“Bu vaxta kimi keçirilən referendumlar cəmiyyət tərəfindən dəstəklənib və öz müsbət nəticələrini verib”
Cahid İsmayıloğlu: “Əminəm ki, bu fəallığın fonunda cəmiyyət sentyabrın 26-da vacib məsələlərin tənzimlənməsində də fəallıq nümayiş etdirəcək”
Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bir çox təşviqat qrupları yaradılıb. Onlar tez-tez əhalilə görüşlər keçirir. Maraqlıdır, onlar cəmiyyətin referenduma hazırlıq səviyyəsini necə qiymətləndirir?
Referendum təşviqatı ilə bağlı aktiv görüşlər keçirən gənc alim Cahid İsmayıloğlunun fikrincə, cəmiyyətin bu məsələdə xüsusi fəallığı nəzərə çarpır: “Azərbaycanın Əsas Qanununa təklif olunan əlavə və dəyişikliklər xalqımızın rifah halının yaxşılaşdırılmasına, ölkəmizin daha sürətli inkişafına, yüksəlməsinə, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına yönəlik atılan ən vacib addımlardan biridir.
Cəmiyyət inkişaf etdikcə, ictimai-siyasi həyatda yeniliklər ortaya çıxır. Bunların tənzimlənməsi üçün qanunların yeniləşməsinə ehtiyac duyulur. Ölkə Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamı ilə bu il sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi də bu zərurətdən doğub. Biz referendumla bağlı cəmiyyətin bütün təbəqələrinin fəallığını hiss edirik. Xüsusilə də gənclər bu istiqamətdə daha fəal görünür. Bilirsiniz ki, ölkə əhalisinin 65 faizini 35 yaşadək olan gənclər təşkil edir. Biz təbliğatımızı daha çox bu təbəqə arasında aparırıq. Çünki Konstitusiyada dəyişikliklərlə bağlı referendumda onların fəallığına böyük ehtiyac var və heç şübhəsiz ki, onlar dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət göstərəcək bu dəyişikliklərə yekdilliklə səs verəcək. Gənclərimiz yaxşı bilir ki, qanunların yenilənməsi fəaliyyət üçün yeni imkanlar açır. Bu vaxta kimi keçirilən referendumlar cəmiyyət tərəfindən dəstəklənib və öz müsbət nəticələrini verib. Əminəm ki, bu fəallığın fonunda cəmiyyət sentyabrın 26-da vacib məsələlərin tənzimlənməsində də fəallıq nümayiş etdirəcək.
Çünki cəmiyyət bilir ki, təklif olunan dəyişikliklərin nəticəsi olaraq, dövlətin idarə edilməsində dinamiklik, çeviklik daha təkmil forma alacaq”.
Məhəmmədəli QƏRİBLİ
baki-xeber.com