(Ələmdar Cabbarlı. Özümlə bir ətək daş gəzdirirəm. Bakı, Azərnəşr, 2002)
“Azərnəşr” gənc şair Ələmdar Cabbarlının “Özümlə bir ətək daş gəzdirirəm” adlı şer kitabını çap etmişdir. Kitabın ön sözündə görkəmli şairimiz Məmməd Aslan onun şerlərindən aldığı təəssüratları çox maraqlı bir təqdimatla oxucu ilə bölüşür. M.Aslan yazır: “Mən “ovcumda” o “dənləri” dipdiri gördüm, ümidli və bərəkətli olduğuna inandım”. M.Aslan Ələmdar Cabbarlının bu yeni kitabındakı şerlərin ümidverici və bərəkətli olduğuna inanamını qısa və lakonik fikirlərlə ifadə etmişdir. Kitabın redaktoru “Azərnəşrin” baş redaktoru Əlövsət Ağalarovdur.
Kitabdakı şerlər 5 bölmədə toplanmışdır. “Özümlə bir ətək daş gəzdirirəm” adlı bölmə bu misralarla başlanır:
Dünya – qonaq evi, gəlib-gedərik
Gəlib bağrımızı dəlib gedirik.
Deyirəm, yaxşı ki ölüb gedirik –
Yaşasaq – qırılıb batarıq, vallah.
Özü ilə bir ətək daş gəzdirən yurdunu itirən gənc Vətən adlı yaranı sağalda bilmir, onun həsrəti dağdan ağır, dərdi dünya biçimdədir. Zamanın həsrət yükünü digər müasirləri kimi çiynində çəkir, bu gərdişi öz avtobioqrafiyası ilə əlaqələndirir. Bu dərd içində oxucusu ilə tanış olur, özünü təqdim edir. Payızı da, qışı da sərt gələn şairə bu gen dünya dar gəlib, hələ on yeddi yaşında:
Sənə bu gen dünya hələ dar olub,
Yolunda çən olub, boran, qar olub.
Xətai bu yaşda hökmdar olub
Daş üstə durmayıb hələ bir daşım,
On yeddi yaşım!
Şerlərlə tanışlıq göstərir ki, şairi bu günümüzün təzadları, ağrı- acıları, mürəkkəblik və çətinlikləri, qaçqınlıq dərdi daha çox narahat edir, “salamı rüşvət dünya”da söz də qiymətdən düşüb, qədir-qiymət də, insana münasibət də…
Çadırda qaçqın var- torpağa möhtac,
Ölü var – kəfənə, bir ağa möhtac.
Millətin ac qarnı xoş çağa möhtac-
Bu boyda keçidmi, döngəmi olar?
İkinci bölmədə – “Çürüdüm, atam, çürüdüm”də, ulularımıza, ata- analarımıza məhəbbət hissi Vətən hissi ilə birgə təqdim olunur. “Dünyanın bu fağır uşağı” görün hansı dərdlər çəkir: bu dönük dünyanın faniliyini, ata yoxluğunu, qayğısız yaşamağı, sabahkı əndişələri, bu gün təlim – tərbiyənin aşağı səviyyədə olduğunu, həyatda inamın itdiyini, qohum-əqrabanın, dostların biganəliyini, etibarsızlığını soyuqluğu… daha nələrin, nələrin dərdini…
Könlüm yanar ocaq kimi
Dağ tapılmaz bu dağ kimi.
Susuz qalan bulaq kimi –
Çürüdüm, atam çürüdüm.
“Qəribliyə daha dözə bilmirəm” adlı bölmədə toplanmış şerlərdə düşmən əlində qalmış Vətənin – Qarabağın, Kəlbəcərin dərdi, kədəri, üzüntüləri öz əksini tapmışdır. “Bir vaxtlar dünyanın bəxtəvəri” olan şair yurd- yuvasına xeyli vaxtdır həsrət qalıb. O, ən yaxşı şerlərini Vətən üçün yazır və yazacaq. Şairin gözlərində bir dünyalıq kədər var. Onun könlü bulud kimi dolub, yadına obası, yuvası düşür. Kəndi tez- tez yuxusuna girir. Qəribliyə dözə bilmir. Qarabağ biganəliyini, unutqanlığını heç kəsə bağışlamır:
Könlüm Kəlbəcərə köçüb yuxumda
Özünə yurd- yuva seçib yuxuda.
Dağların suyundan içib yuxuda
Səhər dururam ki, dişim göynəyir və yaxud:
Başımız açılmır sınaqdan bizim,
Yükümüz tutulub günahdan bizim.
Əlimiz soyuyub silahdan bizim
Qarabağ davasın unutmuşuq biz.
“Ay Allah, bu boyda örkənmi olar?!” bölməsində olan şerlərdə üzü qara dünyanın harınları, rüşvətxor məmurları tənqid olunur. Haqsızlıq dünyasından şikayət, narazılıq həmin şerlərin başlıca qayəsini təşkil edir. Ümidsizliyə qismən də olsa qapılan şair əyrilik, böhtan, yaltaqlıq, ikiüzlülük, riyakarlıq, yalançılıq kimi qeyri- əxlaqi keyfiyyətləri lənətləyir, yalan vədlər verən məmurların iç- üzünü açıb göstərir.
Sonuncu bölmə “Sevgi nəğmələri” adlanır. Burada Ələmdar Cabbarlı eşqin ucalığından, sevgiyə sadiq qalmaqdan bir Füzuli ədası tək danışır, eşqin portretini şerlərində bacarıqla cızmağa çalışır.
Ələmdarın sevgi şerlərində, məhəbbət nəğmələrində obraza etdiyi müraciət yeni görünür, təsvirlər, müqayisələr, təşbehlər inandırıcıdır, xoş təsir bağışlayır. Bu şerlərdə sevgilisindən giley-güzar, etiraf əsas yer tutur. Həmin şerlərdə təmiz və saf sevgi hissləri tərənnüm olunur.
Fürsət ver sənə bir şer- yazım- özümü öldürüm.
Saçlarından bir tel göndər-Asım özümü öldürüm.
“Özümlə bir ətək daş gəzdirirəm” şerlər kitabının uğurlu məqamlarından çox danışmaq olar. Məncə, ömrü sözün içində keçən tələbə yoldaşımın bu yaşda bədii sözə və fikrə dərin etiramı, həyata baxışı, xalq yaradıcılığına söykəyi onun düşüncə tərzinin heç kəsə bənzəməyən orijinal cəhətlərini meydana çıxarır. Və onun bu istedadına, uğuruna biz tələbə dostları da ürəkdən sevinir, onu təbrik edir.
Cahid İsmayıloğlu
13.11.2002
Ələmdar Cabbarlı
1980-ci ildə anadan olub.
1987-1997-ci illərdə orta məktəbdə təhsil alıb.
2001-ci ildə Bakı Dövlət Universitetinin bakalavr pilləsini bitirib.
2003-cü ildə BDU-nun magistraturasını fərqlənmə diplomu ilə bitirib.
2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib.
“Səməd Vurğun şeirinin obrazlar sistemi” mövzusunda namizədlik dissertasiyasının müdafiəsinə hazırlaşır.
Elmi rəhbəri tanınmış tənqidçi, ədəbiyyatşünas alim Şirindil Alışanlıdır.
3 kitabın, 100-dən artıq elmi, publisistik məqalənin müəllifidir.
2005-ci ildən Bakı Dövlət Universitetinin müəllimidir.
2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2008-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
2004-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən yazıçı sənətində qazandığı uğurlara görə “İlin ən yaxşı şeiri” nominasiyasının qalibi olub.
2005, 2006-cı illərdə gənclər arasında keçirilən “Qarabağ harayı” şeir müsabiqəsinin laueatı olub.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının sərəncamına uyğun olaraq istedadlı gənc yazarlar üçün nəzərdə tutulmuş Prezident Təqaüdünə layiq görülülb.