Dövlət tərəfindən texniki dəstək olarsa, yaradıcı qrup Ermənistan ordusunun törətdiyi başqa faciələri də əks etdirən səhifələr yaratmaq niyyətindədir.
Agdaban.org İnternet səhifəsinin yaradıcıları işğal olunmuş Azərbaycan ərazilərinə həsr olunmuş daha bir sayt yaradıb. Agdaban.org saytı Ermənistan silahlı qüvvələrinin 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə törətdiyi Ağdaban faciəsini əks etdirir. Səhifədə Ermənistan-Azərbaycan münaqişəsi haqqında 8 bölmədən ibarət geniş məlumat, Kəlbəcərin işğalı və Ağdaban faciəsi barədə faktlar, fotolar, sənədlər və məqalələr yerləşdirilib. Bundan başqa, sayta baş çəkənlər kəlbəcərli ozan Aşıq Şəmşirə aid bayatılar, qoşmalar və gəraylılarla da tanış olmaq imkanı qazanacaqlar.
Agdaban.org İnternet səhifəsinin redaktoru Cahid İsmayıloğlunun sözlərinə görə, yeni internet səhifəsi əslən Kəlbəcərdən olan bir qrup məcburi köçkünün maddi vəsaiti hesabına yaradılıb. Yaradılmasına təxminən 3 min ABŞ-ı dolları vəsait sərf olunan saytda tezliklə videomaterialların yerləşdirilməsi də planlaşdırılır. Hazırda yaradıcı qrup Agdaban.org səhifəsinin ingilisdilli versiyası üzərində çalışır. Cahid İsmayılov bildirib ki, işğal olunmuş digər bölgələrlə də bağlı səhifələr hazırlanacaq. Amma onlar bunun üçün dövlətdən yardım gözləyirlər. Saytın redaktoru deyib ki, söhbət heç də maddi yardımdan getmir. Yaradıcıların ilk növbədə texniki dəstəyə ehtiyacı var: «Dövlət bizə arxiv materialları və fotoları əldə etməkdə köməklik göstərsə, işimiz daha keyfiyyətli alınar. Biz belə materialları əldə etmək üçün bürokratik əngəllərlə üzləşirik».
Xatırladaq ki, Kəlbəcər rayounun 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı qüvvələri tərəfindən işğal olunarkən tamamilə yandırılmış, kəndin 779 dinc sakini işgəncələrlə üzləşmiş, 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yanırılmışdı.
/ANSPRESS/
ANS TV, Xəbərçi / 12.12.2007