“Elektron hökumət” zamana, vəsaitə qənaətdir

Müasir texnologiyanın inkişafı nəticəsində meydana çıxan kompüter, internet və “ağıllı” telefonlar sadəcə iş həyatımızı deyil, gündəlik yaşayışımızı da asanlaşdırıb. Təbii olaraq texnologiyanın üstünlükləri dövlət işlərindən də yan keçməyib. Əvvəllər bir məktubu, hansısa müraciəti lazımi ünvana çatdırmaq üçün saatlarla növbədə gözləmək məcburiyyətində qalırdıq. Vacib sənədi əldə etmək üçün qarda, qışda neçə kilometrlərlə yol qət edərək min-bir əziyyətə qatlaşırdıq. Bəzən isə əziyyətimiz boşa çıxır, işimizi həll etmədən kor-peşman geri dönürdük. Ancaq texnikanın inkişafından sonra belə işlər üçün saatlarla vaxt itirməyə ehtiyac qalmadı.
Artıq “elektron hökumət” sisteminin verdiyi üstünlüklərdən faydalanaraq dövlət işlərimizi asanlıqla həll edə bilirik. Demək olar ki, hər bir əməliyyatı evdə kompüter arxasında, ya da “ağıllı” telefonlar vasitəsi ilə qısa zaman ərzində həyata keçirə bilərik. Bu üstünlüyü bizə verən elektron hökumət portalı – “www.e-gov.az” vətəndaşların dövlət orqanları ilə əlaqələrinin daha rahat baş tutması üçün bütün imkanları özündə cəm edib. Hazırda “elektron hökumət” portalına 39 dövlət orqanının informasiya sistemləri qoşulub. Bu qurumların 200-dən artıq elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunub. Elektron hökumət modeli siyasi-ictimai inkişafından tutmuş, həyat standartlarının və demokratiyanın yüksəldilməsinə kimi saysız-hesabsız faydalara malikdir.

“Elektron Hökumət”lə bağlı dövlət proqramları

Azərbaycanda “elektron hökumət”in tətbiqi qısa dövrə təsadüf edir. Son 4-5 il ərzində dövlət qurumları beynəlxalq təcrübəyə əsaslanaraq “elektron hökumət”in genişmiqyaslı yayılması istiqamətində fəaliyyət göstərirlər. Xüsusən, Prezident İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində “elektron hökumət” ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına şərait yaradır. Dövlət başçısının prosesin icrasını bilavasitə nəzarətdə saxlaması şəffaflığın təmin olunmasını və informasiya tələbatının dolğun ödənilməsini təmin edir. Ölkə rəhbərinin “Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” haqda Sərəncam verməsi bu sistemin kütləvi tətbiqində mühüm rol oynayıb. Dövlət başçısının 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı “elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin inkişaf etdirilməsi prosesinin daha geniş vüsət almasına xidmət edib. Prosesin davamı olaraq 2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsinə dair Dövlət Proqramları hazırlanıb. Prezidentin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsinə dair Sərancamına əsasən müvafiq nazirliklər “Gənclər və elektron hökumət” layihəsi çərçivəsində tədbirlər həyata keçiriblər. Həyata keçirilən bütün dövlət proqramlarının məqsədi “elektron hökumət”in formalaşdırılması istiqamətində indiyədək aparılmış işlərin davam etdirilməsi, bu sahədə ardıcıl və məqsədyönlü addımların atılmasıdır.

Elektron xidmətlərə keçid bir sıra strukturlarda şəffaflığı təmin edir

Son iki il ərzində Azərbaycanda elektron xidmətlərin formalaşdırılması fəal mərhələyə qədəm qoyub. Vətəndaşlara təqdim edilən elektron xidmətlərin sayı sürətlə artıb. Ölkədə elektron hökumət istiqamətində dövlət qurumları tərəfindən əhaliyə göstərilən bütün xidmətlərin elektronlaşdırılması dövlət məmurları ilə vətəndaşlar arasında keyfiyyətcə yeni münasibətlərin formalaşmasına zəmin yaradıb. Elektron xidmətlərə keçid bir sıra strukturların fəaliyyətində şəffaflığın təmin edilməsinə, korrupsiya hallarının azalmasına, süründürməçiliyin aradan qaldırılmasına, vətəndaşla dövlət strukturları arasında canlı əlaqənin, o cümlədən kağız daşıyıcılarının minimuma enməsinə gətirib çıxarıb. Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi elektron hökumət prinsiplərinə keçməyimiz korrupsiyaya qarşı mübarizədə çox təsirli rol oynayıb: “Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet və elektron xidmət vasitəsi ilə müxtəlif məlumatları, arayışları əldə etmək mümkündür. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılır. Mənim tərəfimdən imzalanmış xüsusi Sərəncamda bütün bu məsələlər göstərilib. Hər bir nazirlik və dövlət qurumu həmin Sərəncama uyğun addım atmalıdır, onların nəzdində xidmətlər elektron variantda aparılmalıdır. Sərəncam və onun icrası bilavasitə mənim nəzarətim altındadır”.

Əsas elektron xidmət növləri ölkəmizdə tətbiq olunmaqdadır

Ötən müddət ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərib. Müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirib. Elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb. Dövlət qurumlarının informasiya sistemləri arasında mübadiləni təmin edən infrastruktur qurulub. Bir sıra dövlət orqanlarında göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinə şərait yaradılıb. Bu proqramlarla yanaşı, iqtisadi və sosial sahələr üzrə təsdiq edilmiş 20-dək dövlət proqramı çərçivəsində “elektron hökumət” layihələri həyata keçirilib. Elektron ödəmə sistemlərinin tətbiqi əhalinin dövlət orqanları ilə təmaslarının sadələşdirilməsinə əlverişli imkanlar yaradıb. Hazırda Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən 20 əsas elektron xidmət növünün bir çoxu, o cümlədən rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların təqdim olunması, məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu və s. ölkəmizdə də tətbiq edilməkdədir.

Dövlət-vətəndaş yaxınlaşmasının həyata keçirilməsi

“Elektron hökumət” öz vətəndaşlarını böyük sosial qrupun bir parçası olaraq deyil, ayrı-ayrı fərdlər kimi qəbul edən bir sistemdir. Bu mənada yeni bir cəmiyyət anlayışının və vətəndaş gücünün də simvoludur. Bəzi dövlətlər, məsələn, İngiltərə və Sinqapur öz vətəndaşlarını elektron hökumətin təqdim etdiyi fərqli xidmətlərdən faydalanması üçün maarifləndirir və onları ən asan, sərfəli metodlardan istifadə etməyə təşviq edir. Kanada və ABŞ kimi ölkələr isə beynəlxalq ticarət əlaqələrini nəzərdə tutan birgə təhlükəsizlik standartlarını tətbiq etməyə çalışır. Bunun üçün lazım olan zəruri elektron bazanın hazırlanması üzərində iş gedir. Elektron hökumət dövlətlə xalqın birləşməsini təmin edir. Xidmətin təməl prinsiplərindən biri xalqın səsini duyaraq siyasəti ona görə istiqamətləndirməkdir. Əsas məsələlərdə cəmiyyətin rəyini öyrənib məsələnin həllini bu rəylərə əsasən yönləndirməkdir. Cəmiyyət üçün faydalarını qısa şəkildə belə ifadə etmək mümkündür – “selfservis”, yəni məlumatları asanlıqla əldə etmə, sürətli həllər və nəticələr, gecikmələrin azalması və s. Vurğulamaq lazımdır ki, elektron hökumət bütün faydaları ilə yanaşı, bəzi cəmiyyətlərdə bir sıra problemlərin ortaya çıxmasına da səbəb olur. Məsələn, fiziki qüsurlu şəxslər üçün məlumat əldə etməyin çətinliyi, həddindən artıq informasiya yükü, bəzi məlumatlardakı gizlilik, müəllif hüquqlarının qorunmasındakı çatışmazlıqlar ilkin dövrdə qarşılaşması mümkün olan problemlərdir. Lakin zaman keçdikcə, xidmətin tətbiq olunmasındakı problemlər aradan qaldırıla bilər.

“Elektron hökumət”in iqtisadi inkişafa töhfəsi

İnformasiya texnologiyaları üzrə gənc mütəxəssis Ceyhun Məmmədovun sözlərinə görə, elektron hökumət dövlət idarəetmə orqanları və cəmiyyət arasında əlaqələrin İKT vasitəsilə qurulması anlamına gəlir. Ekspertin fikrincə, məhz bu texnologiya sayəsində dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələr təmin edilir, maneəsiz və vasitəçisiz təmaslar qurulur: “Elektron hökumətin xidmətlərindən özəl biznes strukturları da yararlanır. Lokal, yerli və beynəlxalq elektron şəbəkə sistemləri sayəsində özəl şirkətlər ölkə iqtisadiyyatının inkişafına təkan verirlər. Elektron xidmətlərin iş dünyasına tətbiqi ilə yeni bazarlar və müştərilər meydana çıxır. Dövlətin iqtisadiyyat üzərindəki tənzimləyici və nəzarət mexanizmi elektron mühit vasitəsi ilə daha asan və rahat həyata keçirilir. Elektron hökumət sayəsində dövlət daha əvvəl sərf etdiyi böyük məsrəflərdən xilas olur ki, bu da iqtisadi inkişafa təsirsiz ötüşmür. Bürokratiyanın tənbəlləşdirdiyi və yavaşlatdığı dövlət quruluşu özəl sektorun önünü açır, onu daha çevik formaya salır. Nəticədə vətəndaşın dövlətə olan güvəni artır ki, bununla da vergilərin yığılması asanlaşır, qeyri-leqal iqtisadiyyata nəzarət güclənir”.

“Bu gün get, sabah gəl” prinsipini aradan qaldırır

Ekspert bəyan edib ki, “Elektron hökumət”in verdiyi imkanlarla ictimai xidmətləri daha ucuz və tez həyata keçirmək mümkündür: “Elektron Hökumətin cəmiyyətə verdiyi fayda ona sərf olunan maliyyədən dəfələrlə çoxdur. Bu sistem vasitəsi ilə nəticələrin qısa vaxt ərzində alınması və xidmətlərin az zaman kəsiyində verilmə üstünlüyü vətəndaşlara tətbiq olunan “bu gün get, sabah gəl” prinsipini aradan qaldırır. Danılmaz fakt olan rüşvət və tapşırıq amillərini minimuma endirir. Həmçinin, vətəndaşlara verilən xidmətlərin vətəndaşın özünün iştirakı ilə həyata keçirilməsi, fərqli fikirlərin qarşılıqlı təqdimi və müzakirəsi nəticəsində ictimai qərar vermə mexanizmlərinin yaranması elektron hökumətin gözəl örnəklərindəndir. Elektron hökumətin tətbiqi sayəsində zaman, məkan və maliyyə ünsürləri optimal şəkildə birləşir ki, bunun nəticəsində kompleksli, bəzən isə faciəyə çevrilən məmur davranışları nəzarətə alınır”.

“Elektron hökumətin qurulması prosesində bu düşüncədə olan məmurlardan qurtulmaq ilkin şərtdir”

Ekspertlərə görə, Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılsa da, bəzi problemlər hələ də qalmaqdadır. İKT üzrə mütəxəssis, Milli Elmlər Akademiyasının elmi işçisi Cahid İsmayıloğlu bəyan edib ki, insan bütün inkişafın həm məqsədi, həm də hərəkətverici qüvvəsidir. Hazırda internet istifadəçilərinin sayının günbəgün artdığını deyən ekspert bildirib ki, hökumətin fəaliyyətində hesabatlılıq və şəffaflığın təmin olunmasında, həmçinin vətəndaşların idarəetmə proseslərinə cəlb edilməsi işində internetə azad çıxışın rolu böyükdür: “Ölkəmizdə hazırda bu istiqamətdə konkret problemlər mövcuddur. Bəzi məmurların məqsədli şəkildə elektron xidmətlərə keçidə maraq göstərməməsi, hətta bu prosesə əngəl törətməsi, bilərəkdən və ya bilməyərəkdən prosesi gecikdirməsi maneə yaradan amillərdir. Düşünürəm ki, elektron hökumətin qurulması prosesində bu düşüncədə olan məmurlardan qurtulmaq ilkin şərtdir. Gənclər dövlət siyasətinin ən aparıcı qüvvəsidir. Artıq yeni nəsil texnologiyaların dövlət idarəçiliyindəki zəruriliyi onu sübut edir ki, idarəetmədə gənc nəsildən maksimum yararlanmaq mütləqdir. Gəlin etiraf edək ki, yaşlanmış, yeni nəsil texnologiyalar ilə işləməyi bacarmayan məmurlar bu sahədə yetərsizdir, istəmədən də olsa prosesə maneə olurlar”. Mütəxəssisin sözlərinə görə, əhali arasında elektron xidmətlər barədə maarifləndirmə zəif aparılır: “Ölkədə bu istiqamətdə kadr hazırlığı yetərsizdir, xaricdə təhsil alan tələbələrin bu sahədə ixtisaslaşması yox həddindədir. Fəaliyyətdə olan məhdud sayda kadrlar, başqa sahələrdən bu peşəyə gəliblər, öz iradəsi ilə bu sahəni öyrəniblər”.

“Bələdiyyələr isə ümumiyyətlə internetdə yoxdur”

Ekspertin sözlərinə görə, əksər dövlət orqanlarının internet saytlarında ən sadə elektron xidmət növü olan “elektron müraciət” belə yararsız haldadır: “Məsələn, Bakı Şəhər İcra Hakimiyyəti bu vəziyyətdədir. Vətəndaşların elektron müraciət göndərməsi halında aylarla, illərlə müraciətin cavabsız qalması, ya da müraciətin ünvanına çatmaması, həmin dövlət orqanında bu işin təşkil edilməməsi səbəbindən xidmətin yararsız halda olması kimi faktlar mövcuddur. Səhiyyə Nazirliyini də buna misal göstərmək olar. Demək olar ki, az sayda dövlət orqanları sosial şəbəkələrdən yararlanmaqdadır. Vurğulayım ki, ölkəmizdə bir milyon facebook istifadəçisi var. Dövlət orqanları bir çox hallarda sosial şəbəkələrin də imkanlarından faydalanaraq vətəndaşlara xidmət göstərə və ya informasiya ilə təmin edə bilərlər”.

İsmayıl Qocayev
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür
sherg.az

 

0 0 votes
Article Rating
3 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti