Yasaq və qadağalar illərində İrana getmək, qan qardaş və bacılarımızla görüşmək bizim üçün müşkül məsələlərdən biri idi. Kəndimiz sərhəddin – Araz çayının düz kənarında yerləşir. Sərhəddin o tərəfində danışanda biz eşidirdik, biz danışanda onlar. Həsrəd idik o yerlərə. 30-cu illərdə qohumlarımızın bir çoxu Arazı keçərək o taya adlamış, daha geriyə qayıda bilməmişlər. Uşaq vaxtı tikanlı məftillərin kənarında dayanıb o tərəfə baxanda rus əsgərlərinin hədəsindən qorxaraq geriyə boylanmışam…
İndi qohumlarımızın səsi-sorağı Əhər şəhərindən gəlir. Əhərlə Təbrizi 85 km. məsafə bir-birindən ayırır…
O da yadımdadır ki, 90-cı illərin əvvəllərində sərhəddə tikanlı məftillərin sökülüb atılması, o taylı-bu taylı qardaş və bacıların haray səsləri! Ağır illər olsa da, sevincimizin həddi-hüdudu yox idi. Kol-kos, tikan basmış, min illər boyu ayaq izləri kəsilmiş Xudafərin körpülərinin üstündən o tərəfə-bu tərəfə addımlayırdıq. Dostum, görkəmli şair-publisist Əlirza Xələflinin o tərəflərə üz tutaraq dediyi misralar sevinj və kədərimizi əks etdirirdi. Sonralar onun «Həsrət körpüsü» adlı ayrılq poeziyasının ən gözəl örnəyi yarandı…
Geridə qalan illər İran türkləri üçün də ikiqat yasaq! Biri uzun müddət qardaş və bacılarından ayrı düşmələri, digəri isə şair dediyi kimi…
Taleyimə sən bax,
Düşüncələrim yasaq,
Duyğularım yasaq,
Keçmişimdən söz açmağım yasaq,
Gələcəyimdən danışmağım yasaq,
Anamdan ad aparmağım yasaq…
…Bilirsən?
Anadan doğulanda belə
Özüm bilməyə -bilməyə
Dil açıb danışdığım dildə
Danışmağım da yasaq imiş, yasaq! (B.Səhhənd).
B.Səhhənd Jənubi Azərbaycanın ən üsyankar şairidir:
Anjaq bir sözmi var- mən də insanam,
Dilim var, xalqım var, yurdum-yuvam var,
Yerdən çıxmamışam göbələk kimi-
Adamam, haqqım var, elim, obam var…
«Düşünülmüş dil siyasəti» İran türklərinin alınlarına, talelərinə yazılmış qara bir yazıdır.Doğma dilində təhsil ala bilməmək, düşüncələrini bölüşdürməmək, dilin təsvir və ifadə zənginliyindən və s. istifadə edə bilməmək xalqın dözülməz və acınacaqlı tarixidir. Bəli, bir zamanlar Səfəvilər sarayında diplomatik bir dilə çevrilən ana dili farsın siyasətinə qurban verilir. Bunun mahiyyətini alimlər belə göstərirlər: «Dil…siyasətə insanların ünsiyyət ehtiyacları vasitəsilə bağlıdır. Məhz bu ehtiyaclardan irəli gələn spesifik ünsiyyət mənafelərinin mövcudluğu sahəsində dil siyasi fenomen olur» və «eyni zamanda siyasi təsisat və müəssisələrin daxili həyatı da dil vasitəsilə təşkil olunur və nizamlanır. Bununla əlaqədar olaraq siyasi fəaliyyətin ixtisaslaşmış dili yaranır ki, ona da yiyələnmək siyasi həyat meydanına çıxmağın və orada uğurlu fəaliyyət göstərməyin ilkin zəruri şərtlərindən biri kimi çıxış edir» (Abdullayev, s. 43).
Azərbaycan müstəqillik qazanandan sonra çətinliklər arxada qaldı, gediş-gəliş başladı. Bəzi məqsədlər üçün İrana getsək də, məni də bir tədqiqatçı kimi burada tarixən əzəli sakinlər olmuş və indi də yaşayan türklərin həyatı, məişət tərzi, gün-güzəranı, etnoqrafiyası, folkloru, dili və s. düşündürür. Xüsusən də, diqqətimizi burada yaşayan azərbaycanlıların danışdığı dil və onun şivələri cəlb edir.
Tarixə nəzər salaq: X yüzillikdən etibarən oğuz türklərinin İranı özləri üçün yurd yeri seçdiklərini bəzi qaynaqlar göstərsə də, əslində bu torpaqlar türklərin əzəli ana yurdu olmuşdur. Türklərin ana yurdunun şəksiz-şübhəsiz bu yerlər də olduğu tədqiqatlarda öz təsdiqini tapmışdır. Keçən onilliklərdə ən mühüm problem e.ə. III-I minilliklərdə Ön Asiyada türk varlığının sübutu olmuşdur. Bütöv və aydın mətnlər əldə edilməsə də, mixi yazılarda mühafizə olunmuş külli miqdarda etnonim, toponim və antroponimlərin təhlili Azərbaycan aborigenlərinin türklər olduğunu sübut etmişdir (Blaga Rafael, s. 272; Kazımov, VI c., 2009, s. 8).
Həmin yüzillikdən səlcuq axınının bir hissəsi həmin torpaqlara da pənah gətirmiş, yerli türklərlə qaynayıb-qarışmışlar. Bu axının ardınca əraziyə türkmənlər, qaşqaylar, Xorasan türkləri, xalaçlar, sungurlar, ebiverdilər, qazaxlar və özbəklər də gəldilər. O zaman bu yerlərdə farslar da məskunlaşmışdı, digər etnoslar da. Ərazi Azərbaycan adlanırdı. Bəllidir ki, Azərbaycan bir coğrafi addır. Bu coğrafi addan istifadə edən yadelli siyasətçilər oğuz türklərinin bir qolunu Azəri adlandırdılar. Bu səhv addım indi də davam etməkdədir. Xalqın etnik kimliyi bu adla tanındı. Buna baxmayaraq, İran türkləri özlərini türk, dillərini isə türk dili sayırlar. Dövlətin rəsmi dili isə fars dilidir. Düşünülmüş yanlış siyasət türk dilinin yüzilliklər boyu bu bölgədə yazı dili ola bilməsinə əngəl törətmiş, (buna imkan da verilməmiş), bu zəngin dil evdə-məişətdə, küçədə işlənməyə başlamışdır. Bu türkcə folklor dili kimi də varlığını qoruyub saxlamışdır.
Siyasi durumları indi də ağırdır. Azadlıqları əllərindən alınıb. Bizim kimi azad yaşamağı arzulayırlar.
İran tarixən azərbaycanlıların yaşadığı bölgələrdəndir. 70 milyonluq əhalisi olan bu ölkədə farslardan sonra çoxluğu azərbaycanlılar təşkil edir. Burada 33 milyondan çox azərbaycanlı yaşayır. 90-dan çox dil və ləhjədə danışırlar. (Kadir Güldiken, s. 47-48). Onların dili danışıq dilidir. Özləri də etiraf edirlər ki, bizim dilimiz ailə-məişətdə istifadə olunur. Amma bu dilin şifahi şəkildə işlənmə sahələri dövlət idarələrində də qismən də olsa yayılıb. İran radiolarında bu dildə də bəzi verilişlər aparılır.
Azərbaycan dili İranın Tehran, Kərəc, Savə, Qəzvin, Şiraz, Ərak, Qum, Xorasan, Həmədan, Ərdəbil, Qərbi Azərbaycan (Urmiyə), Şərqi Azərbaycan (Təbriz), Zəncan və s. diyarlarında danışılır. Böyük klinikalarda Azərbaycan dili mənşəcə fars olan həkimlərin də əsas danışıq vasitəsidir.
İran türkjələri haqqında İranda, Türkiyədə, Azərbaycanda və digər ölkələrdə tədqiqatlar aprarılır. İran türkjələri haqqında tədqiqatlar ilk dəfə 1960-cı illərin sonunda başlamışdır. Gerhard Doerfer və tələbələri 1968-1973-cü illər arasında İranın türklər yaşayan bölgələrinə gəlmiş, əsasən xalaç və xorasan dilləri üzərində ciddi tədqiqatlar aparmışlar. Bu dialektlərə ərəb, fars və kürd dillərinin təsiri də göstərilmişdir.Tədqiqat aparan araşdırıcılardan Semih Tezcan, V.Hesche, S. Fazsy, M.F.Bozkurt, S. Tulu və başqalarının zəhmətini qiymətləndirmək lazımdır. G.Doerfer və tələbələri Xalaççayı hövzəsinin spesifik dilini kəşf edərək türkoloji aləmdə tanındılar (Gerhard Doerfer, s. 264-266).
İranda türk dilinin bir sıra dialektləri mövcuddur. Maraqlıdır, nüfuz etibarı ilə kiçik türk topluluqlarının (xalaçların, türkmənlərin, xorasanların, qaşqayların və sungurların) dilləri İranda daha çox araşdırma obyektinə çevrildiyi halda, ən böyük türk topluluğu olaraq tanınan Azərbaycan türklərinin dili yetərincə tədqiq edilməmişdir. İranda bu dilin araşdırılmasına imkan verilməmişdir.
Dialekt araşdırmaları, dil və xalqın tarixinə dair önəmli faktlar verə bilir. Məsələn, Xalaç türkcəsinin kəşfi, əski Anadolu türkcəsindəki dil əlamətlərini daha çox qoruyub saxlayan Xorasan türkcəsinə aid aparılmış tədqiqatlar türk dili və dialektlərini yenidən təsnif etmək məcburiyyətini ortaya atmışdır. Professor Elbrus Əzizovun tədqiqatları bu jəhətdən önəmlidir.
Azərbaycanda İran türklərinin dili, daha doğrusu, Azərbaycanlıların dili ədəbi dil istiqamətində nəzərdən keçirilmişdir. AMEA-nın müxbir üzvləri Tofiq Hacıyevin, Nizami Cəfərovun, professor Nizami Xudiyevin əsərlərində bu dilin tipik və xarakterik xüsusiyyətləri M.Şəhriyar, Ə.Tudə, B.Azəroğlu, Mədinə Gülgün və başqa şairlərin əsərlərinə istinadən öyrənilmişdir.
Həmin alimlərin əsərlərində o taydakı Azərbaycan dilinin bu taydakı dillə variantları qarşılaşdırılır, ümumi və fərqli cəhətlər çözülür: «Hazırda Azərbaycan ədəbi dilinin Şimal və Cənubdan ibarət iki norma variantı formalaşmışdır… Ədəbi dilin Cənub variantı klassik dilin zəngin tarixi ənənələrini inkar edərək təzədən formalaşır, yəni öz inkişafına dialekt səviyyəsindən başlayır… Bu proses ümumən ədəbi dilin meydana gəlməsi və formalaşmasının çıxış vəziyyətinə müvafiqdir: bir dialekt (bu halda Təbriz dialekti çıxış edir) öz fonetik, leksik və qrammatik quruluşu ilə ədəbi dilin əsasında dayanır, – normanın vahidləşməsi və standartlaşması prosesi başlayır» (Qadjiev T.İ, s. 246; Hacıyev, 1987, s. 200-207).
Azərbaycan dili istər Şimalda, istərsə də Cənubda təzahür etsin, eyni dildir, lakin Azərbaycan dilinin Şimaldakı ədəbi təzahürü ilə Cənubdakı ədəbi təzahürü arasında müəyyən fərqlər mövcuddur (Cəfərov, I c., s. 237; Xudiyev, 145).
Konkret olaraq Təbriz dialekti haqqında professor Məhərrəm Məmmədov namizədlik dissertasiyası yazmışdır (Məmmədov, 1980).
Mühacir şairlərin dil və üslubuna da həstr edilmiş araşdırmalar mövcuddur.
İrana iki dəfə səfər etməyim məndə başqa bir təəssürat yaratdı. Doğma qardaş və bacılarımızın danışıq dilinin fonetik, morfoloji, leksik və sintaktik xüsusiyyətləri, demək olar ki, az öyrənilmişdir. Yazılı qaynaq olaraq mühacir şairlərin əsərlərinə istinad edilərək bu dilin bəzi məqamları nəzərdən keçirilsə də, əsas, dominant danışıq dili və bu dilin işlək dairəsi, eləcə də bu dilin şirinliyi indiyə kimi lazımi səviyyədə öyrənilməmişdir.
Məsələyə bizim Azərbaycan dili ilə İranda danışılan dilin müqayisəsi fonunda yanaşmaq lazımdır. Danışığın zəngin və şirinliyi. Nitqin aydın və təmizliyi. Müraciətin, etiketlərin özünəməxsusluğu, etik normaların spesifikliyi, davranış mədəniyyətinin, düşüncə mədəniyyətinin kamilliyi və s. adamı nə qədər heyran qoyur, azərbaycanlılarla qarşı-qarıya gələndə, söhbətləşəndə.
Folklor bu xalqın etno-mədəni düşüncəsinin məhsuludur. Folklor motivləri bü xalqın danışıq dilini «cilovlayıb əlinə alıb». Bizi Təbrizə aparan adi bir taksi sürücüsünün nitqi manilərlə zəngindir. Diqqət edin:
Gözüm haranı dağlar,
Dağı aranı dağlar.
Mən istərəm görüşmək
Kəsib aranı dağlar.
**
Bu yol gidir Təbrizə
Həvəs gəlirəm bizə
Tanrım bizə quvvət ver
Varaq vətənimizə.
**
Durna sanınnan keçər,
Ötər sannınan keçər,
İgid vətən yolunda,
Ölər canınan keçər.
Təbrizdə «ağlın gözü» olan atalar sözləri ilə maraqlanıram. Zöhrə nənənin dilindən: Oğul, Təbrizdə ağac az olar, ona görə də belə bir atalar sözü yaranmışdır: Ağacı çox olan kəndin qabrı az olar; Ağaran saç ilə ağlayan göz gizlənməz; Oğul, dil var bal gətirər, dil var bela gətirər; oğul, bizim adamlar dinc olar. Dinc adam nə hakim görər, nə həkim; nənə Təbrizin qarlı dağlarına baxır, köks ötürür: oğul, hər ağaran qar olmaz. Nənə, axı o ağaran qardır. Bəli oğul, o qardır, mən məsəl üçün dedim. Hələ dalı da var: Hər ışıldayan qızıl degül. Təbrizdən qızıl alsan, ehtiyatlı ol, qarışığı olar.
Bu xalqın atalar sözləri zəngindir, dəqiq deyə bilmərəm, Zöhrə nənənin söylədiyi bu atalar sözləri bizdə də var, ya yox.
Bizi yola salan nurani bir azərbaycanlının alqışları: Oğlum bin budağ olasan; Allah açıq yol versin; Allah köməgin olsun; Allah yaxşı yol versin və s.
Əhərdə bir qoca kişidən tapmacalar deməyini xahiş etdim: Yağış yağırdı, qoca üzünü göyə tutub dedi: Anam atlandı Xalı qatlandı Quyruq bollandı Quma saplandı. Mənasını soruşduq, yağmur,-dedi). Qoca bir az dayandı, yoldan keçən mal-qaraya baxdı: Dört dözlü bir pınar Onun suyu ağ (mənası: inək məməsi). Qoca əlimdəki cib telofonuna baxdı: Oğul, danışıram dəmirdən Cavab gəlir kəndindən (mənası: telefon).
Bunlar elə belə məsələlər deyil. Tarix boyu nəsillərdən-nəsillərə ötürülmüş fikir varlığıdır, söz varlığıdır.
Dil onlar üçün bəla gətirmişdir. Azərbaycanda Sovetin dağılmasına kimi İranla əlaqələrin olmaması ucbatından burda yaşayan azərbaycanlıların dili üzərində kifayət qədər araşdırma aparılmamışdır.
Farsın icazəsi olmadan əvvəlki dövrlərdə bu dil barədə araşdırma aparmaq, ana dili uğrunda mübarizə aparmaq, bu dilin zəngin ənənələrini öyrənməyə qadağa qoyulub. Söhbətlərdə eşitdim ki, dil azadlığı uğrunda mübarizə aparan bir qrup gəncin dırnaqlarını çıxarıb gölə atıblar. Dillərini ağzından qoparıblar…
Fars xalqı da bu dildə gözəl danışır. Fars bu dilin şirinliyini, ejazkarlığını duymasa, bu dildə sərbəst danışa bilməz. İnsafən deyək ki, əslən fars mənşəli olan həkimlərin xəstələrlə rəftarı, hipokrat andına sədaqəti, bütün millətdən olan xəstələrə eyni gözlə baxması çox-çox təqdirəlayiqdir. Müqayisə edək bizim azərbaycanlı həkimlərlə (hamısı yox) İrandakı həkimlərin rəftar və münasibətini. Bizdə həkim var ki, sözün açığı, xəstədən pul qoparmaq üçün onun xəstəliyini qabardır. Ordakı həkimlər isə xəstədən nə pul umur, nə də… Biz pis vərdiş etmişik. İran həkimlərinə şirinlik adı ilə pul təklif edəndə: -Ağa, sən nə edirsən, bizlər almarıq. Kassaya verdiyin pul bəs edər bizim üçün…
Alim-yazıçı Ağarəhim Rəhimovun İran həkimləri barədə fikrini burda vermək yerinə yüşər: Həkim Həsəntaş:- Bakıdan İrana xəstələr axışır. Biz onları qardaş xalqın nümayəndəsi kimi müalijə edirik. Bundan sonra da o fəaliyyətimizi daha da inkişaf etdirmək, qardaş-bajılarımızın sağlamlığı keşiyində dayanmaq bizim müqəddəs borjumuzdur və insani məsuliyyətimizdi. Biz Qərbə, Avropaya gənjləri göndəririk. Onlar müasir texnikanı, onlarla işlənmə yollarını mənimsədilər. Tibbi biliklərə mükəmməl yiyələndilər. Böyük təjrübə qazandılar. İndi də gəlib İranda və digər ölkələrdə fəaliyyət göstərirlər. Mənə elə gəlir ki, Azərbaycan öz yüksək ixtisaslı kadrlarını yetişdirməkdə bir qədər ləngiyir» (Rəhimov, s.116).
İran türklərinin müraciətləri adamı ovsunlayır. İran türkləri «ağa» sözünün «kişi» mənasından istifadə edirlər, qadın və kişilərin «ağa» kəlməsinin intonasiya çalarları adama nə qədər ləzzət verir. Səmimilik, mehribançılıq, qonağa hörmət ən ali formadadır.
Onların bizdən fərqi olan tabuları, evfemizmləri var. Səidə adlı bir azərbaycanlı qızın danışığına fikir verin.
– Ağa, dədəm ölüb, ömrün sizə bağışlayıb. Nənəmnən bahəm yaşayıram.
Bəzən bu dil qarışır. Fars sözləri bu gözəl dilin füsünkarlığına öz təsirini göstərir.
Müşahidələr göstərir ki, İranın Azərbaycan dialektlərinin zəngin söz varlığı mövjuddur. Şəftəli sözü ilə maraqlandım. Qonşu kəndlərin birində bu sözə şəli, digərində isə hülü deyirlər. Yol boyu kəndlərin birində arıçılıq peşəsi ilə bağlı hansı sözlərin işləndiyini soruşdum.-Ağa, bizdə arı saxlanılan yerə «kəndil» deyirlər. Arıların ailəsinə «pörə» deyirlər. Bal arısı «çibin» adlanır. Bunlar, fikrimizcə, fars mənşəli sözlərdir.
Biləsuvar şivəsində bıçqı (mişar), birjinni (iki şahı), bərgik (quraqlıqdan əmələ gələn çatlaq), muşqurd (otun qalığı) və s. leksik vahidlər də işlənir.
Germi şivəsində bizim işlətdiyimiz «gədik» sözü «gərdənə» şəklindədir. Bu gədik ilin bütün fəsillərində duman içində olur. Qatı duman ən yaxını da görməyə imkan vermir. Yol boyu hərəkət edən maşınlar bu gədikdə yubanmalı olurlar.
İran Azərbaycanlılarının dilində elmi üslub formalaşıb. Son illər Azərbaycanda müdafiə olunan dilçilik əsərlərinin dilində bizim dildən fərqli sintaksis müşahidə olunur. Məs.: «Dünyanın müxtəlif ölkələrində və müxtəlif universitetlərində məşhur alimlər belə suallara cavab arayıb axtarmağa qurşanıblar. Çox sevinclidir ki, dil və tarix alimləri verdiyimiz sorğunun əhəmiyyətinə diqqət yetirib və cavabsız qalmış bu əsas sortu haqqında dünya xalqlarının tarixi həyatında artıq çalışmağa başlayıblar…Türk milləti göbələk kimi birdən-birə yerdən çıxmayıb! Mümkündür türk adlan yox, başqa adlan olsa da, amma bu millət tarix səhnəsində ən böyük rola malikmiş! O millətin dili varmiş, kültürü, mədəniyyəti varimiş və s. bəs o millətin kültürünü, dilin necə, harada sorub-soraqlayıb axtarmalıyıq?…Bu zaman şumerlər kəlmələri bir-birinə qovuşdurmaqla yeni sözlər yaratmağa əl vurublar (Rəhman Purəkbər Xeyavi Möhsüm oğlu, s. 3, 5).
Digər nümunə: İranda yaşayan azərbaycanlıların danışığı xüsusiylə savadlıların danışığı biraz dəyişibdir. Bu dəyişmə dilin müxtəlif sahələrində o cümlədən, fonologiya sahəsində də baş vermişdir, yəni dilin danışıq tərzləri və tələffüzləri dəyişir ki, bunlardan da biri ahəng qanunudur (Əmir Xəlilzadə, s.16). Bu jür elmi üslub qeyd etdiyimiz tədqiqatçılara məxsusdur. Tədqiqatçılar öz ana dilində elmi fikirlərini sərbəst formada şərh etmişlər. Kursivdə verilən formalar bizim elmi üslubumuz üçün məqbul deyil. Bu üslubda danışıq dili elementləri üstün yer tutur. Bizim elmi üslubumuz isə sırf ədəbi dil normasını ehtiva edir, düzdür, bizim elmi üslubumuzda da digər üslubların (bədii, publisist və s.) elementləri mövcuddur.
Qeyd edək ki, Ə.Xəlilzadənin üslubu bizim üsluba daha çox yaxındır.
Ümumiyyətlə, müasir Azərbaycan dili özünəməxsus inkişaf qanunları ilə, cilalanmış mükəmməl quruluşu, zəngin söz varlığı, geniş ifadə imkanları, yüksək səviyyəli yazı normaları, dildə olan sözlərin təmizliyinin müqayisəsi baxımından öz üstünlüyü ilə fərqlənir.
İran Azərbaycanı dialekt və şivələrində ahəng qanunu mütamadi olaraq pozulur. Bu hadisəni Əmir Orucəli oğlu Xəlilzadə 2010-cu ildə Bakıda –Nəsimi adına Dilçilik İnstitutunda müdafiə etdiyi namizədlik dissertasiyasında araşdırmışdır.
Bir az da Təbriz haqqında: Təbriz Əcəm əyalətidir. İndi bu şəhərin əhalisi 1,4 milyondur. Şəhər Urmiya gölünün ətrafında yerləşir. Çoxəsrlik tarixi olan bu şəhərin müxtəlif dövlətləri olub: Elxanilər, Ağqoyunlulr, Səfəvilər.
Şəhərdə II minilliyi əks etdirən «Tauri qalası» (Tarmkis) var. Şəhər 3 dəfə zəlzələ nəticəsində dağılıb, İran-İraq müharibəsində də şəhər xeyli zərər çəkib.
Təbriz şəhəri çox da hündür olmayan dağlarla əhatə olunub. Şəhər sanki çalada yerləşir. Təmiz və quru havası, iqlimi, suyu adama xoş təsir bağışlayır. Dağlar qırmızıya çalır. Mis rənginə. Bu dağlardan mis, molibden çıxarılır. Saxsı qablar düzəldilir, qırmızı kərpiç istehsal olunur.
Bu gün Təbriz yüngül sənaye mərkəzidir. Şəhərdə maşın istehsal olunur. Sement və kimyəvi zavodlar fəaliyyət göstərir.
Təbrizdə kitab satışı mağazalarından İran azərbaycanlıların söz varlığını əks etdirən lüğətin olub-olmaması ilə maraqlanıram. Belə bir vəsaitin yoxluğu deyilir.
Yalnız danışıq dilini əks etdirən bir kitabla tanış oluram. Müxtəlif mövzuları əhatə edən bu kitabın bir tərəfində (lüğət məqaləsində) Azərbaycan dilində sözlər, ifadələr və cümlələr, bütöv mətn yazılıb, fars əlifbasında onların qarşılığı göstərilib. Bu kitab fars əlifbasını öyrənənlərə kömək edə bilər. Çünki Təbriz şəhərində ictimai müəssisələrin adları fars əlifbasında yazılır. Əlifbanı bilməyənlər üçün bu müşkül olur. Kitabda bəzi cümlələrə diqqət yetirək: Burda hava buluddur (buludludur), gecə fırtına qopmuşdu. Bu gün isə artıq hava mülayimdir. Əlbəttə, oranın havası tüstülü və toz-torpaqlıdır. Elədir dayı! Burada yazın əvvəl günləri hava duru və sərin olur, sonralar isə istiləyir (istiləşir) və bulaşır. Deyirlər, Təbrizə çox qar yağıb, hava da çox nigarandır. Dünən günbatan çağından yağış başladı. Ana deyir ki, hava soyux və küçə-bayır buzlux olsa, uşaxları qoymayın eşiyə çıxsın…
Kitabda fars mənşəli sözlərin azərbaycanlıların nitqində tez-tez işlədildiyi müşahidə olunur: Məsələn, səhiyyə və müalicə sahəsində işlənən sözlər və terminlər: davaxana, prob (lütfən vaxtında proba gəlin), tümən, dərziçilik peşəsi ilə bağlı: xiştək üstü, zip və s.
Təbriz dialekti farsın təsirinə daha çox məruz qalıb. Kıral Filiz adlı bir alim bu güclü təsirin sintaktik təbiətini üzə çıxarmışdır (Kıral Filiz, 2001).
Onlar ikidillilik şəraitində yaşayırlar. Danışıqlarında diqlossiya- fars-türk diqlossiyası tez-tez müşahidə olunur. Bu, Şərq ədəbiyyatında da geniş yayılmış bir hadisə sayılır. Belə diqlossiya fikrin ikiqat verilməsi ilə məntiqi qüvvətləndirir.
Bəzən ölkədə səhv olaraq Azərbaycan türkcəsinin fars təsiri ilə aşağı səviyyəyə düşməsi fikri təbliğ olunur, amma bu belə deyil, Təbriz kimi böyük bir şəhərdə demək olar ki, hamı azərbaycanca danışır. Bununla belə, «İranda Azərbaycan və fars dilləri eyni mənəvi-ictimai mədəniyyətin daşıyıcısı kimi mövcuddur; bu dillərin ikincisinin ədəbi rolu qanuniləşdiyi üçün birincisinə təsir etmək imkanına malikdir, lakin bu təsir normanın keyfiyyətini dəyişmək iqtidarına malik deyil. Çünki Şimalda rəsmi olaraq ictimai dəyərə malik norma etalonu var» (Cəfərov, 2007, s. 268).
Salmas dialektinin Təbrizdə aparıcı olması haqqında da söhbətlər gedir. Böyük şair Şəhriyarın dili Təbriz dialektinin əksi kimi qiymətləndirilir.
Bayramıdı gecə quşu oxurdu
Adaxlı qız bəy corabın toxurdu
Hərkəs şalın bir bacadan soxurdu
Ay nə gözəl qaydadı şal sallamaq
Bəy şalına bayramlığın bağlamaq.
Bakiçinin sözü-sovu kağızı
İnəklərin bolaması, ağuzi
Qızlar diyer: Atil, matil çerşənbə
Ayna təkin bəxtim açıl çerşənbə
Yumurtanı göşçək-güllü boyardıx
Çaqqışdırıb sınanları soyardıq
Oynamaqdan bircə məgər doyardıq
Əli mənə yaşıl açıq verərdi
İrza mənə nevruz gülü dərərdi.
Türkiyə universitetində çalışan bir dilçi Sərab şivələri haqqında tədqiqatlar aparıb (Gece K.Mehmet, 1985). Bu, Sərab şivələrinə aid ilk araşdırmadır.Mahmud Sərtqaya «Güney Azerbaycan Türkcesi Grameri» (1998) adlı doktorluq işi yazmışdır.
«Varlıq» jurnalında İrandakı Azərbaycan türkcəsinin vəziyyəti haqqında çoxsayda məqalələr çap edilmişdir. Bu məqalələri Cavad Heyət, Hamit Nutki, M.Zöhtabi, M. Fərzanə kimi alimlər qələmə almışlar. Məqalələrdə bu bölgədə yaşayan azərbaycanlıların danışıqlarında istifalə etdiyi sözlərin orfoqrafiyası, dilin tarixi, İran dövlətinin dil siyasəti kimi məsələlərə geniş yer verilmişdir.
Əsli Salmas şəhərindən olan bir aşıq ilə (Aşıq Əmir Abbasi) söhbətdən: Bi dene aşıx var idi, çalaydı; hamı munun ehtiramın saxlardı; bi dene atı var idi, kende gederdi, şehre gedeydi, gehvede çalardı; da, bunun garni doymuşdi, her kes deyirdi:-çal. Deyirdi:- çalmıram, açığı geliydi. Bir günneri bi neferin yanına getdi, dedi ki, tanırdı munu, dedi ki, aşıx çalısan? Dedi:-terğitmişem çalmağı. Bi gedir geçdi. Bi gün bu muna dedi:-aşıx çalısan ya yox? Dedi: – çallam. Dedi: – necür çalarsan? Dedi:-nemene veysen vey. Dedi çalısan? Atım da ajdı özüm de, heş zadım yoxdi. Dedi:- bi torba saman verrem, çalarsan? Dedi:-beli çallam, sazı basdı bağrına. Dedi:
Aşşıx zemane çalar
Zülfim kemane çalar
Bir torba gızıla çalmıyan canım
Bir çuval samane çalar.
Çaldı. Aşığa da bi torba saman verdi, bi gedir de xeşlix verdi, dedi:- da çox göyunen getme. Odi ki zerbümeseldi, bunu gedimnen deyipler «bir torba gızıla çalmayan canım, bir çuval səmane çalar».
Salmas dialektinin özünəməxsus fonetikası var: a-ə əvəzlənməsi: qara-qərə, axşam-əxşəm; a-e əvəzlənməsi: halal-helel, naxır-nexir, qarqa-qerqe; ı-i əvəzlənməsi: qarı-qari, deyirmançı-deyirmançi; o-ö əvəzlənməsi: oyun-öyün, u-ü əvəzlənməsi: huzur-hüzür, bu gün-büyün; k-x əvəzlənməsi: yemək-yemax, gedirdik- getdıx; b-m əvəzlənməsi: bundan-munnan,buna-muna; r-y əvəzlənməsi: ver-vey, bir-biy, n-m əvəzlənməsi: istekan-istikam; r-l əvəzlənməsi: qurbağa-qulbağa, sürfə-sılfa; g-v əvəzlənməsi: sağdan-savdan (bu əlamət qıpcaqlara məxsusdur. Peçenek qəbiləsinin birinin adı Yavdı\Yağdı şəklindədir. Hər iki formanın mənası «parlaq» deməkdir və s.
Müxtəlif fonetik hadisələr: arvad- avrat, onunla-onna, onlar-ollar, tutsunlar-tussunlar, qaranlıq-ğerannıx; açırlar-açıllay, kəsirlər- kəsillə; olsa- ossa, misli-missi; qızımla-qızımnan; aşdılar-aşşıla; şalvarın- şallaın; dört-döt, qurt-gut; bəlkə- bəkə; lənət-nehlət, paltarın-partarın və s. Bu jür səs hadisələri çoxdur.
Morfoloji fərqlənmələr də hal sistemində özünü göstərir: başına-başuva, Allahına- Allahuva, başına-başan. İndiki zaman: gedir-gedey, gedir-gediy.Tarixən türk dillərində indiki zamanın morfoloji göstəriciləri çox olmuşdur. Biləsuvar şivəsində danışanlar da– ey formasını qoruyub saxlayıblar: oley, durey, baxey və s. Bu formaların tarixi kök və ənnələri öyrənilməlidir. Keçmiş zaman forması: itibdir-itit, yanıbdır-yanıt və s. Demək, keçmiş zaman bu dialektdə –it,-ıt şəklində təzahür etmişdir.
Qaynadırıq feli birinci şəxsin cəmindədir. Onlar- İranın Biləsuvar şivəsində bu formanı «qaynaduyux» şəklində ifadə edirlər. -lar,-lər cəmlik bidirən şəkilçi bizim dildən fərqli göstəriji ilə deyilir: adamlar-adamnay, qızıllar-qızıllay.
Əslən Sungurlu olan bir türklə-müəllimlə klinikada tanış oldum. İlk dəfə eşitdiyim üçün sunqur türkləri barədə ondan məlumat almaq istədim: «Ağa, İranın Kirmanşah şəhərindən 70 km quzeyə doğru Sungur adlanan bir şəhər var. Bu şəhərin əhalisi Sungur türkcəsində danışırlar. Sungur türkləri monqollar dönəmində bu bölgəyə gələrək məskunlaşmışlar. Danışığımızda xeyli sayda monqol kəlmələri də qalıb. Bu dil yoxolma təhlükəsi qarşısındadır. Yörədə yaşayan fars və kürdlər tərəfindən sıxışdırılır. Sungur türkləri deyərlər: Ceyranlar qatar geler, Dincəlib yatar geler. Yataxtan su içmeye, Dözer gün batar geler. Qaradağın alçası Döşenibdi xalçası, Bir gözəl qız semişem, Qızıl gülün qonçası».
İrandakı türk dialektləri bir-birindən əsas etibarı ilə fonetik variantlara görə fərqlənir. Azərbaycan, sungur (sonkur), xorasan, qaşqay, xalaç türkcələri bu və ya digər dil cəhətinə, səviyyələrinə görə bir-birindən seçilir. Amma bunların arasında xalaçların dili ən çox fərqlilik kəsb edir. Hətta qaşqay və sungur türkcələri Azərbaycan türkcəsinin şivələri kimi qeyd və təsbit olunur.
Sözün düzü, İran azərbaycanlıların dialektləri, şivələri haqqında yazılan tədqiqatlardan xəbərsizik. Türkiyədə bu mövzuya maraq güclü olmuş, bir sıra tədqiqatlar aparılmışdır. Təqdirolunasıdır ki, 2012-ci ildə Türkiyənin Hacıtəpə Universitetində IV Uluslararası Türkiyat araştırmaları Sempoziyumu «Dilləri və kültürləri yoxolma təhlükəsinə məruz türk topluluqları» adlı tədbir keçirəcək. YUNESKO xətti ilə müəyyən olunmuşdur ki, dünyada 6700 dilin yarısı yox olmaq üzrədir. Onların içərisində qaşqay və sunqur türkcəsi, xorasan və xalaç türkcələri də vardır. Odur ki, bu türkcələrin mətnlərini toplamaq, onların leksik-qrammatik incəliklərini öyrənmək yaxşı olardı.
Müşahidələrim göstərdi ki, bu dilin fonetik, leksik, qrammatik və s. xüsusiyyətlərini dərindən öyrənmək üçün Azərbaycanda mərkəz olan Dilçilik İnstitutunda xüsusi bir qrup yaradılmalıdır. Bu qrup İranın kəndlərində, əyvalətlərində, şəhərlərində müxtəlif təbəqədən olan insanlarla görüşməli və onların söhbətləri əsasında ayrı-ayrı dialektlərin tipik və xarakterik xüsusiyyətlərini öyrənməlidirlər.
İran toponimləri haqqında az yazılıb. Bu toponimlərin türk və fars layı tədqiq olunmalıdır.
Çatışmayan tədqiqatlara yol açılmalıdır. Quzey və Güney azərbaycanlılarının dil və dialektləri müqayisə olunmalıdır. Minilliklər boyu dilin dərin qatlarında özünə yer etmiş ümumi və fərqli cəhətlər müəyyənləşdirilməlidir. Mətnlər müxtəlif dialektlərdən toplanmalı və müqayisə edilməlidir. İranın Muğanı ilə bizim Muğanın şivələri qarşılaşdırılmalıdır.
Qaynaqlar
- Abdullayev Ə. Dil, siyasət, sosial tərəqqi. Bakı, 1986.
- Ağçaylı A. Başı belalı dilimiz. «Varlık», Sayı 87, 1993, s. 60-64
- Blaga Rafael. İran xalqları: El kitabı, 1997.
- Bozkurt Fuat. Türklerin Dili. Ankara, 1999.
- Cevad Heyet. Sungur Türkleri\\Türkler. Ankara, 2002, s. 675-678
- Cəfərov Nizami. Azərbaycan ədəbi dili: Şimalda və Cənubda. Seçilmiş əsərləri. Beş cilddə, birinci cild, Bakı, Elm, 2007, s 235- 313
- Çelik Muhittin. Kaşgay Türkçesi. Doktora Tezi. Malatya, 1997.
- Doerfer Gerhard. İrandaki Türk Dilleri Üzerine Göttingende Yapılan Araştırmalar Üzerine. Türk Dili, Sayı 489, Eylül Ankara, 1992, s. 264-266
- Doerfer Gerhard. İrandakı Türk Dilleri. TDAY-Belleten, Ankara, 1969, s. 1-11
- Ercilasun A.Bican. Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü. Ankara, 1991.
- Evliya Çelebi. Seyahatnamesi. IV (Haz: Y.Dağlı, S.Kahraman). Yapı Kredi Yayınları, İstanbul, 2001.
- Ferzane M.A. Ana Dilimiz ve Milli Varlığımız Uğrunda Mübarizeler Defterinden. «Varık» (Sayı 93), 1994, s. 78-79
- Gece K.Mehmet. Serap Ağzı. Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü, Yayımlanmış Yüksek Lisans Tezi. Ankara, 1985.
- Hacıyev T.İ. Azərbaycan ədəbi dili tarixi. II hissə, Bakı, 1987.
- Xəlilzadə Əmir. İran Azərbaycanı dialekt və şivələrində ahəng qanunu. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2010.
- Xudiyev Nizami. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1995.
- Kadir Güldiken. İranda yaşayan 33 milyon türkü düşününüz. «Azerbaycan», Sayı 322, 1998, s. 47-48
- Kalafat Yaşar. İran Türklüğü. İstanbul, 2005.
- Kazımov Qəzənfər. Seçilmiş əsərləri. 10 cilddə, VI cild, Bakı, «Nurlan», 2009.
- Keyhani Menecehr. Kaşkayların Tarih ve Etnografiyası. Şiraz, 2000.
- Kıral Filiz. Das Gesprochene Azerbaidshanisch von İran, eine Studie zu den Syntaktishen Einflüssen des Persishen. Viesbaden, 2001.
- Гаджиев Т.И. Отношение исторической диалектологии к диалектам в условиях дифференсированного языка. Душанбе, изд. «Дониш», 1984.
- Məmmədov Məhərrəm. Azərbaycan dilinin Təbriz dialekti. Dərs vəsaiti. Bakı, 2008.
- Rəhimov Ağarəhim. Kövrək qəlbin titrəyişləri. Bakı: BQU nəşriyyatı, 2011.
- Rəhman Purəkbər Xeyavi Möhsüm oğlu. Şumer və Ural-Altay dillərinin tarixi-tətbiqi ilgiləri. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 2006.
- Saray Mehmet. Türk-İran ilişkileri. Ankara, 1999.
- Sarıkaya Mahmut. Güney Azerbaycan Türkçesi Grameri. Yayınlanmış Doktora Tezi, Erciyes Universitesi, Kayseri, 1998.
- Sarrafi A.İran Türklerinin Dili ve Folkloru. «Varlık», Sayı 114-3, 1999, s. 60-71
- Yaşar M.A. Danışık Dili-Yazı Dili. «Valık», Sayı 2, 1979, s. 3-7
- Zöhtabi M.T. İran Türklerinin Eski Tarihi. Tebriz, 1371.
Prof. İsmayıl KAZIMOV
23.01.2012.