Mitinqə dünyanın 30-dan çox diaspor təşkilatı dəstək verib
Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarnın təşəbbüsü ilə fevralın 22-də Almaniyanın paytaxtı Berlində Ümumavropa Qarabağ mitinqinin keçirilməsi planlaşdırılır. Bakı vaxtilə 16:00-da Brandenburq qapıları deyilən ərazidə yerləşən Paris meydanında keçiriləcək mitinq “Xocalıya ədalət” kompaniyası çərçivəsində baş tutacaq.
Bunu REAL-a açıqlamasında Diasporlarla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid İsmayıloğlu bildirdi.
Eyni zamanda bu mitinqdə soydaşlarımız gəldikləri ölkələrin dillərində çıxışlar edib, şüarlar səsləndirəcəklər. Cahid İsmayıloğlunun sözlərinə görə ölkəmizin diplomatik sahədə uğurları bu mitinqin keçirilməsi ilə üst-üstə düşməsi mitinqə ruh gətirir. Mitinqin daha çox işıqlandırılması və daha geniş kütləyə çatdırılması üçün informasiya təminatında da yeniliklərdən itifadə olunacaq.
Belə ki, informasiya texnologiyalarının bütün imkanları, o cümlədən sosial şəbəkələr səfərbər olunub.
Adətən bu cür aksiyaları Ermənistan mətbuatı da müşahidə edir və orada müəyyən boşluqlar axtarmağa çalışırlar. Cahid İsmayıloğlunun sözlərinə görə bu aksiya maksimum işıqlandırılacaq və şüarların effektivliyi nəzərdən keçiriləcək ki, Ermənistan tərəfinin hər hansı təxribata əl atması mümkün olmasın. Digər tərəfdən aksiya iştirakçılarının Diaspor təşkilatları tərəfindən təlimatlandırılması bu cür təxribatların qarşısını alacaq.