Axısqalılar türkün güclü tayfalarından olmuş, neçə min illik yol gələrək, tarixin amansız və dəhşətli burulğanlarından çıxa bilmişlər. Onlar dəfələrlə deportasiyaya məruz qalmışlar. Onların zəngin tarixi, folkloru və oğuz-qıpcaq elementləri ilə dolu olan spesifik bir dili vardır. Hələ də əzəli torpaqlarına (Gürcüstana) qayıda bilməyən Axısqa türklərinin tarixi, folkloru və dili Azərbaycanda da sovet totalitar rejimi dağılandan sonra tədqiq edilməyə başlandı. Ən geniş və əsaslandırılmış tədqiqat AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun Türk dilləri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor İsmayıl Babaş oğlu Kazımov tərəfindən aparılmışdır. Alimin bu günlərdə «Axısqa türkləri: dil, tarix və folklor» (Bakı, «Elm və təhsil», 2012, 492 səh.) adlı monoqrafiyası çapdan çıxmışdır. Monoqrafiyanın elmi redaktoru, akademik Ağamusa Axundovdur. Monoqrafiyada bu toplumun dili, mədəniyyəti və etnik tarixi, həmçinin də folklor qaynaqları öyrənilmişdir. Axısqalıların etnik mənşəyi, bu toplumun dilinin bütün səviyyələri (fonetik, leksik, qrammatik və s.) nəzərdən keçirilmiş, eləcə də görkəmli türkoloqların bu əsər barədə fikirlərinə də geniş yer ayrılmışdır.
Cahid.info