Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel” sərgi və konfransı çərçivəsində “Bakutel Tech Talks” tədbirinin “Bizimkilər” adlı sessiyası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, sessiyanın adını şərtləndirən amil dünyaca məşhur olan xarici IT şirkətlərində çalışan həmvətənlərimizin spikerlər qismində çıxış etmələri ilə bağlı idi. “Bizimkilər” sessiyasının məqsədi tədbirə toplaşan auditoriyanı nəhəng beynəlxalq IT şirkətlərinin təcrübəsi, eləcə də sənaye yenilikləri və istehsal sirləri ilə tanış etmək idi. Zaur Fətəliyev (baş mühəndis, LG Electronics, Koreya) “Kompüter obrazlarının tanınması üzrə kompleks təlim”, Elçin Əsgərli (proqram təminatı üzrə mühəndis, Google, ABŞ) “Müasir kompleks proqram təminatı mühəndisliyi”, Maral Qurbanzadə (tədqiqatçı, Leyden Kompüter Elmləri İnstitutu (“LIACS”), Niderland Krallığı) “Sosial robotlar, onların layihələndirilməsi üzrə təmayüllər, eləcə də sosial robotların qlobal bazara daxil edilməsinin mümkün nəticələri” və Tağı Əliyevin (doktorant, “CERN” (Avropa Nüvə Tədqiqatları Təşkilatı) “Süni İntellekt tibdə və elmdə: Bilinən bilinməyənlər, süni intellektin məhdudiyyətləri və mümkün gələcəyi” mövzularında məruzələri dinlənilib. Sessiya Rüstəm Həşimovun (proqram təminatı üzrə baş mühəndis, Facebook, ABŞ) “Onlayn platformalarda individual tövsiyə sistemləri: Müasir dövrdə proqram təminatının işlənib hazırlanması və onun nəticələri üzrə praktiki nümunənin araşdırılması” məruzəsi ilə yekunlaşıb.
“Bakutel Tech Talks” proqramı “Baxış bucağınızı bizimlə IT-iləyin” şüarı altında panel müzakirələrlə davam edib. Burada əsas ideya teleradio yayım, nəqliyyat, təhsil və turizm kimi müəyyən sahələrdə tələb olunan IT texnologiyalar və həll variantlarıdır. Tədbirin məqsədi rəqəmsal innovasiyaların istehlakçıları və təchizatçıları arasında dialoq qurmaqdır. Birinci mövzuda televiziya texnologiyalarının inkişaf vektorlarına toxunulacaq. Sessiyanın moderatoru qismində AvtoStop layihəsinin müəllifi Tural Yusifov, müzakirələrdə isə KATV1 yeni layihələrin gəlişdirməsi şöbəsinin müdiri Əli Əliyev çıxış edəcək.
Daha sonra müzakirələr spikerlər Ramin Bayramov (İnformasiya təhlili və informasiya texnologiyaları şöbəsinin müdiri, Dövlət Avtomobil Nəqliyyatı Xidməti), Samir Kərimov (189 Taksi Xidmətinin icraçı direktoru) iştirakı ilə “Nəqliyyat sahəsində IT texnologiyaları” paneli çərçivəsində aparılacaq.
“Təhsil sahəsində IT texnologiyaları” adlı panelin moderatoru Cahid İsmayıloğludur. Burada isə əsas spikerlər Vüsal Xanlarov (Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi), Araz Yusubov (İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı, ADA), Tatyana Mikayilova (Edutainment.az həmtəsisçi) və Anar Məmmədovdur (Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini).
“Turizm sahəsində IT texnologiyaları” – dördüncü paneldə Nigar Arpadarai (F1 Azerbaijan GP Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri) moderatorluq edəcək. İldırım Qəmbərov (baş direktorun müavini, Pasha Travel), Məhəmməd Muradov (Dövlət Turizm Agentliyinin Turizm siyasəti şöbəsinin rəhbəri), Rüfət Bağırovun (Bakı Turizm İnformasiya Mərkəzinin direktoru) mövzu ilə bağlı məruzələri dinləniləcək.
“Bakutel Tech Talks” öz işini “Startap-dan böyük biznesə” sessiyası ilə davam etdirəcək. Startap və gənc iş adamlarının dəvət olunduğu bu sessiyada təcrübəli məruzəçilər dinləyiciləri istənilən ideyanı reallaşdırmağın mümkün olması xüsusunda əmin etməyə çalışacaqlar. Sessiyanın ilk parlaq çıxışı biznesin qurulması və startapların işə başlaması sahəsində tanınmış ekspert, habelə iri investor və sahibkar, İsraildə bir neçə biznes-akseleratorların və beynəlxalq innovasiya mərkəzlərinin rəhbəri Tala Katranın məruzəsi olacaq. O, həm ən müxtəlif texnologiyalar sahəsində nəhəng yüksək texnoloji şirkətlərin, həm də ilkin mərhələdə olan startapların idarə edilməsi sahəsində böyük təcrübəyə malikdir.
Sessiyanın maraqlı məruzəçiləri arasında Cavid Məmmədov (Sumaks Technologies MMC-nin direktoru), Fərid Pərdəşünas (“Technote Media və Hotbots Robotics”in təsisçisi) və PictoFy şirkətinin proqram təminatının işlənib hazırlanması üzrə gənc mütəxəssis Məqrur Rzayev də olacaqlar.
Bütün məruzələrin əsas ideyası “startap” sisteminin necə işlədiyinin və ideyadan işlək olan biznesə qədər “startapların” düzgün qurulma qaydalarının izah edilməsidir. Bu sessiya ideyalar tapmaq, yoxlamaq və həyata keçirmək, onlardan qazanc əldə etmək, ideyaların paylaşılmasının əhəmiyyəti və ideyanın oğurlanmadan necə paylaşılacağı barədə məlumat almaq istəyən şəxslər üçün tapıntı olacaq.
Beləliklə, “Bakutel Tech Talks” proqramında sənayenin ən aktual məsələlərinə toxunulacaq və tədbir ideya rəhbərləri ilə müzakirələr üçün müasir təmayüllü platformaya çevriləcək.