Azərbaycanın milli AZ domeninin tarixi 1993-cü ildən başlayır. İlk sayt ölkəmizdə 1994-cü ildə Milli Elmlər Akademiyasında yaradılıb. İlk dövlət orqanının saytı isə 1997-ci ildə fəaliyyətə başlayıb və bu Azərbaycan Prezidentinin saytı olub. Göründüyü kimi, ölkəmizdə internetin inkişafı demək olar ki, dövlət müstəqiliyimizin ilk illərindən başlayıb. Hazırda Azərbaycanda istənilən şəxs və ya təşkilat özünün kommersiya məqsədli və ya başqa məramlı saytını yaradıb əhaliyə müəyyən xidmətlər göstərə bilər. Həmçinin internet provayderi kimi xidmət göstərmək istəyən hər bir fiziki və hüquqi şəxs üçün də heç bir məhdudiyyət yoxdur. Şirkətlər İnternetə çıxış üçün sabit və simsiz rabitə texnologiyalarından istifadə edirlər. WiMax və digər simsiz texnologiyaların tətbiqi genişlənir. Ölkədə fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru İnternetə yüksək sürətli çıxışı təmin edir və hər üç mobil rabitə operatoru 3G xidməti göstərir. Bu gün Azərbaycanda demək olar ki, əhalinin 100 faizinin İnternetə çıxış imkanı var. 2006-cı ildən isə ölkədə genişzolaqlı internet xidmətlərin göstərilməsinə başlanılıb. Son illərdə məhz bu internet xidmətlərdən yararlananların sayında ciddi sıçrayış müşahidə olunur. Təbii ki, bunun əsas səbəbi ölkədə əhalinin həyat səviyyəsinin yüksəlməsi, İKT sahəsinin inkişafı, elektron hökumət layihələrinin genişlənməsi, xidmətlərin göstərilməsi üçün İnternetdən istifadənin artırılması üzrə həyata keçirilən dövlət siyasətinin nəticəsidir. Son illərdə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artıb. Amma, noyabrın 16-da məlum oldu ki, bu sahədə ciddi problem də var. Müasir Azərbaycanda yalnız özəl sektorun deyil, əksər dövlət qurumları – nazirlik, idarə və komitələrin də fəaliyyətinin internetlə sıx əlaqəli olması, hətta belə bir fərziyyə də yaratdı ki, internetin kəsilməsi dövlətə qarşı planlaşdırılmış bir təxribatdır.
Cahid İsmayıloğlu – yüksək texnologiyalar üzrə ekspert: “Bu təxribat da ola bilər”.
Sonradan bu versiya təsdiqlənməsə də fakt faktlığında qalır. İnternet birdən-birə demək olar ki, bütün ölkə ərazisində kəsilmişdi. Bu isə saytlarla birlikdə bütün bankların, ödəniş terminallarının, elektron hökumət portalı və ümumiyyətlə, dövlət qurumlarının internet vasitəsilə həyata keçirilən bütün xidmətlərinin iflic vəziyyətinə düşməsinə səbəb olmuşdu. Hətta mobil rabitə operatorlarının işində də problemlər var idi. İnsanlar bir növ informasiya blokadasına düşmüşdülər. Çünki, saytların işləməməsi bir yana, kabel televiziyalarının da fəaliyyətini dayandırması həqiqətən də hansısa ciddi təxribatın baş verməsi təəssüratını yaradırdı. Bu isə əhalidə təşviş hissini artırırdı. Rəsmi versiyaya görə, internetin kəsilməsinin səbəbi ölkənin əsas ilkin provayderi – “Delta Telekom”un Data-mərkəzində xətlərdən birində baş verən yanğın olub. Bu xəbər belə mülahizələr yaratdı ki, problemin bir səbəbi də “Delta Telekom” şirkətinin internetin yayılmasında inhisarçı mövqedə olmasıdır. Və ölkənin informasiya təhlükəsizliyinin bir şirkətdən asılı olması düzgün deyil. Amma, sonradan bu mülahizələrin bir o qədər də əsaslı olmadığı üzə çıxdı. Birincisi, Azərbaycanın beynəlxalq İnternet şəbəkəsinə qoşulması 2 özəl şirkət tərəfindən – “Delta Telekom” və “Azərtelekom” vasitəsilə həyata keçirilir. Düzdür, “Azertelekom”un ölkənin internetlə təminatında payı çox azdır. Amma, artıq bu hadisədən dərhal sonra yayılan xəbərə görə, bu provayderin xidmətlərinə maraq göstərən müştərilərin sayı artıb və tezliklə biz hətta bazarın bu seqmentində paritet yarandığını da görə bilərik. Bundan başqa mütəxəssislər bildirir ki, hətta internetlə təminat bir şirkətdən asılı olsa belə, bu ciddi problemlərə gətirib çıxartmamalıdır. Çünki, bu şirkətlərdə həmişə ekstremal situasiyalar nəzərə alınır və rezerv variantlar mövcud olur.
Yüksək texnologiyalar üzrə mütəxəssislər bildirirlər ki, Azərbaycanda bu sahədə kifayət qədər böyük inkişaf qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Yadigar İmamverdiyevin də sözlərinə görə, son illər ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə çox iş görülüb. 2012-ci ildə isə prezidentin sərəncamı ilə müvafiq funksiyaları yerinə yetirən dövlət qurumu yaradılıb və bu sahədə işlər daha da ciddiləşdirilib və sistemli xarakter alıb. Bununla belə son insident göstərdi ki, bu istiqamətdə tədbirlər davam etdirilməli, analoji hadisələrin bir daha baş verməməsi üçün addımlar atılmalıdır. Bununla bağlı xüsusən dövlət strukturları fəallıq nümayiş etdirməlidirlər. Çünki, nə qədər qəribə səslənsə də özəl şirkətlər təhlükəsizliyə ikinci dərəcəli məsələ kimi yanaşırlar. Çünki bu böyük maliyyə vəsaitləri tələb edir.
Yadigar İmamverdiyev – AMEA İTİ-nin şöbə müdiri: “Təhlükəsizlik dəyər yaratmır, daha ciddi yanaşmaq lazımdır”.
Mütəxəssisin sözlərinə görə, bu hadisə göstərdi ki, ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi nə qədər əhəmiyyətli bir məsələdir və problemə konseptual yanaşma işlənib hazırlanmalıdır. Ölkəmizin inkişafı, xüsusən də yüksək texnologiyalar sahəsində əldə olunan nailiyyətlər kibertəhlükəsizlik məsələsinin önəmini daha da artırır. Çünki paradoksal olsa da, bu sahədə inkişaf faktiki olaraq təhlükəni və ölkəmizin internetdən asılılığını daha da artırır.
Konkret olaraq noyabrın 16-da baş verən hadisə kimi insidentlərin qarşısını almaq üçün isə ilk növbədə əlbəttə ki, alternativ informasiya kanalları və alternativ avadanlıqlar təşkil olunmalı, mənbələr arasında əvəzləyici əlaqələr yaradılmalıdır. Hər halda bu istiqamətdə yaxşılığa doğru köklü dəyişikliklərin olacağını proqnozlaşdırmaq olar. Müvafiq dövlət qurumları problemin araşdırılması ilə məşğuldurlar.
Beləliklə mövzuya belə bir yekun vura bilərik ki, hadisənin hansı səbəbdən baş verməsindən asılı olmayaraq bu diqqətlə araşdırılacaq və analoji problemlərin baş verməməsi üçün lazımi tədbirlər görüləcək. Bununla da gələcəkdə Azərbaycanda fəaliyyət göstərən heç bir şirkət, idarə və təşkilat bu səbəbdən müştəriləri qarşısında başıaşağı olmayacaq. Yeri gəlmişkən, alternativ mənbələrdən istifadə etdiklərinə görə, Heydər Əliyev adına Beynəlxalq Hava limanı, Bakı Fond Birjası, Elektron İpoteka portalı, beynəlxalq ödənişlər üzrə SVİFT informasiya mübadiləsi sistemi və bəzi başqa qurumların işinə internetin kəsilməsi heç bir mənfi təsir göstərməyib. Qürurla qeyd edə bilərik ki, bu insident Region TV-nin də işinə mane ola bilməyib. Təbii ki, biz bir şəbəkə televiziyası olduğumuza görə, müxtəlif bölgələrdə fəaliyyət göstərən televiziyalar arasında materialların ötürülməsində və informasiya mübadiləsində müəyyən çətinliklər yaşadıq. Amma, dərhal tədbir görüldüyünə və alternativ variantlar tətbiq olunduğuna görə, tamaşaçı bunu demək olar ki, hiss etmədi.
Şahin Əliyev