“Asan Xidmət”in əhatə dairəsinin genişlənməsi İKT ilində həyata keçirilmiş tədbirlər nəticəsində reallaşıb”
“Son illərdə Azərbaycanda İKT sektoru sürətlə inkişaf edir və biz digər sahələrdə olduğu kimi, bu sahədə də regionun lider dövlətinə çevrilmişik”.
Bu sözləri Editor.az-a açıqlamasında İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu Azərbaycanda İKT-nin mövcud durumundan danışarkən belə deyib.
Onun sözlərinə görə, milli peykimizin orbitə buraxılması “İKT ili”nin ən əlamətdar hadisəsi kimi tarixə düşəcək: “2013-cü il ölkə başçısının sərəncamı ilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Bu ərəfədə təşkilati tədbirlər, normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi, İKT potensialının gücləndirilməsi, informasiya cəmiyyəti və insan potensialının inkişafı sahəsində xeyli tədbirlər, layihələr həyata keçirilib. “İnformasiya cəmiyyəti və insan potensialının inkişafı” sahəsində həyata keçiriləcək layihələr yalnız ötən il üçün deyil, ümumilikdə gələcək perspektiv üçün də öz aktuallığını qoruyub saxlayır. İKT-nin geniş imkanlarından yararlanaraq informasiya cəmiyyətinin formalaşması, insan potensialının inkişafı, konkret olaraq İKT-nin cəmiyyətin hər bir sahəsinə tətbiqi hər zaman diqqət mərkəzində olmalıdır. İstər elektron hökümətin formalaşması, istərsə də “Asan Xidmət”in əhatə dairəsinin genişlənməsi İKT ilində həyata keçirilmiş tədbirlər nəticəsində reallaşıb. Ölkəmiz üçün əlamətdar bir hadisə – milli peykimizin orbite buraxılması da məhz ötən il reallaşıb və böyük tarixi əhəmiyyətə malikdir”.
Azər Niftiyev
Editor.az