Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Resursları Mərkəzində görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin 150 və tanınmış türkoloq, akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunan “Sələflər və xələflər” birinci beynəlxalq simpoziumu keçirilib.
3 gün davam edən beynəlxalq simpoziumda 12-dən çox xarici ölkədən, o cümlədən Türkiyə, Qazaxıstan, Polşa, Albaniya, Ukrayna, Əfqanıstan, Özbəkistan, Böyük Britaniya və Bolqarıstandan olan nümayəndələr iştirak edib.
Bölmə iclaslarında dilçiliyin müxtəlif sahələrini əhatə edən 90-dan artıq məruzə dinlənildi. Tədbirdə Azərbaycanın tanınmış alimləri ilə yanaşı, gənc nəslin nümayəndələri də elmi məruzələrlə çıxış etdi.
“Azərbaycan dilçiliyinin çağdaş problemləri” bölməsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıl oğlu Kazımovun “Dil siyasəti və dil situasiyası sosiolinqvistikanın predmeti kimi” adlı məruzəsi dinlənilərək müzakirə edilib.
C.İsmayıloğlu öz çıxışında dil situasiyasının aparıcı əlamətlərindən olan ərazi-sosial münasibətlər və funksional əlaqələr, çoğrafi-regional yaxud siyasi-administrativ əlamətlər, cəmiyyətdə dil situasiyasının dəyişməsi, hər bir quruluşun, dövlətin özünəməxsus dil siyasəti və dil situasiyası, dil mühitinin və dil situasiyasının beynəlmilləlləşməsi prosesi, indiki dönəmdə dövlətin dil siyasəti, dil siyasətinin dilin sisteminə təsiri, dil siyasəti ilə bağlı mübahisəli problemlər haqqında ətraflı məlumat verdi.
Qeyd etdi ki, “dil dövlət siyasətinin tərkib hissəsidir və dil quruculuğu dövlət quruculuğunun mühüm məsələsi kimi prioritet məsələlərə aiddir. Müəyyən mənada demək olar ki, dil cəmiyyətin siyasi durumunun mühüm amillərindən birilir; hər hansı bir cəmiyyətdə dil siyasəti o zaman müvəffəqiyyətli hesab edilə bilər ki, o toplumun bütün üzvlərini əhatə etsin, kütlə ana dilinə köklənsin.”
© Cahid.info