AZƏRBAYCANIN DİASPOR TARİXİNDƏ GENİŞMİQYASLI YENİ MƏRHƏLƏ: NƏTİCƏLƏRƏ QISA NƏZƏR

Artıq diaspor quruculuğu sahəsində dövlət siyasətinin məqsədinin yalnız xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin milli xüsusiyyətlərini qorumaqdan, inkişaf etdirməkdən, Azərbaycanla əlaqələrini möhkəmlətməkdən ibarət olmadığını zaman diqtə edir.

Son üç ildə Azərbaycan diasporunun tarixində daha genişmiqyaslı yeni mərhələnin əsası qoyuldu. Bütün dünyada yaşayan azərbaycanlıların birləşdirilməsi, diaspor təşkilarının koordinasiyalı fəaliyyətinin təşkili, təşkilatların mütəşəkkil fəaliyyətinin qurulması üçün silahlandırılması, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın, həmvətənimizin yanında olmaq, onların sosial və digər problemlərindən xəbərdar olmaq, həlli istiqamətində konkret addımlar atmaq, qanunvericilik bazasının təkmilləşdirilməsi, maarifləndirmə, inteqrasiya, sosial və mədəni fəallığın artırılması istiqamətində tədbirlər, innovasiyaların, yüksək texnologiyaların diaspor quruculuğu prosesinə tətbiqi, milli informasiya məkanını formalaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühitinə çevirmək, xaricdə yaşayan azərbaycanlılarla, eləcə də onların təsis etdiyi diaspor təşkilatları ilə kəsintisiz əlaqənin qurulması qarşıda duran əsas vəzifələrdən olmuşdur.

Bu vəzifələrin qısa müddətdə icrası Azərbaycan diasporunun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə və ən əsası vətənlə əlaqələrin tamamilə qırılmaq, yox olmaq təhlükəsinin sovuşmasına, vaxt keçdikcə daha da möhkəmlənməsinə səbəb oldu. Əldə edilmiş nailiyyətlər, eyni zamanda dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə, onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələrinə zəmin yaratdı.

Bununla da Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başlandı.

BİRGƏ VƏ KOORDİNASİYALI FƏALİYYƏTƏ ALTERNATİV YOXDUR

Müxtəlif ölkələrdə diaspor təşkilatlarının fəaliyyətinin güclənməsi və mütəşəkkil forma alması üçün onların vahid mərkəzdə birləşməsi zəruridir. Bu sahədə əhəmiyyətli addımlar atılıb, proses hələ də davam edir. Bu gün 27 ölkəni əhatə edən 13 koordinasiya şurası fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq diaspor təşkilatlarını birləşməyə və koordinasiya şuraları çərçivəsində fəaliyyətə təşviq edir. Diaspor təşkilatları mövcud koordinasiya şuralarının çətiri altında ölkəmizin mənafeyinə zidd olan addımlara daha operativ adekvat cavab verməklə mühüm işlər görür və nəhayətində diasporumuz ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan məsələlərə təsirli reaksiya verir. Keçən üç il ərzində sübut olundu ki, birgə və koordinasiyalı fəaliyyətə alternativ yoxdur.

AZƏRBAYCANLILAR MİLLİ İNFORMASİYA MƏKANINDAN KƏNAR DÜŞMÜRLƏR

Birgə və koordinasiyalı fəaliyyətin təmin olunması istiqamətində qarşıda duran ən mühüm vəzifələrdən biri də milli informasiya məkanını formalaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühitinə çevirməkqlobal informasiya resurslarına çıxışı təmin etməkdir. Bu gün dünyanın 156 ölkəsi ilə Diasporla İş üzrə Dövlət Komitəsini və bilavasitə Azərbaycan diasporunu özündə birləşdirən informasiya mühiti yaranmış, yeni texnologiyaların yaratdığı münbit şərait ilə günü-gündən əhatəsi genişlənməkdə, təsir imkanları güclənməkdədir. Bir sözlə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar coğrafi məkandan – Vətəndən ayrı qalsalar da milli informasiya məkanından kənar düşmürlər.

Bütün bunlarla yanaşı xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkənin cəmiyyətinə uyğunlaşması və inteqrasiyası, sosial və mədəni fəallıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir.

SOYDAŞLARIMIZ ÜÇÜN ÜMİD YERİ

Bu gün dünyanın 10 ölkəsində daha çox azərbaycanlının yaşadığı şəhərlərdə 13 Azərbaycan evi fəaliyyət göstərir.

Azərbaycan Evləri xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında və birliyində mühüm rol oynayır, bəzən də çətinliklərlə üzləşən soydaşlarımız üçün ümid yeri olmaqdadır.  Soydaşlarımızın problem və qayğıları, onların birliyi və təşkilatlanmasıdakı mövcud vəziyyətlə kompleks halında diqqətə alınır.

“Türkiyə-Azərbaycan” jurnalı, SAYI: 1 (9) / 2021

“Kredo” qəzeti