Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur. XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi: “Azərbaycan xalqının ali dövlət maraqlarına əsaslanaraq, 1918-1920-ci illərdə Azərbaycanın artıq bir suveren dövlət kimi dünya ictimaiyyəti tərəfindən tanınması, Azərbaycan konstitusiyasına əsasən bütün beynəlxalq normalara riayət edilməsi, milliyyətindən asılı olmayaraq, bütün vətəndaşların insan hüquqlarını qorumaq, başqa dövlətlərin sərhəddini tanımaq və pozmamaq, bütün ölkələrlə dostluq əlaqəsi yaratmaq, BMT və başqa beynəlxalq orqanların qanunlarına riayət etmək və digər səbəblərlə əlaqədar Azərbaycan Respublikası öz istiqlaliyətinin bərpa olunması qərarını qəbul edir”.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilir. Dekabrın 29-da ölkədə ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə belə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”. Azərbaycan xalqı yekdilliklə Respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir. Azərbaycan Demokratik Respublikasının süqutundan 71 il sonra dövlətimiz öz istiqlaliyyətinə qovuşur. Qəbul olunan Konstitusiya Aktında müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş ADR-in davamçısı olması faktı rəsmən təsdiqləndi. 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir. 1994-cü ilin 15 oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü hər il qeyd edilir.
Cahid.info