Azərbaycanda internet niyə zəifləyib ? – Mütəxəsis həqiqəti açıqladı

Cahid İsmayıloğlu: “İnterneti “Delta Telekom”dan götürən ikinci dərəcəli provayderlər 10 nəfər üçün nəzərdə tutulan xəttə 15-20 nəfər qoşur.”

“Delta Telekom LTD” internet satdığı ikinci dərəcəli provayderlərə tələbnamə qoymalıdır: baş provayder müqaviləsini ləğv edə, yaxud cərimə tətbiq edə bilər.
“İnternet mütəxəssisləri “Delta Telekom LTD”nin indi dediklərini illərdir, təkrarlayır”.
Bunu “Sherg.az”a son vaxtlar Azərbaycanda internetin sürətində yaranan problemlərdən danışarkən İnformasiya Texnologiyaları (İT) eksperti Cahid İsmayıloğlu deyib.
O bildirib ki, interneti “Delta Telekom”dan götürən ikinci dərəcəli provayderlər aldıqları xəttə həddindən çox istifadəçi qoşurlar:
“Tutaq ki, alınan xətt 10 nəfər istifadəçi üçün nəzərdə tutulub. Amma onlar həmin xəttə 15-20 nəfər qoşulur. Bunun məqsədi isə daha çox pul qazanmaqdır.
Digər yandan ölkədə mövcud internet infrastrukturu tələbatla ayaqlaşmır. Çünki həm tələbat, həm istifadəçilərin trafiki artır. Tutaq ki, əvvəl internet fotoya baxmaq, mətn oxumaq üçün istifadə edilirdisə, indi videoya, filmlərə baxılır. Videonun və digər informasiyaların keyfiyyəti arasında da fərq var. Keyfiyyət artıqda, trafik həcmi də artıb. Çətinliklər də məhz bu səbəbə görə, yaranır”.
İnternet istifadəsində yaranmış problemlərin həllinə gəlincə, C.İsmayıloğlu diqqətə çatdırıb ki, baş provayder olan “Delta Telekom LTD” internet satdığı ikinci dərəcəli provayderlərə tələbnamə qoymalıdır:
“Bu, qanun çərçivəsində həll edilməlidir. Eyni zamanda baş provayderin bir xəttə neçə istifadəçi qoşulmasını görməsi üçün texniki imkanlar da var. İkinci dərəcəli provayderlər belə hallara yol verirsə, baş provayder müqaviləsini ləğv edə, yaxud cərimə tətbiq edə bilər. Bu baş provayderlə ikinci dərəcəli provayderlər arasındakı müqaviləyə uyğun aparıla bilər”.
Qeyd edək ki, “Delta Telekom LTD” MMM-in açıqlamasına görə, bir neçə yerli provayderlər öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq, onlara olan borclarını ödəmir və nəticədə maliyyə çətinlikləri yaranıb.
Qurumdan bildirilib ki, bu cür narazılıqların yaranması ikinci dərəcəli internet provayderlərinin işini düzgün qurmaması, gəlirləri olduğu halda texnologiyanı yeniləməməsi, ən əsası isə müştəri sayının bir neçə dəfə artmasına baxmayaraq, aldığı internet yükünü artırmaması nəticəsində baş verir.

Aysel Aslan
sherg.az

0 0 votes
Article Rating
5 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti