“Günün adamı” rubrikasının növbəti həmsöhbəti bu yaxında 30 illik yubileyin qeyd edəcək gənc alim, İKT üzrə ekspert, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi. Cahid İsmayıloğludur.
– Cahid özünü oxucularımıza necə təqdim edərdin? Ya da nə cür təqdimetməni bəyənirsən?
– Bu gün kimliyindən asılı olmayaraq hərkəs istəyir ki, adının qarşısına hansısa bir kəlimə, titul əlavə edilsin – “bəy”, “müəllim”, “hacı”, “usta” və s.
İlk olaraq deyim ki, mən, adımın əvvəlinə bu kəlimələrdən biri əlavə edildikdə özümü narahat hiss edirəm, sanki bir səmimiyyətsizlik hissləri keçirirəm. Yaşından, kimliyindən asılı olmayaraq sadəcə mənə adımla müraciət edilməsini xoşlayıram.
O ki qaldı təqdimata, Cahid İsmayıloğlunu daha çox İKT üzrə ekspert, mütəxəssis kimi tanıyırlar. Çünki mütəmadi olaraq bu sahədə TV və mətbuatda çıxışlar edirəm. Çoxları məni bloqer kimi də tanıyır. Bir dəfə yazdığım şeirlərdən bir neçəsini üzə çıxardım mənə şair dəyənlər də oldu.
Bilirsiniz, hər bir insan şeir yaza bilər, o demək deyil o şairdi, gözəl musiqi ifa edə bilər, o demək deyil o musiqiçidir. Mənə görə bunlar bir ehtiyacdır, normal bir insan hərdən necə istəyirsə musiqi dinləsin, idman etsin, mən də hərdən istəyirəm bir şeir yazam və yaxud bir veb-sayt dizayn edəm.
– Cahid sən gənc alim və informasiya texnologiyaları üzrə mütəxəssissən. Bu ortaya məntiqi bir sual çıxır: Nə əlaqə?
– Mənim təhsilim və ixtisasım “Dilşünaslıq” istiqamətinin “Türkologiya” (Türk dilləri) ixtisasıdır. Bu sahədə müdafiə etmişəm və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam. Bu müddət elə bir zamana təsadüf edib ki, bu vaxt internet, informasiya texnologiyaları hələ yeni-yeni yaranmağa və dirçəlməyə başlayırdı.
Təbii ki, mən ixtisasımın və yaxud cəmiyyətdə mövqeyimin nə olmasından asılı olmayaraq bu sahədən yan keçə bilməzdim. Eyni zamanda bu dövr ölkəm üçün odlu müharibənin səngidiyi və informasiya müharibəsinin başladığı bir dövr idi.
İnternet bizə imkan verirdi ki, bu müharibədə düşmənlə üz-üzə gələk, savaşaq. Bir sözlə məni İKT sahəsinə gətirən səbəb informasiya müharibəsi amili olmuşdur.
– Bu müharibəni öz ixtisasın üzrə apara bilməzdin?
– İKT bu müharibədə bir alətdir. İxtisasımın mənə verdiyi savad, bilik olmasaydı mən bu alətdən yararlana bilməzdim. Təsəvvür edin sizin hər növ müasir silahlarınız, texnikanız var, ancaq bunları düzgün istifadə etmək üçün strategiyanız, döyüş təcrübəniz yoxdur.
Ümümiyyətlə mən heç vaxt İKT-ni başqa sahələrdən tam ayırmıram. Həmişə şahidi olmuşam İKT sahəsini bilən müəllim, alim, həkim, jurnalist bu səhədən xəbəri olmayan həmkarlarından çox irəlidə olublar.
– Çox gözəl. Cahid, ümumiyyətlə bu gün Azərbaycanda informasiya texnologiyalarının durumu, internet azadlığı haqda nə deyə bilərsən? Çünki çox vaxt görürük ki, beynəlxalq təşkilatlar bu yolla ölkəmizə təzyiq etmək istəyirlər.
– Hər zaman demişəm, danılmaz bir faktdır ki, Azərbaycanda bu gün azad internet var. Bu çox mühüm bir amildir. Bu gün dünyada gedən proseslər ona gətirib çıxarır ki, hətta demokratiya yolunda çox irəlidə olan ölkələr də internetə müxtəlif məhdudiyyətlər gətirsinlər. Başqa dövlətlərin hər fürsətdə internetə məhdudiyyətlər gətirdiyi halda, Azərbaycan dövləti bütün imkanların səfərbər etməklə interneti inkişaf etdirməkdədir.
Ölkədə güclü internet infrastrukturu yaradılmaqdadır, internet get-gedə ucuzlaşmaqdadır, güman edirəm ki, Azerspace-1 peykinin tam istifadəyə verilməsindən sonra internet demək olar ki, havayı olacaq, mobil operatorlar 3G texnologiyasını tam tətbiq etməkdədir, ölkəmizə hər növ kompüter, mobil cihazlar, planşetlər gətirilir və böyük bir alıcı kütləsi mövcuddur, demək olar hər bir evde kompüter, internet var.
Beynəlxalq təşkilatların ölkəmizə qarşı bu cür qarayaxmaları artıq inandırıcılığını tam şəkildə itirib. Bu dəqiqə 5 yaşında uşaq da bilir ki, Azərbaycanda internet azadlığı mövcuddur. Hətta deyərdim ki, bu azadlıq bəzi hallarda həddən artıqdır. Bu məsələnin arxasında siyasi məqsədlər dayanır.
Ümumiyyətlə ölkəmizdə siyasi sabitlik o qədər güclü və stabildir ki, bəziləri interneti siyasiləşdirməklə məşğuldur.
Məsələn, mobil operatorlar bir vaxt sosial şəbəkələrdən istifadəni pulsuz etmişdilər. Birdən-birə iqtisadi bir fənd işlədərək pullu xidmətə keçdilər. Azadlıq radiosu mənə belə bir sual ünvanladı ki, “bu hakimiyyətin ölkədə sosial şəbəkələrə gətirəcəyi məhdudiyyətdən xəbər verir..?”
Təbii ki, bu cür düşünənlər ilk olaraq belə bir iqtisadi fəndin dünyada da tətbiq edildiyindən xəbərsizdilər, özləri də fərqində olaraqdan məsələni çox asan şəkildə siyasiləşdirilər. Sanki biriləri kiçik bir fürsət axtarışındadır.
– Cahid, yubileyinə necə hazilaşırsan?
– Sentyabr ayının 9-cu mənim 30 yaşım tamam olur. Doğrusu bu günə sözün əsl mənasında bir yubiley kimi hazırlaşdım. Çoxları bu yaşda, bu cür etməklə çox tələsdin dedilər. Çünki etdiklərim bir anlıq 60 illik bir yubiley təəsüratı yaratdıq insanda. Mənim məqsədim nümunəvi olmaq və bu gün gənclərimiz üçün çox ehtiyac duyulan məsələləri qabartmaqdır.
Artıq bir neçə ildir ki, bu yaşın məsuliyyətin dərk edirəm. Planlarım bu məsuliyyətdən irəli gəlir və planlaşdırdığım bütün məsələləri demək olar ki, reallaşdırıram.
İlk növbədə illər ərzində yazdığım məqalələri, araşdırma apardığım elmi işləri bir yerə topladım və kitab halında çap etdirdim. Elmlər doktoru üzrə dissertasiya mövzusu müəyyənləşdirmişəm, qarşıda duran əsas məsələ bu mövzuda araşdırmalar aparmaq və maksimum sayda beynəlxalq elmi konfrans, sempoziumlarda iştirak etməkdir.
Bir sözlə bu yaşa kimi nə etmək lazımdırsa düşünürəm ki, hər şeyi etmişəm, indi irəliyə doğru daha əmin baxıram.
– Amma hələ də subaysan, bu nə ilə bağlıdıır?
– Bu haqda son 2 ildir ki, düşünməyə başlamışam. Artıq özümü subay hesab etmirəm. Sevdiyim, istədiyim xanım var və çox yaxın bir zamanda onunla ailə həyatı quracağam.
– Həmin xanım gənc alimdir, yoxsa informasiya texnologiyaları mütəxəssidi?
– O əsl Azərbaycan xanımıdır. Məncə bu kifayət edər.
– Cahid, maraqlıdır ki, son 2 suala olduqca qısa cavablar verdin. Bu da yəqin ki, ictimai qınaqdan qorxduğun üçün oldu. O zaman sənə belə bir sual verim, tez-tez efirlərə çıxırsan, çalışdığın sferaya görə də populyarsan. Burdan səni tanıyan, səninlə ailə qurmaq istəyən ancaq xəyalı suya düşən qızlara nə demək istərsən?
– Bu gün cəmiyyətimizdə və elə mətbuatımızda bu cür mövzular çox uzadılır. Şəxsi həyatlar hər zaman diqqət mərkəzindədir. Ölkəmiz, şəhərimiz kiçik sayıla bilər. Hər kəs bir-birin tanıyır. Bu cür məsələlər istər-istəməz hamının gözü qarşısında cərəyan edir. Ona görə mən qısa cavab versəmdə məni tanıyanlar, hətta tanımayanlar da şəxsi həyatım haqqımda hərşeyi gözləri ilə görüb canlı şahidi olurlar. Düşünsək ki, bu gün sosial şəbəkələr geniş yayılıb və mən hər halımı – getdiyim yerləri, görüşdüyüm insanları, yediyim yeməyi hətta burada hamının görəcəyi tərzdə paylaşıram, dostum olan da, olmayan da məni izləyə bilir və başa düşülür ki, mənim gizlətməyə heçnəyim yoxdur. Amma ki, sevdiyim xanım təəssüf ki, sosial şəbəkələrdən istifadə etmir. Çox istərdim ki istifadə etsin, yəqin zamanla onu da cəlb edərəm.
O ki qaldı “su” məsələsinə, bizim xanımlar həmişə hisslərin dilə gətirməkdən çəkinirlər. Ona görə də xəyalı suya düşən varsa da bundan xəbərim yoxdur.
– Çox gözəl, Cahid bildiyim qədərilə sən sevgidən şeirlər də yazırsan, bəs bu nə ilə bağlıdır? Müdriklər deyirlər ki, sevgisi daşa dəyənlər hissləri şeiriyyata tökürlər.
– Mən ədəbiyyatı çox sevirəm. Deyə bilərəm ki, ədəbiyyat mühitində böyümüşəm. Eyni zamanda, çox vaxt hisslərimlə hərəkət edən insanam.
Şeirin meydana gəlməsi üçün istedad və ən əsası hisslər lazımdır. Bunlardan biri olmadıqda şeir alınmır. Mən şeir yazmaq üçün güclü istedada malik deyiləm. Amma ki, bəzən hisslərim o qədər güclü olur ki, şeir yazmaq bir anda alınır.
Şeiri eşqlə, məhəbbətlə tam əlaqələndirməyin tərəfdarı deyiləm. Məsələn, mənim ən çox sevdiyim haksızlığa, ədalətsizliyə qarşı çoşmuş hisslərdən yaranan şeirlərdir.
Bir insan əgər böyük hisslərə malikdirsə, böyük gözləntiləri varsa onun daşa-divara ehtiyacı yoxdur. Hər zaman bir əksiklik hissi keçirirsən. Bunun özü də gözəl şeydir. Yaşamaq, mənalı həyat elə bunun özündə gizlidir.
70 dən çox şeirim var. 2-3-ün üzə çıxarmışam, çünki bu şeirlər mənim üçün maraqlı və mənalıdır, başqaları üçün bu maraqsız olacaq. Çünki dediyim kimi şeir yazmaqda istedada malik deyiləm, yalnız hisslərimə güvənmişəm.
– Cahid 5 il sonra özünü harada görürsən? İKT üzrə hansısa vəzifədə, alim kimi fəxri ada layiq görülən şəxs kimi, şair kimi yoxsa hər şeydən uzaqlaşıb öz həyatını yaşayan xoşbəxt bir insan kimi?
– “Sonra” sözü bəyənmədiyim sözdür. Həyatımı heç vaxt belə dövrlərə bölməmişəm. Hər şey zamanında, yerində daha gözəldir. Mənim əsas planım elmi fəaliyyətdir. Çalışıram İKT-nin imkanlarından istifadə edib, elmdə daha səmərəli işlər görəm. Tez-tez elmi konfrans, sempoziumlarda iştirak etmək, çıxışlar etmək, yeni dostluqlar, əlaqələr qurmaq istəyirəm. Elmlər doktoru üzrə dissertasiya işinə tez bir zamanda başlamaq, əhəmiyyətli bir elmi iş ortaya qoymağı planlaşdırıram. Böyük internet layihələri planlaşdırıram, bunları reallaşdırmaq istəyirəm. Məncə qarşımda duran yetərincə vəzifələr var.
– Son olaraq nə demək istəyirsən?
– Maraqlı söhbət oldu. Belə səmimi bir müsahibəm birinci dəfədir reallaşır. Ümid edirəm ki, nümunəvi məsələləri dilə gətirdim və oxuyanlara yaxşı nümunə ola biləcək. Mətbuatımızda bu tərzdə müsahibələri, söhbətləri tez-tez görmək istərdim. Çalışın cəmiyyətimizin üçün xeyirli şeyləri tapıb üzə çıxarasınız, ictimailəşdirəsiniz. Reytiq xatirinə ucuz insanları üzə çıxarıb təbliğ etməkdən qaçmaq lazımdır. Bu mənada tərbiyələnməyə çox ehtiyacımız var.
Təşəkkür edirəm!
Hacıbəy Heydərli
Gün.Az