Cahid İsmayıloğlu: “Konstitusiyaya dəyişikliklə bağlı ümumxalq səsverməsinin nəticəsi xalqın dövlət başçısına, Prezident İlham Əliyevə inamının bariz sübutu olacaq”

“Konstitusiya dəyişikliyi dövlət idarəçiliyində dinamizmi artıracaq.”

“Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, müstəqil ölkəyik, azad xalqıq. Biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq, bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik”. Bu fikirləri Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Cəmiyyət inkişaf etdikcə ictimai-siyasi həyatda yeniliklər ortaya çıxır. Bunların tənzimlənməsi üçün qanunların yeniləşməsinə ehtiyac duyulur. Ölkə Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamı ilə bu il sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi də (referendum) bu zərurətdən doğmuşdur.

Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da ümumxalq səsverməsi keçirilməsi ölkəmiz üçün yeni bir mərhələnin başlanmasıdır. Ölkəmiz müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır, eyni zamanda, çox məsuliyyətli bir mərhələyə qədəm qoymuşdur. Konstitusiyada ediləcək dəyişikliklərdən sonra dövlətçilik konsepsiyamız təkmilləşmiş strateji kurs üzərində formalaşmağa və yeni dövrün tələblərinə uyğun möhkəmlənməyə başlayacaq. Dövlətçiliyimiz daha inamlı addımlarla irəliləyəcək.

Bu gün ölkənin ictimai-siyasi həyatında gənclər əhəmiyyətli rol oynayır. Bunun da başlıca səbəbi ölkədə uğurla həyata keçirilən gənclər siyasətidir. Ulu öndərin əsasını qoyduğu və cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti öz uğurlu bəhrəsini verməkdədir. Azərbaycan gəncləri həyatımızın bütün sahələrində fəallıq göstərirlər, dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Bu gün ölkə əhalisinin 65 faizini 35 yaşadək olan gənclər təşkil edir. Ona görə də Konstitusiyada dəyişikliklərlə bağlı referendumda onların fəallığına böyük ehtiyac var və heç şübhəsiz ki, onlar dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət göstərəcək bu dəyişikliklərə yekdilliklə səs verəcəklər. Gənclərimiz yaxşı bilirlər ki, qanunların yenilənməsi fəaliyyət üçün yeni imkanlar açır. Bu vaxta kimi keçirilən referendumlar cəmiyyət tərəfindən dəstəklənmiş və öz müsbət nəticələrini vermişdir.

Sentyabrın 26-da Azərbaycan seçiciləri təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması, ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, eləcə də digər vacib məsələlərin tənzimlənməsinə səs verəcəklər. Bunlar hamısı gənclərimizin həyatı üçün çox önəmli məqamlardır. Gənclər nə istəyirlər? İlk növbədə vətəndaşı olduqları müstəqil Azərbaycanın möhkəmlənməsini. Referendum keçirilməsinin başlıca səbəblərindən biri elə bu deyilmi?  Bəli, gənclərimiz, gələcək Azərbaycanın qurucuları azad, demokratik bir ölkədə yaşayacaqlarına əmindirlər.

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə deputat seçkilərində iştirak etməklə bağlı müəyyən edilmiş yaş senzinin 25-dən 18-ə endirilməsi əslində gənclərə göstərilən etimadın nəticəsidir.

İnanıram ki, daim Azərbaycan Prezidentinin yanında olan Azərbaycan gəncliyi Konstitusiya islahatlarına “hə” deyəcək və dövlətin daha da modernləşməsi, ölkənin sürətli inkişafı üçün islahatların sürətləndirilməsinə əlverişli şərait yaranacaq.

Təklif olunan dəyişikliklərin nəticəsi olaraq, dövlətin idarə edilməsində dinamiklik, çeviklik daha təkmil forma alacaq. Bu dəyişikliklər ictimai-siyasi proseslədə daim aktivlik nümayiş etdirən gənclərimizin daha da stimullaşdırılmasına, ölkənin taleyüklü məsələlərində gənclərimizin daha yaxından iştirakına səbəb olacaq.

Cahid İSMAYILOĞLU, 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri

“Kredo” qəzeti