin tədqiqi nəticəsində meydana çıxır. Bu planda hər bir toponim- onu yaradanların mədəniyyət abidəsi sayılmalıdır. Xüsusi olaraq toponimiyanı bir növ insan tarixinin kodu kimi təsəvvür etmək olar. Burada ənənələr, dil formaları və dilin özü qalır, dünyanı anlamaq səviyyəsi əslini tapır və xalqın həyatına ən mühüm hadisələr hopur.

Naxçıvan toponimləri, adətən, öz görünüşünü tarix boyu saxlamış, «konserviləşmiş», özünəməxsus model və formaları ilə, əsrlər boyu dəyişməz qalmışdır. Amma leksik vahid kimi dildə, ədətən fonetik, söz yaradıcılığı və semantik cəhətdən dəyişmiş və dilin inkişaf tarixi ilə, həmçinin də ekstralinqvistik amillərlə bağlı olmuşdur. Bu mənada Adil müəllimin hər rayon üzrə (Şərur, Babək, Ordubad, Çulfa, Şahbuz, Sədərək) topladığı toponimlər dərin fikirlər aşılayır, hətta mövcud olmayan kəndlərin yerini də aydınlaşdırır. Həmin toponimlərdə ərazi özünəməxsusluğu vardır. Bu ərazilərdə yaşayan xalqın mənəvi həyatı, maddi-mədəniyyəti qeydə alınmış toponimlərdə möhürlənib.

Tədqiqatçı ərazinin oronimlərini də (dağ, daş, qaya, zirvə, dərə, təpə, yer, yurd, dik, düz, aşırım, keçid, eniş, yoxuş, çığır, selov, yarğan; qala, mağara, kaha, zağa və s.) unutmamış, böyük zəhmət hesabına onları ardıcıl şəkildə sözlüyə daxil etmişdir.

Naxçıvan ərazisi çay, göl, su anbarları, bulaq, çeşmə, kəhriz, arx, kanal, mineral bulaqlarla da zəngindir. Bunların hər birinin özünəməxsus adları var. Adil müəllim «hironimlər» başlığı ilə həmin adların xronologiyasını yarada bilmişdir. Məs.: Arpa çayı, Gilan çay (çay adları), Ağ göl, Baş göl (göl adı), Abaslı kəhrizi, Acı bulaq (bulaq, çeşmə və kıəhriz adları), Ağaç arxı, Böyük arx, Qara kanal (arx və kanal adları) və s.

Muxtar Respublika mineral bulaqlarla da zəngindir. Onların da hər birinin özünəməxsus adları vardır: Badamlı mineral bulağı, Kola mineral bulağı və s.

Müəllif bölgənin inək, öküz və camış adlarını da qeydiyyata almışdır: Saydal inək, Gümüş öküz, Kəkilli camış və s.Ümumiyyətlə, sözlükdə hər bir heyvanın adı öz əksini tapmışdır: Boz ayqır, Dərya at, Qapağan eşşək, Pələş iti, Toplan it, Qara mavrı, Tosu pişik, Qara cücə və s.

Naxçıvan Muxtar Respublikasında müxtəlif üzüm sortları yetişdirilir. Onların hər birinin adını A.Bağırov qeydiyyata almışdır: Ağ kələnpir, Qızılı, Boz qara, Abı Səhhət alma, Loğazbəyi alması, Bildirçin budu armudu, Nar armud; armudu heyva, Əndəmiç heyva; Lumulu ərik, Təbərzə və s.

Müəllif ərazidəki kosmonimləri də ümumi kosmik adlar, planet adları, zodiak bürclərinin adları, ekvatorial bürclərinin adları, il adları başlıqları altında qruplaşdırmışdır.

Adil Bağırovun tədqiqatlarında xoronimlər də- müəyyən inzibati- ərazi bölgüyə malik rayon, vilayət, respublika və ölkə adları (Naxçıvan, Babək, Ordubad, Sədərək, Culfa, Şahbuz, Şərur) tarixi-linqvistik yöndə əsaslı şəkildə öyrənilir.

Ərazinin urbonimləri- məhəllə, prospekt, küçə, döngə, meydan, park, bazar və s. adları da linqvistik tədqiqata cəlb olunur, leksik-semantik özəlliklər aşkar olunur. Qədim məhəllə adlarının tarixi kökləri zəhmətkeş alim tərəfindən daha dərindən tədqiq edilir. Məscid adlarının tarixi izləri dəqiq faktlar əsasında üzə çıxarılır.

Sözlük hazır olandan sonra onomalogiyanın nəzəri problemlərini Adil Bağırov qazanılmış təcrübəyə arxalanaraq yüksək səriştə ilə, yeni elmi metodologiya ilə öyrənməyə başlayır. 2002-ci ildə onun «Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri» adlı monoqrafiyası çapdan çıxır. Bu əsər onun doktorluq dissertasiyasının mühüm bir hissəsi idi. Əsərdə Muxtar Respublikanın zəngin toponimik mənzərəsi 6 fəsil üzrə linqvistik planda təhlil olunur. Ərazinin oykonimlərin (yaşayış məskənlərinin adları) mənşəyi müəyyənləşdirilir, yaranma yolları dəqiqləşdirilir, həmçinin də onların leksik-semantk xüsusiyyətləri araşdırılır.

Belə bir qənaətə gəlirik ki, A.Bağırov Naxçıvan toponimlərini araşdırmaq və elmi nailiyyətlər əldə etmək üçün bu diyarın tarixini, coğrafiyasını dərindən öyrənmiş, bölgənin hər bir şəhərini, kəndini, dağını, dərəsini bir səyyah kimi Batabatı, Salvartını, Göygölü, Qaranquş yaylaqlarını dolanmış, Qaracığın, Əlincənin, İlanlıdağın, Toğluqayanın zirvəsindən bu yurda boylanmış, tamaşa etmiş, Xan Arazın, Arpaçayın şırıltısını, nəğməsini dinləmiş, Zorbulağın, Badamlının, Sirabın, Şahbulağın, Çınqıllının suyundan içmiş, hər bir adda babalarımızın düşüncə mədəniyyətini hiss etmiş və Naxçıvan onomologiyasını kompleks şəkildə tədqiq etmişdir. Fikrimizcə, alim böyük iş görmüşdür. Elmə- toponimika elminə xeyli yeniliklər, çalarlar gətirmişdir.

Naxçıvan oronimləri (dağ, təpə, düz və s. adlar) müəllifin araşdırmalarına görə, dil mənsubiyyəti etibarı ilə təmiz türk mənşəli adlardır. Naxçıvan oronimlərinin linqvistik xüsusiyyətlərinin, həqiqətən də, öyrənilməsi siyasi və mənəvi cəhətdən də çox faydalıdır. Alimin bu sahədə xüsusi təsnifatı var. Bu təsnifata görə tədqiqatçı-alim oronimləri leksik-semantik aspektdə çox obyektik amillərə (süxurların rənginə və tərkibinə; forma əlamətinə görə; antroponim və etnonimik tərkibə görə; bitki və heyvan adları əsasında və s.) əsasən qruplaşdırmışdır.

Azərbaycan dilində dromonimlər çox az öyrənilib. Dromonimlər hava, su, yerüstü və yeraltı nəqliyyat yollarının adlarını ifadə edir. A.Bağırov bu yol adlarının (Naxçıvan- Bakı şosse yolu, Naxçıvan-Təbriz şosse yolu, Naxçıvan- Təbriz dəmir yolu və s.) leksik-semantik xüsusiyyətlərini də öyrənmişdir. O, körpü adlarını müəyyən əsaslara görə qruplaşdırmışdır: şəxs adları əsasında (Şah Abbas körpüsü, Taviz körpüsü və s.), kənd adları əsasında (Nəzərabad kənd körpüsü, Sədərək körpüsü və s.), quruluş əlaməti əsasında (Qozbel körpü, Qoşagöz körpü və s.).

Araşdırılan məsələlərdən biri də toponimlərin qrammatik xüsusiyyətləridir. Bu mənada alim Naxçıvan toponimlərinin fono-tərkiblərinə baş vurmuş, hecalara əsasən adları qruplara ayırmış, onların yaranma yollarını (morfoloji, sintaktik) müəyyənləşdirmişdir. Bu da toponimik vahidlərin quruluşunu səciyyələndirmək üçün kifayətdir.

Adil Bağırovun Naxçıvan oronimlərinin linqvistik təhlilinə həsr olunmuş kitabı Azərbaycan onomalogiya elminə yeni töşfədir. Naxçıvanşünaslığın zənginləməsində bu əsərin də mühüm əhəmiyyəti vardır. Həmin əsərdə Naxçıvan Muxtar Respublikasına aid olan oronimlərin dil mənsubiyyəti və çoxsaylı dağ adları öyrənilir. Hər bir oronimin tarixi-linqvistik təhlilinə yol açılır: Abdal dağı, Ağdaban dağı, Ağrı dağ, Cəhri vadisi, Goranqalası dığı, Toğlugədik aşırımı, Zəngəzur silsiləsi və s. Bu adlar haqqında lüğət məqalələri dolğun elmi məlumatlara görə diqqəti cəlb edir. Burada türk dilləri ilə paralellər axtarılıb tapılır, güclü müqayisələr aparılır.

Adil Bağırov üzünmüddətli araşdırmalarını artıq cild şəklində mütəxəssis və oxuculara çatdırmışdır. Onun «Onomalogiya problemləri».( I cild, Bakı, Elm və təhsil, 2010, 436 s.) ən mükəmməl onomastik tədqiqatlardan sayıla bilər. Monoqrafiyanın elmi rəhbəri AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyevdir. Monoqrafiyanın I bölməsində antroponimiya məsələləri nəzərdən keçirilmişdir. Bu bölmədə şəxs adlarının leksik xüsusiyyətləri, məna çalarları, Naxçıvanda uşaqlara advermə ənənələri, familiyaların, ləqəblərin tipik dil əlamətləri və s. dərindən araşdırılmışdır.

Kitabın II bölməsi etnonimiya məsələlərini əhatə edir. Çox maraqlı olan bu bölmədə müəllif Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsərindəki oğuz boy adlarının Naxçıvandakı izlərini uğurla müəyyənləşdirə bilmişdir. Bizə görə, izlərin- Kayı, Xələc, Oğuz, Çepni, Salğur, Ğayandur, Gençək, Bəydili, Kənkər, Besbalık kimi toponimlərin tərkibində tapılması tarixi keçmişimizlə indimiz arasında bir körpu yaradır. Bunların tayfa miqrasiyalarının coğrafi koordinatlarını öyrənmək işində də mühüm rol vardır.

I cildin 3-cü bölməsində toponimiya məsələləri saf-çürük edilir. Tarixi-etimoloji təhlil planında, demək olar ki, ərazinin böyük əksəriyyət toponimləri tədqiqata cəlb edilmiş, qədim qaynaqlar əsasında həmin toponimlərə aydınlıq gətirilmişdir.

Prof. Adil Bağırovun bu sahədəki uğurları göz qabağındadır. Biz onun onomastika elminə verdiyi xeyri yüksək qiymətləndirməklə yanaşı, bu işləri davam etdirməyi, Muxtar Respublikaya dair onomastik sərvətlərin yeni laylarının dil əlamətlərini öyrənməyi, yeni yanaşma tərzi ilə yeni tədqiqatlar aparmağı arzu edirik.

 

Cahid İSMAYILOĞLU
Filologiya üzrə fəlsəfə doktoru,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı.

“Paritet qəzeti”, 1 avqust, 2012.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

6 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

6
0
Would love your thoughts, please comment.x
()
x