“NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən “Qürur Gənclər Düşərgəsi” keçirilib.
Gün.Az xəbər verir ki, layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.
Məktəblilərin payız tətili zamanı təşkil olunmuş düşərgənin əsas vəzifəsi gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsi və Azərbaycan haqqında biliklərinin artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili olub.
15-18 yaşlı gənclərin iştirak etdiyi düşərgə özündə iki fəaliyyəti – təlim və əyləncə tədbirlərini birləşdirib. Belə ki, düşərgə zamanı “Azərbaycan, onun tarixi, mədəniyyəti, dövlət atributları”, “Silahlı münaqişələr və Azərbaycanın ərazi bütövlüyü”, “Vətənpərvərlik ruhunun tərbiyəsi və bu sahədə gənclərin təşəbbüskarlığının artırılması”, “Gənclərin iştirakı və liderlik”, “Sosial şəbəkələrdən istifadə, virtual aləmdə Azərbaycan reallıqlarının təbliği və gənclər arasında vətənpərvərlik aksiyalarında həmrəyliyin artırılması” və digər mövzularda interaktiv təlimlər keçirilib.
Düşərgə zamanı “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova, millət vəkili Sevinc Hüseynova, BDU-nun dosenti, Qarabağ müharibəsi veteranı, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli, Effektiv Təşəbbüslər Mərkəzinin icraçı direktoru jurnalist, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, İKT üzrə ekspert, filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu, yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan Əbilov, təlimçi Talıb Bayramov, “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova və “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov gənclərlə maraqlı görüşlər keçiriblər.
Düşərgə iştirakçıları arasında intellektual yarışlar, o cümlədən Breyn rinq, “Vətəni tanı” müsabiqələri keçirilmiş, Milli poeziya axşamı, Milli musiqi və rəqs gecəsi təşkil olunub. İştirakçılar “Dədə Qorqud” filminə və milli cizgi filmlərinə, eləcə də dörd Milli Qəhrəmanımızdan bəhs edən “Alınmaz qalanın qəhrəmanları” sənədli-bədii filminə baxıblar.
Daha sonra gənclər Azərbaycan kinolarından seçdikləri epizodları tamaşa şəklində nümayiş etdiriblər. Sonda qrup müzakirələri aparılaraq vətənpərvərlik düşərgələrinin sayının artırılması barədə fikirlər səslənib. Düşərgənin yekununda iştirakçılar diplom ilə təltif olunublar.
Fidan Əliyeva
Gün.Az