Köməkçi nitq hissələri sözlərin elə mə’na qruplarıdır ki:
1) leksik mə’naya malik olmur;
2) ayrılıqda cümlə üzvü kimi işlənə bilmir;
3) müstəqil suala cavab olmur;
4) şəkilçi qəbul edib dəyişmir.
Dilimizdə dörd köməkçi nitq hissəsi var: 1) qoşma; 2) bağlayıcı; 3) ədat; 4) modal sözlər.
QOŞMA
İsmin yiyəlik, yönlük və çıxışlıq halında olan sözlərə qoşula-raq müəyyən mə’na çaları əmələ gətirən köməkçi nitq hissəsinə qoş-ma deyilir. Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur.
Qoşmalar ismin halı ilə işlədilməsinə görə aşağıdakı qruplara bölünür:
1. İsmin yiyəlik halı ilə işlənən qoşmalar: qədər, kimi, tək, üçün, ilə (la2), haqqında, barəsində, haqda, barədə, içrə, üzrə, -can, -cən.
Yiyəlik halda olan sözlərə artırılan qoşmaların aşağıdakı mə’na xüsusiyyətləri var:
a) Qədər, kimi, tək qoşmaları yiyəlik halda olan sözlərə qoşularaq bənzətmə mə’nası əmələ gətirir. Məs: Təyyarə quş kimi (tək) uçurdu. Tarla bəyaz qar kimi, Arzu təzə, söz təzə və s.
Bu qoşmaların qoşulduğu sözlər ismin qeyri –müəyyən yiyəlik halında olur. Buna görə də bu cür isimlərin yerinə əvəzlik qoy-duqda söz müəyyənlik bildirən yiyəlik halda olur. Məs: Əhməd tək – sənin tək, Həsən qədər – onun qədər, quş kimi – onun kimi və s.
b) İlə qoşması birgəlik, bə’zən də vasitə mə’nası ifadə edir. Məs: Əli ilə, sənin ilə (səninlə), telefon ilə (telefonla) və s.
c) Üçün qoşması qoşulduğu sözlə səbəb-məqsəd mə’nası ifadə edir. Məs: onun üçün, Murad üçün və s.
1. İsmin yönlük halı ilə işlənən qoşmalar. –dək, -can, -cən, tə-rəf, doğru, qarşı, sarı, görə, əsasən, qədər, dair, aid, kimi, məx-sus, nisbətən.
a) Görə qoşması qoşulduğu sözlə birlikdə səbəb, uyğunluq, isnad və nisbət məzmununu ifadə edir. Məs: Murada görə qardaşı-nı da məktəbə qoymurdular. Hər kəsə bacarığına görə iş verdilər. Eşitdiyimə görə yaxşı adamdır. Kamrana görə Arif cavan gö-rünür.
b) Nisbətən qoşması yalnız nisbi müqayisə bildirir və görə qoşmasının sinonimi olur. Məs: Vəliyə nisbətən qardaşı daha çalışqan idi.
c) Məxsus, aid, dair qoşmaları yönlük halda olan sözlərə qoşularaq aidlik məzmununu ifadə edir və biri digərinin sinonimi olur. Məs: Gəray atasına aid (məxsus, dair) sənədləri arxivə vermişdi.
ç) Qarşı qoşması ziddiyyət (məs:Həqiqətə qarşı çıxmaq nadanlıqdır), istiqamət, yönəltmə (məs: Məmməd ona qarşı gedirdi) və s. bu kimi mə’naları ifadə edir.
d) Qədər, kimi, -dək, -can, -cən qoşmaları yönlük halda işlənən zaman zərflərinə qoşulduqda zaman mə’nası (məs: Yaya qədər, indiyə kimi, səhərəcən, axşamadək və s.), ifadə edir.
e) Qədər, kimi, –dək, -can2 qoşmaları yönlük halda olan söz-lərə qoşulduqda məsafə bildirir. Məs: evə qədər, evə kimi, evədək, evəcən və s.
f) Sarı, tərəf, doğru, qoşmaları istiqamət, yönəltmə bildirir və biri digərinin sinonimi olur. Məs: Evə tərəf, evə sarı, evə doğ-ru, evə qarşı.
Qeyd: Kimi qoşması qədər qoşmasının sinonimi olduqda yö–nlük, tək qoşmasının sinonimi olduqda isə yiyəlik halda olan sözlə işlənir. Məs: kəndə kimi, sənin kimi və s.
3. İsmin çıxışlıq halı ilə işlənən qoşmalar. Sonra, əvvəl, qabaq, bəri, başqa, qeyri, savayı, ayrı, özgə, ötrü, əlavə.
a) Əvvəl, sonra, qabaq, bəri qoşmaları zaman mə’nası ifadə edir. Məs: Səndən əvvəl (sonra, qabaq, bəri) və s.
b) Qeyri, başqa, savayı, ayrı, özgə qoşmaları fərqlənmə mə’-nası ifadə edir. Məs: Əlidən başqa (savayı, ayrı, özgə).
c) Ötrü qoşması qoşulduğu sözlə birlikdə səbəb – məqsəd mə’nası ifadə edir. Məs: Atamdan ötrü, oxumaqdan ötrü və s.
Bə’zən ötrü qoşması əvəzinə yana qoşması da işlənir. Məs: Sən-dən yana bu qədə əziyyət çəkdim.
3. Qoşmaların orfoqrafiyası (yazılışı). -can2, -ca2, -dək qoş-ma-ları şəkilçi formasına düşdüyü üçün həmişə bitişik yazılır. Məs: evəcən, kəndədək, dəryaca və s.
İlə qoşması samitlə bitən isimlərə qoşulduqda həm ayrı (Kərim ilə), həm də bitişik (Kərimlə) yazılır. Saitlə bitən sözlərdə isə həmişə ayrı yazılır (Sona ilə, quzu ilə) Bə’zən ilə qoşması saitlə bitən isimlərdə bitişik yazılır və bu zaman «y» bitişdirici samitindən istifadə olunur (şe’riylə) və s.
Qalan qoşmaların hamısı ayrı yazılır.
4. Qoşmaların sinonimliyi. Aşağıdakı qoşmalar bir-birilə sino-nimdir.
1) Yiyəlik halda işlənən kimi – tək qoşmaları (sənin tək, sənin kimi)
2) Yönlük halda işlənən qədər – kimi – dək – can(cən) qoşma-ları və sarı – tərəf – doğru qoşmaları. Məs: evə qədər (kimi, dək, cən); evə tərəf (sarı, doğru)
3) Çıxışlıq halda işlənənlər: əvvəl – qabaq; (məndən əvvəl (qabaq); qeyri – başqa – savayı; Səndən qeyri (savayı, başqa)
4) İlə -ca2, qədər – ca2, üçün – ötrü qoşmaları da sinonim ola bilər.
5) Sarı və bəri qoşmaları ayrılıqda sinonim ola bilmədiyi halda, cümlə daxilində sinonim ola bilər.
5. Qoşmaların digər nitq hissələrindən fərqləndiril-məsi.
Dilimizdəki qoşmaların bə’zisi ismin yiyəlik, yönlük və çıxışlıq hallarında işlənən sözlərə qoşularaq ancaq qoşma kimi işləndiyi halda (Məs: Üçün, ötrü, görə, kimi, savayı, məxsus, dair, içrə), bə’zisi nitq hissələri ilə omonim olduğundan cümlədə yerinə görə müxtəlif nitq hissələrinə aid ola bilir.
1) tərəf, qarşı sözləri həm isim (Hər tərəf (isim) yaşıllıq idi), həm də qoşma (Sürü bizə tərəf (qoşma) gəlirdi) ola bilir.
2) tək, doğru, yaxın, sarı sözləri həm sifət (Tək (sifət) əldən səs çıxmaz), həm zərf (Əli kəndə tək (zərf) getdi), həm də qoşma (Xəyalım quş tək (qoşma) uçur) kimi işlənə bilir.
3) sonra, qabaq, əvvəl sözləri həm zərf (Bu barədə sonra (zərf) danışarıq), həm qoşma (Bundan sonra (qoşma) danışmağa dəyməz), bə’zən də sifət (əvvəl günlər) kimi işlənə bilir.
4) İlə həm bağlayıcı (İlham ilə Azad dərs ə’laçısıdırlar), həm də qoşma (Atam ilə şəhərə gedəcəyəm) kimi işlənə bilər
BAĞLAYIcI
cümlə üzvləri və cümləlr arasında əlaqə yaradan köməkçi nitq hissəsinə bağlayıcı deyilir. Bağlayıcılar sintaktik vəzifəsinə gö-rə iki yerə bölünür: 1) tabesizlik bağlayıcıları; 2) tabelilik bağ-layı-cıları.
Tabesizlik bağlayıcıları həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini, tabelilik bağlayıcıları isə tabeli mü-rəkkəb cümlənin tərəflərini əlaqələndirir.
Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü ola bildiyi halda, bağlayıcılar bağlandığı sözlə bərabər cümlə üzvü ola bilmir. Bə’zi qoşmalar sözlərə qoşulduqdan sonra şəkilçilər qə-bul etdiyi halda (Məs: Onun üçün-dür ki, sənin kimi-lər, bizim kimi-lər-dən və s) bağlayıcılar heç bir şəkilçi qəbul edə bilmir. Qoş-malar yalnız sözlərin sonuna qoşulduğu halda, bağlayıcılar sözlər və cümlələr arasında işlənir və heç bir hal şəkilçisi ilə əlaqədar olmur. Bağlayıcıların bir qismi durğu işarələri ilə əvəz oluna bilir.
Tabesizlik bağlayıcılarının mə’naca növləri.
1)Birləşdirmə bağlayıcıları: və, ilə (la2). Və bağlayıcısı cüm-lə-nin həmcinsi üzvləri (Məs: Uşaqlar çalır və oynayırdılar), tabesiz mürəkkəb cümlənin tərkib hissələri (Məs: Göy güruldadı və yağış yağmağa başladı) arasında, ilə bağlayıcısı isə cümlənin həmcins üzvləri (Məs: Lalə ilə Vüsalə tələbədir) və tə’yini söz birləşməsini ikinci tərəfindəki sözlər (Məs: Raminin qardaşı ilə bacısı bizə gəldilər) arasında işlənir.
2) Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, fəqət, halbuki, yoxsa. Bu bağlayıcılar cümlənin həmcinsi üzvləri (Məs: O çox əsəbi, lakin ürəyi yuxa adam idi), tabesiz mürəkkəb cüm-lə-nin tərkib hissələri (Məs: Qatar gəldi, ancaq gözlədiyim adam yox idi) arasında işlənərək qarşılaşdırma mə’nasının yaran-ma-sı-na xidmət edirlər.
3) Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə. Bu bağlayıcılar cümlənin həmcins üzvləri (Məs: Yol uzaq olduğundan ora ya atla, ya da maşınla get-mək lazımdır; Səhərdən gah yağış, gah da qar ara vermir) və tabesiz mürəkkəb cümlənin tərəfləri (Məs: Gah mən onu dinlədim, gah da o mənə qulaq asdı; Ya sən mənə kömək etməlisən, ya da mən gedib kimdənsə borc almalıyam) arasında işlənərək böl-üşdürmə, bə’zən də ehtimal mə’naları yaradır.
4) İştirak bağlayıcıları: həm, həm də, həm də ki, o cümlədən, habelə, hətta, da, də, həmçinin, özü də, bir də və s. Bu bağlayıcılar həmcins üzvlər, söz birləşməsinin tərkibindəki sözlər və tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında işlənərək iştirak məz-munu yaradır. Məs: Vüqar həm anasını, həm də uşaqlarını kən–də göndərmək istəyirdi. İştirakçıları diqqətlə dinləmək, özü də ən yaxşısını müsabiqəyə göndərmək lazımdır. Gecə də, gündüz də fikrimdə sənsən. Dəvəsi ölmüş ərəb kimi nəinki qohum-əq-ra-basını, hətta atasının da sözünə qulaq asmaq istəmirdi. Bütün uşaq-lar, o cümlədən Vaqif də çox sevindi və s.
5) İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. İnkarlıq bağ-la-yı-cılarının sintaktik vəzifəsi tə’yini söz birləşməsinin tərəfləri ara-sındakı sözləri, həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkibindəki cümlələri bir-birinə bağlamaqdan ibarətdir. Məs: Qulu nə kəndin xeyri, nə də şərindən qalan adam deyildi. Nə Röv-şənin hədəsi, nə də anasının göz yaşları ona tə’sir edirdi. Rəhimin nə kənd cavanları, nə də ağsaqqallar arasında hörməti qalmamışdı.
6) Aydınlaşdırma bağlayıcıları: yə’ni, yə’ni ki, məsələn. Yalnız üç sözdən ibarət olan bu bağlayıcılar özündən əvvəl işlənən və izahı lazım olan sözü, söz birləşməsini və ya cümləni aydınlaşdır-ma-ğa, dəqiqləşdirməyə xidmət edir. Məs: Kişi bütün uşaqlarını, yə-ni Əhmədi, Muxtarı, Süsəni, Ələmdarı toya göndərdi. Elmi rəh-bəri aspirantlardan bir neçəsini, məsələn, Rəşad və Ramini möhkəm danladı və s.
Tabelilik bağlayıcılarının mə’naca növləri
1) Səbəb bağlayıcıları: çünkü, ona görə ki, buna görə də, onun üçün ki, ondan ötrü ki və s. Bu bağlayıcılar biri digərinə səbəb olan və səbəbə görə də biri digərinə tabe olan cümlələr arasında işlənir və onları bir-birinə bağlayır. Bu bağlayıcılar səbəb bu-daq cümləsini baş cümləyə bağlayan başlıca vasitələrdir. Məs: Kimsə məni qorxuda bilməz, çünki hamının yanında üzüm ağdır. Murad hamıdan sonra zala girdi, ona görə ki, lap arxa cərgədə oturmaq istəyirdi və s.
2) Şərt bağlayıcıları: əgər, hərgah, madam, madam ki, indi ki, bir halda ki və s. Şərt bağlayıcıları, əsasən, tabeli mürəkkəb cüm-lənin şərt budaq cümləsini baş cümləyə bağlamağa xidmət edir. Məs: Əgər çalışsan, ali məktəbə girə bilərsən. İndi ki, belə-dir gə-rək onunla haq-hesabı çürüdək. Madam ki, gəlmək istəmir, xahiş etməyin mə’nası yoxdur və s.
3) Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki və s. Güzəşt bağlayıcıları tabeli mürəkkəb cümlənin tərkibindəki qarşılaşdırma budaq cümləsinin güzəşt yolu ilə baş cümləyə bağlayır. Məs: Hərçənd bir az naxoşam, amma toyda iştirak edəcəyəm. Hərçənd ki xanım özünü pis hiss edirdi, ancaq bunu qonaqlara bildirmədi və s.
4) Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Bu bağlayıcılar tabeli mürəkkəb cümlənin budaq cümləsini baş cümləyə müxtəlif cəhətlərdən aydınlaşdırma mə’naları ilə bağlayır. Məs: Aydın idi ki, Məmməd rayona getməyəcək. Müzakirəyə qoyulmuş məsələlər yaxşı həll olundu, belə ki, hamı razı qaldı və s.
7. Bağlayıcıların qurluşca növləri və orfoqrafiyası (yazılışı)
Bağlayıcıların quruluşca növləri aşağıdakılardır:
1) Sadə bağlayıcılar: və, ki, nə, həm, gah, amma, ya, guya, əgər və s.
2) Mürəkkəb bağlayıcılar: halbuki, hərgah, habelə və s.
3) Tərkibi bağlayıcılar: bu bağlayıcılar ən azı iki sözdən əmə-lə gəlir və ayrı yazılır: ona görə ki, və yaxud, ya da ki, ya da və s.
Sadə və mürəkkəb bağlayıcılar bitişik, mürəkkəb bağ-layı-cı-lar ayrı yazılır.
8. Bağlayıcılardan əvvəl və sonra vergülün işlənməsi.
-Təkrar olunan nə, gah, həm, ya bağlayıcılarından əvvəl (birincisindən başqa) vergül qoyulur. (Səhərdən gah yağış, gah da qar yağırdı)
-Amma, ancaq, lakin bağlayıcılarından əvvəl vergül qoyulur (Gün çıxdı, amma yağış, kəsmədi)
-Təkrar olunan da, də bağlayıcılarından sonra (sonuncudan başqa) vergül qoyulur (Həsən də, Əli də, Məmməd də tələbədir)
-Sadə cümlələri bağlayan çünki, ona görə ki bağlayıcılarından əvvəl vergül qoyulur (İmran tez getdi, çünki işi vardı)
-Yoxsa bağlayıcısından əvvəl vergül qoyulur (Tez getməliyik, yoxsa gecikərik)
Bağlayıcıların fərqləndirilməsi.
Bə’zən da, də bağlayıcısı ilə ismin yerlik hal şəkilçisi -da2, ki bağlayıcısı ilə sifət düzəldən –ki şəkilçisi qarışdırılır.
-yerlik hal şəkilçisi sözə bitişik (evdə, məndə), bağlayıcı isə ayrı yazılır (ev də tikdim, mən də gələcəyəm)
-sifət düzəldən –ki4 şəkilçisi ahəng qanuna görə dörd cür, həm də sözə bitişik (sabahkı, bugünkü, dünənki və s.), ki bağ-la-yı-cı-sı isə bir cürə (ki) və ayrı yazılır, ondan sonra vergül işarəsi qoyulur (Mənə elə gəlir ki, havalar istiləşəcək).
ƏDAT
Sözlərin və cümlələrin tə’sir gücünü artıran köməkçi nitq his-səsinə ədat deyilir. Ədatlar cümləyə müxtəlif cəhətdən mə’na in-cəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir.
Azərbaycan dilində daha çox işlənən ədatlar bunlardır: ki, ha, axı, kaş, bəs, lap, qoy, məgər və s.
Ədatların mə’naca növləri. Ədatların mə’naca növləri aşağıdakılardır:
1. Qüvvətləndirici ədatlar: Qüvvətləndirici ədatlar ya cümlə daxilindəki sözlərin, ya söz birləşmələrinin, ya da bütünlüklə cü-m–lənin mənasını qüvvətləndirir. Qüvvətləndirici ədatlar aşağıda-kı-lar-dar: axı, ən, lap, hətta, daha, artıq, da, də, necə, ha, ki, -ca2. Məs: Axı, biz neyləmişik? Yaxşı da, daha məni öldürməyəcəksən ki. Lap ağıllı iş görüb. camaatı incitmə ha! Hətta yuxarılarda da belələri var və s.
2. Dəqiqləşdirici ədatlar: Dəqiqləşdirici ədatlar aid olduqları sözün mənasının dəqiq müəyyənləşməsinə xidmət edir. Bunlar aşağıdakılardır: elə, məhz, əsl. Məs: Bu elə əsl mən deyəndir. Bu işi məhz sən görməlisən. Bu əsl arzuladığım adamdır və s.
3. Məhdudlaşdırıcı ədatlar:
Məhdudlaşdırıcı ədatlar özlərindən sonra gələn sözün və ya söz birləşməsinin, bə’zən də bütün cümlənin mə’nasını məhdudlaşdırır. Aşağıdakılar məhdudlaşdırıcı ədatlar hesab olunur: yalnız, ancaq, təkcə, tək, bircə, bir və s. Məs: Ancaq sənə e’tibar edirəm. Bizə yalnız siz lazımsınız. Bunu bircə onlar bilirlər və s.
4. Sual ədatları: Sual ədatları, başlıca, olaraq sual cümlələrində işlənir və cümlənin ümumi məzmununa aid olan sualın daha da qüvvətlənməsinə kömək edir. Bunlar aşağıdakılardır: məgər, yə’ni, bəs, -mı4 və s. Məs: Məgər, bu barədə eşitməmisən? Bu işə razı olarsanmı? Bəs nə üçün susursan? Yə’ni bu, mən deyən adamdır? və s.
5. Əmr ədatları: Əmr ədatları aid olduqları cümlədə məsləhət, tə’kid, xəbərdarlıq, sövqetmə, diqqəti cəlb etmə və s. mə’na-la-rın əmələ gəlməsinə kömək edir. Əmr ədatları aşağıdakılardır: di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, -sana, -sənə və s. Məs: Bax, gecikmə ha! Götürsənə! Savaşmayın ha! Di yeri, xoş gəldin! və s.
6. Arzu ədatları: Arzu ədatları aid olduğu cümləyə müxtəlif növlü arzu mə’naları gətirir. Bunlar aşağıdakılardır: kaş, kaş ki, təki, barı və s. Məs: Təki sən gələsən. Kaş hər şey düz ola. Barı bir dəfə səni görəydim və s.
Qeyd: Yuxarıdakı bölgüyə daxil olan ədatlar bə’zən başqa mə’nada da işlənə bilər. Məs: Bu ki sudur cümləsində ki ədatı qüvvətləndirmə, tə’kid bildirdiyi halda, Ay bala, bir yerin ağrımır ki? cümləsində sual bildirir.
2. Ədatların başqa nitq hissələrindən fərqləndirilməsi: Ədat-la-rın bə’ziləri başqa nitq hissələri ilə omonim ola bilir. Məs: An-caq sözü həm bağlayıcı, həm ədat; qoy sözü həm fe’l, həm də ədat ola bilir. Telefon zəng çaldı, ancaq cavab verən olmadı (bağ-la-yı-cı); Bu işi ancaq Məmməd bacarar (ədat); Silahı yerə qoy (fe’l); Qoy getsin (ədat)
Sinonim ədatlar əsasən bunlardır: ki (bağlayıcı və ədat); tək-cə (zərf və ədat); necə (əvəzlik və ədat); da, də (bağlayıcı və ədat); bir, bircə (say və ədat); elə, belə (əvəzlik və ədat); bax (fe’l və ədat); hətta (bağlayıcı və ədat) və s.
Qeyd: cümlədə işlənmə yerinə və vəzifəsinə görə belə, elə, axır, tək, təkcə, bir, bircə, bax, gəl, gəlin, qoy, qoyun, gör, görün, görüm, görək sözləri həm müstəqil nitq hissələri, həm ədat yerində, ki, hətta, da, də, amma, ancaq, fəqət sözləri həm bağlayıcı, həm də ədat yerində işlənir.
– Lap, axı, məhz, məgər, kaş, barı, bəs, di sözləri dilimizdə ancaq ədat kimi işlənir.
– ca2 , – sana2 , -mı4 hissəcikləri dilimizdə həm ədat, həm də şəkilçi kimi işlənir.
1. Ədatların yazılışı (orfoqrafiyası). Sual bildirən –mı4, əmr bildirən –sana2 ədatları şəkilçi halına düşdüyünə görə həmişə qoşulduğu sözə bitişik yazılır. Qalan bütün ədatlar sözlərdən ayrı yazılır.
Da ədatı sözün son hecası qalın saitlə bitirsə «da», «də» şəklində, incədirsə «də» şəklində yazılır. Məs: Yaz da! De də!
4.Modal sözlər. Danışanın ifadə etdiyi fikrə münasibətini bil-dirən köməkçi nitq hissəsinə modal sözlər deyilir. Məs: Ehtimal ki, sabah o buraya gələcəkdir. Xülasə, qonaq ayağa qalxaraq getməyə hazırlaşdı. Əli, nəhayət, arzusuna çatdı və s.
Modal sözlərin mə’naca aşağıdakı növləri vardır:
1) Təsdiq bildirən modal sözlər: əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, doğrudur, düzü, düzdür və s. Məs: Rə’na, əlbətdə ki, yaxşı həkimdir. Müğənni, doğrudan da yaxşı oxuyurdu. Şüb-hə-siz, biz yarışda qalib gələcəyik. Düzü, bu qədər tez gələcəyinizi gözləmirdim və s.
2) Ehtimal və şübhə bildirən modal sözlər: gərək (gərək ki), yə’qin (yə’qin ki), görünür (görünür ki), ehtimal ki, bəlkə (bəlkə də), görəsən, görən, güman ki, olsun ki və s. Məs: Kim bilir, bəlkə də, bu onun son arzusu idi. Bəlkə, indi oralara qar yağıb. Gü-man ki, bu yay kəndə gedə bilməyəcəyəm. Görünür, Novruzun bu işdən xəbəri olmayıb və s.
3) Nəticə bidirən modal sözlər: demək (demək ki), deməli, xülasə, ümumiyyətlə, bir sözlə, nəhayət və s. Məs: Demək, şəhərə az qalıb. Nəhayət, qonaqlar gəlib çıxdılar. Bir sözlə, hamı öz işi ilə məşğul idi. Ümumiyyətlə, məni bu işlərə qatmayın və s.
4) Bənzətmə və ya müqayisə bildirən modal sözlər: sanki, elə bil (elə bil ki) və s. Məs: Elə bil, zalım oğlunun gəmisi batıb. San-ki, bir pəridir başda kəlağay və s.
5) Fikrin mənbəyini bildirən modal sözlər: məncə, səncə, biz-cə, zənnimcə və s. Məs: İşlərimiz, məncə, yaxınlarda düzələ-cək. Zən-nimcə, taxılımız yaya qədər bəs edər və s.
2. Modal sözlərin orfoqrafiyası və onlarda durğu işarələrinin işlənməsi. Modal sözlərin quruluşca iki növü var:
1) Sadə modal sözlər: yə’qin, guya, deyəsən, demə, deməli və s.
2) Tərkibi modal sözlər: bəlkə də, görünür ki, söz yox, gərək ki və s.
Tərkibi modal sözlər ayrı yazılır.
Modal söz cümlənin əvvəlində gələndə ondan sonra, cüm-lə-nin ortasında gələndə həm ondan əvvəl, həm də ondan sonra ver-gül qoyulur. Modal sözlər cümlənin sonunda gələndə ondan əvvəl vergül, sonra isə nöqtə qoyulur. Məs: Nəhayət, gəlib çıxdınız. Bu xəbər məni, əlbəttə, sevindirdi. Daşdan da gövhərlər çıxarram, əlbət.
XÜSUSİLƏŞMİŞ NİTQ HİSSƏSİ
NİDA
Danışanın hissini, həyəcanını, qorxu və ya sevincini bildirən sözlərə nida deyilir.
Nida nə əsas, nə də köməkçi nitq hissəsidir. O, xüsusi nitq hissəsi sayılır, çünki hiss-həyəcan ifadə etdiyi halda, onu adlandıra bilmir. Nidaların mə’naca, əsasən, aşağıdakı növləri var:
1) Qorxu, narahatlıq bildirənlər: vay, ah, oh, oy
2) Şadlıq, sevinc, təəccüb bildirənlər: paho, bəh-bəh, oho, oxqay və s.
3) Qəm, kədər bildirənlər: of, ah, eh, ox, oy və s.
4) Çağırış bildirənlər: hey, ey, ay və s.
5) Nifrət və istehza bildirənlər: tfu, xa-xa-xa, xix, xox və s.
Qeyd: 1) Bu bölgü bütövlükdə olduqca şərtidir, çünki mü-əy-yən bir nida müxtəlif məqamlarda işlədilə bilər.
2) Nidaları yamsılamalarla (təqlidi sözlərlə) eyniləşdirmək olmaz. Yamsılamalara heyvanların çıxardığı səslər, təbiət səsləri və s. daxildir. Belə sözlərin üzərinə –ıltı4 şəkilçisi artırıldıqda isim-lər düzəltmək olur. Məs: şır-ıltı, gur-ultu, civ-ilti, şaqq-ıltı, nər-ilti və s.
2. Nidaların orfoqrafiyası. Nidaların quruluşca iki növü var:
1) Sadə: ah, eh, oy, ox, vay, paho və s.
2) Mürəkkəb (tərkibi): ay can, ay haray, ay aman, ha-ha, ay-ay-ay və s.
Təkrar yolu ilə əmələ gələn nidalar mürəkkəb nida adlanır və defislə yazılır. Məs: ha-ha, xa-xa-xa və s.
Ey, ay nidaları ilə başqa sözün birləşməsindən əmələ gələn nidalar tərkibi nida adlanır və ayrı yazılır. Məs: ey vay, ay haray, ay aman, ay can və s.
Bütün nidalar sözlərdən ayrı yazılır.
– Nida cümlənin əvvəlində gələrsə, intonasiyadan asılı olaraq ondan sonra ya vergül, ya da nida işarəsi qoyulur.
– cümlənin ortasında gələn nidadan əvvəl və sonra vergül qoyulur.
– cümlənin sonunda gələn nidadan əvvəl vergül, sonra isə nida işarəsi və ya üç nöqtə qoyulur. Məs: Eh, köçən günlər… Aha! Yaxşı əlimə keçmisən!
Qorxdum, ay aman, yarıldı bağrım.
Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!
Qeyd: 1) Çağırış bildirən ay, ey nidalarından sonra vergül qoyulmur. Məs: Ay Həsən, hardasan.
2) Ey nidası ismə qoşulmadan özü çağırış bildirdikdə ondan sonra vergül qoyulur. Məs: Ey, bura bax.