“Eurovision-2012” musiqi yarışmasına kimi ölkədə 4G xidmətindən yararlanmaq mümkün olacaq.
Artıq Azərbaycanın mobil operatorları 4G lisenziyasının alınması üçün danışıqlar aparır.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıloğlu 4G xidmətinin mahiyyəti barədə Gün.Az-a bildirib ki, 4G bizə məlumatların daha sürətli və asan əldə edilməsini təmin edən bir texnologiyadır:
“4G yalnız mobil rabitə ilə video bağlantılı əlaqə imkanı yaratmaqla kifayətlənmir. 4G-nin dördüncü nəsil texnoloji standart olmaqla bir çox incəlikləri əhatə edir”.
Mobil internetin sürəti qat-qat artdıqdan sonra mobil telefonlar ilə internet üzərindən edilən əməliyyatların keyfiyyəti, sürəti qat-qat artacaq. Onun sözlərinə görə, bu xidmət vasitəsilə daha sürətli internet əldə etməklə yanaşı, daha ucuz qiymət təklifi ortaya çıxacaq:
“İnternet vasitəsilə TV kanallarını, onlayn TV-ləri rahat izləmək mümkün olacaq. İnternet vasitəsilə mürəkkəb oyunları oynamaq, sosial video paylaşım saytlarında video yayımları sürətlə izləmək, sosial şəbəkələrdə daha aktiv iştirak etmək daha asan olacaq.
4-cü nəsil texnologiyası üçüncü nəsil (3G) texnologiyasının daha da sürətlənmiş və inkişaf etdirilmiş halıdır. 4G, 3G texnologiyası sürətinin 70 qatına çıxa bilmək imkanına malikdir”.
Dünyada 4G-dən infomasiya, kosmos, hərbi və digər sahələrdə istifadə olunmaqdadır. Ekspert bildirir ki, ölkəmizdə adətən mobil telefonlardan bu texnologiyalardan istifadə olunmaqdadır:
“Bu texnologiyaların yayılması 3G dəstəkli telefonların satışına da ciddi şəkildə təsir göstərəcək”.
Ülkər Nəbiyeva
Gün.Az