Cahid İsmayıloğlu: “Ermənistanda informasiya texnologiyalarının vəziyyəti heç də qənaətbəxş səviyyədə deyil”
“Sarkisyan da onların imkanlarına güvənərək belə iddialı danışır”
Erməni mətbuatının yaydığı məlumata görə, Ermənistan prezidenti Armen Sarkisyan Dünya İnformasiya Texnologiyaları və Xidmətləri İttifaqının (WITSA) prezidenti Ivon Chun və baş katib Jim Poyzantı qəbul edib. Tərəflərin görüşü zamanı 2019-cu ildə İrəvanda keçiriləcək İnformasiya Texnologiyaları üzrə Dünya Konqresinin (WCIT) təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Prezident Sarkisyan qeyd edib ki, guya informasiya texnologiyaları sahəsi Ermənistan iqtisadiyyatının prioritetlərindən biridir və böyük inkişaf potensialına malikdir. İ.Chun, öz növbəsində, qeyd edib ki, Dünya İnformasiya Texnologiyaları və Xidmətləri İttifaqı Ermənistan hökuməti ilə sıx əməkdaşlıqda maraqlıdır.
Burada diqqətçəkən məqam Ermənistan prezidentinin guya ölkənin bu sahədə böyük inkişaf potensialına malik olması ilə bağlı iddiasıdır. A.Sarkisyanın hansı potensiala əsaslanaraq belə fikirlər səsləndirməsi məlum deyil. Nəzərə almaq lazımdır ki, Ermənistan Cənubi Qafqazda ən aşağı iqtisadi göstəricilərə malik ölkədir. Ölkə iqtisadiyyatı Serj Sarkisyanın prezidentliyi dövründə əhəmiyyətli dərəcədə geriləyib. İnformasiya texnologiyaları sektoru elə bir sahədir ki, onun inkişafı üçün böyük sərmayə lazımdır. Ermənistanın özünün belə bir imkanı yoxdur. Xarici sərmayədarlar da ölkəyə bununla bağlı investisiya qoymaqda maraqlı deyillər. Belə olan halda, Sarkisyanın Ermənistanın informasiya texnologiyaları sahəsinin böyük inkişaf potensialına malik olması ilə bağlı səsləndirdiyi fikirlər nə dərəcədə həqiqətə uyğundur?
Məsələyə münasibət bildirən İKT sektoru üzrə ekspert Cahid İsmayıloğlunun sözlərinə görə, Ermənistanda informasiya texnologiyalarının vəziyyəti heç də qənaətbəxş səviyyədə deyil: “Sadəcə olaraq Ermənistan xaricdən konkret olaraq bu istiqamətdə müəyyən dəstək alır. O üzdən, A.Sarkisyan buna güvənərək belə iddialı danışır. Məsələn, ABŞ-da qondarma “erməni soyqırımı” haqqında internet saytlarının yaradılması və onların təbliğ edilməsi ilə bağlı xüsusi mərkəzlər mövcuddur. Nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatlar informasiya texnologiyaları sahəsində ən irəlidə gedən ölkədir. Eyni zamanda, bu texnologiyaların ən son nailiyyətlərindən istifadə edirlər. ABŞ-da erməni diasporu tərəfindən idarə olunan bu mərkəzlər konkret olaraq Ermənistanın özündə görüləcək işləri elə orada olan mərkəzlərdən idarə edirlər. Ona görə də onlar bir çox hallarda həmin imkanlardan istifadə edərək qondarma “soyqırım”ı təbliğ edirlər. Sarkisyan da onların imkanlarına güvənərək belə iddialı danışır. Ermənistanın iqtisadi imkanları o səviyyədə deyil. Başqa bir tərəfdən, Rusiyada bu sahədə ixtisaslaşmış mərkəzlər var. Bu mərkəzlərin bir çoxuna erməni mənşəli şəxslər rəhbərlik etdiyi üçün, onlar birbaşa olaraq Ermənistana yardım edirlər. Yəni erməni dövlətinin edə bilmədiyini onlar edirlər. Bütün səslənən fikirlər bundan qaynaqlanır. Yoxsa Ermənistanın özünün belə bir imkanı yoxdur”.
Vidadi ORDAHALLI