www.cavid.gen.az saytı 10 ildir ki, fəaliyyət göstərir
2012-ci il 24 oktyabr tarixində görkəmli filosof şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 130 ili tamam olur. Hüseyn Cavid öz yaradıcılığı ilə XIX və XX əsrlərdə böyük şöhrət tapmış simalardandır. Onu haqlı olaraq zamanın güzgüsü adlandırırdılar. Və bu güzgü bir çox mənfi ünsürlər tərəfindən sındırılmağa cəhd göstərilsədə bu cəhdlər puça çıxdı. Çünki dahi sənətkar artıq bütün reallıqları öz güzgüsündə əks etdirməyə müvəffəq olmuşdu.
Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. “Gözəllik naminə, sevgi naminə” yazan böyük sənətkar neft buruqlarından və dəniz qəhrəmanlarından, tarlada səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi, eləcə də qaldı.
Hüseyn Cavidə həsr edilmişdir veb sayt artıq 10 ildir ki, fəaliyyət göstərir. Sayta www.cavid.gen.az ünvanından daxil ola bilərsiniz. Saytda ilk dəfə olaraq Hüseyn Cavidin bütün əsərləri yerləşdirilmişdir. Şerlər, poema, dram əsərləri bölmələri altında qruplaşdırılmış əsərləri tam və aydın şəkildə saytda tapa bilərsiniz. Cavid haqqında müxtəlif şəxslərin yazdığı məqalələri də saytın “Cavid haqqında” bölməsində əldə edib oxuya bilərsiniz. Saytda Hüseyn Cavidin “Keçmiş günlər”, “Müxtəlif şerlər”, “Bahar şəbnəmləri” başlıqları altında toplanmış şerlərini, “Azər poemasını”, “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dram əsərlərini tam şəkildə əldə edib oxuya bilərsiniz.
Cahid.info