Loğman Rəşidzadə. Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk. “Elm və təhsil” – Bakı – 2017 kitabına ön söz.
Bəri başdan qeyd edək ki, indiki tədqiqat işlərində insan amili ən önə çəkilir, araşdırmalar antroposentrik yanaşma ilə aparılır. Bu baxımdan ədəbiyyatın da tədqiqat yönü dəyişir, aspektləri fərqli şəkil alır.
Dünya xalqlarının milli-mədəni tarixi göstərir ki, bu tarixi dərketmənin tükənməz imkan və vasitələri böyük sənət dühalarının əsərləri ilə maddiləşərək əbədi yadigara çevrilir. Yəni bədii ədəbiyyat bir sıra mühüm məsələlərin, problemlərin aşkara çıxarılması üçün də əsas material verə bilir. Ona görə də sənətkar və milli həyat, milli dünyagörüş, milli özünüdərketmə və s. problemlər filoloq və estetləri özünə çəkən mürəkkəb və çoxşaxəli bir problem olub, yazıçının problemə yanaşma tərzi, mövqeyi və s. kimi mühüm məsələlərlə möhkəm bağlıdır.
Əslində, yazıçının milli-mənəvi özünüdərk probleminə münasibəti ilk sənət əsərləri yarandığı gündən müəyyənləşməyə başlamış, cəmiyyətdə, toplumda milli ruh, mübarizlik və döyüşkənlik bir çox bədii əsərlərin ideya-estetik keyfiyyətlərini təşkil etmişdir.
İnsan bütün başqa elm sahələrindən daha çox bədii ədəbiyyatla yeri, göyü, kainatı və özünü dərk edir. Bu baxımdan bədii ədəbiyyat yaradıcı elmdir. Bunun sirri nədir? Bədii ədəbiyyatın maqnit cəlbediciliyi nə ilə bağlıdır?
Əli İldırımoğlunun əsərlərinin Loğman Rəşidzadə tərəfindən tədqiqindən aydınlaşır ki, müəyyən bir əsəri və orada qoyulmuş problemləri analiz edərək milli-mənəvi həyatın necə formalaşdığını izah etmək istədikdə və bu istəyi bədii mətnlərdə verə bildikdə, məsələ ilə əlaqədar ayrı-ayrı hüceyrələri, necə deyərlər, mikroskop altında görmək və göstərmək və ümumi nəticəyə gəlmək mümkün olur.
Sözsüz, milli-mənəvi dəyərlərin bədii əsərlərdə əks olunma imkanları genişdir. Bədii əsər keçmişin bu sahədəki bütün yaxşı cəhətlərini qoruyub saxlamaqla yanaşı, bu tematikada da daim inkişaf və zənginləşmə prosesi keçirir, daim müqayisə vasitələri çoxalır.
Milli-mənəvi dərketmə məsələsi estetikanın, sənətşünaslığın, ədəbiyyatşünaslığın birgə araşdırma obyektlərindəndir. Bir çox kəsişmə nöqtələri bunları birləşdirir.
Müsbət bir haldır ki, Loğman Rəşidzadə bu kitabda öz prizmasından yanaşaraq, obyekti öz kriteriyalarına uyğun nəzərdən keçirmişdir. O, mövzunu planlaşdırma prosesində həqiqi yolla gedərək, öncə, yəni tədqiqatın I fəslində bir sıra nəzəri məsələləri, müxtəlif mövqeləri araşdırmalı olmuşdur. Hiss olunur ki, müəllif dünya təcrübəsinə əsaslanaraq xalqların milli-mədəni inkişaf tarixini ardıcıl izləmiş, mürəkkəb və çətin bir mövzunun öhdəsindən ləyaqətlə gələ bilmişdir.
L.Rəşidzadənin məqsədi Əli İldırımoğlunun yaradıcılıq yolunu konseptual istiqamətdə öyrənmək olduğundan, o, problemin kökünü axtarır, estetik fikrin ilkin inkişaf yoluna diqqət yetirir və onun təşəkkül və inkişafını ümumiləşdirə bilir.
Görkəmli tədqiqatçıların fikirlərinin izahı fonunda L.Rəşidzadənin gəldiyi əsas nəticələr bunlardan ibarətdir ki, «müasir dövrdə milli-mənəvi özünüdərkin inkişaf etdirilməsi, milli mədəniyyətlərin və milli-mənəvi dəyərlərin qorunması, həm də tədricən ümumbəşəri mədəniyyətə qovuşmaq meylini artırır. Sosial, mənəvi-əxlaqi və psixoloji məsələ kimi götürülən milli-mənəvi özünüdərk həyatın daha dolğun inkişaf etdirilməsi üçün lazım olan imkanların durmadan genişləndirilməsini və onların reallaşdırılmasını tələb edən bir substansiya kimi bədii düşüncənin də təməl prinsipinə çevrilir. Deməli, söhbət milli-mənəvi özünüdərkdən gedərkən millətin iqtisadi, siyasi və mənəvi həyatının daim təkmilləşdirilməsindən, insanı əhatə edən mənəvi, psixoloji atmosferin yaxşılaşdırılmasından, həm də onun ədəbi nümunələrdəki bədii əksindən gedir».
Milli-mənəvi özünüdərk probleminə istiqamət aldıqca müəllif niyyəti səlisləşir: Belə ki, L.Rəşidzadə müasir ədəbiyyat nümunəsi kimi obyekt seçdiyi Əli İldırımoğlunun surətlər aləmində fikirlər varlığını, obyektiv aləmi dərk etməyin mühüm vasitələrini üzə çıxarır. Obrazlı fikir dünyanı dərk etməkdə insanın ən etibarlı bələdçisidir; müvafiq təhlil yolları ilə obyektiv aləmin düzgün dərk olunması, o cümlədən milli-mənəvi dəyərlərin düzgün mənimsənilməsi və bunun təsvirolunma keyfiyyətləri açılır. Həmin əsasda milli-mədəni dərketmənin bir çox keyfiyyətləri L.Rəşidzadənin tədqiqatında müəyyən olunur.
Məlum bir həqiqət elmi əsasda daha ətraflı əsaslandırılmışdır. Müəllif bu düsturdan çıxış edərək milli-mənəvi özünüdərkin başlıca məxsusi əlamətlərini göstərir.
Milli özünüdərk dünyanın dərk olunma vasitələrindən ən mühümüdür. Bədii ədəbiyyatın sovet dönəmindəki vəzifəsi də mənəvi dərk vasitəsi olmasıdır. Sovet dövləti dağılandan sonra bu məsələdə yeniləşmə baş verir; milli-mənəvi dəyərlərin insan həyatındakı rolu və təsiri məsələlərinə insan amili baxımından yanaşılır. İnsan amili, həyatdakı obrazlarla bədii əsərlərdə qəribə bir uyarlıq və tamlıq yaranır. Həmin uyarlıq və bütünlük, ələlxüsus da milli-mənəvi özünüdərketmə sistemində özünü ən bariz biçimdə göstərir. Deyək ki, milli-mənəvi dəyərlərin dərki uğrunda Əli İldırımoğlunun mübarizəsi həzin, bir az da lirik-dramatik qamma yaradır.
Əli İldırımoğlunun milli-mənəvi dərketməni əks etdirən əsərlərində canlılıq, ifadəlilik müasir oxucunun zövqünə uyğundur, təminedicidir, obraz və personajların təsviri prosesində istifadə etdiyi müqayisələr münasib və uğurludur.
Bir konservator ədib kimi o, millətin milli özünüdərkinin yaranıb inkişaf etməsindəki işinin əlindən alınmasını, dərketmənin qarşısının müasir dövrdə bəzi hallarda əngəllənməsinin səbəblərini açıb göstərir.
Böyük Mustafa Kamal yazırdı ki, milli-mənəvi özünüdərk bizim bütünlüyümüzdür. Bütünlük deyəndə türkün ulu öndəri cəmiyyət həyatında milli-mənəvi dəyərlərin rolunu, əhəmiyyətini, həmin problemin dərkini və bu anlamın sosioloji-kulturoloji və multikulturalizm səviyyəsindəki dəyərini başa düşməyi tövsiyə edirdi. Atatürk bu ictimai fəaliyyəti və düşüncə mədəniyyətində milli-mənəvi özünüdərkin insan həyatında olmasına önəm vermişdi: «İllər keçdikcə kişilər milli-mənəvi problemlərin bəşər tarixinə mühüm təsir göstərmək imkanına malik olduğuna daha çox inanmağa başlayırlar» (Atatürk. Milli medeni deyerler nedir?).
Milli-mənəvi özünüdərk çağdaş dövrdə də mürəkkəb problemlərdən olaraq qalır. Burada əsas cəhət cəmiyyətdə bu dərkin formalaşdırılmasının vacibliyidir. Əlbəttə, hər bir quruluşda milli-mənəvi özünüdərkin inkişafı birbaşa qlobal problemlərlə də üzləşir. Müasir dövrümüz üçün milli-mənəvi dəyərlərin qorunub saxlanması və milli-mənəvi özünüdərkin inkişaf problemləri təbii bir şəraitdə inkişaf edir, amma bəşəriyyətin həmin sahədəki taleyinə, milli sərvətlərinə və gələcəyə əslində laqeyd münasibət bəsləyənlər də az deyil. Bu məsələ, şübhəsiz, dövr üçün xarakterik haldır. Köhnə dəyərlərə münasibət və inkişaf prosesində bu meyillərin dəyişməsi, çağdaş dövrün qlobal, ümumbəşəri problemlərinin meydana çıxması tamamilə təbiidir.
Bizə elə gəlir ki, milli-mənəvi özünüdərk qlobal bir problem kimi cəmiyyətin mənafeyini ifadə edir, sivilizasiyanın inkişafının obyektiv faktoru kimi təzahür edir, onların həlli yolları bədii əsərlərdə də axtarılır.
«Yazıçılar, ədiblər dünyanın nəhəngləridir». Cek London «Martin İden» romanında yazıçıların üzərinə düşən vəzifələr sırasında onların qələmə aldığı əsərlərin insanın mənəvi həyatında, mənəvi dəyərlərdən istifadədə lazım olan məsələlərin gözlənilməsini və bu dəyərlərin əhəmiyyətini də qabardır: «Martin qəfildən şeylərin əsrarəngiz mahiyyətini qavramış və bu idrak isə onu məst etmişdi. Martin müxtəlif xırda-xuruş həyat məsələləri haqqında söhbət və mübahisələri eşitmişdi, çünki ağlı daim gərgin bir şəkildə işləyir, gördüyü bütün şeylər arasında əlaqələri araşdırıb aşkara çıxarırdı. O, qabağına qoyulmuş boşqabdakı ətdə günəş şüalarının enerjisi olduğunu dərk edir və geri qayıdaraq, günəş şüalarının bütün dəyişmə mərhələlərini keçərək, milyonlarla mil aralı məsafədəki ilk mənbəyədək gəldiyi yolu izləyir və ya xəyalən bu yolu davam etdirir… (Cek London. Martin İden (roman). Bakı, «Şərq-Qərb», 2009: 115)
Bu sitat ümumbəşəri mədəniyyətə qovuşmanın parlaq örnəyidir. Bu mədəniyyətə qovuşmaq üçün də milli-mənəvi dəyərləri qavramaq, qorumaq, inkişaf etdirmək ən vacib problemlərdəndir. O zaman milli-mənəvi həyat beynəlmiləlləşdirilir, binar əlaqə yaranır.
Loğman Rəşidzadənin tədqiqatı «giriş» və üç fəsildən ibarətdir. Girişdə mövzunun aktuallığı, məqsəd və vəzifələri, elmi yeniliyi və s. əsaslandırılır.
I fəsil «Milli-mənəvi özünüdərk probleminin ədəbi mahiyyəti və Əli İldırımoğlu yaradıcılığı» adlanır. Həmin fəsil 3 mühüm məsələni özündə əks etdirir: 1) dünya ədəbiyyatında milli-mənəvi özünüdərk ideyasının qoyuluşu; 2) Azərbaycan ədəbiyyatında həmin probleminin əksi; 3) konkret olaraq Ə.İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk məsələsinin necəliyi.
Yəni burada xronoloji ardıcıllıq gözlənilir; milli-mənəvi özünüdərk probleminin məzmun və mahiyyəti açılır, dünya ədəbiyyatında və o cümlədən, Azərbaycan ədəbiyyatında bu məsələ necə işıqlandırılmış- dır sualına cavab axtarılır.
Başdan-başa milli keyfiyyətlərlə dolu olan Ə.İldırımoğlu yaradıcılığı onun böyük «kənd kişisi» olduğunu göstərir. «Bədii düşüncənin ideya-bədii səviyyəsi məzmunca milli dəyərlər axarına kökləndi», «gerçəkliyə milli yazıçı məhəbbətilə sadiq qaldı» (Bayramov Qurban. Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi. Bakı, «Nurlan», 2009: 545)
Əsərin II fəsli «Ə.İldırımoğlu nəsrində milli-mənəvi özünüdərk probleminə müasir yanaşma» adlanır. Bu fəslə dair bölmələrdə Ə.İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk probleminin məzmun və ideyası müəyyənləşdirilir; onun nəsr əsərlərində həmin məsələnin əsasları dəqiqləşdirilir, həmçinin də sözügedən problemin başlıca prinsipləri təyin olunaraq təhlil edilir.
Müəllif Ə.İldırımoğlunun yaradıcılığında milli-mənəvi özünüdərkin konkret prinsiplərini müəyyənləşdirir və bu xüsusda qeyd edir ki, milli yaddaşın, milli-mənəvi dəyərlərin əsas daşıyıcısı olan milli dilin qorunması, azərbaycançılıq məfkurəsinin geniş təbliği, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərkin əsas prinsiplərindən biridir.
Hər hansı bir problemin bədii əsərlərə istinadən tədqiqi, öncə, problemin bədii həlli perspektivlərini ortaya qoymalıdır. Bu baxımdan Ə.İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərkin bədii həlli yolları məhz tədqiqatın III fəslində işıqlandırılır. Bu xüsusda Ə.İldırımoğlu nəsrinin milli-mənəvi özünüdərk kontekstində dili və üslubu; milli-mənəvi özünüdərk probleminin həllində Ə.İldırımoğlu nəsrinin müasir Azərbaycan ədəbiyyatına təsiri; Ə.İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk probleminin həllinin müstəqil fikrin və Azərbaycan ədəbiyyatının inkişafında yeri və rolu yarımfəsilləri də düzgün olaraq ayrılmış və dəxli olan məsələlər ətraflı biçimdə əsaslandırılmışdır. Bir daha əsaslandırılır ki, Ə.İldırımoğlu milli-mənəvi özünüdərkə münasibətdə radikal konservatordur, prinsipialdır, əsərlərində milli yaddaşa və nəslin şəcərəsinə söykənən yaşam tərzinin yayılmasına üstünlük verir və bütün bunları gələcək nəsillərə ötürməyə səy göstərir.
Loğman Rəşidzadənin tədqiqatında ilk dəfə olaraq Əli İldırımoğlu yaradıcılığının milli-mənəvi özünüdərk istiqaməti sistemli şəkildə öyrənilmişdir. İnsan mənəviyyatının zənginləşməsinə təsirinin əsas istiqamətləri müəyyənləşdirilir; milli-mənəvi özünüdərk problemi İldırımoğlunun nəsrində bədii obrazların təkamül prosesinə müvafiq izlənilir. Bu proses Əli İldırımoğlu yaradıcılığına müasir milli-mənəvi özünüdərk və ədəbi-nəzəri fikir işığında yanaşılması, onun haqqında yazılmış əvvəlki tədqiqatlarda bu mövzuya indiyə qədər demək olar ki, toxunulmamasından dolayı problemə yeni yanaşma və orijinal metodoloji tədqiqat aspektindən yeniliklərə nail olunmasıdır; Əli İldırımoğlunun ədəbi-bədii və ictimai fəaliyyəti ilə bağlı yeni, orijinal məqamlar aşkarlanmış, yaradıcılığında milli-mənəvi özünüdərk problemi müasirlik prizmasından, qloballaşma şəraiti nəzərə alınaraq təhlil olunmuşdur; milli-mənəvi dəyərlərə bağlılıq əsas götürülmüşdür.
L.Rəşidzadə Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərkin xüsusiyyətlərindən danışanda onun humanizmini, insan azadlıqları və hüquqları uğrunda mücadiləsini, dini inancların, demokratik həyat tərzi və düşüncə sisteminin təbliğatçısı kimi çıxış etməsini xüsusilə qeyd edir. O, fikir və düşüncələrində, yaratdığı real lövhələrin məntiqində, obraz və qəhrə- manlarının həyat fəlsəfəsində, estetik görüşlərində, sosial mövqelərində azad fikrin tərəfdarıdır, demokratik düşüncəli xəlqi yazıçıdır. Onun dili, təhkiyə vasitəsi, obrazlar sistemi, həyat hadisələrinə yanaşma tərzi hər addımda, hər anda oxucunu düşünməyə, özünü dərk eləməyə, mənsub olduğu xalqın milli-mənəvi dəyərlə- rini qorumağa səsləyir.
Ümumən bu məsələ cəmiyyətə xasdır. Bununla belə, bu məsələnin bədii ədəbiyyatda necə əks olunması və problemin bədii həlli çox maraq doğurur. Tədqiqatda bu problem də sosial-elmi idrakın, özünüdərkin obyektinə çevrilmişdir,
Kitabda cəmiyyətdə olan bu problemin – milli-mənəvi özünüdərk probleminin bədii ədəbiyyatla qarşılıqlı münasibətinin harmoniyası görkəmli Azərbaycan yazarı Əli İldırımoğlunun zəngin yaradıcılığı ilə təqdim edilir. Bu qarşılıqlı təsir L.Rəşidzadənin elmi monoqrafiyasında nəzəri cəhətdən yüksək biçimdə təhlilini tapa bilmişdir.
Qloballaşma dövrünün bədii ədəbiyyatın qarşısına qoyduğu vəzifələrdən biri də müəyyən prinsipləri gözləmək şərti ilə milli-mənəvi özünüdərkin məzmun və ideyasını açmaq və onun bütünlükdə xarakterik əlamətlərini ortaya çıxarmaqdır. Loğman Rəşidzadənin «Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk problemi» monoqrafiyası təhlil aspektləri ilə, milli və ümumbəşəri perspektivləri ilə seçilir.
Doğrudur, bu problemə Əli İldırımoğlunun yaradıcılığı əsasında Azərbaycan alimlərindən Rəfael Hüseynovun, Qəzənfər Kazımovun, Qurban Bayramovun və başqalarının kitab və məqalələrində də bəzi təfərrüata rast gəlmək olar.
Professor Q.Kazımovun fikrincə, Əli İldırımoğlu Qərbin bütün sosial qurumlarını laxladan boz-bulanıq əxlaq və mənəviyyat sərbəstliyinin yaratdığı bəlaların qarşısını almaq üçün əsrlərin sınağından çıxmış milli və islami əxlaq və mənəviyyat dəyərlərimizə arxalanır. Başqa bir tədqiqatçı isə: onun bütün əsərləri «ciddi sosial bəlalar yaradan əxlaqsızlığa və mənəviyyatsızlığa qarşı hədsiz və hüdudsuz bir barışmazlıqla ortaya çıxmışdır». Müəllif bu cəhətdən onun romanlarının mənəvi, əxlaqi romanlar romanı adlandırmaqla haqlıdır (Bayramov Qurban. Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi və yaxud, müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü… Bakı, «Nurlan», 2009: 14).
L.Rəşidzadə məsələni inkişafda araşdırır: Azərbaycanda demokratikləşmə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu dövründə milli-mənəvi dəyərlər öz inkişafında yeni keyfiyyət mərhələsinə daxil olur, onun mahiyyəti dərinləşir, məzmunu və miqyası genişlənir. Belə olduğu halda ictimai fəaliyyətin bütün sahələrində insanın rolu və təsir dairəsi artır, yaradıcı fərdlərdə azad seçimə, doğru qərar qəbul etməyə hərtərəfli meyil yaranır.
Şübhəsiz ki, L.Rəşidzadənin təhlilləri bu kimi məsələnin məzmun və mahiyyətini, ideyasını tam aça bilir. Məsələ geniş anlayışları özündə birləşdirir: bir çox məsələləri özündə ehtiva etdiyi üçün. Bu əsərə tam bi- çimdə diqqət yetirdikdə onun struktur etibarilə məntiqi qurulduğunu, fəsillərin bir-birini tamamladığını da görmək olur.
Cahid İsmayıloğlu,
filologiya üzrə fəlsəfə doktoru, dosent.
03.IX.2017