Addımlar… Şəxsi üstünlüklər

Mən bu yazını ona görə belə adlandırdım ki, sözügedən problemin həlli üçün 14 addım atmaq lazım gəlir. Bu addımı müvəffəqiyyətlə atanlar Birləşmiş Ştatlar kimi nəhəng və super bir dövlətin elmi dərəcə verən magistraturalarında oxumaq şansı qazanırlar. Şirin Tahir oğlu Kazımov bu şansı böyük səyi və şəxsi üstünlüyü ilə hələ 2 il bundan əvvəl qazandı.

Qısa arayış: Kazımov Şirin Tahir oğlu. Doğulduğu yer: Bakı şəhəri, tarix, 2 dekabr 1975-ci il. Nəsimi rayonu 1 saylı orta məktəbi əla göstəricilərlə bitirmişdir. Sonrakı təhsili Azərbaycan Tibb Universitetinin müalicə-proflaktika fakültəsi. 1998-ci ildə universiteti bitirdikdən sonra Bakı şəhəri Neyro-cərrahlıq xəstəxanasında birillik anesteziologiya-reanimatologiya üzrə internatura keçib. 1999-cu ilin oktyabrında Elmi-Tədqiqat Ağ ciyər xəstəlikləri İnstitutunda həkim olaraq fəaliyyətini davam etdirib. 2000-ci ildə diplomdan sonrakı təhsili davam etdirmək üçün Rusiya Federasiyası Kareliya respublikasının Petrozavodsk şəhərinə təcrübə qazanmağa ezam olunub… Təhsilin magistratura mərhələsi: 2004- 2006-cı illər.

Şirin Kazımovu mən bugünkü gənclərimizdən bəzi mühüm keyfiyyətlərinə görə fərqləndirə bilərəm. Daim oxumaq, biliyini artırmaq, zəngin tibbi vərdişlər əldə etmək və nəhayət, güclü mütəxəssis- həkim olmaq. Çünki tibbin bir sıra sahələri bu gün hələ lazımi səviyyədə öyrənilməyib. Tibb elmi bəzi xəstəliklər qarşısında hələ də acizlik göstərir. Həmin sirləri öyrənmək üçün mütləq magistratura təhsili almaq, Birləşmiş Ştatlar kimi inkişaf etmiş ölkəldə oxumaq lazım idi. Söz düşəndə ailə yaxınlığımızı nəzərə alan atam da deyirdi ki, Şirindən nümunə götürün, gecə-gündüz kitab əlindən yerə düşmür… Görkəmli dilçi alim, professor, Şirinin əmisi Qəzənfər Kazımov da Şirinin istedadından, gələcəyindən danışırdı, yaxşı həkim olacağını dönə-dönə biz gənclərə nümunə gətirirdi.
Birləşmiş Ştatlarda təhsil almaq Şirinin ən ümdə arzularından biri idi. Şirini bir sual daha çox düşündürürdü: «Azərbaycan Tibb Universitetində təhsilini başa vurduqdan sonra (bakalavr pilləsini) ən yaxşı təhsil ocağını (magistratura pilləsini) Birləşmiş Ştatlarda mən necə tapa bilərəm?». Şirin bu suallara özünəməxsus düşüncələrlə cavablar axtarırdı: İlk addım kimi dərin və əsaslı nəzəri biliklərə yiyələnmək və müvafiq ixtisas almaq məqsədini müəyyənləşdirmək; şəxsi üstünlük, şəxsi keyfiyyət; İkinci addım ondan ibarət olmalıdır ki, qəbul olunmaq üçün seçdiyim təhsil ocağına ali təhsildən sonra Təhsil Səlahiyyəti Şurasının (SORA) səlahiyyət verib-vermədiyini öyrənmək… O, hələ Azərbaycan Tibb Universitetində təhsil alarkən Amerika təhsil ocaqları ilə müntəzəm məktublaşırdı. Məktublarda deyilirdi: «Birləşmiş Ştatlarda magistr və doktor dərəcəsi almaq üçün, təhsilinizi uğurla başa vurmaqdan ötrü siz ingiliscə yüksək səviyyədə oxumaq, yazmaq və şifahi təmasda olmaq vərdişi əldə etməlisiniz. İngilis dilinə yüksək səviyyədə bələd olma Birləşmiş Ştatların ali təhsil ocaqlarına qəbula, eyni zamanda Birləşmiş Ştatlarda olacağınız müddət ərzində elmi və şəxsi məqsədlərinizə nail olmaq üçün əsas tələbdir».

O, məktublar əsasında öyrənmişdi ki, Birləşmiş Ştatlarda təhsil müəssisələrinə, xüsusən də magistraturaya qəbul olunmaq üçün qoyulan üç əsas tələbə əməl etmək lazımdır: Ciddi elmi hazırlıq; müvafiq maliyyə imkanları və ingilis dilini mükəmməl bilmə. Həmin addımı atmaq üçün Şirin Kazımov təhsil departamentlərinin tələb etdiyi akademik imtahanları vermək üçün ciddi elmi biliklər qazandı.
Şirin Kazımovla söhbətimizdə bildirdi ki, 2001-ci ilin noyabr ayında Azərbaycanda Dünya Bankının «İlkin səhiyyə xidmətlərinin islahatları layihəsi» həyata keçirilirdi. O da bir çoxları kimi həkimlik fəaliyyətini davam etdirə-etdirə təlimin əlaqələndiricisi kimi bu layihəyə qoşulur. Bu layihənin başlıca məqsədi regional səviyyədə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və bu sahədə islahatların həyata keçirilməsi idi.
2003-cü ildə Şirin Kazımov Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin elan etdiyi müsabiqəyə elmi dərəcə almaq üçün qoşulur, test üsulu ilə aparılmış sınaq imtahanından uğurla çıxır, qalib olur, Birləşmiş Ştatların Tuleyn Universitetinin «İctimai səhiyyə məktəbi»nə qəbul olunur. O, 2004-cü ilin avqust ayından Birləşmiş Ştatların maliyyəsi hesabına magistraturada təhsil alır.
Tibb elminə daha geniş şəkildə bələd olmaq üçün mandat rolu oynayan magistr dərəcəsi daha çox elmin dərinliyinə sirayət etdikcə Şirinin təcrübəsi artır, çoxalır. 2 il arxada qaldı. Magistraturanı fərqlənmə diplomu ilə bitirdi. Diplomların təqdimolunma mərasimi. Bu mərasimdə çəkilmiş şəkillərə və video- kassetlərə baxırıq. Birləşmiş Ştatların Luyuziana Ştatındakı Nyu-Orleans şəhəri. 70 mindən çox tamaşaçı tutan Nyu-Orian stationu. Diplomun təqdimolunma mərasiminə Şirinin ata və anasını-Tahir Kazımovu, Gülxanım müəlliməni də dəvət etmişdilər. Dünyanın müxtəlif ölkələrindən 4500 magistr təhsilini başa vurmuş, amma onlardan 16-sı daha çox fərqlənmişdir ki, Şirin də onların arasında idi. Təqdimat mərasimində Birləşmiş Ştatların görkəmli şəxsiyyətləri, o cümlədən keçmiş prezidentlər Corc Buş (41-ci prezident) və Bill Klinton (42-ci prezident) də iştirak edirdilər. Onlar da Şirinin əlini sıxır, onu magistraturanı əla qiymətlərlə bitirdiyi üçün səmimi qəlbdən təbrik edirlər. «Əminik ki, Heydər Əliyevin ölkəsindən belə bilikli gənclər yetişə bilər» (Corc Buşun dediklərindən).
Tuleyn Universitetinin rektoru Skott Kauenin Şirin haqqında dediklərindən: «Müxtəlif ölkələrdən yüz minlərlə tələbələr, magistrlər təhsil almaq üçün hər il Birləşmiş Ştatlara təşrif gətirirlər. Onların çoxu elmi və şəxsi təcrübə qazandıqdan sonra tam hazırlıqlı mütəxəssis kimi öz ölkələrinə qayıdaraq, ya yeni işə başlayırlar, ya da sabiq işlərini davam etdirirlər. Ancaq çox az bir hissənin ümidi boşa çıxa bilər. Bu fərq planlaşdırma və faktları əvvəlcədən yaxşı bilməklə əlaqədardır. Şirin Kazımov iki il təhsil aldıqdan sonra gözlədiyimiz nəticəni uğurla əldə etmişdir. O, əvvəlcədən təhsil və ixtisas məqsədini müəyyənləşdirmiş, magistr dərəcəsi almaq üçün təhsillə bağlı tələb olunan qəbul imtahanlarını verməyi bacarıqla tənzimləmişdir… Yüksək inam hissi ilə qeyd edə bilərəm ki, Şirin Kazımov öz ölkəsinin savadlı, tibb sahəsində gərəkli mütəxəssislərindən olacaq».
Magistratura təhsili Şirinin həyatında və fəaliyyətində dərin izlər buraxdı. Bu haqda Şirin Kazımovun dedikləri: «Birləşmiş Ştatlarda təhsil sistemi ürəkaçandır. Mən bu təhsili düzgün istiqamətləndirilmiş, planlaşdırılmış bir iş hesab edirəm. Bu təhsil təmizlik simvoludur. Burda ancaq təhsil almaq, ixtisasını gündən-günə gücləndirmək amalı üstündür. Mən əminəm ki, vətənə qayıtdıqdan sonra Birləşmiş Ştatlarda aldığım dərəcə rəsmi şəkildə qəbul ediləcək. Aldığım dərəcə mənim işləmək istədiyim tibbi sahədə çalışmağıma imkan verəcək, heç bir problem yaratmayacaq»
Şirin elmi və şəxsi təcrübə qazandıqdan sonra tam hazırlıqlı bir mütəxəssis kimi öz ölkəsinə bu günlərdə qayıdıb. Artıq yüksək səviyyəli magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra Şirin Kazımov vətəni Azərbaycana döndü, öz sahəsi üzrə işlə təmin olundu. Budur, zəhmətlə qazanılmış halal sənət.
Şirinin babası Şirin kişi haqqında öz babamdan – Babaş babadan çox eşitmişəm. Babam deyərdi ki, Şirin müəllim 30-cu illərdə xeyli müddət kolxoz kooperativinin müdiri olub, pay bölgüsünə və camaata ərzaq paylanmasına rəhbərlik edib. «Şirin kəsən normadır» ifadəsi o vaxtdan qalıb. Kənd adamları onu həmişə ehtiramla xatırlayır. Şirin Kazım oğlu Allahverdiyev öz səviyyəsi ilə seçilən, hamının yerini bilən insan kimi xatirələrdə qalıb. Kənddə açılmış (1912) yeni tipli məktəbi bitirdiyindən barmaqla göstərilən savadlı adamlardan olub…
Şirinin atası Tahir müəllim müasir gənclərin sevdiyi tanınmış yazıçılardandır. O, «Qəfil ezamiyyət», «Səsin sehri», «Sənin olmuşdum», «Geçikmiş məktub», «Qisas», «Taleyin qisməti beləymiş yəqin», «Ürək fəryadı» və s. povest və romanlar müəllifidir. Bu əsərlər yəqin ki, Şirinin gözləri qarşısında yazılmış, yəqin ki, Şirinin istedadı ata zəhmətini görə-görə cilalanmışdır. Şirinə uğurlar, onu ən bacarıqlı həkim, mütəxəssis görmək arzusu ilə!

11.06.2006

Cahid.info

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

7 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

7
0
Would love your thoughts, please comment.x
()
x