Türk dünyasının minillik dairəvi xəritəsi

Mahmud əl-Kaşğari 1029-cu ildə İssık göl yaxınlığındakı Barsqan şəhərində anadan olmuşdur. 1101-ci ildə vəfat etmişdir.

XI yüzilliyin eridusiyalı və istedadlı şəxsiyyəti olan Mahmud Kaşğari dünyada ilk unikal lüğət yaratmışdır. «Divanü lüğat-it-türk»» Mahmud Kaşğarinin ikinci əsəridir. «Divan» yazılarkən türklüyün altun dövrü idi. Əsərin əsas mənası – Türk dilləri Kamusu deməkdir. «Divan» Qaraxanilər dövrünün dil durumunu, tarixini, ədəbiyyatınını, folklorunu, insanların yaşayış tərzini, düşüncəsini, eyni zamanda coğrafi vəziyyətini öyrənmək üçün əvəzsiz qaynaqdır.

Alimlərin hesablamalarına görə «Divan»da 9.222 söz vardır. Əsər türk tayfalarının və dillərinin söz varlığının XI yüzildəki geniş və zənginliyini sübuta yetirir. Bu sözün 232 –i oğuzlara, 44-ü cigillərə, 42-i arğulara, 15-i qıpçaqlara, 10-u uyğurlara, 25-i sə həm oğuzlara, həm də qıpçaqlara (ortaq) mənsubdur. Başqa sözlər şəxs adlarından, yer adlarından və s. dən ibarətdir.

«Divan» öz dəyərini buradakı xəritə ilə də əks etdirir. Belə ki, «dünyanın dairəvi xəritəsi»ni ilk dəfə Mahmud Kaşğari tərtib etmişdir. Linqvist, türkoloq, kartoqraf alimin xəritəsində Mərkəzi Asiya dünyanın mərkəzi kimi təsvir olunur. Xəritədə qədim xalqlar, şəhər və dövlətlər və s. haqqında müxtəlif məlumatlar verilir. İlk olduğu üçün Avropa alimləri kartoqrafik işləri Mahmud Kaşğaridən öyrənmişlər.

Dönəmin xəritəçilik sənətini də ilk dəfə böyük türkoloq alim Mahmud Kaşğari formalaşdırmışdır. Xəritənin görünüşü, forması yuvarlaq xətli, içi rəngli, üst hissəsi ərəb hərfləri ilə yazılmışdır. Mahmud Kaşğari «Divan»da xəritəyə işarə edir, «Rum ölkəsindən Maçinədək Türk ellərinin hər birinin boyu beş min, eni səkkiz min fersahdır. Yaxşıca bilinmək üçün bunların hamısı, yerüzü biçimində dairə formasında göstərilmişdir» ( Besim Atalay. Divanu Lugat -it-Türk, Türkçe çeviri, TDK Yay., Ankara, 1940, C-I, s. 30).

Mahmud Kaşğarinin bu xəritəsinə onomastik, toponimik aspektdə nəzər yetirmək, yer adlarının və rənglərin rəmzi anlamlarını, yerləşmə trayektoriyası və s. müəyyənləşdirmək lazım gəlir.

Həmin xəritədə yer, dağ, çay, dəniz və s. toponimik adlar müxtəlif rənglərdən istifadə olunaraq fərqləndirilmişdir. Dağların rənglər əsasında seçilməsini ilk dəfə Mahmud Kaşğari bu əsərində əks etdirmişdir. Dağlar qırmızı, qızıl rəngində, dənizlər yaşıl rəngdə, su hövzələrinin adları boz, yaşayış məskənlərinin adları isə sarı, sərhədlər siyah və qırmızı rəngdə verilmişdir. Bu, toponimləri semiotik işarələr, rəmzlər baxımdan öyrənməyin əhəmiyyəti böyükdür.

Böyük türkoloq özünün qeyd etdiyi kimi həmin xəritəni türklərin yaşadığı ərazilərin harada yerləşdiyini dəqiqləşdirmək üçün çızmışdır, çəkmişdir.

Xəritədə yer, ərazi şəhər, dağ, su hövzələrinin, sərhədlərin və s. adları verilmişdir. Həmin adları bir-birindən fərqləndirmək üçün Mahmud Kaşğari sarı, qırmızı, yaşıl, siyah, mavi, boz rənglərdən istifadə etmişdir. Rənglərdə Türklük önə çəkilmişdir. Hər bir rəngin öz mənası mövcuddur. Yüksək, Yenilməz, əzəmətli dağlar- qırmızı, qızıl rəngdədir. Bu rəng odun, həyəcanın, qüdrətin, qanın, sağlamlığın rəmzidir. M.Kaşğari dağları yuvarlaq, düz və oval cizgilərlə ifadə etmişdir.

Xəritədə Çin Səddi göstərilmişdir. Xəritənin mərkəzində Balasaqun şəhərinin adı yazılmışdır. Mahmud Kaşğarinin xəritəsində verilmiş, təsvir edilmiş şəhərlər mövsümlə əlaqədar dəyişdirilirdi. Belə ki, bir məlumata görə, Qaraxanlı xanları qışda Kaşğarda, yazda isə Balasağunda yaşayırdılar. Amma həqiqi paytaxt Kaşğar idi. Elə bu səbəbdən də Kaşğara Ordu-Kənd deyilirdi (Muhammet Emin Buğra. Şarki Türkistan tarihi. Ankara, 1987, s. 179).

Əhməd Cəfəroğlu yazır ki, coğrafiya deyimləri, yer adları, daha çox dövrün bəlli-başlı yerlərinə münhazır olmaq üzərə əsərə alınmışdır. Yer adlarından bəziləri «Divan»a alındığı halda, nədənsə xəritədə işarə edilməmişdir (Caferoğlu A. Kaşğarlı Mahmut. İstanbul, 2004, s. 41).

Ramiz Əskərin mühüm xidmətlərindən biri də Mahmud Kaşğarinin çəkdiyi xəritədəki yer adlarının latın qrafikası ilə verməsidir. Hazırladığı cədvəlin əvvəlində Ramiz Əskər yazır ki, xəritədəki coğrafi məkanları, şəhər, məntəqə, ölkə və boy adlarını, eləcə də digər işarələri nömrələyərək cədvəl halına saldıq, tanınmaları üçün bəzi şəhər və ölkənin müasir adlarını da göstərdik»

Məsələn, Çaparka-Yaponiya, Maçin-Tavğaç, Seyhun-Sır-Dərya, Abisgün-Xəzər dənizi, Ceyhun-Amu-Dərya, Ertiş çayı-İrtış çayı, Şam-Dəməşq və s.

Azərbaycanın adı 92-ci sırada verilib (Azərbadaqan şəklində).

Dağlar xəritədə orta və açıq qəhvəyi, qırmızı, al rənglərə bürünüb. Xəritənin sağ tərəfdən alt hissəsində ərəb əlifbası ilə «El-Hamrül- Çebel» yəni «qırmızı, qızıl dağdır» cümləsi yazılmışdır.

Xəritədə dəniz adları yaşıl rəngdədir. Xəritənin sağ üst hissəsində ərəb əlifbası ilə «El-Hudril-Bihar» yəni «yaşıl dənizdir» cümləsi işlənmişdir.

«Divan»da sarı, yaşıl, qırmızı rənglərinin təbliği türklərin Çin ipəklərinə rəğbətini də göstərir. Türklərin gündəlik həyatında, məişətində bu rənglər əlverişli rol oynamışdır. «Yaşıl», «yeşil» rəngində bir yaşantı, təravət, canlılıq, insan ömrünün cizciləri, cavanlıq, gənclik anlamları gizlənib. İndi sözdə daşlaşsa da, leksikləşsə də «yaşıl»ın kökü yaşdır, yəni cavan mənasında. Göy rəng adı da onun sinonimi kimi işlənməkdədir. Dənizlərin yaşıl rəngdə verilməsi onların islaqlıq, sululuq mənalarını ehtiva edir.

Xəritədə çay adları boz rəngdə verilmişdir. Xəritənin sol üst hissəsində ərəb əlifbası ilə «El Guburül-Enhar» yəni «Boz ırmaktır, nehirler hakidir» cümləsi yazılmışdır. Çayın rəngi mavidir. Göy, mavi rəngində vəfa, sədaqət, dostluq, aydınlıq, təmizlik rəmzi vardır.

Xəritədə insanların məskunlaşdığı yer adları sarı rəngdə vermişdir. Xəritənin sol alt hissəsində «Es-Süfrür-Rimal» yəni «Qumlar, çöllər bakır rəngindədir» cümləsi əks olunmuşdur. Xəritədə Kaz suvı, Qara Qaş Öküz, Tavuşgan öküz, Ceyhun, Ertiş, Etil, İşığ köl, Körüng kök və s. çay və göl adları mavi rəngdə təqdim edilmişdir.

Xəritədə qumlu səhralar, həmçinin də şəhər adları sarı rəngdə verilmişdir. Sarı günəşin rəngidir. Şaman təsəvvürlərində sarının bir mənası da hökmranlıq mənasıdır. Sarı rəngi dünyanın mərkəzi mənasında da istifadə edilmişdir. Mərkəzi hakimiyyətin, imperatorluğun gücünü, qüdrətini sarı rəngi ifadə etmişdir. Deyilənə görə, Cingiz xan sarı rəngi çox xoşlamışdır. Bu rəng Sarı Ordu, Sarı çöl, Sarı yataq, Sarıcallılar və s. adların tərkibində qalmaqdadır.

Mahmud Kaşğari sərhədlərdən bəhs edərkən göstərir ki, bu gün Türk ölkəsinin sınırı (sərhəddi) Abisgün (Xəzər) dənizi ilə çevrili olaraq Rum diyarından və Özçəntdən Çinə qədər uzanır (MK, 3, 150).

«Divan»da da, xəritədə də Xəzər dənizinin adı «Abisgün» şəklində vermilmişdir. Sərhədlər siyah və qırmızı rənglərdə göstərilmişdir. Siyah rənglə Yapon torpaqlarına müəyyən işarələr edilmişdir.

Ümumiyyətlə, Mahmud Kaşğarinin bu xəritəsində toponimik adların, çoğrafi istiqamətlərin əks olunması rəng motivləri ilə də əsaslandırılmışdır.

Bu qısa qeydlər Mahmud Kaşğarini bir çoğrafiyaşünas alim, topoqraf araşdırmaçı kimi də səciyyələndirə bilir.

/Cahid.info

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest

7 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

7
0
Would love your thoughts, please comment.x
()
x