Cahid İsmayıloğlu: “Düşünürəm ki, elektron Azərbaycan qurulması prosesində bu düşüncəli məmurlardan qurtulmaq ilkin şərtdir”
Bəlli olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” (İKT) elan olunub. Prezidentin bununla bağlı sərəncamı həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət tərəfindən ölkə rəhbərliyinin Azərbaycanda İKT-nin inkişafına dəstəyi kimi qiymətləndirilir. Prezidentin məlum sərəncamından sonra ölkəmizdə bu sahədə müxtəlif istiqamətli irəliləyişlər baş verməklə yanaşı, elektron hökumətə keçid prosesi də sürətləndi. Artıq vətəndaşlar onları maraqlandıran və narahat edən məsələlərlə bağlı müxtəlif dövlət qurumlarının saytları vasitəsilə müraciətlər edib, konkret cavablar ala bilirlər. Buna misal olaraq Daxili İşlər, Vergilər, Fövqəladə Hallar, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini misal göstərmək olar.
İKT sahəsindəki bu hərəkətlənmədən rayon İcra Hakimiyyətləri də kənar qalmayıb. Artıq əksər şəhər və rayon İcra Hakimiyyətləri rayon həyatı ilə bağlı bütün məlumatları özlərinin rəsmi saytlarında yerləşdirirlər ki, bu da vətəndaşların informasiya almaq imkanlarını asanlaşdırır.
Lakin bununla yanaşı bir sıra İcra Hakimiyyətlərinə məxsus saytlar ya ümumiyyətlə mövcud deyil, ya da illərdir yenilənmir. Misal üçün Ağsu, Şabran, Xızı, Göygöl, Qusar rayon İcra Hakimiyyətlərinin saytlarına son xəbər təxminən bir neçə ay öncə yerləşdirilib.
Bəs görəsən adlarını çəkdiyimiz rayon İcra Hakimiyyətlərinin saytı niyə yenilənmir?
Editor.az-a açıqlamasında İKT üzrə mütəxəssis, fəlsəfə doktoru Cahid İsmayıloğlu bildirdi ki, hazırda bu sahədə köklü problemlər mövcuddur: “Bizə məlumdur ki, elektron xidmətlərin geniş tətbiqi ilə ən əsası vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulması, şəffaflığın təmin olunması və informasiya tələbatının dolğun ödənilməsi kimi ciddi məsələlər asanlıqla həllini tapacaq. Bəzi məmurların məqsədli şəkildə elektron xidmətlərə keçidə maraq göstərməməsi, hətta bu prosesə əngəl törətməsi, bilərəkdən və ya bilməyərəkdən prosesi gecikdirməsi mənfi tendensiyadır. Düşünürəm ki, elektron Azərbaycan qurulması prosesində bu düşüncəli məmurlardan qurtulmaq ilkin şərtdir. Bu problem özünüidarəetmə orqanlarından qabarıq şəkildə özünü göstərir. Konkret olaraq bələdiyyələrin internetdə, ümumiyyətlə, mövcud olmaması, əksər icra orqanlarının internet saytlarında ən sadə elektron xidmət növü olan “elektron müraciət”in yararsız halda olması müvafiq İcra Hakimiyyətlərinin internet saytlarının faktiki olaraq fəaliyyətsiz olması, köhnə vebsaytın serverdən silinməməsi vətəndaşlar arasında çaşqınlıq yaradır. Axtarış saytlarından (Google.com) axtarış edən zaman ilk qarşımıza çıxan köhnə vebsayt olur, vətəndaşların elektron müraciət göndərməsi halında aylarla, illərlə müraciətlər cavabsız qalır, ya müraciətin ünvanına çatmaması, ya da həmin dövlət orqanında bu işin təşkil edilməməsi səbəbindən xidmətin işləməməsi faktı ortaya çıxır.
Ölkəmizdə 1718 bələdiyyənin fəaliyyət göstərdiyini deyən Cahid İsmayıloğlu bildirdi ki, “İnformasiya əldə etmə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, yerli özünüidarəetmə orqanları üç il ərzində internet resursu istifadəyə verməli idilər: “Bu müddət 2009-cu ildə başa çatsa da, bu gün bələdiyyələrin 10-a yaxınının internet resursu mövcuddur. Çoxu da sadəcə formal olaraq mövcuddur və yenilənmir, fəaliyyətsizdir. Bunun əsas səbəbi kimi bələdiyyələrin maddi çətinliklərlə üzləşməsi və yerlərdə kadr çatışmamazlığının mövcudluğu göstərilir. Halbuki, həmin saytların hazırlanması üçün yüksək maliyyə tələb olunmur.”