Avstriyanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib

Oktyabrın 25-də Avstriyanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı – Milli Gün münasibətilə rəsmi qəbul təşkil edib.

Rəsmi şəxslərin, deputatların, diplomatların, iş adamlarının iştirak etdikləri qəbul Azərbaycanın və Avstriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Aksel Vex tədbirdə çıxış edərək Avstriya Milli Gününün tarixi, ölkənin keçdiyi inkişaf yolu haqqında məlumat verib. O, Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini deyən səfir iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsinin önəmini diqqətə çatdırıb. Diplomat gələcəkdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Pərvin Mirzəzadə Avstriya xalqını milli bayram münasibətilə təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. O bildirib ki, ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Həyata keçirilən qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər münasibətlərin genişlənməsinə təkan verib.

Rəsmi qəbulda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu Avstriyanın ölkəmizdəki səfiri cənab Aksel Vexə səmimi təbriklərini çatdırıb.

“Kredo” qəzeti