Yeni dünya nizamı və Azərbaycan diasporu

Gün keçdikcə sürətlə kiçilən dünyada çalışqan xalqların rolu daha qabarıq görünməkdədir. Yaşı bilinməyən Azərbaycan mürəkkəb mərhələlərdən keçdi, həyati çağırışlara sinə gərdi, tarixin sınağından üzüağ çıxdı. Artıq bizim üçün yeni dünya nizamı ilə ayaqlaşmaq, ona uyğunlaşmaq çətin deyil, olmayacaq da! Yeni dünya nizamının bu mərhələsində Azərbaycan daha qüdrətli və demokratik dövlətçilik nümunəsi göstərir.

Dövlətin öz xarici siyasətini uğurla həyata keçirməsi üçün diasporun rolu əhəmiyyətli dərəcədə böyükdür. Diaspor və xarici siyasət ilk baxışdan bütöv halında anlaşılsa da, əslində, birinin başladığı yerdə digərinin işi bitir. Hətta bir çox hallarda diaspor xarici siyasətin təkanverici gücünə çevrilir. Xarici siyasət gözlə görünən, diaspor isə daha çox hiss edilən siya­si amillərdir. Bu səbəbdən dövlətçiliyin inkişafında dias­por hər zaman çox mühüm rol oynayır, potensialı mühüm önəm daşıyır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən bugünə kimi diaspor siyasətinin tarixini üç mərhələyə bölmək müm­kündür: quruculuq dövrü (1991-2002), formalaşma və hərəkətli dövr (2002-2018), səmərəli dövr (2018-2021).

Bu dövrlər ərzində forma­laşan Azərbaycan diasporu mərhələli şəkildə müəyyən yol keçmiş, dəyişmiş, böyümüş, dövlətçiliyimizin inkişafında mühüm amilə çevrilmişdir. İlk olaraq xaricdə yaşayan soydaş və ya həmvətən anlayışları, daha sonra qurulan təşkilatlar, for­malaşan icmalar və nəhayət, mütəşəkkilləşən koordina­siya şuraları öz təsdiqini tapmışdır.

Diasporda insan amili

Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır. Elə məhz bu səbəbdən dövlətimiz harada yaşamasından, milliyətindən asılı olmayaraq, təməlində Azərbaycançılıq ideyası olan hər kəsi sahibləndi. Beləcə diasporumuzun təməlində dayanan xaricdə yaşayan soydaş, həmvətən anlayışı bu ideyanın özülünü təşkil etdi. Deməli, Azərbaycan diasporunun da mərkəzində eyni qaydada insan amili da­yanır. Məhz diaspor tarixinin səmərəli dövründə (2018- 2021) insan amili üstün tutulmağa başlandı, xaricdə yaşayan hər bir soydaşla və həmvətənlə tək-tək iş aparıl­dı. İndi daha dərin axtarışlar aparılır, yeni insanlar kəşf edilir.

Diasporda insan ami­li daha çox keyfiyyət və kəmiyyətin üst-üstə düşməməsi problemi ilə bizi düşündürür. Xaricdə yaşayan azərbaycanlıların dəqiq sayı barədə rəqəmlər müxtəlifdir və bu, hələ də məlum deyil. Bu səbəbdən hər hansı bir rəqəm səsləndirməyi gərək bilmirəm. Ancaq müasir texnologiyalar, sosial media, internet üzərindən müəyyən statistik rəqəmlər geniş təsəvvür yaratmağa imkan verir. Araşdırmalar, axtarışlar, tapıntılar sübut edir ki, bu rəqəm bizim üçün hələ “son­suzdur”. Yəni bizim üçün pri­oritet keyfiyyəti yüksəltmək, aktivliyi artırmaq, şərti olaraq “sonsuz” adlandırdığımız sayın sərhədlərini maksimum həddə çatdırmaqdır.

Azərbaycan diasporunun yeni informasiya strategiyası

XX əsrin sonlarında əhəmiyyətli informasiya partlayışı ilə üzləşəcəyimiz fikrini söyləyəndə və XXI əsr informasiya əsridir dediyimizdə yanılmamışıq. İndi informasiya yeni dünya nizamının formalaşmasını şərtləndirir və bu əsasda xalqların, dövlətlərin sıx əməkdaşlıq şəraitində, ümu­mi prinsiplər əsasında yeni formatda fəaliyyət göstərməsi dövrü başlayır. Özümüzü təsdiq etdiyimiz, söz sahibi olduğumuz yeni dünyanın informasiya siyasəti ilə ayaq­laşmaq indi bizim üçün daha önəmlidir.

Qloballaşmada dünya kiçilir, vahid məkana çevrilir. İnformasiya siyasəti dövlət siyasətinin tərkib hissəsi olmaqdan çıxır, yeni dünya nizamının şərtlərinə uyğunla­şır. Buna görə də informasiya sahəsində daha fərqli siyasət aparılması zərurəti meydana gəlir. Bu siyasəti dəyişmək üçün dövlətlər müxtəlif zamanlarda fərqli metodlar tətbiq edib. İndi isə yeni əsrin diktə etdiyi metod texnoloji metoddur. Demək olar ki, bu yeni metod ənənəvi metodları sıradan çıxarmış və zaman­la onların yerinə keçmişdir. Çünki yeni texnologiyaların mövcud olduğu şəraitdə nəzəri və təcrübi olaraq hər hansı bir metod tətbiq etmək mümkün deyil.

Beləliklə, yeni dünya nizamı yeni mənzərə forma­laşdırıb. Bu nizamın infor­masiya siyasəti həlqəsindəki vəziyyət dövlətin müxtəlif addımlar atmasını zərurətə çevirir. Dayanıqlı siyasətin təmin oldunması üçün ölkəmiz adına yeni yanaşma, yeni baxış və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi vacib şərtdir.

O ki qaldı, Azərbaycan diasporunun informasiya strategiyasına, bu strategiya dövlətin tətbiq etdiyi ümumi strategiyadan heç bir halda kənarda qala bilməz. Zaman­la formalaşmış milli informa­siya məkanı, ortaq informasi­ya mühiti dünyanın harasında yaşamasından asılı olmaya­raq bütün azərbaycanlıları əhatə edə biləcək.

Azərbaycan diasporunun hədəfləri

Dövlət müstəqilliyimizin bərpasından sonra dünya azərbaycanlılarının birliyi­nin və həmrəyliyinin aşkar rəsmi siyasət səviyyəsində dəstəklənməsi, hələ di­aspor siyasətinin tarixi mərhələlərinin ilk anların­dan etibarən Azərbaycan diasporunun konkret hədəflərinin nə olduğunu bəyan etdi. Səmərəli dövr (2018-2021) mərhələsində müxtəlif ölkələrdə diaspor təşkilatlarının fəaliyyətinin güclənməsi və mütəşəkkil forma alması üçün onların vahid mərkəzdə birləşməsi zərurəti elə bu minvalla real­laşdırılır, mütəmadi olaraq di­aspor təşkilatları birləşməyə və koordinasiya şuraları çərçivəsində fəaliyyətə təşviq edilir.

Diaspor təşkilatları möv­cud koordinasiya şuralarının çətiri altında ölkəmizin mənafeyinə zidd olan addım­lara daha operativ adekvat cavab verməklə mühüm işlər görür və nəhayətində diasporumuz ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan məsələlərə təsirli reak­siya verir. Artıq sübut olundu ki, birgə və koordinasiyalı fəaliyyətə alternativ yoxdur və bu gün Azərbaycan dias­porunun qarşısında duran əsas hədəf də elə budur. Biz buna tam nail olacağıq.

Vətən müharibəsinin başlanmasında qığılcım rolunu oynayan Tovuz hadisələrindən sonra dünya­nın hər yerində soydaşlarımı­zın kütləvi etiraz dalğası birlik və həmrəylik zərurətinin daha dərindən dərk olunmasına gətirib çıxardı. Azərbaycan Ordusunun 44 günlük müharibədə tarixi Qələbə əldə etməsinin dərin qatların­da dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin payı olmaqla yanaşı, diaspor cəbhəsində mövqelərimizi gücləndirdi, qalib xalqın dias­poru reallığını yaratdı. Xalqı­mızın erməni vandalizminə qarşı mübarizəsi və dünya birliyinin buna göz yum­ması fonunda formalaşan həmrəyliyimiz milli təhlükə qarşısında birləşməyin böyük təcrübəsini bizə yaşatdı.

Cahid KAZIMOV,

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Təbliğat, informasiya və analitik təhlil şöbəsi, informasiya texnologiyaları və texniki təchizat sektorunun müdiri

Xalq qəzeti, 7 avqust 2021-ci il, şənbə

“Kredo” qəzeti