“Dövlət Təhlükəsizlik Xidməti (DTX) kibercinayətkarlığın qarşısını almaq üçün fərqli metoddan istifadə edib”.
Bu barədə “Sherg.az”a Azərbaycanda kibercinayətkarlıqla mübarizə tədbirləri haqqında danışarkən İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlu bildirib.
O diqqətə çatdırıb ki, dünyada hər keçən gün elektron bankçılığa qanunsuz və əsassız müdaxilələrin edilməsi faktları artır:
“Göründüyü kimi, bu, ölkəmiz üçün də aktuallığını qoruyub saxlamaqdadır. Qeyd edim ki, kibercinayətlərin metodları və vasitələri günü gündən dəyişir və inkişaf edir. Hər gün yeni bir kibercinayətkarlıq metodunun şahidi oluruq. Dövlət Təhlükəsizlik Xidmətinin uğurla həyata keçirdiyi əməliyyat nəticəsində üstü açılmış bu kibercinayət indiyə kimi görünməmiş bir metoddan istifadə edilərək reallaşdırılıb. Çox hiyləgərcəsinə qurulmuş planda texniki metodlarla yanaşı, müxtəlif bank quruculuğundakı mövcud təcrübə və boşluqlardan da istifadə edilib. Bu yolla şübhə çəkməmək, gözə görünməmək, iz buraxmamaq məqsədi güdülüb. Yarımtexniki həyata keçirilmiş kibercinayət də adlandırmaq olar. Eyni zamanda bu kiberciyanətin xaricdən də idarə edilməsi böyük ehtimaldır”.
Qeyd edək ki, 2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub. Bu məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb.
Aysel Aslan