Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq konfrans başa çatıb

Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar çıxışında Birinci Türkoloji Qurultayın türk dünyasının tarixi elmi-mədəni əlaqələrinin qorunub saxlanmasındakı önəmindən danışıb.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışları” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə Türk Dil Qurumunun rəhbəri Mustafa Kaçalin, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və digərləri məruzələrlə çıxış ediblər.

Beynəlxalq tədbirdə Birinci Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə Türkiyə, Qazaxıstan, Macarıstan və Tatarıstanda da elmi konfransların keçirildiyi diqqətə çatdırılıb.

Konfrans Nizami adına Ədəbiyyat İnstitutunda və Mərkəzi Elmi Kitabxanada “Ortaq türk tarixi” və “Ortaq türk ədəbiyyatı” dərsliklərinin, o cümlədən “Ortaq türk qrammatikası və terminologiyası”nın hazırlanması və digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

Bölmə iclaslarında “Birinci Türkoloji Qurultay: çağırışları və onların günümüzdəki aktuallığı”, “Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultaydakı məruzəsi və müasir Qərbdə ikili standartlar”, “Naxçıvanda Birinci Türkoloji Qurultaya hazırlıq”, “Birinci Türkoloji Qurultayın qarşıya qoyduğu vəzifələr və AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda türkologiyanın inkişafı”, “Birinci Türkoloji Qurultayın Qazaxıstan təmsilçiləri”, “Birinci Türkoloji Qurultayda qoyulan məsələlərə akademik Tofiq Hacıyevin münasibəti”, “Birinci Türkoloji Qurultayda ədəbiyyat məsələləri”, “Türk xalqlarının müqayisəli lüğətinin hazırlanması – Azərbaycan-Türkiyə türkcəsi örnəyində”, “Birinci Türkoloji Qurultaydakı dil məsələlərinin C.Məmmədquluzadə yaradıcılığında əksi”, “Birinci Türkoloji Qurultay və Azərbaycanda latın qrafikalı əlifbaya keçid təcrübəsi”, “Birinci Türkoloji Qurultay və müqayisəli-türkoloji dilçilik məsələləri”, “Məhəmməd ağa Şahtaxtlının əlifba layihələri”, “Türk dillərində ortaq terminologiya və ortaq ünsiyyət problemi” və digər mövzularda məruzələr dinlənilib.

“Ortaq ünsiyyət dili və terminologiya” bölməsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıl oğlu Kazımovun “Azərbaycanda dil situasiyasına təsir edən amillər” adlı məruzəsi dinlənilərək müzakirə edilib.

C.İsmayıloğlu öz çıxışında Azərbaycanda dil situasiyasını və buna müvafiq elmi-nəzəri baxımdan əsaslandırılmış dil siyasətini obyektiv olaraq formalaşdırmaqdan ötrü gələcəyə istiqamətlənən bir konsepsiya hazırlanmasının vacibliyindən danışdı.

Qeyd etdi ki, Azərbaycanda dil xəritəsi yaradılmalıdır. Bu, qloballaşma şəraitində çox vacib məsələlərdəndir. Azərbaycana yaxın olan Şimali Qafqaz və Dağıstan müxtəlif dil zənginliyi və etnik dil müxtəlifliyi ilə fərqlənir. Mədəni-ticari əlaqələr orada yaşayan xalqlarla azərbaycanlılar arasında geniş yayılıb. Etnik dilin zənginliyi ilə seçilən Qax, Zaqatala, Balakən və s. rayonların sakinlərinin də danışıq mədəniyyətinə bunlar təsirsiz ötüşmür. Etno-sosial sorğuların nəticələrində göstərildiyi kimi, Azərbaycanın bu bölgələrində qarışıq bir dil hakimdir (danışıq dil). Etno-linqvistik vəziyyət, demək olar ki, Azərbaycan dilində danışanların nitqini «pis vəziyyətə qoyub». Bununla belə, burada yaşayan xalqlar öz dilini də qorumağa can atır və bu milli dilin etno-siyasi inkişafının gələcəyini və öz xalqının yaşayış ərazisindəki statusunun təmin olunmasına çalışır.

“Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq Konfransın proqramı

“Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq Konfransın materialları (I cild)

Cahid.info

“Kredo” qəzeti