Cəbrayılın işğal günü Şəhidlər Xiyabanında anıldı.
1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli və Cəbrayıl rayonunu işğal etməsindən 23 il ötür. Füzuli rayonunun işğalı Azərbaycan iqtisadiyyatına 5,5, Cəbrayıl rayonunun işğalı isə 3 milyard dollardan çox ziyan vurub. Azərbaycan dövləti Füzuli və Cəbrayıldan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görüb. 1993-cü il avqustun 23-də ermənilər daha iki rayonu – Füzuli və Cəbrayılı işğal etməklə, əhalini öz dədə-baba yurdlarından didərgin saldılar. Xalqın var-dövləti, insanların şəxsi mülkləri talan olundu, Azərbaycanın tarixi memarlıq abidələri məhv edildi.
Ərazisi 1386 kv.km, əhalisinin sayı 105 mindən çox olan Füzuli rayonunun sakinləri də 23 ildir köçkünlük həyatı yaşayırlar. 78 kənddən, 1 qəsəbədən ibarət olan Füzuli rayonunda işğala qədər 86 ümumtəhsil və 2 texniki-peşə məktəbi, 65 uşaq bağçası, 90 kitabxana, 79 klub, 1 tarix – diyarşünaslıq muzeyi, 9 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Bundan başqa, pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, 11 üzüm emalı müəssisəsi, 100-dən çox iri müəssisə də rayonun iqtisadiyyatının inkişafına öz töhfələrini verirdi. Füzulinin kənd təsərrüfatında əsas sahələr üzümçülük, taxılçılıq, ipəkçilik və heyvandarlıq olub. Erməni vəhşiliyi nəticəsində həmin obyektlərin hamısı, demək olar ki, məhv edilmiş və sıradan çıxarılmışdır. Rayon ərazisindəki onlarla tarixi və dini abidələrin də çoxunun ermənilər tərəfindən dağıdılmasına dair faktlar var. Belə abidələrdən ən məşhuru Azıx mağarasıdır.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə sakin şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzuli Qarabağ müharibəsində ən çox itki və şəhid verən rayonlar sırasındadır. Bu rayondan 1100-dən çox şəhid olub və itkin düşüb, 113 girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 36 min 361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri atasız – anasız qalmışdır. Müharibənin əsas ağırlığını Qacar, Divannalar, Dilağarda, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin sakinləri çəkmişlər.
Yağı düşmən nə qədər arxalı olsa da, Azərbaycan xalqı hərbi təcavüzün ilk günlərindən işğalla barışmamış, erməni quldurlarına qarşı mübarizəyə bir an belə ara verməmişdir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin noyabrında xalqa müraciətindən sonra Qarabağ cəbhəsində, o cümlədən Füzuli rayonu istiqamətində torpaqlarımızı erməni işğalından azad etmək uğrunda ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı və Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü ilin yanvarında Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Füzulinin azad olunmuş ərazilərində məcburi köçkünlər üçün xeyli yeni qəsəbə salınıb. İşğaldan azad edilmiş 30 min kv.km ərazidə hazırda 50 mindən çox sakin yaşayır. Rayonun Horadiz qəsəbəsinə isə şəhər statusu verilib və hazırda orada genişmiqyaslı bərpa işləri aparılır.
Bundan başqa, 2003-cü ildə rayonun ərazisində Beyləqanla sərhəddə Qayıdış adlı 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə əsasən İmişli və Biləsuvar rayonlarında 1993-cü ildə salınan çadır düşərgələrindən çıxarılan füzulili məcburi köçkünləri yerləşdirilib. 2008-ci ildə dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə rayonun Zobcuq ərazisində bütün infrastruktura malik 2104 evdən ibarət daha 5 yeni qəsəbə salınıb, əhali həmin qəsəbələrə köçürülüb. Dövlətimizin başçısı həmin qəsəbələrin açılışında iştirak edib. İndi də Füzuli rayonunda yeni-yeni obyektlər tikilərək istifadəyə verilir. Prezident İlham Əliyevin dəfələrlə bu rayona səfər etməsi isə məcburi köçkünlərə göstərilən xüsusi diqqətin nəticəsidir.
Ərazisi 1050 kv. km, əhalisi isə 60 minə yaxın olan Cəbrayıl rayonunun demək olar ki, bütün ərazisi işğal altındadır. Onlardan yalnız biri – Cocuq Mərcanlı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. İşğaldan əvvəl rayonda 35 uşaq bağçası, 65 orta məktəb, 1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət obyekti fəaliyyət göstərib. Ermənilərin törətdiyi vəhşiliklər nəticəsində eyni ilə bu rayon da yerlə – yeksan edilmiş, bütün obyektlər sıradan çıxarılmışdır. Cəbrayıl rayonu tarixi-memarlıq və dini abidələrlə də zəngindir. Tarixi abidələrə misal kimi məşhur Xudafərin körpülərini, Sultan Məcid hamamını, Diri Dağındakı Qız qalasını, dini abidələrə isə bölgə əhalisinin and yeri olan “Hacı Qaraman” ziyarətgahını misal göstərmək olar. Rayon ərazisində qədim arxeoloji abidələr də mövcuddur. Həmin abidələr artıq 23 ildir ki, erməni işğalı altındadır. Hazırda cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonunda 2000-dək yaşayış məntəqəsində məskunlaşıb. İşğaldan əvvəl Cəbrayılın kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Rayonun ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir. Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni təcavüzkarına qarşı aparılan müharibədə 350-dən çox cəbrayıllı şəhid olub, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub. Şəhidlik zirvəsinə ucalan 6 rayon sakini isə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Cəbrayıl rayonundan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də irimiqyaslı işlər görülüb. Cəbrayıllılar daha çox Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında, eyni zamanda Bakıda məcburi köçkünlər üçün salınan müasir qəsəbələrdə, yaşayış məhəllələrində məskunlaşıblar. Bu qəsəbə və məhəllələr onların yaşayışı üçün hər cür şəraitlə təmin olunub. Lakin yaradılan yüksək səviyyəli şəraitə baxmayaraq hər iki rayonun sakinləri öz doğma ocaqlarına qayıtmaq ümidi ilə yaşayır və həmin günü səbirsizliklə gözləyirlər.
Cahid.info