Türk dillərinin kamusu

“Bu əsər təkdir, tək qalacaqdır. Türk dünyası Kaşğarlı Mahmudun adını hər zaman sayğı ilə anacaqdır”  (Bəsim Atalay)

Hicrətin 466-cı ilində (1072-3) yazılmış olan «Divanü luğat-it türk» türk dili xəzinələrini qoynunda daşıyan əski əsərlərimizin ən dəyərlilərindən biridir. Tanındığı zamandan bütün dilçilik dünyasının diqqətini üzərinə çəkmişdir. Bəsim Atalay bu ağır işi çiyinlərinə almış, bu önəmli, dəyərli əsəri türkcəyə çevirmiş, türk dilçiliyi üçün bir ərməğan bəxş etmişdir. Əsər Kaşğarlı Mahmudun yazdığı və ərəblərə türk dilini öyrətmək üçün türk kəlmələrini ərəb üsullarına görə sıralayıb anlamalarını başa salan bir əsərdir. Bu necə bir kitabdır və nə üçün yazılmışdır? –cavab belə başlanır: Hicrətin 3-cü əsrindən 10-cu əsrin ortalarına türkün altın-qızıl dövrü idi; bu dövrdə türklər bir yandan Çin sərhədlərindən – Pekin yakınlarından-Macarıstana və Avropaya, bir yandan da Quzey buz dənizlərindən Hindistanın və Ərəbistanın soyuq dənizlərinə, Sudana qədər böyük, qüvvətli hakimiyyət qurmuşlar. Özlərini tanıtmışlar, saydırmışlar. Türklüyün hökm sürdüyü və sözü keçdiyi, nüfuzunun yayıldığı bu geniş bölgələrdə türk dilinin də üstün tutulacağına, özləri kimi dillərinin də daha çox sayılacağına şübhə yoxdur. Məhz bu dövrlərdə «Kutadğu-Bilik», İbnü Mühənnanın lüğəti və s. əsərlər meydanda idi. Dövrün əsərləri arasında hər yöndən ən önəmli, hər baxımdan ən dəyərli əsər «Divanü Luğat-it-Türk»dür. Dövrün yazılmış əsərləri bu dəyərdən faydalanmaları heç şübhə doğura bilməz.

«Divanü luğat-it-Türk» türk dilləri k a m u s u deməkdir, bu kitab biçilməyəcək qədər dəyərlidir; bilgi dünyası bu kitaba çox önəm verməkdə və kitabı çox bəyənməkdədir. Tanrının adı ilə bu əsəri yazmağa başlayan M.Kaşğarlı göstərirdi ki, dərdlərini dinlədə bilmək və türklərin könlünü almaq üçün onların dilləri ilə konuşmaqdan başqa yol yoxdur. Bana sonsuz bir ün, bitmez, tükenmez bir azık olsun diye şu kitabımı-Tanrıya sığınarak- Divanü Lüğat-it-Türki «Türk dilleri kamusu» adını vererek yazdım (1, 4).

Kitab eşsiz sayılmaqdadır. Qədim əsərlərdən heç biri bu əsər qədər önəm qazanmamışdır.

«Divan»da bu gün bizim üçün «ölmüş» (dildə istifadədən qalmış) bir çox kəlmələr göründüyü kimi, o zamankı kültür və mədəni varlığın yüksəlişini göstərən faktorlar da çoxdur. Bundan başqa, kitabda türk fellərinin dili üzərində önəmli izahlar verilmiş, səs dəyişmələri, qrammatik hallar, dialekt fərqlənmələri və s. xüsusiyyətlər açıqlanmışdır. İstifadə edilmiş örnəklər- kəlmələr, cümlələr, beytlər və s. xüsusi qeyd olunmalıdır. Oxucu bu örnəklərdən yalnız o dövrün dil durumunu öyrənməklə kifayətlənmir, həmçinin türkün əski tarixini, ədəbiyyatını, yaşayışını, düşüncə tərzini də birlikdə öyrənir. Bu faydalardan başqa o zamankı coğrafi durum və bu durum üzərində ən doğru biliklər əldə edir. Yəni bu gün əski türkün varlığını, o dövrdəki dil özəlliklərini, tarix və mədəniyyətini, etnoqrafiyasını, həyatını, mübarizəsini, yaşadığı əraziləri, onların adlarını öyrənmək üçün «Divan» çox faydalı bir xəzinə sayıla bilər. Oxucu bu əsərdən qədim türklərin min ildən öncəki dil və düşüncələrini, durumlarını öyrəndikləri kimi, eyni zamanda islam mədəniyyət dünyasına qarşı hər zaman köksümüzü qabardacaq olan bir çox ödünc və güvənc mənbələrini də axaracaqlar. Min il öncə babalarımızın ipək parça daşıdıqlarını, yer üzünün əfəndisi olan türk əsgərlərinin qəhrəmanlığı ilə, türklərin qadınlara və uşaqlara və əlsiz-ayaqsızlara göstərdikləri hörmətlə də tanış olacaqlar. Bunlar sözügedən «Divan»la öyünməyə dəyər.

«Divan» ehtiyacdan doğdu: Kaşğardan qalxaraq türk ölkələrini birər-birər gəzərək, incələyərək könül bağlamış işi başa çatdırdı Mahmud Kaşğarlı: türkcəni öyrənmək istəyənlərə bu dili öyrətmək üçün; siyasət dili olan ərəbcənin türkcədən yüksək bir dil olmadığını sübut etmək üçün; türkcənin ərəbcə ilə atbaşı bərabər yürüdüyünü göstərmək, tanıtmaq və anlatmat üçün… Bəsim Atalay yazır ki, bizim Mahmud həm yüksək bir bilgin, həm də igid bir əsgərmiş. «Ben iyi silah kullanırım» dediyindən anlaşılan da budur.

«Divan»da ulu peyqəmbərimizin iki hədisinin verilməsi çox məna daşıyır. Birisi «Türk dilini öyreniniz, çünki onların egemenlikleri uzun sürəcəkdir», birisi də «Uca Tanrı, benim türk adlı ordum vardır, onları Doğuda oturttum. Kızdığım ulusun üzerine onları saldırtırım».

Ərəb dilinin və islam mədəniyyətinin hakim olduğu bir dövrdə M.Kaşğarlı ərəblərə türk dilini öyrətmək məqsədilə bu əsəri yazmış və dilimizin qüdrətini ortaya qoymuşdur (K.Timurtaş).

«Yaxşı bir filoloqdan M.Kaşğarlı türk dilinin quruluşu, o dövrdəki ləhcələri və onların xüsusiyyətləri barədə çox iş görmüşdür» (K.Timurtaş).

XI əsrdə müqayisəli planda yazılan, türkologiyanın bahadırı sayılan Mahmud Kaşğarlının «Divan»ı monqol istilası dövründə daha geniş miqyasda yayılmışdı. Bu istila dövründə türkdilli qəbilələr Çin sərhəddindən başlayaraq cənubi rus çöllərinə qədərki ərazidə dövlət quruluşunda həlledici rol oynayırdı. Bu dövrdə türk və monqol dillərinin öyrənilməsinə böyük ehtiyac hiss olunurdu. Çünki monqol dövlətinin himayəsi altında yaşayan məğlub xalqlar da bu dilləri öyrənmək məcburiyyətində idilər. Sonrakı dövrün abidələrindən bizə gəlib çıxan və olduqca mötəbər mənbə sayılan M.Kaşğarlının lüğəti əvvəlki abidələrlə əlaqəni, yaxınlığın dərəcəsini göstərən mənbədir. Bu əsər Azərbaycan dili üçün bir neçə cəhətdən qiymətlidir. Bir qiyməti ondan ibarətdir ki, həmin əsər ümumxalq Azərbaycan dili və xalqının formalaşdığı, yetikinləşdiyi bir dövrdə yaranmışdır.

Dilin bütün aspektləri-fonetika, leksika, morfologiya M.Kaşğarlı tərəfindən hələ XI yüzillikdə qeydə alınmışdı. Ona görə də onun özü haqqında dediyi aşağıdakı sözlər bugün tamamilə özünü doğruldur: «Mən elə bir kitab yazdım ki, ona müqabil kitab yoxdur. Mən sözlərin kökünü və hadisələrin səbəbini göstərdim. Ona görə ki, mənim əsərim hər bir dil qrupu üçün nümunə ola bilsin; mən əsası verirəm ki, bu əsas üzərində sözlər qurulur. Necə ki, dahilik, əllaməlik sadə həqiqətlərdən doğur» (1, 27-38).

Kitab M.Kaşğarlının özünün qeyd etdiyi kimi iki hissədən ibarətdir. Birinci hissə isimlərə, ikinci isə fellərə aiddir. «İsimləri fellərdən öncə yazdım; arxasından felləri gətirdim. Hər birini sırasına görə bölgülərə ayırdım.

«Divan» bir çox hissələri dilimizin tarixi inkişafında mühüm rol oynamış felin bir nitq hissəsi kimi mənaca inkişaf tarixinə həsr edilmişdir. Fellər əsas nitq hissələrindən biri olub, nitqin inkişafında lazımlı və əhəmiyyətli həlqə təşkil edir. Fel ən mühüm nitq hissəsi olub, dildə sözlərin böyük bir qrupunu təşkil edir. Fel cümlənin xəbəri rolunda işlənərək fikrin ötürülməsində mühüm əhəmiyyət kəsb edir. Fel cümlədə xəbər olduqda digər cümlə üzvlərini idarə etməklə öz ətrafına toplayır və cümlənin əmələ gəlməsinə kömək edir. Türk dillərində felin tədqiqi XI yüzillikdən, yəni Mahmud Kaşğarlı dövründən başlanır. Görkəmli türkoloqun tərtib etdiyi «Divanü-luğat it-türk» adlı əsərdə türk dillərinin fellərinə də geniş yer verilmişdir.

İndiyə qədər türk dillərinin fellərinin müqayisə və təhlili göstərir ki, ayrı-ayrı fellər özlərinin inkişaf prosesində qohum dillərdə paralel olaraq inkişaf etməmiş, həm struktur, yəni morfoloji və fonetik cəhətcə, həm də mənaca çox zaman elə olmuşdur ki, söz qismən öz fonetik örtüyünü dəyişməklə saitlərin düşməsi və qısalması, eləcə də uzun saitlərin və diftonqların yaranması nəticəsində öz fonetik tərkibini dəyişmiş, lakin həmin felin daşıdığı məna isə sabit qalmışdır. Hesablamalara görə M.Kaşğarlının «divan»ında 1389 fel işlənmişdir. Məlumdur ki, fellər lüğətin 2-ci cildində toplanmışdır. Q.Bağırovun hesablamalarına görə yalnız sadə və düzəltmə fellər deyil, əsərdə ən çox işlənən felin növləri də saya alınmışdır.

M.Kaşğarlı türk felinin bir çox səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirmişdir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

Fellərin quruluşu haqqında: Fellər iki, üç, dörd, beş, altı hərfli ola bilir. Fellərə sonradan eklenen hərflər ondur: a, e; t, r, s, ş, k, l, n, la, y. Bu hərflər kəlmələrə yeni mənalar vermək üçün istifadə olunur. Məs.: kubuz sözünə «a» nı artırmaqla «kubza» (ot çalmaq) feli yaranır. – la şəkilçisini k u ş, a v və k ı ş isimlərinə artırmaqla düzəltmə fel əmələ gətirilir: Beg k u ş l a d ı= Bey kuş a v l a d ı; Bek kendde k ı ş l a d ı= Bey şehirde k ı ş l a d ı (1, 22).

-ğ a n, – ğ e n şəkilçisi ilə düzəlmiş fellər: barağan (ol er ol evğe barağan= o adam evine çok gidendir; ol kişi ol bizğe keleğen= o adam bize çok gelendir (1, 24).

Məsdərlər: bardı, barır fellərindən barmak; keldi, kelir fellərindən kelmek məsdərləri yaradılır.

Fellərin məna növləri M.Kaşğarlı tərəfindən izah olunmuşdur. Məsələn, məchul feldən danışarkən «er ok attı» cümləsindən «ok atıldı» formasını əmələ gətirir. «Boz tokıdı»- «boz tokıldı»- məchul şəklində (1, s. 21).

Fellərin işlənmə məqamlarını müəyyənləşdirmişdir. Həmin məqamlar aşağıdakılardır:

•  bir işin icrasını diləmək (arzu etmək) üçün: suv içsedi= su içmək istədi; aş yeysedi=aş yemək istədi (1, 20).

•  bir işin iki şəxs tərəfindən görüldüyünü anlatmaq üçün: urdı=uruşdu; turdı=turuşdı; kalktı=kalkıştı (O, başkasıyla berabər ayağı kalktı (1, 20).

•  yenilməyi, əzilməyi və bir təsir altında qalmağı anlatmaq üçün: er açıkdı= adam açıktı; yılkı yutukdı= hayvan sürüsü kuraklıktan açıkladı, ölüm haline geldi (1, 21).

•  başqa kimsə karışmaksızın işleyiçinin bir işə qarışdığını anlatmaq üçün: ol yarmakın alındı= o, parasını kendi başına aldı; ol mendin tavarın kolundı= o, benden malını almak için üsteledi, istedi; o, benden kendi başına parasını almak istedi (1, 22).

«Divan»ın dil faktları göstərir ki, çox əski dövrldərdə məlum və məchul felləri ayırd edə bilməmişlər. Məsələn, «imlemez» feli məlum olduğu halda, mətndə məchul şəklində (işaret edilmez) mənasında işlənmişdir. Buradan anlaşılır ki, vaxtı ilə Türkcədə məlum fel saydıqları məchul yerində istifadə olunmuşdur. Məsələn, «al ile arslan tutulur, zorla oyuk bile tutulmaz» deməkdir. Buna başqa cür məna verilməz. Bu hala görə bu nümunədə «tutar» və «utmaz» felləri «tutulur», «tutulmaz» anlamlarına gelmişdir. Bu, faktın qədimliyi ilə bağlıdır. Yəqin etmək olar ki, belə nümunələr «Divan» yazılmazdan çox əvvəl yaşamağa başlamış olan sözlərdir. Bu ehtimal doğru olmasa, bu iki nümunədə özünü göstərən «tutar», «tutmaz» və «imlemez» fellərinin failləri atılmış olmalıdır.

Cahid İsmayıloğlu
Gazi Üni. Fen Edebiyat Fak. Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü, Ankara, 2008.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
13 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

13
0
Would love your thoughts, please comment.x
()
x