(İsmayıl Babaş oğlu Kazımov. Mahmud Kaşğari «Divan»ı və çağdaş türk dilləri». Bakı, «Elm və təhsil», 2014, 224 s.)
Xalq dilinin tarixi zənginliyini, ana dilinə böyük məhəbbəti özündə əks etdirən böyük türkoloq Mahmud Kaşğari adı sovet dönəmi dağılandan sonra daha da kütləviləşdi. Onun irsi ilə elmimizə tamamilə yeni üfüqlər və tədqiqat yönləri açıldı. 2008-ci ili YUNESKO «Mahmud Kaşğari ili» elan etdi. Bu tarixi hadisə dünyanın hər yerində maraqla qarşılandı. Məhz bu ildən türk xalqları Mahmud Kaşğarini bütün istiqamətlərdə öyrənməyə başladılar.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov da Mahmud Kaşğari irsini öyrənən alimlər sırasındadır. Onun yeni çapdan çıxmış kitabı «giriş»dən, 4 bölüm və əlavələr hissələrindən ibarətdir. Müəllifin girişə verdiyi başlıq (Ərdəmin, ədəbin başı dildir) söz, fikir adamı olmuş Mahmud Kaşğari dövrünün ədəbi dilinə nə qədər önəm verməsini göstərir. Bu atalar sözü ilə M.Kaşğari demək istəyib ki, ərdəmli, fəzilətli olmaq üçün ilk növbədə dildən düzgün istifadə etmək lazımdır.
İ.Kazımovun ilk təhlilləri göstərir ki, «dilin sərhədləri düşüncənin sərhədləridir» fikri əslinə qalanda M.Kaşğarinin uzaqgörən təfəkküründən qaynaqlanıb. Dillə əlaqədar hikmətli kəlamları təhlilə cəlb edən müəllif qeyd edir ki, «türklüyün altun dövrü»ndə o, türk dilini ərəb dili ilə qarşılaşdırır, «Türk dili ərəb dili ilə atbaşı gedir. Dərdini dinlədə bilmək və türklərin könlünü almaq üçün onların diliylə danışmaqdan başqa yol yoxdur».
Ümumiyyətlə, müəllif «Divan»ı unikal və çox səviyyəli bir əsər kimi qiymətləndirir. Türkologiya elminin əsaslandırıcısı olan M. Kaşğari haqqında A.Caferoğlunun, Zeynep Korkmazın, Kemal Sandıqçının, T.Hacıyevin, Şükrü Akalın, A.Kononovun, N.Baskakovun, Ə.Dəmirçizadənin, M.Musayevin, Ramiz Əsgərin dil yönümdə olan fikirlərini çatdırır. Həmin görkəmli alimlərin fikirlərinə əsaslanaraq müəllif türkoloji, o cümlədən Azərbaycan dilçiliyinin və türk dillərinin araşdırılması, türk müqayisəli-tarixi dilçiliyinin bünövrəsinin M.Kaşğari adı ilə bağlılığını ortaya qoyur və belə təkliflərlə çıxış edir ki, türkoloji dilçiliyin, Azərbaycan dilçiliyinin elmi-nəzəri və praktik əsaslarını yalnız bu ensiklopedik əsərlə müəyyənləşdirmək olar. Müasir Azərbaycan dilçiliyinin tarixi istiqamətləri M.Kaşğari ənənələrinə istinad edilərək tədqiq olunmalıdır. Böyük alimin türkoloji ənənələri ilə müasir dilçiliyi bir-birinə bağlayan kəsişmə nöqtələri (sələf-xələf əlaqəsi) təyin edilməlidir. Aparılan və aparılacaq müqayisələr dil-dialektlər arası sistemləşdirilməlidir» (s. 11).
Kitabın I bölümü «Divan»ın fonetik özəllikləri» adlanır. Müəllif bu əsərdəki faktlara əsaslanaraq xaqaniyyə xalqının dilində tarixən danışıq səslərinin xüsusiyyətlərini, növlərini, vəzifələrini və məruz qaldıqları dəyişmələr haqqında maraqlı elmi bilgilər vermişdir. Çox geniş bir söz varlığına malik olan «Divan» türk dillərinin fonemlər sisteminin tarixi inkişafını öyrənmək üçün ən yaralı və dəyərli qaynaqlardandır. Bəlli olur ki, hələ o dövrdə ayrı-ayrı səs hadisələri, səs dəyişmələri, növbələşmələr, morfofonetik birləşmələr, səs uyumları və s. məsələlərlə bağlı bir sıra suallara böyük türkoloq tərəfindən tutarlı elmi cavablar verilmişdir. «Dövrün tayfa dillərinin fonetik qanunauyğunluqları sözün daxilində dildaxili növbələşməni, dəyişkənliyi üzə çıxarır» (s.13).
Əsərin fonetik qruluşundan bəhs edənlər kimi, İ.Kazımov da müqayisə olunan dil vahidlərinin məna və səslənmələrin qarşılıqlı təsirində qədim türk dili-dialektlərinin fonetik inkişafının çox mürəkkəb səbəblərinin, sözün tərkibindəki səs keçidlərində, ayrı-ayrı fonetik hadisə və qanunların mütləqliyində araşdırıb ortaya çıxarıbdır. Səs əvəzlənmələri, səs uyğunluqları, səs keçidləri, səsartımı, səsdüşümü, səs yerdəyişməsi, qaplologiya və s. hadisələrin tarixi mahiyyəti açılır, zəngin nümunələr əsasında şərh olunur.
Əsərin II bölümündə «Divan»dakı söz və ifadələrin leksik-semantik xüsusiyyətləri tədqiq olunur. Həmin leksikanın tarixi-genetik layının əsasən türk mənşəli olduğu üçün kitab müəllifi həmin layı əsasən müxtəlif sahələr üzrə müəyyənləşdirir və onların müasir türk dilləri ilə əlaqəsini, təsir imkanlarını üzə çıxarır. Əsərdə təhlil prosesində əsaslanılır ki, sözün tarixi yalnız etimologiyanın tarixi deyil, eləcə də bütün sonrakı gələn bütün nəsillərin, cəmiyyətin hərəkət və inkişafıdır.
«Divan»dakı ayrı-ayrı söz və ifadələrin tarixini öyrənmək üçün İ.Kazımov düzgün olaraq eyni regionda yaşayan tayfalara məxsus adlandırma prinsiplərini nəzərdən keçirir və bu zaman hər bir tayfaya məxsus əşya, əlamət, proses və hərəkətlərin adları üzə çıxır.
Statistik hesablamalar əsasında «Divan»da 285 oğuz sözünün mövcudluğu göstərilir. Təkcə oğuzlar deyil, qıpçaqlara, karluqlara, kaşğarlara, gəncəklərə, cigillərə, suvarlara, soğutlara, bulqarlara, xaqanlara, barğanlara, toxsılara, xotanlara, yağmalara, arğulara və s. məxsus sözlər qruplaşdırılır və hər birinin müasir türk dillərindəki mənası qeyd olunur.
Tədqiqat nəticəsində müəyyənləşdirilmişdir ki, «Divan»da 60-a yaxın söz dilimizin abidələrində, həmçinin də dialekt və şivələrdə işlənməkdədir.
«Tarixi təhlil predmeti olan hər bir fakt» (Hacıyev T.) bu «Divan»ın dili əsasında təhlil olunduqca, yeni-yeni təcrid faktorları da meydana çıxır. Burada da müəllif təkliflə çıxış edir ki, tarixi qrammatika və tarixi leksika faktlarına yeni yanaşma bu böyük abidənin dilinə söykənərək formalaşmalıdır.
«Divan»ın sahə leksikası kitabda daha əhatəli bir hissəni təşkil edir. Müxtəlif sahələri özündə birləşdirən bu leksika türklərin, yağmaların, yəməklərin, kaşğarların, çigillərin, arğuların və digər tayfa dillərinin ümumi inkişaf qanunları əsasında formalaşmışdır. Məişətdən tutmuş kənd təsərrüfatına qədər, eləcə də maddi və mənəvi mədəniyyətin bir çox sahələrinə aid sözlər toplanmış və təsnif edilmişdir. Həmin sözlər müasir türk dillərində, onların dialektlərində axtarılır, inkişaf nəticəsində forma və məzmunda müşahidə olunan təkamül prosesi göstərilir. Məsələn, qidalanma mədəniyyətinin bir çox spesifik cəhətləri dilin lüğət tərkibində əks olunduğu üçün «Divan»dakı kulinariya leksikasını araşdıran müəllifə görə, XI yüzillikdə türklərin istifadə etdiyi yeməklərin, çörəklərin, içkilərin, şərabların bir çoxu sıradan çıxdığı kimi, onların adları da arxaikləşərək unudulmuşdur. Bir sıra yemək adları ilkin mənalarını saxlaya bilməmiş, əlavə məna çalarları qazana bilmişdir. Bəzi yemək-xörək və içki adları isə türkcələrin dialekt və şivələrində, həmçinin də çağdaş türk dillərində öz izlərini saxlamış və indi də istifadə olunmaqdadır (s.40). Müəllifin düşüncəsinə görə isə, azuqə sözü tarixən as-az-azu-azuq-azuqə yönündə inkişaf prosesi keçirmişdir. Çünki bu formaların hər birində yemək, ərzaq, ərzaq ehtiyatı, yol ehtiyatı və s. semantik çalarlar özünü göstərmişdir. İ.Kazımov etnoqrafik, mifoloji, adət-ənənə ilə, inancla bağlı qədim leksikanı da çox həvəslə, səriştə ilə araşdırmış, onların məna variantlarını üzə çıxarmışdır. Bunun üçün o, qədim türk lüğətlərinə müraciət etmişdir. Belə tipli araşdırmalar, fikrimizcə, etnoqrafiya, mifologiya, din və s. tarixinin köklərini araşdırmaqda maraqlı və zəngin faktlar verə bilər.Bundan savayı, kitabda qohumluq münasibətlərini bildirən, insanın bədən üzvlərinin adları, qədim təbabətə dair sözlər, zaman anlayışlı leksik vahidlər, təqvim və astronomik adları, onomastik leksika (tayfa, şəxs və ərazi adları), ekoloji, coğrafi, qədim ölçü adları da «Divan»dan seçilib qruplaşdırılır və hər birinin müasir əhəmiyyəti göstərilir. Məsələn, «qədim türk antroponimik sistemində cəmiyyət üzvlərinin, ələlxüsus da onun yüksək aristokrat təbəqəsinin çoxaldığının, ictimai-siyasi sistemlə onun mövqeyi və statusunun dəyişməsi zamanı yeni ad almaq ənənəsinin geniş yayılması qədim türk onomastikasının əsas əlamətlərindəndir. Bir insanın adının çoxluğu onun ailədə, nəsildə yeri, rolu, eləcə də əcdadları ilə bağlılığını müəyyənləşdirmək üçün koordinator funksiyasını yerinə yetirir.
İ.Kazımov kitabda peşə-sənət leksikasını daha geniş şəkildə araşdırmağa çalışmışdır. Xüsusən də qədim peşələr, indi ölüb getmiş peşələrin adları və bunlarla bağlı sözlər təhlil olunur. Peşə-sənət leksikası XI əsrin türk toplumundakı əmək bölgüsünün özünəməxsus forma və məzmununu özünə əks etdirir. Müəllif sanki peşələrin tarixini öyrənir, müəyyən dövrdə həmin peşələrin və bu xüsusda leksikanın formalaşması, təzahür etməsi yalnız ictimai ifadə forması kimi yox, həmçinin də tarixi təzahür faktı kimi nəzərdən keçirilir. Bəlli olur ki, məhz həmin dövrdə insanların əmək fəaliyyəti genişlənmiş, sənətkarlıq, demək olar ki, kənd təsərrüfatından ayrılaraq müstəqil bir sahə təşkil etmişdir.
Bu başlıq altında müəllif keçəçilik, həsirçilik, çanaqçılıq, dəmirçilik, dəriçilik, ayaqqabıçılıq, dərzilik, marangözlük, bərbərlik, qəssablıq, fırınçılıq (çörək peşəsi ilə əlaqədar), ovçuluq, əkinçilik, taxılçılıq və düyüçülük, çütçülük, bitkiçilik, meyvəçilik, tərəvəzçilik, ticarət, dənizçilik, balıqçılıq, heyvandarlıq, atçılıq, qoyunçuluq və keçicilik, dəvəçilik, quşçuluq, zərgərlik və bəzək, tikişçilik, toxuculuq və s. peşələrlə bağlı leksikanı qruplaşdırmış və hər birinin tarixi-genetik xüsusiyyətlərini şərh etmişdir.
İ.Kazımov sözlərin tarixi omonimliyi, sinonimliyi, əkslikliyi, variantlılığı məsələlərinə də əsərdə yer ayırmışdır.
Mahmud Kaşğarinin bu dəyərli əsərini daha da mənalandıran, dərinləşdirən, sözsüz ki, burada işlənən atalar sözləri, müdrik ifadələr də olmuşdur. Böyük türkoloq 300-dən çox atalar sözlərindən istifadə etmişdir ki, bu da müəllifin fikrincə, həmin sözlərdən maraqlı bir monoqrafik tədqiqat aparmağı şərtləndirir. Müəllif «Divan»dakı atalar sözlərinin tarixi dəyişmələrini Anadolu türklərinin ağızlarında, Azərbaycan dilində qarşılaşdırır, ümumi və fərqli cəhətləri aydınlaşdıra bilir. Məsələn, bir nümunəyə baxaq: Yalnuk oqlı munsuz olmaz (Divanda)- Kişi oğlu dertsiz olmaz (Anadolu ağızlarında)-Dərdsiz insan olmaz (Azərbaycan dilində).
300 belə atalar sözünün tarixini inkişafını izləməklə arxaikləşmə prosesinin gedişini müəyyən etmək mümkündür.
«Divan»ın morfoloji özəllikləri bölümündə də tarixi morfologiyamız üçün çox faydalı əlamətlər vardır. Bu gün həmin məsələləri müəllif «tarixi təhlil predmeti» kimi götürmüş, hər bir morfoloji kateqoriyaya aid olan müəyyən dəyişmələri göstərə bilmişdir. Digər müəlliflər (məsələn, Ramiz Əskər) kimi kitab yazan da «Divan»dakı qrammatik fərqlərin üzə çıxmasının səbəbini doğru olaraq diferensiallaşmanın hələ sona yetməməsi, təşəkkül və sabitləşmə dövrünün davam etməsi ilə əlaqələndirir.
Maraqlı faktları meydana çıxaran müəllif belə bir mülahizə yürüdür ki, türk tayfaları çox əski dövrlərdə məlum və məchul növ felləri fərqləndirə bilməmişlər. Buradan anlaşılır ki, vaxtı ilə türkcədə məlum növ fel saydıqları məchul növün yerinə istifadə edilmişdir.
«Divan»ın sintaktik özəllikləri ilə bağlı aşkar olunan tarixi faktlar təxminən belədir: ən qədim əlaqə üsulu-yanaşma bu lüğətdəki söyləmlərin yaranmasında aparıcı mövqe tutmuşdur. Türk dillərinin çoxəsrlik tarixində təyini söz birləşmələri çox az dəyişmişdir. Sintaktik vahidlərin həcmində genişlənmə müşahidə olunmuş, sonradan intensivlik azalmağa doğru getmişdir. Söz birləşmələrinin inkişafı mürəkkəb sözə çevrilməklə nəticələnmişdir. Şəxs əvəzliyi ilə ifadə olunmuş cümlələr çoxluq təşkil edir (men bargay men yamu=ben gidecekdim, sen de göreceksin) və s.
Gəlinən nəticə budur ki, «Divan»ın mətnlərindəki sintaktik vahidlər imkan verir ki, həmin qədim qrammatik formaları müasir türk dillərinin uyğun sintaktik vahidləri ilə müqayisəli şəkildə tədqiq edib öyrənəçsən. Ona görə də «Divan»ın sintaktik özəlliklərinin ayrıca araşdırılmasına ehtiyac vardır.
Kitabın «Əlavələr» hissəsi heç də səviyyə baxımından bölümlərdən geri qalmır. Burada «Türkologiya» jurnalının Mahmud Kaşğariyə həsr edilmiş sayı (1972, № 1) təhlil olunur.
Məlum olur ki, müəllif 2008-ci ildə Türkiyənin Rize şəhərində «Mahmud Kaşğari ili»ndə –simpoziumda iştirak etmiş, bir çox elm adamları ilə yanaşı, Mahmud Kaşğari haqqında «Arğu adı, dili və etimologiyası» adlı məruzə ilə çıxış etmişdir. Həmin təəssüratlarını müəllif kitabdakı «Mənəvi zənginlik ili- Kaşğari Mahmud ili» adlı yazısında əks etdirə bilmişdir.
Kitabın sonunda «Səlçuqların etnik adları: etimoloji etüdlər» adlı yazıda kınık\qınıq, kayı adlarının mnşəyi məsələləri aydınlaşdırılır. Bu məqalədən doğan nəticə belədir: «Tarixən boy adlarında əzizləmə, istək və güc, sərt anlayışları üstünlük təşkil etmişdir. Kınık, Kayı, Bəydili tayfalarının adında olduğu kimi. Bu mövzuda tədqiqatlar genişləndikcə yeni-yeni tarixi-etimoloji faktlar da üzə çıxır.
«Türk dünyasının minillik dairəvi xəritəsi» adlı yazı da maraq doğurur. Müəllifin qısa qeydləri Mahmud Kaşğarini bir çoğrafiyaşünas alim, topoqraf araşdırmaçı kimi də öyrənməyə mütəxəssisləri sövq edir. Ümumiyyətlə, M.Kaşğarinin bu xəritəsində toponimik adların, çoğrafi koordinatların əks olunması rəng motivlərinə görə əsaslandırılmışdır. Bu sahədə də müəllifin qənaətləri yaxşıdır.
«Mahmud Kaşğari «Divan»ı və çağdaş türk diləri» kitabında nədənsə köməkçi nitq hissələrinə az yer verilmişdir. Halbuki həmin sözlərin tarixi inkişafı burada izlənilməli idi.
Buna baxmayaraq, professor İ.Kazımovun bu kitabı Mahmud Kaşğari «Divan»ının müasir türk dilləri və ağızları ilə qarşılıqlı əlaqəsini, təsir imkanlarını öyrənməkdə mühüm mənbədir və burada qoyulan, qaldırılan məsələlər haqqında gələcəkdə genişləndirilmiş tədqiqatlar aparıla bilər.
İLHAM MƏMMƏDLİ, «Bütöv Azərbaycan» qəzetinin redaktoru, filologiya elmləri namizədi.