Daim öyrənmək, bilik və dünyagörüşümü zənginləşdirmək üçün Ağamusa müəllimin əsərlərini yaxınımda saxlamışam. Aspiranturaya ixtisas fənnindən imtahana hazırlaşanda bu böyük türkoloq-alimin felin zamanlarına, Azərbaycan dilinin fonemlər sisteminə, tarixin izlərini qoruyub saxlayan toponimlərlə bağlı əsərinə, ümumi dilçiliyin nəzəri və tətbiqi problemlərinə həsr edilmiş dərsliklərinə, dil və ədəbiyyatdan bəhs olunan sanballı yazılarına, bircildlik izahlı lüğətinə və digər kitablarına, saysız-hesabsız məqalələrinə müraciət etmişəm, öyrənmişəm, apardığım tədqiqat işlərində istifadə etmişəm.
Dilçilik kitabları var ki, çətin qavranılır, dərk olunur. Amma Ağamusa müəllimin filologiyamızın müxtəlif sahə və problemlərinə həsr olunmuş kitablarının dili və üslubu həm sadə, həm də başa düşüləndir.
Çap olunmuş izahlı lüğətində hələ heç bir mənbədə öz izahını tapmayan söz və terminlər toplanıb, həmin terminoloji vahidlərin mənasını oradan axtarıb tapmaq olur.
Onun kitabları biz gənclərə təkcə dilçilik elmini öyrətmir, həmçinin də humanist münasibət təlqin edir, daxili duyğu və düşüncələrimizi, yaradıcılıq əzmimizi zənginləşdirir.
Aspirant və dissertantlarla işləmək, onların dilini tapmaq, hər birinin şəxsi dünyasına daxil olmaq, əlbəttə, böyüklük tələb edir. Bu böyüklüyü onda hiss etmişəm. Ağamusa müəllimin aspirantları istiqamətləndirmək bacarığını müxtəlif diskusiyalarda görmüşəm. Özümdə bundan çox bəhrələnmişəm.
O, aspirantlardan yüksək nəzəri hazırlıq tələb edir, elmi rəbərlərə də bu istiqamətdə iş aparmağı tapşırır. Ağamusa müəllim biz aspirantlarla tez-tez görüşər, hər birimizin çıxışını axıra qədər dinləyir, qiymətləndirir, sonda Elmi Şura üzvlərinin həmin məruzə və çıxışlara qiymət verməsini tələb edir.
Şahidi olduğum məqamlardan biri, Ağamusa müəllimin aspirantlarla aparılan elmi müzakirələrdə güzəştdə getməməsi, ayrıseçkilik qoymaması idi.
Təhsil aldığım illər ərzində hər zaman yaddaşımda silinməz iz qoyan müəllimlərim olmuşdur. Ağamusa müəllim həmən müəllimlərimdəndir ki, hər zaman xüsusi yerdə dayanır.
Ağamusa müəllim hər bir aspirantın, hər bir tədqiqatçının nəyə qadir olduğunu bilir və onlara dəyər verir.
Hamıya məlumdur ki, Ağamusa müəllim elmdə piyada olanları «nəzarətə götürür», onların inkişafını bilikli bir alimə tapşırarmış ki, onu bu bəladan xilas etsin.
Ağamusa müəllim gəncləri öz övladı kimi sevir, onların gələcək həyatlarında da faydalı məsləhətlərini əsirgəmir.
Akademik A.Axundov ömrünün 80-ci ilini yaşayır. O hələ gümrah və sağlamdır. Onun elmi, gənc alim, tədqiqatçıların yoluna hərzaman işıq tutmuşdur və bu gələcək nəsilləri aydınlatmağa da davam edəcəkdir. Biz gənclər Ağamusa müəllimi ad günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq.
Cahid İsmayıloğlu,
filologiya üzrə fəlsəfə doktoru
Cahid.info