Bu məqalə birinci “Sələflər və Xələflər” beynəlxalq konfransında məruzə olunacaq.
- Dil siyasəti və dil situasiyası sosiolinqvistika elminin mərkəzi sistemtörədici anlayışlarıdır. Bu siyasətin əhatəli ictimai-siyasi fəaliyyət məzmunu cəmiyyətin dil həyatının inkişafı proseslərinə şüurlu, məqsədyönlü təsir göstərməyin yalnız elə xüsusiyyətlərini özündə birləşdirir ki, onlar dövlət fəaliyyəti ilə əlaqədardır və qanun qüvvəsinə malikdir; ona görə ki, siyasət idarəçilikdə, hakimiyyətdə, qanunçuluqda çıxış edir.
- Dil situasiyası həyatın, varlığın formasıdır. Ərazi-sosial münasibətlər və funksional əlaqələr; çoğrafi-regional yaxud siyasi-administrativ əlamətlər dil situasiyasının aparıcı əlamətlərindəndir. Dil situasiyasının dəyişkən xarakteri bu cəhətlərlə izah oluna bilər.
Dil situasiyası deyəndə müəyyən siyasi-inzibati qurum, yaxud coğrafi ərazi hüdudu çərçivəsində bir və ya bir neçə dilin funksional, habelə sosial təsirlərindən ibarət mövcudluq formasının toplusu nəzərdə tutulur.
Sosiolinqvistik baxımdan cəmiyyətdə milli nifrət konseptinin (təsəvvürünün) meydana gəlməsi bilinqvizmlə bağlı deyil, dil situasiyasının dəyişməsindən irəli gəlir. Deyildiyi kimi, dil situasiyası müəyyən zaman daxilində dəyişə bilər, bu zaman ana dili öz dominantlığını yerli dilə ötürür. Bu isə dil daşıyıcılarına təkcə linqvistik baxımdan deyil, kommunikasiya prosesində funksional və psixoloji nöqteyi-nəzərdən də təsirsiz qalmır.
- Hər bir quruluşun, dövlətin özünəməxsus dil siyasəti və dil situasiyası mövcuddur. Hər bir tarixi dövr və mərhələnin spesifik mənzərəsi həmin siyasəti və situasiyanı aydınlaşdırır. Məs.: sovet dönəminin dil siyasəti indiki dövrün dil siyasətindən ona görə fərqli şəkil almışdır ki, (o zaman) məhz bu sistemdə dil siyasəti sosial-iqtisadi tərəqqiyə, elmi-mədəni inkişafa, xalqlar dostluğu və əməkdaşlığına xidmət edərək cəmiyyətin (məhz Azərbaycan cəmiyyətinin) dil həyatına, dil mühitinə və situasiyasına müxtəlif üsullarla, vasitələrlə öz təsirini göstərə bilmişdir.
- Sovet dönəmində Azərbaycan respublikasında dil siyasətinin ardıcıl xəlqiliyi milli dillərin bərabərhüqüqlü və azad inkişafını təmin etmiş, ünsiyyət prosesində ana dilindən istifadəyə imkan və şərait yaratmışdır. Bununla yanaşı. Azərbaycan cəmiyyətinin dil mühitinin və dil situasiyasının beynəlmilləlləşməsi prosesinin nəticəsi olaraq harmonik, yəni ahəngdar bilinqvizmi də inkişafın fazasını təşkil etmişdir. Xalqlar tərəfindən könüllü seçilmiş rus dili millətlərarası kommunikasiya vasitəsinə çevrilmişdir. Beləliklə, sovet dönəmində yeganə partiyanın dil siyasəti də məhz milli dillərin (ana dilinin) inkişafı və qarşılıqlı zənginləşməsi, millətlərarası ünsiyyət dilinin yayılması (rus dilinin) və ikidilliliyin genişlənməsi və möhkəmlənməsi funksiyalarını daha çevik şəkildə yerinə yetirilməsinə istiqamətləndirilmiqdir.
- İndiki dönəmdə dövlətin dil siyasəti onun varlığı və inkişafı, həmçinin gələcəyi məsələsi kimi ortaya çıxmış; müstəqillik uğrunda mübarizənin bir qolunu təşkil etmişdir.
- Dil siyasəti ilə bağlı mübahisəli problemlər hələ də qalmaqdadır. «Dil siyasəti» termini əvəzinə, təklif olunur ki, «dil planlaşdırılması», «dil quruculuğu» terminoloji vahidləri də işlədilir.
Həmin terminoloji vahidə məzmun planında bu cür yanaşılır: dövlətin, sinfin, ictimai qrupların dildəki mövcud funksional təsnifatını dəyişmək yaxud olduğu kimi saxlamaq barədə gördükləri tədbirlər toplusu dil siyasətidir. Başlıca məqsəd ya hazırkı linqvistik normaları qoruyub saxlamaq, yaxud da yeni normaları qəbul etməkdir.
Aydındır ki, dil siyasəti dilin sisteminə müəyyən təsir göstərə bilər. Bu, müəyyən sərhəddə sığmalıdır.
Dil dövlət siyasətinin tərkib hissəsidir və dil quruculuğu dövlət quruculuğunun mühüm məsələsi kimi prioritet məsələlərə aiddir. Müəyyən mənada demək olar ki, dil cəmiyyətin siyasi durumunun mühüm amillərindən birilir; hər hansı bir cəmiyyətdə dil siyasəti o zaman müvəffəqiyyətli hesab edilə bilər ki, o toplumun bütün üzvlərini əhatə etsin, kütlə ana dilinə köklənsin.
- Sovet dönəminin hələ 20-30-cu illərində «dil quruculuğu» termin-anlayışı ortaya çıxır və bu əslində konstruktiv xarakter daşıyır. Həmin dönəmdə mədəni təbdirlərin içərisində əlifba, termin, həmçinin də ədəbi dillərə yanaşma, əlbəttə, köhnə quruluşdan xilas olmuş xalqlar üçün mühüm önəmə malik idi.
Demək mümkünsə, dil siyasəti dövlətin içində dilin öz funksiyasını yerinə yerirməsinə və inkişafına təsir edən sosial amillərdən biri kimi diqqəti çəkir. Dil siyasəti dillərin və dil yarımsistemlərinin funksional təsnifinə öz gücünü bu və ya digər aspektdə təsirsiz ötüşmür.
Sovet dönəminin dil siyasəti və dil quruculuğu «mədəni-mənəvi faktorlar silsiləsində xüsusilə fərqlənir; dilə bir, tərəfdən, yeni sosialist mədəni-maarif işinin tərkib hissəsi və onun vasitəsi- bu tədbirin həyata keçiricisi, digər tərəfdən, onu daşıyan xalqın cismən yaşama və mənəvi varlıq faktoru kimi baxılır. Beləliklə, məktəblə, maariflə bağlı əlifba, imla məsələləri, elmi tərəqqi ilə əlaqədar termin məsələləri ətrafındakı dava-dalaş səviyyəli söhbətlər də, teatrın, səhnənin, ədəbiyyatın, mətbuatın xəlqiliyi, anlaşıqlı olması haqqındakı mükalimələr də, geniş siyasi auditoriya və dövlət ünsiyyət forması barəsindəki tədbirlər də bilavasitə dillə bağlanır, dil qızğın siyasi müharibə meydanında sosialist inqilabının fəth etməli olacağı vacib qalalardan birinə çevrilir» (Hacıyev T.İ. Azərbaycan ədəbi dili tarixi. II hissə, Bakı, 1987, s.247).
Həmin siyasətdə başlıca məsələ dilin özünün, onun varlıq formalarının, müəyyən ünsiyyət üçün dilə məxsus vahidlərin seçilməsi ilə əlaqədardır.
Bir məsələ də qeyd olunmalıdır ki, bu siyasətlə bağlı dilin təkamülündə şüurlu müdaxilə ilə sistemin işarəvilik səciyyəsini ortaya çıxarmaq olar.
Həmin siyasətdə uğur əldə etmək üçün həm dilin ümumi inkişaf meylllərini, həm də ictimai amilləri diqqət mərkəzində saxlamaq gərəkdir. Bəzən bu xüsusda dildə yeni normalar yaradılmağa cəhd göstərilir, eyni zamanda ədəbi dillər üçün «koyne» lər- dialekt əsasları axtarılır. Vaxtı ilə Azərbaycan ədəbi dili üçün dialekt əsasının Təbriz, Şirvan bölgələri olduğu, indi isə Bakı dialektinin aparıcılığı qeyd olunur.
«Bilindiyi kimi, hər bir ədəbi dil ölkənin mədəni mərkəzinin danışığı-dialekti (koyne) üstündə durur. Ahəng qanunu türkcənin aparıcı fonetik-morfoloji qanunudur. Tarixən Azərbaycan türkcəsinin ahəngi Şirvan və Təbriz dialektlərinə uyğun gəlir» (akademik T.Hacıyev).
- Dil siyasəti barədə biliklərin genişləndirilməsi cəmiyyətdə milli və beynəlmiləl meyillərin güclənməsinə təkan verir. Bu zaman ideloji fikir ayrılıqları meydana çıxır.
Dil siyasətİ onA müdaxilədən başlanır.Dünyada gedən siyasi proseslər bu və ya digər dərəcədə dilə müsbət, yaxud mənfi yöndə müdaxilə edir. Dil siyasəti a) aktiv və passiv; b) humanist və mürtəce; c) qlobal, regional və milli ola bilir. Aktiv dil siyasəti mövcud tarixi şərait və şəxsiyyətin iradəsi ilə həyata keçirilir; pasiv dil siyasəti isə dillərin təbii inkişafına əsaslanır. Humanist dil siyasəti dillərin təbii inkişafının məntiqinə əsaslanır, mürtəce dil siyasəti isə bu məntiqin ziddinə olaraq aparılır. Qlobal dil siyasəti dünyada gedən dil proseslərini nəzərə almaqla aparılır, regional dil siyasəti dillərin qarşılıqlı əlaqədə olduğu regionu, milli dil siyasəti bir ölkə, yaxud dövlətin dilini əhatə edir.
- Yeni dövrdə dil siyasəti və dil situasiyası dövlət dilinin dövlət idarələrindəki mövqeyinin gücləndiririr. Başqa dillərin təcavüzünün qarşısının alınması üçün ardıcıl və məqsədyönlü tədbirlər işlər görür.
Dünya tarixində böyük dil siyasətçiləri meydana çıxmış, həmin siyasətçilər sırasında ulu öndərin – Heydər Əliyevin mövqeyi dəyişməz olmuşdur.
Beləliklə, dil siyasəti bugünkü Azərbaycanda davam edən dil quruculuğu proseslərinin metodoloji əsasını təşkil edir.
- Müstəqillik şəraitində sosial həyatın dəyişmə qanunauyğunluqları dil situasiyasındakı yeniliklərlə birbaşa bağlıdır.
Azərbaycan dilinin siyasi nüfuzu yeni dövrdə sürətlə yüksəlir. Müstəqillik şəraitində dövlət dilinin yüksəlişi sahəsində görülən işlər ciddi tarixi bazaya arxalanır. «Dövlət dilinin tətbiqi işinin təkmil şəkilə salınması» ideyası sonrakı sərəncam və fərmanların əsasını təşkil etdi. Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması; bu dilin bir dövlət dili olaraq inkişaf etdirilməsi həyata keçirildi.
Cahid İsmayıl oğlu Kazımov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru