Azərbaycanda İKT sektorunun inkişafı istiqamətində əsas hədəf bu sektorda gəlirlərin həcminin 2020-2025-ci illər üçün neft-qaz sektorunun gəlirləri səviyyəsinə çatdırılmasıdır.
2003-2013-cü illər ərzində görülmüş işlər, atılan sağlam təməl bizim bu hədəfə çatmağımızı şərtləndirir.
Gün.Az xəbər verir ki, bu sözləri İKT üzrə ekspert Cahid İsmayıloğlu bu sektorda 10 il ərzində görülən işləri dəyərləndirərkən bildirib.
O, bu müddətdə İKT sektorunda görülən işləri xatırladaraq qeyd edib ki, İnformasiya Texnologiyalarının İnkişafı Fondu yaradıldı, ilk telekommunikasiya peyki orbitə çıxarıldı, texnoloji inkişafa imkan verəcək universitet quruldu, internet istifadəçilərinin sayı 10 dəfə artdı, mobil abunəçilərin sayı 9 dəfə artdı, yaşayış məntəqələri tam internetləşdirildi, Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) əsası qoyuldu, elektron hökumət formalaşdırıldı, azad internet mühiti bərqərar oldu.
Onun sözlərinə görə, bunlar və ümumiyyətlə, bu sahədə görülmüş digər mühüm işlər gələcək hədəflərə çatmaq üçün böyük addımlar atıldığının sübutudur.
Ekspert qeyd edib ki, 10 il ərzində İKT üzrə görülən işlər nəticəsində qeyri-dövlət sektoru üzrə əldə olunan gəlirlər artdı, yeni iş yerlərinin açılması və işsizliyin aradan qaldırılması ilə bağlı konkret nəticə əldə olundu.
O, eyni zamanda əlavə edib ki, ölkəmizin regionda mühüm iqtisadi rolu möhkəmləndi, ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığın aradan qalxması və informasiya təhlükəsizliyinin təmin edilməsi, büdcə gəlirlərinin artması, şəffaflığın təmin olunması kimi dövlətimiz üçün həyatı məsələlərdə böyük uğurlar əldə olundu.
Günel Abbasova
Gün.Az