Şimali Kiprdə təntənəli Novruz bayramı təşkil edilib

Şimali Kiprdəki Girnə Amerika Universitetində (GAU) Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib

GAU-nun dəstəyi, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşkilatçlığı ilə baş tutan tədbir Novruz tonqalının alovlandırılması, dəmirin döyülməsi və yumurta döyüşü mərasimləri ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan AKDC sədri Orxan Həsənoğlu qonaqları salamlayıb. Bayram münasibətilə qonaqları təbrik edən sədr türk xalqları üçün böyük əhəmiyyət kəsb edən, Ergenekondan çıxışın rəmzi olan Novruzun və onun ənənələrinin milli-mənəvi dəyərlərimizin qorunmasına töhfəsindən danışıb.

Tədbirdə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, GAU-nun qurucu rektoru Sərhat Akpınar, Azərbaycan Milli Məclisinin üzvü Vüqar İsgəndərov, Şimali Kipr Türk Respublikası Parlamentinin sədri Zorlu Törə, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, nəqliyyat və rabitə Naziri Ərhan Arıklı, Türkiyə-Şimali Kipr Türk Respublikası parlamentlərarası dostluq qrupunun sədri Orhan Erdem çıxış ediblər. Novruz bayramının əhəmiyyətindən danışan natiqlər bildiriblər ki, sülh, barış, dostluq, nikbinlik və bərəkət rəmzi olan Novruz ümumbəşəri dəyərləri ilə hər zaman yaşayacaq və insanlara sevinc bəxş edəcək.

Musiqili-əyləncəli proqramla davam edən tədbir Ankara Dövlət Universiteti Konservatoriyasının tələbəsi, gənc müğənni Nigar Rəhimovanın ifası ilə yekunlaşıb.

Qeyd edək ki, tədbirdə Azərbaycan Milli Məclisinin üzvü Naqif Həmzəyev, Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış, Türkiyənin Lefkoşadakı səfiri Əli Murad Başçeri və digər tanınmış şəxslər iştirak ediblər.

“Kredo” qəzeti