Yeni nəsil şəxsiyyət vəsiqələrinin üstünlüyü çoxdur – Ekspertlər prezidentin fərmanını yüksək qiymətləndirdi

Sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq. Bununla bağlı artıq hazırlıq işləri də başa çatıb. Yeni şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu, barmaq izləri və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı yerləşdiriləcək.

Yeni vəsiqələrin üstünlükləri ilə bağlı “Sherg.az”-a danışan ekspertlər də ideyanı təqdirəlayiq hesab edirlər.

İKT üzrə ekspert Cahid İsmayıloğlu bildirib ki, bundan sonra elektron vətəndaşın formalaşması prosesi daha da sürətlənəcək:

“Yaddaş daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin bir özəlliyi də onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatlar daxil edilib və vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək. Bu ideya çoxdan var idi. Yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ən əsas elektron imzanın kütləviləşməsinə kömək edəcək, beləcə elektron vətəndaşın formalaşması prosesi sürətlənəcək, ölkədə elektron xidmətlərdən istifadənin daha da genişlənməsinə gətirib çıxaracaq”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də yeni şəxsiyyət vəsiqələrinin hazırlanmasını kifayət qədər əhəmiyyətli hadisə kimi dəyərləndirir:

“Çünki yeni şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) də olacaq və bu çipə vətəndaşla bağlı standart məlumatlardan əlavə onun elektron imzası ilə əlaqəli məlumatlar da daxil ediləcək. Bu isə ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi ilə elektron hökumət quruculuğunun güclənməsinə, informasiya cəmiyyətinin formalaşmasının sürətlənməsinə və vətəndaş aktivliyinin artmasına xeyli müsbət təsir göstərəcək. Eyni zamanda məlumdur ki hazırda, ümumiyyətlə elektron imza sahəsində ölkədə rəqabətli mühit yoxdur.

Məhz bu baxımdan da, ASAN imzanın operatoru mobil operatorlarla separat sövdələşmə apararq ASAN imzanın aylıq abunə haqlarını bu aydan etibarən əsassız olaraq 150% qaldırlıb. Fikrimcə, vəsiqələrdəki elektron imza da bu sahədəki vəziyyətin dəyişməsinə müsbət təsir göstərəcək. Yeni şəxsiyyət vəsiqələri ilə bağlı Prezidentin 5 il öncə verdiyi Fərman var. Həmin Fərmanla təsdiqlənən Əsasnaməyə görə şəxsiyyət vəsiqəsinin verilməsi və məlumatların elektron daşıyıcısına daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi ilə bağlı yeni Qaydalar müəyyən olunub”.

0 0 votes
Article Rating
4 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti